SON XƏBƏRLƏR

ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna silahlı hücum oldu

2021.10.20, 07:36
ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna silahlı hücum oldu

Gunaz.tv
HADİSƏ ZAMANI 3 POLİS HƏLAK OLUB, 3 TERRORÇU ÖLDÜRÜLÜB Dünən ABŞ-ın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğuna silahlı hücum olub. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, səhər saatlarında konsulluq binasına ağ rəngli avtomobil yaxınlaşıb. Avtomobildəki şəxslər konsulluğun qarşısındakı polis məntəqəsinə odlu silahdan atəş açıblar. Binanı mühafizə edən polislər cavab atəşi açdıqdan sonra atışma başlayıb. Şahidlər atışmanın 7-8 dəqiqə davam etdiyini bildiriblər. Sonra avtomobil sürətlə hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı 3 polis əməkdaşı həlak olub, 3 terrorçu isə öldürülüb. Olaydan sonra İstanbul polisi həyəcan siqnalı ilə ayağa qaldırılıb. Şəhərin polis rəisi Cəlaləddin Cərrah və vali Müəmmər Gülər hadisə yerinə gediblər. Konsulluğun qarşısına təcili yardım maşınları da gətirilib. Ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb, polis binanı mühasirəyə alıb. ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna hücum edən terrorçuların məqsədi içəri keçmək olub. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, "Ford Focus" markalı avtomobildən düşən, tapança və tüfənglə silahlanmış 4 saqqallı şəxs konsulluğun giriş qapısına doğru irəliləməyə cəhd göstərib. Bu zaman təhlükəsizlik xidmətinin qapıda dayanan amerikalı əməkdaşları içəri giriblər. Türk polisləri isə terrorçulara müqavimət göstəriblər. Terrorçulardan 3-ü öldürülüb, digəri isə yaxınlaşan avtomobilə minərək olay yerindən qaçıb. 25-30 yaşlarında olan terrorçuların "Əl-Qaida" üzvü olduqları güman edilir. Öldürülən terrorçuların üzərindən dua kitabları çıxıb. Onlardan 2-nin daha əvvəl Əfqanıstana gedib-gəldikləri müəyyənləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar