SON XƏBƏRLƏR

Yəmən xalqı prezidentin ölkədən çıxmasını bayram edir

2021.10.20, 07:36
Yəmən xalqı prezidentin ölkədən çıxmasını bayram edir

Gunaz.tv

GünAz TV: Yəməndə prezident Salehin müalicə üçün Səudiyyə Ərəbistanına getməsi münasibətilə şənliklər keçirilib.

Yəmən lideri onun üzərinə ötən cümə günü edilmiş basqında yaralanmışdı.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, O vəzifəsini rəsmən tərk etməsə də, onun ölkəyə qayıdıb hakimiyyətini bərpa edəcəyinə dair şübhələr var.

Ötən 33 il ərzində Əli Abdullah Saleh çox burulğanlardan çıxıb.

Lakin indi bir çox əlamətlər göstərir ki, onun Səudiyyə Ərəbistanına gedişi dönüşsüz ola bilər.

Xanımı da daxil olmaqla Salehin bütün ailə üzvləri onunla birlikdə səfər edirlər.

Yəmən paytaxtında ABŞ (Amerika Birləşmiş Ştatları) səfiri ölkənin vise-prezidenti (müavini) ilə görüşüb.

Müşahidəçilər bunu hakimiyyət dəyişikliyi üçün Vaşinqtonun xeyir-duası kimi başa düşürlər.

Belə görünür ki, Ərəb dünyasını bürümüş inqilabların üçüncü qurbanı Əli Abdullah Saleh olacaq.

Prezidentin yaralanmasına səbəb ona düşmən tayfa başçısı Əl-Əhmərlə döyüşü olub.

Müxalifət bildirir ki, düşmənçiliyi prezident bilərəkdən başlayıb və ölkədə vətəndaş müharibəsinin qızışdırılması məqsədini güdüb.

Yəməndə adətən olduğu kimi vəziyyət mürəkkəb və təhlükəlidir.

Prezident Saleh özündən sonra böyük oğlunu və bir neçə qardaşı uşaqlarını qoyub gedib. Onlar isə hərbiyyədə yüksək rütbələri tuturlar.

Onlar daha bir son cəhdə də əl ata bilərlər.

Əl-Əhmər ailəsi indi özünü vəziyyətin sahibi sayır, lakin müxalifətin tərəfinə keçmiş başqa tayfalar da hakimiyyət payı istəyə bilərlər.

Hakimiyyətə kim gəlirsə, gəlsin eyni problemləri həll etməli olacaq: təhlükəsizlik, iqtisadiyyat və su qıtlığı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar