SON XƏBƏRLƏR

“Xankəndidə evlər Bakının bəzi yerlərindən baha olacaq”-Ekspert

2023.06.06, 12:40
“Xankəndidə evlər Bakının bəzi yerlərindən baha olacaq”-Ekspert

Erməni sosial media kanallarında Azərbaycanın Qarabağ iqtisadi rayonunda, özəlliklə Xankəndində yaşayan erməni əsilli vətəndaşların öz əmlaklarını satışa çıxarmalarına dair xəbərlər yayılır. Azərbaycan vətəndaşları, Rusiya, Türkiyə, Gürcüstan vətəndaşı olan azərbaycanlılar Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə əmlak ala bilərmi?

Gunaz.tv

Əmlak Ekspert Mərkəzinin rəhbəri, iqtisadçı Ramil Osmanlı Günaz.TV-yə açıqlamasında deyib ki, elanlardan görünür ki, ermənilər öz əmlaklarını dəyər-dəyməzinə satırlar:

“Erməni mənbələrindən bazara çıxarılan daşınmaz əmlakların qiymətinə baxırıq.

Məlum olur ki, konkret Xankəndi ərazisində qiymətlər Gəncədəki qiymətlərdən də çox aşağıdır.

Bu da ondan irəli gəlir ki, həmin ərazidə bazar imkanları məhdud saydadır. Orada əmlakını satışa çıxaran ermənilərin əksəriyyəti faktiki olaraq Xankəndidən köçmək niyyətindədir. 

Ona görə də onlar öz əmlaklarını dəyər-dəyməzinə satıb Ermənistana və ya başqa ölkəyə köçmək istəyirlər.

Onlar üçün indiki halda əmlakın dəyəri əsas deyil”. 

Qarabağ iqtisadi rayonunun imkanlarının turizm, logistika baxımından digər rayonlardan daha üstün olduğunu vurğulayan iqtisadçı bildirib ki, Azərbaycanın tam nəzarətinə keçdikdən sonra Xankəndində qiymətlər artacaq:

“Azərbaycanın bu əraziləri tam nəzarətinə keçirdikdən sonra Qarabağ iqtisadi rayonunda əmlakın dəyəri ən yüksək ərazilərdən biri olacaq.

Həmin ərazilərdə ehtimal ki, əmlak qiymətləri Gəncə, Sumqayıt kimi şəhərlərdən, Bakının bəzi ərazilərindən yüksək olacaq.  

Amma bu gələcəyin işidir. Hazırda əlimizdə olan rəqəmlər erməni mənbələrindən götürənlərdir. 

Erməni mənbələrində olan qiymətlər də əmlakın real bazar qiymətinə əsaslanmır. 

Bu gün yeni qurulan Ağdamda özəl tikinti şirkətləri tərəfindən binalar tikilir. Açıqlanan qiymətlər Gəncədəki qiymətlərdən yüksəkdir. 

Burada bir qədər paradoks var, amma  hər halda bu rəqəmlər Gəncədəki çoxmənzilli binalardakı qiymətlərdən yüksəkdir. 

Bunu bazar qiyməti hesab etmirəm, sadəcə tikinti şirkətinin müəyyən etdiyi rəqəmdir.

Bu gün Şuşada bazara əmlak çıxarılsa Sumqayıt və Gəncədəki mənzillərdən baha olacaq”.

Ayxan    

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar