SON XƏBƏRLƏR

Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir

2021.10.20, 07:36
Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir

Gunaz.tv
“ Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir ” ( Cəlil Məmmədquluzadə) (1) Salam molla əmi 1907-ci il yanvarın 19-u Molla Nəsrəddin jurnalının 3-cü sayında həmşərilərin sənə yazdığı kağızı, daha doğrusu şikayət məktubunu oxudum. Üstəlik , sənin onlara yazdığın cavabı da oxudum. Molla əmi yazırsan ki, “ Əvvəllər həmşəriləri təziyə məclisinə, ya qeyri məclislərə qoymayanda, həmşərilər çömbələrdilər qapının astanasında və dinməz-söyləməz oturub başlarını salardılar aşağı və öz-özlərinə deyərdilər : - Allah, şükür olsun dərgahına “! Sonra əlavə edirsən : “Mən o vədələr elə bilərdim ki, həmşərilər qoyun-quzudurlar. Amma, indi Bakıda həmşəriləri təziyə məclislərinə qoymayanda, götürüb Molla Nəsrəddinə şikayət yazırlar. Ey mənə kağız yazan həmşərilər, açın qulağınızı və görün sizə nə deyirəm ! Əgər istəyirsiniz ki, sizi də adam hesab edib məclislərə qoysunlar, gərək mənim bir neçə vəsiyyətimə əməl edəsiniz”. Hə, Molla əmi, indi vəziyyət sən görən deyil. Sənin zamanında həmşəriləri adam yerinə qoymayan, məscidə və başqa ictimai yerlərə buraxmayanlar, indi həmşəriləri məscidə də buraxırlar, üstəlik onlarla birgə qurultay da keçirirlər və həmşərilərə elə gəlir ki, artıq onları adam yerinə qoyurlar. Yox Molla əmi, bu qurultaylar və hay-küylər səni aldatmasın. Sevinmə və fikirləşmə ki, həmşərilər birləşib və öz başlarına çarə qılmaq fikrindədirlər. Yox, Molla əmi bunlar elə sənin “ Bədbəxt “ adlandırdığın “ Cırıq-Mırıq “ həmşərilərdir. Bilirsən, Molla əmi ! İş ondadır ki, bu həmşərilər, sənin vəsiyyətinə əməl etmir. Yəni, sənin dediyin kimi birləşmirlər. Keçirtdikləri qurultaylarda öz aralarından bir adam tapıb özlərinə başçı seçə bilmirlər. Üstəlik, sənin məsləhət gördüyün İbrahim bəyin “ Səyahətnaməsi”ni də oxuyan yoxdur. Bütövlükdə, həmşərilərin oxumaqla arası yoxdur. Elə, ona görə də qəzet çıxartmırlar. Molla əmi ! Mən həmşərilərdən sənə çox şikayət etmək istəmirəm. Sən onları hamıdan yaxşı tanıyırsan. Mənim borcum odur ki, sənin vəsiyyətinin bir parçasını bir daha onlara xatırladam. Çünki hamısını birdən həzm etməzlər. Əməl edəcəklər ya yox, onu deyə bilmərəm, özünüz bilərsiniz. Buyurun, bu da Molla Nəsrəddinin həmşərilərə vəsiyyətindən kiçik bir bölüm: “ Əvvələn, ay İrani-viranın xake pakinin yetim balaları həmşərilər ! Əvvələn, gərək bir-birinizlə əl-ələ verəsiniz, yəni Məmmədəli gərək yapışsın Həsənin əlindən, Həsən Kərbəlayi Qasımın əlindən, Kərbəlayi Qasım – Usta Cəfərin əlindən, Usta Cəfər – Məşədi Haqverdinin əlindən. Xülasə, cəmi həmşərilər gərək yapışsınlar bir-birinin əlindən, yəni birləşsinlər “ ! (Molla Nəsrəddin jurnalı 1907. 3-ü say). Semed Niknam azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar