SON XƏBƏRLƏR

Azərbaycan Amerikaya qarşı çıxır

2021.10.20, 07:36
Azərbaycan Amerikaya qarşı çıxır

Gunaz.tv
ABŞ enerji sahəsində Iranla əməkdaşlığı istisna edir, Azərbaycan isə buna can atır Bir neçə gün öncə ABŞ Dövlət Departamentinin Avrasiya məsələləri üzrə böyük məsləhətçisi Stiven Mənn “HGV.hu” saytına müsahibəsində deyib ki, ABŞ heç zaman Xəzərdə hasil olan mavi yanacağın bir molekulunu belə almayacaq, amma Amerikanın uzunmüddətli siyasəti Xəzər regionunun yeni suverenlik əldə etmiş ölkələrinin müstəqilliyini dəstəkləməkdir. S.Mənn deyib ki, 90-cı illərdə region hökumətləri ölkələrinin “Qazprom” və “Transneft”dən asılı olduqlarını qeyd edirdilər:"Həmçinin qaz ABŞ-ın Avropadakı tərəfdaşları üçün lazımdır. Hazırda Nabucco layihəsi üzərində aktiv iş gedir, konsorsium üzvləri dəqiqləşdirilir. Stiven Mənn bildirib ki, “Cənub axını” layihəsində isə bu işlər aparılmır:"Bakı artıq Türkiyəyə qaz ixrac edir və prezident Ilham Əliyev Avropaya qaz nəql ediləcəyinə söz verib. ABŞ bu ölkələri maksimum qısa zamanda Avropaya qaz nəqlinə başlamağa stimullaşdırmağa çalışır". S.Mənn onu da deyib ki, Azərbaycan və Türkmənistan Transxəzər kəmərilə bağlı nə qədər tez razılığa gəlsələr, NABUCCO layihəsi qarşısındakı baryerlər bir o qədər tez aşılmış olar. Bundan başqa, NABUCCO kəməri ilə Iraq qazını da ixrac etmək mümkündür. S.Mənn ölkəsinin Iranla enerji sahəsində hər hansı əməkdaşlığa qarşı olduğunu da deyib: “Avropa Israili məhv etməyə çağıran, terrorçuluğu dəstəkləyən və kütləvi qırğın silahı hazırlamağa çalışan Iranla nə üçün əməkdaşlıq etməlidir?” Maraqlıdır ki, bundan iki gün sonra S.Mənnin açıqlamasıyla yüzdəyüz ziddiyyət təşkil edən daha bir bəyanat Azərbaycan tərəfdən gəldi. Yanacaq və energetika naziri Natiq Əliyev “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, Azərbaycanla Iran regional enerji şəbəkəsinin yaradılması üzrə razılığa gəliblər. N.Əliyev deyib ki, yeni sistem bu ölkələrin enerji təhlükəsizliyinin təminatı və Avropaya birlikdə enerji ixracına imkan yaradacaq. Ideya baş tutsa, Gürcüstan, Türkiyə və Rusiya da bu şəbəkəyə qoşulacaqlar. Nazir deyib ki, hətta Türkmənistan da bu layihədə iştiraka razıdır. Amma bu, hələlik, sadəcə konsepsiyadır və bizim ölkələr üçün çox vacibdir. Əsas məqsəd odur ki, bütün milli sistemlərimizi vahid sistemə çevirək və paralel rejimdə işləyək. Region ölkələrinin bütün enerji sistemləri bir-birinə bağlı olmalıdır. Bu şəraitdə ölkələr çətinə düşəndə bir-birinə kömək edirlər". Görünən odur ki, Avropaya enerji ixracı məsələsində Azərbaycanla ABŞ arasında ciddi fikir ayrılıqları mövcuddur. Fikir ayrılıqlarının məhz Iranla bağlı olması isə onu deməyə əsas verir ki, Azərbaycan çox ciddi seçim qarşısındadır. Azərbaycan qazına “Qazprom”un da maraq göstərdiyini nəzərə alsaq, vəziyyətin ciddiliyinə şübhə yeri qalmır. Bizə isə Azərbaycan hakimiyyətinin belə bir çıxılmaz durumda hansı addımları atacağı və necə seçim edəcəyini gözləmək qalır. Informasiya şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar