SON XƏBƏRLƏR

İran rəsmisi: “Xarici turistlər “zəvvar” kimi İrana gəlməlidir”

2021.10.20, 07:36
İran rəsmisi: “Xarici turistlər “zəvvar” kimi İrana gəlməlidir”

Gunaz.tv
 GünAzTV: İranın Mədəni İrs Araşdırma Mərkəzinin rəisi, Seyid Məhəmməd Behişti Şirazi oktyabrın 14-də jurnalistlərə açıqlamasında ölkənin turizm sənayesindən və ölkəyə gələn xarici turistlərdən danışıb.

Seyid Məhəmməd Behişti Şirazi deyib ki, İran, eyş-işrət dalınca olan xarici turistlər üçün münasib bir yer deyil və onlar bu niyyətlə ölkəyə gəlməməlidir: “Mənim fikrimcə turist,  özünü bizim mədəniyyətə uyğunlaşdıran və bir zəvvar kimi ölkəmizə gələn şəxsdir. Belə ki, biz, müsəlmanların müqəddəs dini məkanlarını ziyarət etmək məqsədilə qonşu ölkələrə səfər etdiyimiz kimi, xarici turistlər də bir “zəvvar” kimi ölkəmizə səfər etməli, İran və onun mədəniyyətini ziyarət etməlidir. Çünki bizim ölkə eyş-işrət dalınca olan turistlər üçün münasib və cazibəli yer deyil. Əgər kimsə də bizim əyləncə və eyş-işrət ardınca olan xarici turistlərə münasib şərait yarada biləcəyimizi düşünürsə, səhvə yol verir. Bu sahədə bizim bazarımız kasaddır. Məhz həmin səbəbə görədir ki, heç bir xarici turist əylənmək və ya eyş-işrətlə məşğul olmaq üçün İrana gəlmək istəmir”.

Qeyd edək ki, İran rəsmisinin ölkənin turistlər üçün eyş-işrət yeri olmadığını bildirməsinə baxmayaraq, hər il minlərlə xarici və yerli turist, məhz bir-iki saatlıq və ya bir-iki günlük siğə etmək məqsədilə İranın Məşhəd və Qum şəhərlərinə səfər edirlər. Bu məqsədlə İrana səfər edən xarici turistlərin əksəriyyətini isə İraq, Suriya, Yəmən, Pakistan, Əfqanıstan və bir sıra ərəb ölkələrindən gələnlər təşkil edir.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar