SON XƏBƏRLƏR

Qüdrət Həsənquliyev: “Türkiyədəki mübarizədən Atatürk ideyalarının daşıyıcıları qalib çıxacaq”

2021.10.20, 07:36
Qüdrət Həsənquliyev: “Türkiyədəki mübarizədən Atatürk ideyalarının daşıyıcıları qalib çıxacaq”

Gunaz.tv
Qüdrət Həsənquliyev: “Türkiyədəki mübarizədən Atatürk ideyalarının daşıyıcıları qalib çıxacaq” “Azərbaycan qazının Rusiyaya satılması məsələsindən Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə edə bilər” Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev APA-ya müsahibəsi - Rusiya prezidenti Dmitri Medvediyevin Azərbaycana səfərini necə dəyərləndirirsiniz? - Səfərin siyasi çəkisi yüksəkdir. Nəzərə alsaq ki, Qarabağ münaqişəsinin arxasında Ermənistan deyil, Rusiya dayanır, onda səfərin əhəmiyyəti daha aydın görünər. Bu mənada Azərbaycan Rusiya ilə bu problemin həllinə çalışmalıdır. Həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü sözdə yox, əməldə tanımasına çalışmalıyıq. Biz həm də Rusiyanın Azərbaycanla yaxın qonşuluq münasibətlərinə üstünlük verməsinə çalışmalıyıq. Nəzərə alsaq ki, nə Avropa Birliyi, nə ABŞ 16 il ərzində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində konkret olaraq heç bir addım atmayıb. Əksinə, Rusiya ilə birgə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs veriblər. Azərbaycan da bunun müqabilində Rusiyanın maraqlarına uyğun bölgədə enerji layihələrini həyata keçirə bilər. Bununla da öz ərazi bütövlüyünü bərpa etmiş olar. Azərbaycan öz qazının Rusiyaya satılması məsələsindən də Dağlıq Qarabağ münaqişəsinin həllində istifadə edə bilər. Bunu üçün də Azərbaycan hökuməti səylərini artırmalıdır. Yəqin ki, Rusiyada da müəyyən qüvvələr başa düşürlər ki, münaqişənin uzadılması onların marağına uyğun deyil. - Azərbaycan öz qazını Rusiyaya satması qərbin qıcığına səbəb olmazmı? - Sözsüz ki, qərb Rusiya ilə əlaqələrin yaxşılaşdırılmasına qısqanclıqla yanaşacaq. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyində rol oynayaraq, alternativ enerji dəhlizinin yaradılmasında müstəsna rol oynayıb. Bunun müqabilində isə nə ABŞ-ın, nə də Avropa Birliyinin Dağlıq Qarabağla bağlı mövqeyi Rusiyanın mövqeyindən seçilmir. Ona görə də Azərbaycana öz etirazlarını bildirməyə həmin ölkələrin heç bir mənəvi haqqı yoxdur. Avropa Birliyi bu illər ərzində Azərbaycana qarşı ikili siyasət yürüdüb. Əgər Azərbaycan bu məsələdə Rusiya ilə anlaşa bilərsə, heç nəyə baxmadan dövlət maraqlarından çıxış etməlidir. Amma bunun müqabilində Rusiya Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün öhdəlik götürməlidir. Müqavilənin şərtlərində də konkret olaraq bu məqamlar göstərilməlidir. - Türkiyənin tanınmış şəxslərinin və hərbi rəhbərliyində təmsil olunan zabitlərin həbsi hansı məsələlərdən xəbər verir? - Dini qüvvələrin dövlət hakimiyyətinə gəlməsi istənilən ölkə üçün təhlükədir. Onu da nəzərə alaq ki, İslam dinindən nə vaxt siyasi məqsədlər üçün istifadə edilibsə, cəmiyyət geriləyib. Əslində Türkiyədə baş verən son hadisələr dinlə siyasəti birləşdirmək istəyənlərin, dünyəvi dövlət tərəfdarı olanların mübarizəsidir. Hesab edirəm ki, Atatürk ideyasının tərəfdarları sonda bu mübarizədən qalib çıxacaqlar. Artıq Türkiyədə dini dövlət erası özünü doğrultmayıb və Türkiyə üçün keçilmiş mərhələdir. Türkiyə hüquqi demokratik dövlət quruculuğunda inkişafını davam etdirəcək. - Açıqlamalarınızın birində demişdiniz ki, seçkilərdə vahid namizəd məsələsi ilə bağlı müxalifət düşərgəsində təmsil olunan partiyalarla müzakirələr aparırıq. Danışıqların nəticəsindən razısınızmı? - Bu istiqamətdə müzakirələr gedir. Artıq bir neçə partiya ilə müzakirələr yekunlaşıb. Yəni həmin partiyalar söz veriblər ki, qərarlarını seçki kampaniyası elan olunması ərəfəsində açıqlayacaqlar. - Qərargahla bağlı partiyanın qarşılaşdığı problem öz həllini tam tapdımı? - Qərargahla bağlı məsələ demək olar ki, öz həllini tapdı. Problemlə bağlı prezident İlham Əliyevə müraciət edəndən sonra məsələyə diqqətlə yanaşıldı və həmin gün də müqavilənin müddəti uzadıldı. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar