SON XƏBƏRLƏR

İraqda Mosul əməliyyatı davam edir

2021.10.20, 07:36
İraqda Mosul əməliyyatı davam edir

Gunaz.tv
GünAz TV: Mosul əməliyyatında İraq Ordusu ilə İŞİD  silahlı qüvvələri arasında döyüşlər davam edir. Döyüşlər zamanı  İŞİD terorçuları Mosulda 200 insanı qətlə yetirib.

Qətlə yetirilənlər terrorçularla birlikdə döyüşməkdən imtina edən şəhər sakinləridir. Bundan əlavə İŞİD  üzvləri şəhərdə 16 insanı da körpüdən ataraq edam ediblər. Ümumiyyətlə son bir neçə gün ərzində Mosulda öldürülən dinc insanların sayının 500-ü ötdüyü deyilir. Qətlə yetirilən insanların meyitləri ailələrinə verilmir.

Təkcə öldürməklə kifayətlənməyən İŞİD terrorçularının, Mosul yaxınlığında yerləşən kükürd (qugerd) fabrikində də yanğın törətdikləri ehtimal olunur.  Yanğın səbəbindən minədək sakin toksiki qazdan zəhərlənmə əlamətləri ilə xəstəxanalara yerləşdirilib.

Bununla bərabər terror qruplaşması  Mosul yaxınlığındakı  əczaçılıq müəssisəsini də yandırıb.

Mosuldakı qətliamlarla kifayətlənməyən İŞİD üzvləri İraqın qərbində yerləşən Ər-Rutbah şəhərini ələ keçirib. Terrorçular 6 saat ərzində şəhəri nəzarət altına alıblar. Məlumata görə, İŞİD terrorçuları şəhərdəki "Haşd-i- Şabii" silahlılarını da öldürüb.

Ər Rutbahla bərabər terrorçular  İraqın Kərkük şəhərinə də  hücum edib. Hücum nəticəsində  azı 80 nəfər ölüb, 170 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşı olub. Hazırda da Silahlılar və əmniyyət qüvvələri arasında şiddətli döyüşlər gedir.

Gedən döyüşlərə Türkiyə tərəfi də biganə qalmayıb. İraqın Mosul şəhəri yaxınlığındakı Başika düşərgəsindəki türk hərbi birləşmələri kürd peşmərgələrə artilleriya (topxana) dəstəyi verib. Şimali İraq Kürdüstan Muxtariyyətinə bağlı peşmərgə qüvvələri Başika qəsəbəsinin azad edilməsi üçün əməliyyata başlayıb. Peşmərgə qüvvələrinin komandanlığının xahişi ilə Türkiyə hərbi birləşmələri düşərgənin yaxınlığında yerləşən Başika qəsəbəsindəki İŞİD terrorçularının mövqelərinə artilleriya zərbələri endirir. Qeyd edək ki, İraq rəsmiləri Türkiyənin Molsul əməliyyatına qarışmamağı tələb etmiş, Türkiyə tərəfi isə bu tələbi rədd etmişdi.

İŞİD-in törətdikləri  qətliamalara, İraq Ordusu isə hava zərbələri endirərək cavab verib. Hava zərbələri nəticəsində terror təşkilatının rəhbəri əl-Bağdadinin ən yaxın adamı öldürülüb. Onun köməkçisi Əbu Üsamə şəhərin cənub ərazisinin bombalanması nəticəsində məhv edilib. Onunla birlikdə İŞİD-in bir neçə komandiri də öldürülüb.

Xatırladaq ki, oktyabrın 17-dən etibarən İraq ordusu və birlik qüvvələri Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatı keçirir.  

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar