SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ “ERGENEKON” İSTİNTAQI İLƏ BAĞLI CİDDİ ŞÜBHƏLƏR

2021.10.20, 07:36
TÜRKİYƏDƏ “ERGENEKON” İSTİNTAQI İLƏ BAĞLI CİDDİ ŞÜBHƏLƏR

Gunaz.tv
TÜRKİYƏDƏ “ERGENEKON” İSTİNTAQI İLƏ BAĞLI CİDDİ ŞÜBHƏLƏR Əsas dəlil məhv edilib, Baş Qərargah isə ölkədə bu adda terror təşkilatının fəaliyyət göstərdiyini təsdiqləmir 2275.jpg Türkiyədə iyulun 1-də keçirilən əməliyyatlar zamanı “Ergenekon” üzvü olmaqda şübhəli bilinərək həbs edilənlərin bəziləri məhkəmə tərəfindən azad olunub, bəzilərinin barəsində isə həbs qərarı çıxarılıb. Azadlığa buraxılanlar arasında “Tərcüman” qəzetinin baş redaktoru, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Böyükanıtın yaxın dostu kimi tanınan Ufuk Böyükçələbi də var. Xəbər verildiyi kimi, həmin gün aralarında istefada olan iki ordu generalı da olmaqla 21 adam həbs edilsə də yalnız Böyükçələbinin əlləri qandallanmışdı. “Ergenekon” işi ilə bağlı aparılan son həbslər Türkiyədə siyasi durumu daha da gərginləşdirməklə bu həbslərin əslində AKP-nin Atatürkçü və milliyyətçi çevrələrdən qisas almaq cəhdi olması haqda şübhələrə də səbəb olub. İstefada olan polkovnik Erdal Sarızeybək bildirib ki, işi aparan İstanbul cümhuriyyət prokuroru Zəkəriyyə Öz silahlı qüvvələrə qarşı mövqeyi ilə tanınır və o, istintaqdan kənarlaşdırılmalıdır. Sarızeybək yazdığı kitabla bağlı “Ergenekon” istintaqına cəlb edilib. O deyib ki, istintaq zamanı Öz ondan silahlı qüvvələrə qarşı ifadə almağa çalışıb və bu məqsədlə psixoloji təzyiq göstərib. Digər məlumata görə, Zəkəriyyə Öz ölkədə “Ergenekon” adlı terror təşkilatının fəaliyyət göstərib-göstərmədiyi haqda Milli İstihbarat Təşkilatına, Ədliyyə Nazirliyinə və Baş Qərargaha rəsmi sorğu göndərib. Birinci iki instansiyadan ona müsbət cavab verilib, Baş Qərargah isə sorğunu “bilmirik” şəklində cavablandırıb. Məlum olub ki, həbs edilənlərə qarşı hazırlanmaqda olan rəsmi ittihamnamədə “Ergenekon” haqda “Türkiyə Silahlı Qüvvələri içərisində fəaliyyət göstərən terror təşkilatı” kimi bəhs edilir. Xatırladaq ki, “Ergenekon” istintaqı il yarımdan çox davam etsə də, həbs edilənlərə qarşı rəsmi ittiham hələ də irəli sürülməyib. Məlum olub ki, iş üzrə əsas dəlillərdən biri-İstanbulun Umraniyyə səmtindəki evlərdən birində tapılmış əl qumbaraları və partlayıcı maddələr məhkəmənin qərarı ilə məhv edilib. Dəlillərin istintaq başa çatmadan ləğv edilməsi “Ergenekon” işinin qurama olması haqda şübhələri daha da artırıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan isə deyib ki, onun hökuməti “mafiyaya qarşı başlamış mübarizəni” sonadək davam etdirməkdə qərarlıdır: “Biz bu işə baş qoyduq. Mən və yaxın dostlarım hədələr alırıq, amma qətiyyən yarı yolda dayanmayacağıq”. Ərdoğan tələbələrlə görüşündə son günlər aparılan həbslərə dair suala cavabında deyib ki, o, xalqa mafiyanın çökdürüləcəyi barədə söz verib və buna böyük ölçüdə nail olub. Həbs edilənlər dünən qruplar halında məhkəmə qarşısına çıxarılıblar. Prokurorun “Ergenekon”a üzv olduqlarına görə barələrində həbs qərarı çıxarılması tələbi ilə məhkəmə qarşısına çıxarılan “Tərcüman” baş redaktoru Ufuk Böyükçələbi və daha bir neçə şəxs azadlığa buraxılıblar. Məhkəmə onların həbsdə saxlanılması üçün əsas görməyib. Bununla belə, həmin şəxslərlə bağlı istintaq davam edəcək. Günün ikinci yarısında isə ordu generalları Xurşud Tolon, Şener Eruyğur da daxil olmaqla, həbs edilən 4 general, habelə Ankara Ticarət Dərnəyinin başqanı Sinan Aygün, “Cümhuriyyət” qəzetinin Ankara bürosunun rəhbəri Mustafa Bilbay məhkəmə qarşısına çıxarılıblar. Bildirilir ki, saxlanılanlardan general Eruyğur və Bilbay polisdə ifadə verməkdən imtina ediblər. Aygündən isə 12 saat ifadə alınıb. Digər məlumata görə, Bilbay polisdə ifadə verməkdən imtina etsə də, məhkəmə qarşısında sualları cavablandırmağa başlayıb. Qeyd edək ki, son həbslərlə bağlı iqtidarla müxalifət arasında da kəskin polemika gedir. Müxalifət partiyalarından MHP həbslərin nə dərəcədə haqlı olması barədə polemikalara girməkdən çəkinərək yalnız diqqəti onun üzərinə yönəldib ki, baş verənlər Türkiyəni təhlükəli qarşıdurmaya aparır və prezident Abdullah Gül proseslərə müdaxilə etməlidir. CHP isə həbsləri kəskin tənqid edir və hökuməti insan haqlarını pozmaqda, siyasi motivli, qisas xarakterli həbslər aparmaqda günahlandırır. CHP-nin bu tənqidlərinə AKP-nin ikinci adamı Denfgir Mir Mehmet Fırat cavab verərək deyib ki, Dəniz Baykalın baş verənlərdən siyasi məqsədlə istifadə etmək cəhdi baş tutmayacaq: “Nədən Baykal həbs edilənlərin vəkili kimi danışır? Bu işdə onun marağı nədir? Mən ona demək istəyirəm ki, hadi, başqa qapıya, burdan sənə fayda hasil olmayacaq”. CHP başqanı Dəniz Baykal isə dünənki çıxışında AKP təmsilçisinin bu çıxışını “təhqir” hesab edərək deyib ki, əgər bu işdə baş nazir Ərdoğan ittihamçı kimi çıxış edirsə, o da vəkildir: “Bu necə hüquqdur, bu necə ədalətdir? İş adamı Sinan Aygünü həbs edirlər, sonra deyirlər iş yerindən silah tapılıb. Az sonra deyirlər silahın üzərində barmaq izi yoxdur. Bəs bu silahı kim ora qoyub, hansı məqsədlə qoyub? Bu necə işdir ki, əsas dəlil-Umraniyədə tapılan əl qumbaraları istintaq başa çatmadan ləğv edilir? İndi anlaşılır ki, bu dava başdan bəri Ərdoğanın şəxsi davası halına gəlib. Necə olur ki, həbslərdən dərhal sonra hökumətə bağlı qəzetlərdə saxlanılanlar haqda müxtəlif məqsədli yazılar ortaya qoyulur? Bu yazıları kim təşkil edir, həmin məlumatları kimlər qəzetlərə ötürür? Bunlar türk xalqını gerizəkalı zənn edirlər, elə bilirlər ki, heç kim heç nəyi anlamır. Ancaq hər şey çox açıq şəkildə ortatadır”. Nəzərlərin dikildiyi prezident Gül isə dünən Qazaxıstana səfərə yola düşərkən baş verənlərə münasibətini bildirib. O deyib ki, “Ergenekon” istintaqı ilə bağlı hər kəs və bütün qurumlar Türkiyəni girdiyi atmosferdən ən güclü şəkildə çıxarmaq məsuliyyəti daşıyır: “Mən bu məsələ ilə bağlı əvvəl də bəzi addımlar atmışam, indi də atmaqda davam edirəm. Bunları edərkən Türkiyənin milli maraqlarının, strateji hədəflərinin zədələnməməsi üçün səy göstərirəm. Bir daha vurğulamaq istəyirəm ki, hər şey Türkiyənin maraqları daxilində olmalıdır”. Türkiyə Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan general-leytenant, vaxtilə Əbülfəz Elçibəyin hərbi məsələlər üzrə müşaviri olmuş Yaşar Dəmirbulaq da APA-ya müsahibəsində baş verənlərə münasibət bildirib. Onun sözlərinə görə, əgər AKP-nin qapadılması siyasi məsələdirsə, “Ergenekon” da siyasi məsələdir, bunların hər ikisinə eyni prizmadan baxmaq lazımdır: ““Ergenekon” məsələsinin xarici qüvvələr tərəfindən tədavülə buraxıldığını söyləyə bilərik. Avropa Birliyi və ABŞ AKP-nin bağlanmasına dair tələbi “məhkəmə çevrilişi” kimi xarakterizə etdilər, “Ergenekon” məsələsini isə Türkiyənin daxili işi adlandıraraq buna qarışa bilməyəcəklərini dedilər. Hətta ittihamnaməni və dəlil-sübutları görmədən “Ergenekon” məsələsinin Türkiyədə demokratiyanı gücləndirəcəyini vurğuladılar. Deməli, xarici qüvvələr bu işin mahiyyətini bilirlər. Onda belə bir sual meydana çıxır: bəs həbs edilənlər və xalq bu işin mahiyyətindən niyə xəbərdar deyil? Burada ssenarinin xaricilər tərəfindən yazılması ehtimalı güclənir. Mənim şəxsi düşüncəmə görə, bu, tamamilə Türkiyə Silahlı Qüvvələrinin təsir gücünü, onun xalqla bütünləşməsini və xalqımızın orduya olan sayğı və sevgisini zədələmək məqsədi güdür”. Dəmirbulaq deyib ki, son həbslər AKP-nin qapadılması üçün başlayan prosesin bir revanşıdır. Onun sözlərinə görə, indiyə qədər Türkiyədə heç bir prokurorluq istintaqı 1 il davam etməyib: “Sən əvvəlcə adamı həbs et, 1-2 il içəridə saxla, sonra isə ittihamnamə yaz! Belə bir şey nə hüquqa, nə insanlığa, nə də müasir demokratik düşüncəyə sığır”. Ölkədə siyasi gərginlik davam etməkdəykən Türkiyənin İzmir bölgəsinin Buca rayonu ərazisindəki Kaynaklar bələdiyyəsinin hakim Ədalət və İnkişaf Partiyasından olan üzvü (AKP) Mustafa Karagülməz jandarma tərəfindən həbs edilib. Dünən 400 jandarmanın iştirakı ilə keçirilən əməliyyat zamanı bələdiyyə başçısı da daxil olmaqla, 38 nəfər həbs olunub. Əməliyyatda çox sayda hərbçinin iştirak etməsi yerli əhalidə hərbi çevriliş qorxusu yaradıb. Bildirilir ki, həbslər M. Karagülməz haqqında bir müddətdir “korrupsiya, rüşvət, silah qaçaqmalçılığı, tenderlərdə qanunsuzluqlar, vəzifədən sui-istifadə” ittihamları ilə istintaq aparan İzmir Prokurorluğunun təlimatı ilə aparılıb. Jandarmalar bələdiyyənin tenderlər haqqında dosyelərini və digər sənədləri müsadirə ediblər. Bələdiyyə sədrinin evində də axtarış aparılıb. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar