SON XƏBƏRLƏR

Quba qətliamı avropalını dəhşətə gətirdi

2021.10.20, 07:36
Quba qətliamı avropalını dəhşətə gətirdi

Gunaz.tv
Quba qətliamı avropalını dəhşətə gətirdi Erməni terrorunu dünya qəbul etmək zorundadır Nəhayət ki, Qubadakı kütləvi məzarlığa Avropanın rəsmi adamlarından biri baş çəkdi. AŞPA-nın sədri Puç gördüklərindən dəhşətə gəldiyini bildirdi. O, verilən məlumatları ürək ağrısı ilə dinləyirdi. Bəzən üz cizgilərinin tarıma çəkilməsindən hiss olunurdu ki, eşitdiklərindən şoka düşür. Avropalı siyasətçi Qubada kütləvi surətdə qətliam törədildiyinə şübhə etmirdi. O, Azərbaycan jurnalistlərinə müsahibəsində dedi ki, təsvir edilənlər göstərir ki, burada dəhşətli şəkildə kütləvi qətliam olub. Puç bütün bunlar haqqında qurumda məlumat verəcəyini və aidiyyətli komissiyalarla söhbət edəcəyini də vəd etdi. Bu, xırda epizod deyil. Burada həm bizim olan hadisələri xaricilərə lazımi şəkildə təqdim etməli olduğumuzun göstəricisi, həm də xaricilərin ikili standartlarla deyil, obyektiv olaraq proseslərə qiymət verməsi gərəkliyi ifadə olunub. Azərbaycan tərəfi çoxdandır ki, müxtəlif formalarda ermənilərin həyata keçirdikləri qətliamları dünyaya çatdırır. Sovetlər dağılandan sonra Azərbaycana qarşı 10-larla terror törətdiklərini deyir. Həmin olaylardan dəlil-sübutları da təqdim edir. Ancaq bu faktlardan beynəlxalq təşkilatlar ümumi nəticə çıxarmırlar. Onlar sadəcə olaraq baxır və ən yaxşı halda birbaşa cinayət iştirakçılarına yüngül cəza verilməsini təmin edirlər. Əslində isə bunların arxasında Ermənistanın təşkil etdiyi və sistematik xarakter daşıyan təcavüzkar siyasət və terror planları var. Həmin planların icrasını edənlər kiçik fiqurlardır. Terrorun mənbəyi Ermənistanın dövlət kimi yeritdiyi siyasətdədir. Bunu qəbul edib, günahkarları ədalət məhkəməsinə çıxarmayınca ciddi hər hansı bir dəyişikliyin olması mümkün deyil. O baxımdan cənab Puçun Qubadakı məzarlığa baş çəkməsi və olanları əyani şəkildə görməsi vacib bir məqamdır. Burada ATƏT-in Minsk Qrupu həmsədrləri üçün də məlumat vardır. Onlar illərdir minbir bəhanə ilə Azərbaycanın ədalətli tələblərini qulaqardına vururlar. Ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunası məsələni əsassız olaraq uzadırlar. Qubada törədilən soyqırım tam sübut olunandan sonra ermənilərin başqa əməlləri haqqında da daha inamlı danışmaq mümkün olacaq. Onda Dağlıq Qarabağ məsələsinin haradan qaynaqlandığını Ermənistanın və havadarlarının ört-basdır etməsi imkansız olacaq. Ermənilərin zaman-zaman türklərə qarşı soyqırım törətdiyinin tanınmasından başqa çıxış yolu yoxdur. Çünki dünya bu kimi hadisələrin hamısını üzə çıxarır və obyektiv araşdırılmasına nail olur. Bu dalğadan erməni terrorunun kənarda qalması imkansız olacaqdır. Ola bilsin ki, Puçun Qubaya səfəri bu baxımdan sonrakı proseslərin başlanğıcı olsun. Oraya Qərbin başqa nüfuzlu siyasət adamları gəlsinlər. Həm də ona görə ki, artıq Ermənistan-Azərbaycan münasibətləri AŞPA-da, ATƏT-də, AB-də və BMT-də müzakirə olunur. Rusiya da BMT-nin bu məsələyə qarışmalı olduğu haqqında Bakıda bəyannamə imzaladı. Deməli, proseslər yavaş-yavaş çözülür. Öncələr ağıla belə gətirilməyən faktorlar diqqətə alınır və Azərbaycanın dediklərini qulaqardına vuranlar mövqelərini dəyişirlər. Təbii ki, bu proses uzun sürə bilər. Çünki hələ dünyada müqavimət güclüdür. Lakin Azərbaycanın dünya üzrə apardığı aktiv siyasət və təbliğat ermənilərin qarşısını daha geniş miqyasda alır. Qubadakı hadisə ilə paralel olaraq ABŞ-da terrorçu Murad Topalyanla bağlı soydaşlarımızın qaldırdığı məsələ gündəmdədir. Azərbaycanlılar Topalyanın terrorçu kimi qəbul edilməsi və cəza almasını tələb ediblər, rəsmi Vaşinqtondan buna isti münasibət bildirilib. Öncələr ermənilərin belə problemləri olmazdı. İndi isə onlar müdafiə olunmağa və bir sıra hallarda geri çəkilməyə məcburdurlar. Bunlar göstərir ki, Azərbaycana qarşı Ermənistanın etdikləri gec və ya tez dünya tərəfindən qəbul ediləcək. Çünki doğurdan da həmin hadisələr olub və biz zərər görmüşük. Ona görə də Azərbaycan tərəfi daha da aktivləşməlidir. Ermənistanın törətdiyi cinayətlər konkret dəlil və sübutlarla beynəlxalq birliyə intensiv olaraq təqdim edilməlidir. Bunun nəticəsində həqiqətlər üzə çıxacaq və ədalət öz yerini tutacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməklə yanaşı, ermənilər törətdikləri soyqırımların bədəlini ödəyəcəklər. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar