SON XƏBƏRLƏR

Həryerəqon.Türkiyədə yaşananlar narahatlığı artırır.

2021.10.20, 07:36
Həryerəqon.Türkiyədə yaşananlar narahatlığı artırır.

Gunaz.tv
Həryerəqon Türkiyədə yaşananlar narahatlığı artırır. Bilirəm, Azərbaycanın dərdi özünə bəsdir və burada oturub Türkiyədə baş verənlərdən bəhs etmək, edib də sinirlənmək hərcai iş sayıla bilər. Qonşu dövlətdəki hadisələrin heç bir təsiri olmadığını və "Ergenekon" əməliyyatı barədə çox danışmağın da yersiz olduğunu söyləyənlər də az deyil. Onlar öz aləmlərində haqlıdır. Saltıkov-Şedrinin müdrik qumbalığı kimi, qonşunun evi yananda halını pozmayan adam kimi. Dünya artıq qlobal kənddə çevrilib və buraxın Türkiyəni - uzaq Çili və ya Namibiyada baş verən hadisələr gec-tez mütləq Azərbaycanda əks-səda doğurur. İraq işğal olunanda, Yaxın Şərqdə mizan-tərəzi yerindən kəlləmayallaq aşaraq çilikləri altında böyük bölgədəki yüz milyonlarla insanın arzularını, taleyini və gələcəyini məhv edəndə, geosiyasi oyunlar dövlətlərin xəritələrini hələlik yerində saxlayıb sərhədlərin içini dəyişəndə də hadisələrin bizdən uzaqlarda baş verdiyini deyib laqeyd olduq. Ta o vaxta kimi ki, Azərbaycanın İraqa yolladığı hərbi kontingentdəki əsgərimiz həlak oldu. Onu kimin harada və nə üçün güllələməsi şərt deyil. Məsələ İraqın iraq olmadığını, Conun indi bizə can borclusu olduğunu anlamağımızdır. Türkiyədəki hadisələr də mütləq Azərbaycanda halını və formasını dəyişmiş şəkildə cərəyan edəsidir. Orada, İstanbul, Ankara, İzmir, Trabzon və Antalyada uydurma "Ergenekon" bəhanəsi ilə insanlar tutulur, dövlət çevrilişinə cəhd etdikləri deyilərək həbsə atılır. Türkiyə bu işlərə alışıb artıq. Osmanlı dönəmlərindən bəri. Mehmet Tarı, cəlalilər, "daşlı yeniçərilər" üsyanlarında həbsə atılan minlərlə insanın nə qədərinin günahsız olduğunu, onların sonrakı taleyini bilən varmı? Və ya Türkiyənin ən son, yeni tarixində 12 mart, 14 sentyabr, 19 sentyabr olaylarında tutulan, döyülən, güllələnən, işgəncə verilənlərin nə günah sahibi olduğunu bilirikmi? Yox. Onlar da bilmədilər. Türkiyə ədalətinin ən böyük problemi ittihamnamədir. "Ergenekon"la bağlı tutulanlara da 400 səhifəlik ittihamnamənin həftəsonunadək hazır olacağı deyilir. Təki belə olsun: barı insanlar hansı işlərdə suçlandıqlarını anlarlar. Yoxsa ki, 30 il əvvəlki "Balyoz" əməliyyatında tutulanlar və illərlə həbsdə yatanlar hələ də ittihamnamələrini görməyiblər. Son seçkilərdən əvvəl o vaxtkı xarici işlər naziri, indisə prezident olan Abdulla Gül İstanbulun Umraniyyə məhəlləsindəki evlərdən birində əl qumbaraları tapılanda bic-bic gülümsəyərək demişdi: "Umraniyyədəki qumbaraları unutmayın. Bunun davamı olacaq..." Və həmin sözlərdən bəri "Ergenekon"la bağlı aparılan istintaq, araşdırma və təhqiqatın üzərindən siyasi etiket silinmədi. İstintaq bəhanəsi ilə AKP müxaliflərinə, dünyəvilərə və atatürkçülərə gözdağı verildiyi, ipə-sapa yatmayan və satılmayan adamların "qara siyahı"ya daxil edildiyi, gecəyarısı və səhərin erkən saatlarındakı həbslər, nüfuzlu adamların oğru təki əlləri qandallanaraq aparılması - bütün bunlar Konstitusiya Məhkəməsində AKP-nin fəaliyyətinin dayandırılması tələbi ilə çıxış edən Baş Prokurorun nitqindən diqqəti yayındırdı. Halbuki Türkiyədə gerçəkdən də çevriliş etmək istəyənlər, terrorçular, qiyamçılar, ekstremistlər, vətən və millət düşmənlərinin zərərsizləşdirilməsinə çox ciddi ehtiyac duyulur. Təəssüf ki, həbs ediləsi bu adamlar kənarda qaldığı halda, onların həbsini tələb edənlər zindana atılır,. İndi Türkiyədə islamçılarla atatürkçülərin, dünyəvilərlə şəriətçilərin illərdən, hətta Cümhuriyyət qurulandan bəri davam edən qarşıdurmasının son dueli yaşanır. "Ergenekon" da əslində duel təklifi idi. Seçilən silah isə hüquqdur. "Səninkilər mənim partiyamın fəaliyyətini yasaqlarsa, mənimkilər də səninkilərin ciyərini çıxarıb ipliyini bazara ötürər" hesablaşmasından nə qadağan edilməsi istənən AKP, nə də ən üstdəki şəxsləri həbs edilən atatürkçülər zərər görməyəcək. Zərər Türkiyə məhkəməsi, ədliyyəsi və insanların ədalətə olan inamına dəyəsidir. Türkiyədə baş nazirdən tutmuş, ən radikal müxalifətçiyədək danışanları dinləyirəm və hiss edirəm ki, bu adamlara inanmıram. Çünki qarşı tərəflərin ittihamlarındakı arqument yükü, sübut sayı və dəlil çəkisi ağır deyil. Nitqlər, bəyanatlar, açıqlamalar, çıxışların hamısı emosional yüklüdür. Emosiyaların tüklü əbasına bürünmüş hikkə gözlərini qıyaraq indi həqiqəti izləyir və qarşısındakının nə zaman huşunu itirib yerə yıxılacağını səbrlə gözləyir. Əbanın arxasında ABŞ və Avropa Birliyi durur. Əbanın kölgəsindən AB məruzəçisi Laqendikin "əməliyyatı təqdir edirəm, amma böyük balıq hələ tutulmayıb" sözlərinin tez quruyan palçıq misalı çirki oxunur. Türkiyənin halına bax ki, baş nazir "silahlı qüvvələrimiz müqəddəsdir" deyir, amma demokratlar bunu gülüşlə qarşılayır. Ordunun adı gələndə qursağı sıyrılan Rəcəb Tayyib Ərdoğan gerçəkdən də, "Türkiyə Silahlı Qüvvələrinə nifrət edirəm" söyləyəsi deyil ki. Amma kim bilir - imkanı olsaydı deyərdi, ya yox. Avqust çox erkən girdi Ankaraya... İstidir. Qorxuram ki, bundan sonra daha isti olsun. Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar