SON XƏBƏRLƏR

Azərbaycan parlamenti - Şərqdə demokratiyanın qapısı

2021.10.20, 07:36
Azərbaycan parlamenti - Şərqdə demokratiyanın qapısı

Gunaz.tv
Azərbaycan parlamenti - Şərqdə demokratiyanın qapısı Milli Məclisin yubileyi haqqında düşüncələr Azərbaycanda parlamentin 90 yaşında olması təkcə təqvim baxımından əhəmiyyətli deyil. Bu olayın siyasi və geosiyasi mənası daha çoxdur. Azərbaycan Şərqdə ilk türk-müsəlman dövlətidir ki, demokratik respublikanı yaratdı. Bu respublikada həyata keçirilən sosial yeniliklər də bütün müsəlman dünyası üçün örnək ola bilər. Azərbaycan parlamenti keçdiyi çətin, ancaq şərəfli fəaliyyət yolunda müstəqil dövlətçiliyin bütün incilərini yaşada bildi. O baxımdan bizim parlamentin 90 illinin tamam olması əlamətdar bir olaydır. Azərbaycan parlamentinin yubileyində 10-larla ölkədən rəsmi şəxslər iştirak etdilər. Bu şəxslərin hər biri Azərbaycana müstəqil dövlətin demokratik parlamentinin olduğunu vurğuladılar. Uzaq və yaxın ölkələrdən gəlmiş siyasətçilər parlament fəaliyyətində Azərbaycanın əldə etdikləri barədə fikirlərini bildirdilər. Ancaq ən önəmlisi Azərbaycan prezidentinin parlamentin 90 illiyində söylədikləri idi. Prezident İlham Əliyev parlamentin 90 illiyində dünyaya mesajlarını verdi. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın rəsmi mövqeyini bir daha açıqladı. Azərbaycan Ermənistana bir qarış da torpaq verməyəcək. Ən böyük güzəşt isə Dağlıq Qarabağa Azərbaycan daxilində ən yüksək muxtar qurum statusu verilməsidir. Bu şərtin yenidən təkrarlanması son vaxtlar məsələ ilə bağlı söz-söhbətlərin artmasına olan cavabdır. Ermənistan tərəfi hələ də Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqeyində qalır və xəyali müstəqillikdən danışır. Bu zaman da Azərbaycanın ünvanına yanlış ifadələr işlədir. Ona görə də Azərbaycan prezidentinin parlamentin 90 illiyində söylədikləri olduqca əhəmiyyətlidir. Parlamentin yubileyində verilən mesajların təsiri başqa cür olur. Bu, bir daha Azərbaycanın müstəqil siyasət yeritməsinin və demokraktik qaydalara sadiq qalmasının əlamətidir. Azərbaycan parlamentinin 90 illiyində həm də ölkəmizin əldə etdiyi demokratik uğurlardan danışılıb. Keçən müddət ərzində müstəqil dövlətimiz cəmiyyətin inkişafı üçün çoxlu sayda proqramlar həyata keçirib. Onların sırasında parlamentin qəbul etdiyi qanunlar çox önəm daşıyır. Bu qanunlar sayəsində Azərbaycan cəmiyyətində köklü sosial, hüquqi və iqtisadi dəyişikliklər həyata keçirmək mümkün olur. Hazırlanan qanunların demokratikliyi cəmiyyətin inkişaf istiqamətini müəyyənləşdirir. Bu gün fəxrlə demək olar ki, ölkə parlamenti həmin aspektdə şərəfli yol keçib. Azərbaycan üçün ən ağır günlərdə parlament gərginliklə işləyərək vacib qərarlar qəbul edib. Məhz həmin gərgin işin sayəsində küçələrdə zorakılıq olmayıb, ölkənin taleyi sivil yolla həll edilib. Məsələn, Heydər Əliyevin Azərbaycana yenidən rəhbərlik etməsində parlamentin işinin əhəmiyyəti böyük oldu. Parlamentdə gedən ağır müzakirələr və onların sonunda gəlinən vacib nəticələr yaddaşlardan çıxmayıb. Azərbaycan parlamenti ölkə üçün ən çətin anlarda böhranlardan çıxış məkanı olub. Ona görə də parlamentin 90 illiyində görülən işləri fəxrlə yada salmaq olar. Azərbaycanda parlamentin 90 yaşının tamam olması bölgədə demokratiyanın ənənəsinə birbaşa aidiyyatı olan məsələdir. Parlamentin yubileyində Rusiya, İran, Gürcüstan və Türkiyə nümayəndələri çıxış edərək dövlətçiliyin təşəkkülündə Milli Məclisin əhəmiyyətindən müxtəlif bağlılıqda danışıblar. Bu faktın özü bölgə üçün demokratiyanın taleyində Azərbaycan parlamentinin oynadığı rolu aydın göstərir. Bölgə dövlətləri bizim parlament haqqında məhz müstəqil dövlətin qurulması, demkoratik qanunların qəbulu və idarəetmə strukturlarının yeniləşməsi aspektində fikirlər bildiriblər. Bu da Azərbaycan demokratiyasının tarixidir. Bütün dünyaya bir mesajdır. Azərbaycanı antidemoraktiyada və ya kiminsə dövlət haqqına göz dikməkdə ittiham edə bilməzlər. Azərbaycan parlamenti hələ bir dövlətin ərazisini anneksiya edən qərar çıxarmayıb. Onun işi bütövlükdə ölkədə demokratiyanın inkişafına həsr olunub. Ona görə də Azərbaycan parlamentinin 90 illik yubileyi həm də Güney Qafqazda demokratiya tarixinin şanlı səhifələrindən biridir. Parlamentimiz dövlətin müstəqilliyini təmin etmək yolunda var gücü ilə işləməkdə davam edəcək. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar