SON XƏBƏRLƏR

"Türkiyənin uğurları bizi də olduqca qürurlandırır"-İlham Əliyev

2023.05.29, 10:45
"Türkiyənin uğurları bizi də olduqca qürurlandırır"-İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev prezident seçkilərində qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Gunaz.tv

Təbrik məktubunda deyilir:

"Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir.

Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir".

Dövlət başçısı bildirib ki, son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Ərdoğanın liderliyi ilə böyük və şərəfli inkişaf yolu keçib.
“Türkiyə beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir.

Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır"-deyə, məktubda bildirilir.

İlham Əliyev bildirib ki, tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur.

"Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.
Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm", - məktubda qeyd olunub.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar