SON XƏBƏRLƏR

Türkün xoşlamadığı qara rəng

2021.10.20, 07:36
Türkün xoşlamadığı qara rəng

Gunaz.tv
Türkün xoşlamadığı qara rəng Və ya qaranlıqlar çoxaldıqca qiyamət təhlükəsi artır Nadir AZƏRİ Türk övladı bəşəriyyətə qədəm qoyduğu gündən ağ günlərin, günəşli səmanın axtarışına çıxıb. Elə türklərin xilaskarı sayılan boz qurd da ulularımızı məşhur Ərkənəqonda qaranlıqdan işıqlı günə çıxardığı üçün mifləşdirilib və müqəddəsləşdirilib. Məhz buna görə əsrlər boyudur Ərkənəqon türkün xilas məkanı kimi türkün hafizəsində, şərəf tarixində özünə yer alıb. Çünki Ərkənəqon eyni zamanda qaranlıqlara qalib gələn işıqlı günün simvolu olub. Bəlkə də məhz buna görə türk övladları qara rəngdən çox xoşlanmayıb, qaranın bədbəxtlik, sabitsizlik gətirdiyini düşünüblər. Və bu gün də düşünürlər. Bəli, nə qədər təəccüblü olsa da, bu gün qardaş Türkiyədə qarşı duran tərəflərin əsas şüarı eynidir. Hər iki tərəf tezliklə qaranlıqların yox olmasının, bütün həqiqətlərin işıqlığa qovuşmasını arzulayır. Tərəflərdən biri Türkiyənin, Atatürk prinsiplərindən uzaq salmaqda, ölkədə dini rejim yaratmaqda ittiham edilən, hakim Ədalət və İnkişaf Partiyasıdır (AKP). Ölkənin dünyəvi kəsimi və Atatürkçülər AKP hakimiyyətinin mövcud siyasətinin Türkiyənin dünyəvi quruluşuna təhlükə yaratdığını iddia edirlər. Dünyəvilər buna bariz nümunə kimi AKP-nin türban siyasətini göstərirlər. Onlar hesab edirlər ki, Türkiyədə İranın bu günə kimi qara çadralara (göründüyü kimi yenə qara rəng təhlükəsi-N.A.) bürünməsinin səbəbi olan rejimə oxşar teokratik bir rejimin qurulması təhlükəsi var. Elə Türkiyənin baş prokuroru da AKP-nin fəaliyyətinin qadağan edilməsi tələbilə Konstitusiya Məhkəməsinə göndərdiyi iddianamədə bu ittihamlara üstünlük verib. AKP isə əksinə, təhlükənin guya "dövlət içində dövlət yaratmaq istəyənlər"dən gəldiyini iddia edir. Hakim partiya adı Türkiyədə heç də birmənalı qarşılanmayan "Ərkənəqon" əməliyyatı zamanı tutulanların çevriliş hazırladıqlarını israr edir. AKP-nin rəhbəri və baş nazir Rəcəb Tayyib Ərdoğan bu qüvvələri hətta "mafiya" adlandırmaqdan belə çəkinmir. Baş nazir, həmçinin, bütün qaranlıqların işığa qovuşmasını arzu etdiklərini bildirir. Əslində, Türkiyənin bu gün ən çox ehtiyacı olan da məhz budur. Bütün qaranlıqların işığa qovuşması. Lakin deyəsən, bunun üçün öncə "qiyamət" qopacaq. Hər halda Konstitusiya Məhkəməsinin sədr müavini Osman Paksüt belə düşünür: "Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının bağlanmasına dair iddia üzrə Konstitusiya Məhkəməsinin çıxaracağı qərar ölkədə qiyamət qoparacaq. Nə qərara alınacaqsa, alınsın, bu yöndə də olsa, digər yöndə də olsa, hər kəsimdə qiyamət qopacaq". Və deyəsən, qiyamətin qopması üçün heç də məhkəmənin qərarını gözləmək lazım gəlməyəcək. Belə ki, bir neçə generalın həbsinə ordunun reaksiyası özünü çox gözlətməyib. Həbslərdən bir gün sonra İzmirin Buca rayonu ərazisindəki Kaynaklar bələdiyyəsinin AKP-dən olan üzvü Mustafa Karagülməz jandarm tərəfindən həbs edilib. 400 jandarmın iştirakı ilə keçirilən əməliyyat zamanı bələdiyyə başçısı da daxil olmaqla, 38 nəfər həbs olunub. Həbslər M.Karagülməz haqqında bir müddətdir "korrupsiya, rüşvət, silah qaçaqmalçılığı, tenderlərdə qanunsuzluqlar, vəzifədən sui-istifadə" ittihamları ilə istintaq aparan İzmir Prokurorluğunun təlimatı ilə aparılıb. Əməliyyat yerli əhali arasında "deyəsən, çevriliş olur" kimi çaxnaşmaya səbəb olub. Bundan bir neçə gün sonra isə İstanbulda, məhşur Taksim meydanında əsgər çəkmələrinin səsi bəzilərini diksindirib. Lakin məlum olub ki, hərbi xidmətin ikinci dövrəsinə başlayan əsgərlər sadəcə, hərbi keçid mərasimi təşkil ediblər. Beləliklə, "deyəsən, çevriliş olur" ehtimalı ikinci dəfə özünü doğrultmayıb. Amma "atalar üçdən deyib" kəlamını unutmayan bəziləri qiyamətin qapıda olduğunu düşünürlər… xazar.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar