SON XƏBƏRLƏR

Azərbaycan jurnalistlərinin V qurultayı keçirildi

2021.10.20, 07:36
Azərbaycan jurnalistlərinin V qurultayı keçirildi

Gunaz.tv
ƏFLATUN AMAŞOV YENİDƏN MƏTBUAT ŞURASININ SƏDRİ SEÇİLDİ Dünən Azərbaycan jurnalistlərinin V qurultayı keçirilib. Tədbiri açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov ötən qurultaydan sonra dünyasını dəyişən jurnalistlərin xatirəsinin yad olunmasını təklif edib. Daha sonra qurultayın say komissiyası formalaşdırılıb, tədbiri idarə edəcək şəxslər müəyyənləşdirilib. Bildirilib ki, 218 qurultay nümayəndəsindən 202-si tədbirdə iştirak edir. İlk olaraq söz Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova verilib. PA rəsmisi Azərbaycan mediasının yaşadığı problemlərin bütövlükdə cəmiyyətin problemlərindən heç də kənarda olmadığını qeyd edib. O, 2001-ci ildən başlayaraq, mediada yeni inkişaf meyllərinin müşahidə olunduğunu, Azərbaycanda media ilə bağlı qanunvericiliyin yeniləşdiyini, mətbuat üzərində bütün dövlət tənzimlənmə mexanizmlərinin aradan qaldırıldığını, mətbuatın dövlət tərəfindən lisenziyalaşdırılmasının aradan götürüldüyünü xatırladıb. Ə.Həsənov deyib ki, Azərbaycan mediası 2001-ci ildən postsovet məkanında ən qabaqcıl və azad medialardan biri kimi təqdim olunmağa başlayıb. Azərbaycan mətbuatının iki mühüm probleminin olduğunu qeyd edən şöbə müdiri prezident İlham Əliyevin tapşırığı ilə media ilə məşğul olan dövlət qurumlarının problemlərin aradan qaldırılması istiqamətində böyük planlar həyata keçirməyə başladığını diqqətə çatdırıb: "Azərbaycan mediasının problemlərindən biri maddi bazanın zəifliyi, medianın ayrı-ayrı imkanlı insanlardan, təşkilatlarda asılı vəziyyətdə olmasıdır. İkinci mühüm problem isə mediada peşəkarların sayının az olmasıdır. Mediada çalışan insanların cəmi 1500-2000-i peşəkardır. Vəziyyətdən çıxış yolu dövlət və media ilə bağlı olan bütün qurumların azad, müstəqil medianın dairəsinin genişləndirilməsinə dəstək verməsidir. Bundan başqa, mətbuatın maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərmək lazımdır. Burada birinci şərt həm də Mətbuat Şurasının gücləndirilməsidir. Biz Mətbuat Şurasını gücləndirməsək, onu Azərbaycan jurnalistlərinin nüfuzlu qurumuna çevirməsək, şuranın çıxardığı qərarları hətta məhkəmə qərarlarından yüksək səviyyəyə qaldırmasaq, heç vaxt jurnalist peşəkarlığına nail ola bilmərik". PA şöbə müdiri Azərbaycan prezidenti İlham Əliyevin qurultaya təbriklərini, salamlarını çatdırıb: "Cənab prezidentin o fikrini də sizə çatdırıram ki, Azərbaycan mediası özünü düzəltmək, inkişaf etdirmək, cəmiyyətimizə layiq jurnalistlərə çevrilmək gücündədir. Bu gücü onlar tapmalıdırlar, biz də dövlət olaraq jurnalistlərin maddi-mənəvi problemlərinin həllində əlimizdən gələni etməliyik". Sonra "Azercell Telecom" Birgə Müəssisəsinin rəhbəri Halim Ateş qurultaya təbriklərini çatdırıb. Bunun ardınca Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat məruzəsi ilə çıxış edib. O, jurnalistlərin ötən qurultayından keçən müddət ərzində Şuranın fəaliyyətinə toxunub. Şuranın bu müddət ərzində təşkilatlanma ilə məşğul olduğunu qeyd edən Ə.Amaşov deyib ki, bu səbəbdən nəzərdə tutulan işlərin bir çoxunu həyata keçirmək mümkün olmayıb. O, həbsdə olan jurnalistlərin yaxın vaxtlarda azadlığa buraxılacağına inandığını bildirib, prezidentdən buna yardımçı olmasını xahiş edib: "Həbsdə olan jurnalistlərin azadlığa çıxması Azərbaycanın imicinə müsbət təsir göstərər". Media mənsublarının sosial problemlərinə toxunan Şura sədri jurnalistlərin bir çoxunun kirayələrdə yaşadığını, maddi durumunun ağır olduğunu qeyd edib. Mətbuat Şurasının Nəzarət Təftiş Komissiyasının sədri Mübariz Zeynalov qurumun hesabatını təqdim edəndən sonra məruzə və hesabatlar ətrafında müzakirələr başlanıb. Sonra qurultayın gündəliyində olan növbəti məsələnin - Mətbuat Şurasının Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı layihənin müzakirəsi başlanıb. Layihədə Mətbuat Şurasının Nizamnaməsinin 3.14 maddəsinin birinci cümləsində "iki ildir" sözlərinin "dörd ildir" sözləri ilə əvəz edilməsi, 3.18 maddənin çıxarılması, 4.11.1 maddəsinin ikinci cümləsində "iki il" sözlərinin "dörd il" sözləri ilə əvəz edilməsi və "dalbadal iki müddətdən artıq olmamaq şərtilə" sözlərinin çıxarılması, 4.12.1 maddəsində ikinci abzasın üçüncü cümləsindəki "bir illik müddətinə" sözlərinin "iki illik müddətinə" sözləri ilə əvəz edilməsi, dördüncü cümlədə "ikinci il" sözlərinin "müddət başa çatdıqda" sözləri ilə əvəz edilməsi, 5.8-ci maddənin sonuncu cümləsində "iki ildir" sözlərinin isə "dörd ildir" sözləri ilə əvəz edilməsi təklif edilib. "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında bu dəyişikliklərin tərəfdarı olduğunu bildirib və qurultay iştirakçılarını onu dəstəkləməyə çağırıb. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Nizamnaməyə dəyişiklik təklifini müdafiə edib. "Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov isə Nizamnamə dəyişikliyi barədə danışarkən sədrin səlahiyyət müddətinin iki ildən dörd ilə qədər artırılması təklifinin əleyhinə çıxıb. Mətbuat Şurası sədrinin müavini Qulu Məhərrəmli də Nizamnamə dəyişikliyinin indiki sədrin daha çox vəzifədə qalmasına xidmət etdiyini deyib, bununla razılaşmayıb. "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə Nizamnamə dəyişikliyinin Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcəyini bildirib. O, Azərbaycan Mətbuat Şurasının 2003-cü ildə qoşulduğu Beynəlxalq Mətbuat Şuraları Alyansından daxil olan məktubu təqdim edib və bildirib ki, orada Şuranın Nizamnaməsinə dəyişikliklər edilməsi cəhdi mənfi qiymətləndirilib, hətta Azərbaycanın qurumdan çıxarılmasına gətirib-çıxaracağı qeyd olunub. A.Əliyev onu da deyib ki, qurultayda Nizamnamə dəyişikliyi baş versə də, bu, Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmayınca, şuranın sədri seçilə bilməz. Mətbuat Şurasının üzvü Zeynal Məmmədli də Şura sədrinin səlahiyyət müddətinin artırılması təklifinin əleyhinə çıxıb. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət isə Nizamnamə dəyişikliyinin Ə.Amaşovun vəzifədə qalması üçün edilməsi fikirləri ilə razılaşmayıb: "Mətbuat Şurasının Nizamnaməsi "Quran" ayəsi deyil ki, onu dəyişmək mümkün olmasın". APA-nın baş direktoru Vüsalı Mahirqızı da təşkilatların qurultayında Nizamnaməyə dəyişiklik edilməsinin və bundan sonra sədrin seçilməsinin mümkün olduğunu, Azərbaycan təcrübəsində bu kimi hallara dəfələrlə rast gəlindiyini deyib. O bildirib ki, qurum sədrinə iki il səlahiyyət verilməsi az müddətdir və bu müddətin artırılması mümkündür. V.Mahirqızı bu dəyişikliyin fərdlərə bağlanmasının da düzgün olmadığını deyib: "Mətbuat Şurasında müxtəlif jurnalist qurumları təmsil olunur. Bəs onlar niyə indiyə kimi qurultay keçirmir, yenidən sədr seçmir. Görəsən, burada Mətbuat Şurasının həmsədrliyi institutunun yaradılması məsələsi gündəlikdə dursaydı, o zaman müzakirələr bu şəkildə keçərdimi?" "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Nizamnamə dəyişikliyinin əleyhinə çıxanların arqumentləri ilə razılaşmayıb, onların şəxsi maraqlarından çıxış etdiklərini deyib. Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin nümayəndəsi Rüstəm Kərimli isə bildirib ki, qurultayda Nizamnamə dəyişikliyinin edilməsi və bundan sonra sədrin seçilməsi qanunauyğundur. Daha sonra Nizamnamə dəyişikliyi ilə bağlı məsələ səsə qoyulub və böyük səs çoxluğu ilə qəbul edilib. Bundan başqa, qurultay iştirakçıları Mətbuat Şurasının fəaliyyətinin "kafi" qiymətləndirilməsi təklifini də dəstəkləyiblər. Daha sonra Mətbuat Şurasının İdarə Heyətinə seçki keçirilib. Səsverməyə 27 media təmsilçisinin, 18 ictimaiyyət nümayəndəsinin adı çıxarılıb. Nizamnaməyə görə, Mətbuat Şurasının 15 nəfərlik İdarə Heyətinin 9 üzvü media nümayəndələri, 6 üzvü ictimaiyyət təmsilçiləri arasından seçilib. Növbəti dörd il üçün İdarə Heyətinin üzvləri media nümayəndələrindən Əflatun Amaşov (172 səs),Rəşad Məcid (162), Bəxtiyar Sadıqov (156), Vüqar Rəhimzadə (152), Vüsalə Mahirqızı (149), Mehman Əliyev (148), Umud Mirzəyev (144), Elçin Şıxlı (143), Tapdıq Abbas (136), Akif Aşırlı (107 - ehtiyat üzv), Aydın Quliyev (93 - ehtiyat üzv), ictimaiyyət təmsilçilərindən isə Vüqar Səfərli (147), Hacı Sabir Həsənli (140), Aqil Abbas (130), Kamal Abdulla (118), Müşfiq Ələsgərli (108), Cəmil Həsənli (83), Qafar Çaxmaqlı (76 - ehtiyat üzv), Qulu Məhərrəmli (47 - ehtiyat üzv) olublar. Bundan sonra qurultayda Əflatun Amaşov, Rəşad Məcid, Aqil Abbas və Umud Mirzəyevin Mətbuat Şurası sədrliyinə namizədlikləri irəli sürülüb. R.Məcid, A.Abbas, U.Mirzəyev namizədliklərini geri götürüblər. Ə.Amaşov 1 nəfər əleyhinə, 4 nəfər bitərəf qalmaqla, yenidən Mətbuat Şurasının sədri seçilib. Şura sədri ona etimad göstərənlərə minnətdarlığını bildirib və mətbuatın inkişafı üçün əlindən gələni edəcəyini bildirib (APA).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar