SON XƏBƏRLƏR

BABƏK QALASINA YÜRÜŞ YENƏ ƏNGƏLLƏNİB

2021.10.20, 07:36
BABƏK QALASINA YÜRÜŞ YENƏ ƏNGƏLLƏNİB

Gunaz.tv
BABƏK QALASINA YÜRÜŞ YENƏ ƏNGƏLLƏNİB 34005_1 Bu törən ərəfəsində hakimiyyət tələbə saytını sıradan çıxarıb, milli hərəkat fəalını isə qətlə yetirib S.SOLTAN Azərbaycanın azadlığı rəmzinə çevrilmiş Babəkin anım həftəsi başlayıb. Heç kimə sirr deyil ki Tehran bu milli-mədəni törəni əngəlləmək üçün çeşidli basqı üsullarından istifadə edir. Elə bu bayram ərəfəsində baş verən bir sıra olayları xatırlatmaqla İslam Respublikası rəhbərliyinin atdığı addımların mahiyyətində duran bəzi mətləbləri aydın sezmək mümkündür. "Bütövaz"ın məlumatına görə, Güney Azərbaycan Öyrənci Hərəkatının "oyrenci.com" saytı hakerlərin hücumuna məruz qalıb. Bu informasiya mənbəyi azərbaycanlı tələbələr tərəfindən yaradılıb. Güneydə tanınmış bu sayt əvvəllər də hakerlərin hücumuna məruz qalıb. "Oyrenci" insan haqları ilə bağlı xəbərlər və təhlili yazılar yayan etibarlı məlumat qaynaqlarından biri kimi tanınır. Tehran hakimiyyəti tərəfindən Güney Azərbaycan tələbələrinin dərgiləri qapadıldıqdan sonra bu sayt Azərbaycandan və İrandan informasiyanın yayılması üçün əsas vasitələrdən biri kimi fəaliyyət göstərirdi. Əslində, bu işdə Tehranın əlinin olduğu istisna edilmir. Hakimiyyət bununla Babək həftəsi ilə bağlı məlumatların yayılmasına mane olmağa cəhd göstərib. Amma informasiya texnologiyaları çağında bunun mümkünsüz olduğu unudulur. İslam Respublikasının rəhbərliyi bəhs etdiyimiz mərasim ərəfəsində Azərbaycan Milli Hərəkatı təəssübkeşlərinin gözünü qorxutmaq məqsədilə çeşidli qətllərin törədilməsində şübhəli bilinir. Ötən ayın sonlarında Qadir Sadiqi və Fərhad Möhsüninin şübhəli ölümündən sonra daha bir hərəkatçı - Afşin Ürfan Xosrovşahın cəsədi Təbrizdəki ofisində tapılıb. Mənbənin məlumatın görə, 30 yaşlı bu azərbaycanlı gənc Təbrizin Abrəsan məhəlləsindəki iş yerində naməlum şəxslər tərəfindən dəhşətli fiziki işgəncəyə məruz qaldıqdan sonra asılaraq öldürülüb. Güney Azərbaycan türkünün milli-mədəni və qanuni haqlarını tələb edən hərəkatın fəal iştirakçılarından olub. Məlumatlara görə, öldürülməzdən bir müddət öncə naməlum şəxslər onu ölümlə hədələyiblər. Tehran hakimiyyətinin uyğun qurumları isə hələlik bu barədə rəsmi açıqlama verməyib. "Baybak"ın yaydığı xəbərə əsasən, iyunun sonundan etibarən Babəkin doğum gününə həsr olunmuş şənliklər başlayıb. Güney Azərbaycanın Sulduz (rəsmi olaraq Nəğədə adlanır) şəhərində keçirilən şənliklər zamanı havaya fişənglər atılıb. Yerli gənclər bu bayramın davamını Babək qalasında keçirmək üçün yola düşüblər. ETTELAAT-ın bu rayondakı şöbəsinin başçısı Eynulla Novruzpur isə Nəğədəyə əlavə hərbi güc gətirib. Xəbərə görə, rayonun giriş-çıxış yolları bağlanıb. Hətta yoldan ötən bir avtomobilə odlu silahdan atəş açıldığı da bildirilib. Məlum olduğu kimi, türk dünyasının tanınmış tarixçi alimi doktor Məhəmmədtağı Zehtabi və başqa elm adamlarının apardığı araşdırmalar nəticəsində Babəkin doğum gününün iyulun əvvəli olduğu müəyyənləşib. 2006-cı ilin may etiraz aksiyalarından sonra Tehran hakimiyyəti mərkəzi Əhər şəhəri olan Qaradağ mahalının Kəleybər rayonunda yerləşən Babək (Bəzz) qalasına yürüşü hər vasitə ilə əngəlləməyə çalışıb. İslam Respublikasına bağlı alimlər, din xadimləri Azərbaycanın bu fədakar oğlunu "kafir", "islam düşməni" adlandırmaqla onu azərbaycanlıların gözündən salmağa, fars şovinistləri isə Babəki "fars qəhrəmanı" kimi təqdim etməyə çalışırlar. Amma Azərbaycan türkləri bu sayaq cəfəngiyata inanmırlar. Yayılmış xəbərlərə görə, hakimiyyət Təbrizdən çıxan yolların bir çoxunu hərbi texnika ilə bağlayıb. Şəhərdən çıxanlar isə cidd-cəhdlə yoxlanılır. Azərbaycanlılar həm qalada, həm də yaşadıqları şəhər, rayon və qəsəbələrdə bu günü şənlik törənləri ilə qeyd ediblər. Bir sıra məlumatlarda bildirilib ki, İran hakimiyyəti Kəleybər rayonunda hərbi manevr keçirəcəyini bəhanə gətirərək qalaya gedən yollarda da hərbi texnika və əsgər yerləşdirib. Bu mərasim dünyanın çeşidli ölkələrində də qeyd olunub. Belə tədbirlərdən biri də Güney Azərbaycanlılar Təşkilatı tərəfindən İngiltərədə keçirilib. Həmin tədbirlə bağlı yayılmış bildirişdə Babəkin dilindən deyilir: "Əgər üsyanımız azadlıq üçündürsə, azadlığımız da bərabərlik üçündür. Əgər torpaq bizimdirsə, qoy onun sevinci də, kədəri də bizim olsun!" Mərasimdə Babək Xürrəmdin haqqında məlumat verilib, Azərbaycan musiqisi səsləndirilib, şənlik keçirilib. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar