SON XƏBƏRLƏR

Yolçu yolunda gərək!

2021.10.20, 07:36
Yolçu yolunda gərək!

Gunaz.tv
Yolçu yolunda gərək! Bizə qələbə müjdəsi verin Bu gün onların bayramıdır. Əlində silah vətənin müdafiəsində dayanan, tökülən şəhid qanlarını ancaq qanla təmizləməyə hazır olan, bu vətənin və bu millətin onlara bağladığı ümidləri doğrultmaq üçün başını daim dik tutan, ordu sıralarında xidməti təkcə vətəndaşlıq borcu yox, həm də şərəf borcu bilən igidlərin bayramı. Həm də təkcə onların yox. 26 iyun öz ordusuna güvənən hər kəsin bayramıdır, elə bir bayram ki, onu sakitcə bayram süfrəsi arxasında qeyd etmək mümkün deyil. Bu bayram öz coşqusu ilə qanları coşdurmalıdır, bu bayramın əks-sədası qulaqları cingildətməlidir, bu bayramın möhtəşəmliyi danışan bütün dilləri susdurmalıdır. Bu bayramda hər kəs Azərbaycan övladı olduğu ilə fəxr etməlidir, ordu sıralarında addımlayan əsgərlərin yerində özünü təsəvvür edib heç olmasa bircə anlıq o gözəl duyğuları yaşamağı bacarmalıdır. Bu bayramı böyüklü-kiçikli, qadınlı-kişili hamımız qeyd etməliyik, ordumuzun adına layiq, vətən torpağını ölümlərindən sonra ruhları ilə qoruyan şəhidlərimizin adına layiq, Azərbaycana layiq. 90 illiyini qeyd edən Azərbaycan ordusunun əsrlərin öz üzündən gələn tarixində imza atdığı qələbələri yenidən və yenidən xatırlamaq və təkrarlamaq üçün 26 iyunda düşünmək üçün vaxtımız olacaq. Bu tarixi məhv etmək, yerində inamsızlıq, güvənsizlik toxumu səpmək istəyən, beləliklə ən əsası özümüzə olan inamımızı məhv etmək üçün düşmənlər səfdə dayanıb. 100 il əvvəl də belə olub, indi də belədir, 100 il sonra da belə olacaq. Tarix yaradıb tarix yazmayan türkün tarixini yaddaşlardan silmək üçün atılan bütün addımların arxasında bu möhtəşəmlikdən doğan qorxu dayanır. Qan yaddaşından silinməyən şərəf tarixinin təkrar yaşanmasının qarşısını düşmən min bir fəndlə alır, üzərində yeridiyimiz torpaqlarımızı ayaqlarımız altından çəkib almaq istəyir, çünki bilir ki, türk bir ayağı at üstündə, bir ayağı torpaqda olanda daha güclü olub. Ayağımızın altından torpağı çəkib almağa çalışmaq türkün şərəfinə, namusuna əl uzatmaqdır. Namusa uzanan bütün əllər isə kəsilməlidir. 100 illər əvvəl olduğu kimi. Azərbaycan ordu gününü qeyd edir. Bu ordunun sıralarında addımlayan hər bir əsgər bu vətənin övladıdır, canı və qanı ilə qorumağa hazır olduğu bu vətənin hər şeydən dəyərli, qiymətli övladı. Onlara layiq olduqları qiyməti vermək zamanı çatıb. Ayaqlar altına atılan namus ləkəsini təmizləmək üçün döyüşə atılmaq zamanı çatdığı kimi. Daha nə qədər vətən torpağını düşməndən azad etməyə hazır olduğumuzu car çəkib daha sonra susmaqla kifayətlənəcəyikğ Daha nə qədər telekanallardan döyüşə hazır olduğumuzu bildirib minnət dolu baxışlarla kamera qarşısında başımızı dik tutacağıqğ Vətəni qorumaq, onun üçün savaşmaq, onun üçün ölüb-öldürmək hər kəsin borcudur, bu borcu bir də minnət duyğusu kimi üzə vurmaq nəyə lazımğ "Torpaqlarımızı azad etməyə hazırıq"- 20 faiz torpağı illərdir ki, işğal altında olan bir ölkənin vətəndaşı üçün səsləndirilməsi ən ayıb olan cümlədir. Torpaqları azad etmək üçün hər kəs hazır olmalıdır-beşikdəki körpəsindən tutmuş sandığındakı axirətliyini gündə bir dəfə yoxlayan qocalarımıza qədər. Bunun başqa yolu yoxdur, borcumuzu minnətə çevirmək, hələ üstəlik ekranlardan milyonlara car çəkmək bizlərə yaraşmaz. Bu vətən üçün bizlər vuruşacağıq, bu vətən üçün bizlər şəhid olacağıq, bu vətən üçün bizlər öldürəcəyik. Öhdəmizə düşən işi təkcə borc xatirinə görməyəcəyik, həm də Vətən adlanan bu torpağa sevgimizdən edəcəyik. Sevgimizi minnətə çevirməyək... Bu gün bayramını qeyd edən Azərbaycan ordusunun sıralarında addımlayan hər bir əsgər təkcə öz ailəsinin övladı deyil, həm də bu vətənin övladıdır. Vətən öz övladlarını sevir, vətən ana kimidir, övladın yaxşısına pisinə fərq qoymur. Onun nəzərində hamı birdir. Bu hamının də vətən üçün bir olmasının zamanı çatıb. Əlindəki avtomatı sinəsinə basıb başı idik yürüyən əsgəri izləyən gözlərdən süzülən yaşlar hər qarışı şəhid qanı ilə suvarılan bu torpaqda güllər açması üçün silinməlidir. Anaların öz ordusundan gözlədiyi budur. Sinəsinə əyilən başını yenidən dik tuta bilmək üçün bu günü bayram edən ordusuna güvənir. Atdığı hər addımın gürlayan səsinin günlərin birində cəbhədən gələn qələbə xəbərləri ilə daha da gur çıxacağına inanır. İnanır ki, onun ordusu bu vətənin çoxdan layiq olduğu qələbə sevincini ona yaşatmaq üçün yetərli gücə sahibdir. Bu gücü təkcə sahib olduğu müasir texnikadan almır, bu gücü anaların, bacıların, gəlinlərin, atasız böyüyən uşaqların, şəhid məzarları başında tökdüyü göz yaşlarından alır. Bu yaşları acıları ilə bərabər silmək onların bəxtinə yazılacaq. Bəxtlərinə yazılan bu xoşbəxtliyin nə qədər böyük olduğunu zaman qiymətləndirəcək, yetər ki, onlar xoşbəxtliyə layiq olduqları kimi onu almağı da bacarsınlar. Onlar bunu bacarırlar, bir zamanlar Azadlıq hayqırtılarının gurladığı meydanda bu dəfə onların ayaq səsləri gurlayacaq. "Azadlıq" meydanı azadlığına qovuşan millətin torpaqlarını da azadlığına qovuşdurmaq yolunun yolçusu olan əsgərlərinə meydan olacaq. Azadlığa aparan bütün yolların sonunda onları qələbə gözləyir. Elə bir qələbə ki, bu millətin və bu torpağın layiq olduğu möhtəşəmliyi ona bəxş edəcək. Elə bir qələbə ki, şəhid ruhlarını dinləndirəcək. Elə bir qələbə ki, anaların-ataların vətən nisgilini silib aparacaq. Elə bir qələbə ki, son nəfəsini vermək üçün doğma evinin həsrətini çəkən neçələrinin həsrətinə son qoyacaq. Haydı, igidlər, yolçu yolunda gərək! Elnarə R.S Ordu gününü kişilərin bayramı kimi qeyd etmək də keçir ürəyimizdən. Ürəyimizin sözünü dinləmək, yoxsa ağlımızın diktəsi ilə hərəkət etmək kimi bir yolayrıcında qalmışıq. Kişilərimizi ürəkdən təbrik etmək üçün illərdir ki, gün sayırıq. Saymağa səbrimiz qalmayıb, səbrin də bir sonu var. Bizə sizi təbrik edə bilmək üçün qələbə müjdəsi verin. Dünyanın 50 milyonluq bir millətinin qadınlarının sizlərdən yeganə istəyi budur. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar