SON XƏBƏRLƏR

Əbülfəz bəy dəniz kimi böyük idi.Ramiz Rövşən: "Dənizin səviyyəsi çayların səviyyəsindən aşağıdır, ancaq bütün çaylar dənizə axır"

2021.10.20, 07:36
Əbülfəz bəy dəniz kimi böyük idi.Ramiz Rövşən: "Dənizin səviyyəsi çayların səviyyəsindən aşağıdır, ancaq bütün çaylar dənizə axır"

Gunaz.tv
"Əbülfəz bəy dəniz kimi böyük idi" Ramiz Rövşən: "Dənizin səviyyəsi çayların səviyyəsindən aşağıdır, ancaq bütün çaylar dənizə axır" Pərvin Abbasov İyunun 18-də BMM-də Bütöv Azərbaycan Birliyinin (BAB) təşkilatçılığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin anadan olmasının 70 illiyi münasibətilə "Elçibəy - Azərbaycan aydınlarının gözüylə" adlı tədbir keçirildi. BAB-ın sədri Aqil Səmədbəyli dedi ki, böyük öndər, Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyi müxtəlif prizmalardan dəyərləndirənlər var: "Ancaq istənilən halda Bəyi bir quruşa göz dikməyən milləti üçün əlindən gələni edən tərtəmiz bir adam kimi görürlər". Elçibəyi cəsarətli insan kimi xarakterizə edən Aqil Səmədbəylinin dediyinə görə, Əbülfəz bəy Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizəni başlayıb: "Bu gizli mübarizəyə ilk olaraq beş nəfərlə başlayırlar. Həmin beş nəfər arasında söz verilir ki, "biz çox ağır və çox şərəfli mübarizəyə başlayırıq. Bu mübarizədə başımıza hər şey gələ bilər, ona görə də gərək evlənməyək". Zaman keçdikcə onlardan hər kəs evlənir. Bir gün Əbülfəz bəy dostlarını tənqid edir ki, mübarizədən geri çəkilirsiniz. Onlar isə cavab verir ki, Əbülfəz bəy, sən tək adamsan, biz isə ailəliyik, məsuliyyətimiz böyükdür. Amma Əbülfəz bəy onlara isbat edir ki, evli ola-ola da Azərbaycanın azadlığı uğrunda mübarizə aparmaq olar. Ondan sonra Əbülfəz bəy də ailə qurur və yenə də həyatını mübarizəyə həsr edir". Daha sonra BAB sədri tədbirə aparıcılıq etmək üçün sözü şair Ramiz Rövşənə verdi. Şair dedi ki, Əbülfəz bəy böyük şəxsiyyət idi: "Böyüklük özünü yuxarı tutmaq yox, özünü aşağı tutmaqdır. Dənizin səviyyəsi çayların səviyyəsindən aşağıdır, ancaq bütün çaylar dənizə axır. Əbülfəz bəy dəniz kimi böyük idi. Mənimlə yanaşı, Azərbaycanın gözəl şairi Vaqif Bayatlı Odər əyləşib. Onun şairlər haqqında dediyi, ancaq fikrimcə bütün böyük insanlara aid olan sözü var. Deyir ki, "insanları sevmək azdır, insanları bir-birinə sevdirmək lazımdır". Əbülfəz bəyin missiyasından biri də insanları bir-birinə sevdirmək idi. Əbülfəz bəy bir ruh, mənəviyyat adamı kimi, böyük bir tarixçi və alim kimi böyük şəxsiyyətdir. Ancaq onun taleyi həm də elə gətirdi ki, bir il Azərbaycanın dövlət başçısı da oldu. Bu, artıq tamam fərqli bir münasibət ortaya qoya bilər. Heç yadımdan çıxmaz, 1996-cı ildə uzun fasilədən sonra Türkiyədəydim. Orada jurnalistlərlə həmin vaxt Kələkidə olan Əbülfəz bəylə bağlı da söhbət oldu. Bəylə bağlı heç bir tənqid olmadan danışdım. Mən Əbülfəz bəy haqqında həmişə öz simasını saxlayan, heç vaxt siyasi riyakarlıq etməyən, roldan-rola girməyən bütöv bir şəxsiyyət kimi danışdım. Bu tərifdən sonra mənə sual verildi ki, əgər heç bir qüsur yox idisə, bəs onda niyə bu hakimiyyətin ömrü qısa çəkdi. Onda mən cavab verdim ki, prezidentlik dövrü ən azı beş ildir, həmin vaxt bir prezidentlik rolunu oynamağa ehtiyac var. Amma Əbülfəz bəy elə bir şəxsiyyət idi ki, heç prezidentlik rolunu da oynamağı özünə qıymazdı. Çünki rol oynamaq onun xarakterində yox idi". Müsavat Partiyasının başqanı İsa Qəmbərin sözlərinə görə, Əbülfəz Elçibəyi sevməyən insanlar haqqında streotiplər yaradırlar ki, guya o, yaxşı adam olub, ancaq dövlət adamı olmayıb. Almaz Əliqızı dedi ki, Əbülfəz Elçibəy çoxlarında olmayan bir xüsusiyyətə malik idi: "O bütün müsbət xüsusiyyətlərə malik olmaqla yanaşı, həm də bir inqilabçı idi". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar