SON XƏBƏRLƏR

Azərbaycan və Avropa İttifaqı arasında sadələşdirilmiş viza rejimi ilə bağlı danışıqlar başlayacaq

2021.10.20, 07:36
Azərbaycan və Avropa İttifaqı arasında sadələşdirilmiş viza rejimi ilə bağlı danışıqlar başlayacaq

Gunaz.tv

GünAz TV: Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında sadələşdirilmiş viza rejimi ilə bağlı danışıqlar yaxın vaxtlarda başlayacaq.

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia APA-nın suallarına cavab olaraq bildirib. O, viza sadələşdirilməsində məqsədin Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə daha asan yolla səfər edə bilmələrinə şərait yaratmaq olduğunu deyib: “Bu çox vacib məqamdır. Çünki bəzi ölkələrlə viza sadələşdirmə proseduru olub. İndi hər iki tərəfdə siyasi iradə olsa, gənclər və bəzi kateqoriyadan (sıradan, rədədən) olan şəxslər Avropa İttifaqı ölkələrinə daha da asanlıqla səfər edə bilərlər”.

R. Kobia qeyd edib ki, danışıqlar prosesinin başlanması üçün mandat gözləyirlər.

Aİ ilə Azərbaycan arasında assosiativ (ortaq) saziş üzrə danışıqlarla bağlı növbəti görüşün nə zaman olacağı barədə suala cavabında nümayəndəliyin rəhbəri deyib ki, Aİ və Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri arasında iclasın tarixi ilə bağlı müzakirələr gedir: “Çox güman ki, iclas yayda keçiriləcək”.

 

 “Şərq tərəfdaşlığı” proqramı üzrə növbəti sammitin (zirvənin) sentyabrın sonunda Polşada keçiriləcəyini deyən R. Kobia Azərbaycan prezidenti İlham Əliyevin də tədbirə dəvət olunacağını bildirib.

 

 R. Kobia Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana səfər etmək niyyətində olduğunu da açıqlayıb: “Xanım Eşton Cənubi Qafqazı çox vacib region (bölgə) sayır. Bu regionun strateji vacibliyi getdikcə artır. O, Azərbaycana və regiona gəlmək istəyir. Lakin hər şey iş qrafikindən asılıdır”.

 

 Aİ nümayəndəsi K. Eştonun səfəri zamanı regiondakı siyasi vəziyyətin, “Şərq tərəfdaşlığı” və “Avropa qonşuluq siyasəti” çərçivəsində Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar