Azərbaycan-Türkiyə: bir millət… iki strategiya
2021.10.20, 07:36
Xaliq Bahadır Beş-altı il qabaq “Moskovski novosti” qəzetində iki keçmiş KQB polkovnikinin adından bir yazı getmişdi. Onlar KQB-nin sovet dönəmindəki “ictimaiyyətlə” iş praktikasından yazırdılar. Onların yazdığına görə, politbüronun hansısa qərarı, göstərişi birinci KQB-yə ötürülürmüş. KQB yubanmadan ölkənin ən ucqar kəndlərindəki belə, agentlərini, agentura setini işə salırmış. Az qala bir göz qırpımında ölkənin hər yerindən üzü yuxarı “bəyənirik”-”adabryams” teleqramları (qəzetlərə məktublar) axmağa başlayırmış. Gərəkirkən, oxşar metodlarla mitinq, göstəri taktikasına da əl atılırmış. Beləcə, yuxarıdan sanksiyalaşdırılmış sovet demokratiyası özünü bütün gücü ilə göstərməyə başlayırmış. *** Əliyevlər hakimiyyəti bir çox baxımdan sovet hakimiyyətinin kopirovkası - köçürməsidir. Bir çox baxımdan, başlıcası da xalqı sevməmək, xalqa bağlı olmamaq baxımlardan. Bildiyimiz kimi, bir çox çatışmazlıqları ilə yanaşı, sovet hakimiyyətinin lap elə bu gün bizə gərəkli yönləri çox idi. Sovet hakimiyyətində ən azı hamı üçün sosial qarantiya vardı. Təhsil, sağlamlıq sistemləri Əliyevçi hakimiyyətdə olduğu kimi yalandan yox, gerçəkdən pulsuz idi. Suverenlik qazanılması ilə yeraltı, yerüstü var-yatırla zəngin Azərbaycanda xalqın SSRI-də olduğundan qat-qat yaxşı yaşaması üçün çox böyük perspektivlər yaranırdı. Ölkədə başlanğıc olaraq belə perspektivləri doğruldacaq bir sosial-siyasi qurum da vardı - Azərbaycan Xalq Cəbhəsi. AXC özünün bütün çatışmazlığı ilə yanaşı, gerçəkdən xalqın cəbhəsi idi, o, xalq gücündən doğmuşdu, xalqdan qaynaqlanırdı. Özü xalqdan qaynaqlandığına görə AXC hakimiyyətinin strategiyası da xalqa bağlı idi! Özünün xalqa bağlı strategiyası ilə AXC hakimiyyəti Azərbaycanı istər-istəməz qardaş Türkiyə ilə yaxınlaşdırır, min bir tellə onları bir-birinə bağlayırdı. AXC-nin hakimiyyətə gəlişi ilə 70 illik sovet işğalından sonra Azərbaycan yenidən ADR dönəminə qayıdır, Azərbaycan xalqı yenidən özgürlüyə qovuşur, Türk adı başda olmaqla yenidən özünün milli atributlarına yiyələnirdi. Bunlar başlanğıc idi, yalnız belə bir başlanğıcdan keçməklə xalq özünə gələ bilər, özünü tanıya, anlaya bilərdi. Bu başlanğıc prosesinin uğurla sona varması üçün AXC ən azı beş il hakimiyyətdə qalmalı idi. ADR hakimiyyəti kimi, demək olar, onun törəməsi, ideya ardıcılı olan AXC hakimiyyətini də çox yaşamağa qoymadılar. Rusiya başda olmaqla Azərbaycanda geostrateji, geoekonomik maraqları olan böyük güclər Sovet-KQB sisteminin yetirməsini - H.Əliyevi çevriliş yoluyla hakimiyyətə gətirdi. Bu çevrilişin ideologiyasına uyğun olaraq Azərbaycan Qarabağdan, neftdən əlini üzməli, milli kimliyindən uzaqlaşmalı idi. Bunlar AXC-ni yıxmaqla qurulan yeni hakimiyyət üçün, onun başında duran, duracaq kimsələr üçün “ev tapşırıqları”, yerinə yetirilməsi birinci sırada gərəkən başlıca öhdəliklər deməkdi. Hakimiyyətin dəyişməsindən azacıq sonra xalqın milli kimliyi ilə bağlı dəyişiklik (Türk adı) götürülən öhdəliyin tez-tələsik yerinə yetirilməsi faktlarından sayılmalıdır. *** Qarabağ, neft, milli kimlik (Türk adı) - bunlar Azərbaycanın əlindən, demək olar, birlikdə, ardıcıllıqla alındı. Bunlarla birlikdə Azərbaycanda milli demokratiya faktorunu aradan qaldırmağa yönəlmiş politika yürüdüldü. Bu da böyük, bəlli güclərlə yeni hakimiyyətin ortaq politikası idi. Bu, Azərbaycanı uzun illər əldə saxlamağa yönəlmiş plan tapşırıqlarından idi. Bunlar hamısı bir yerdə Azərbaycanı bütünlüklə, uzun illərə yenmək strategiyası sayılmalıdır. Yalnız AXC hakimiyyəti deyil, Azərbaycanda qurulan hər hansı demokratik hakimiyyət Türkiyə ilə Azərbaycanın tezliklə regionda üstün gücə çevrilmələrinə gətirib çıxaracaqdı. Bunu isə antidemokratik Rusiya-Iran cütlüyü istəmədiyi kimi, demokratik Ingiltərə-ABŞ cütlüyü də istəmirdi. Elə buna görə 1993-cü ilin bəlli çevrilişi onların hamısının istəyi ilə baş tutmuşdu. Neft pay-püşk edildi, milli kimlik dövlət qərarı olaraq itirildi, Qarabağ probleminin çözümü arxasında Azərbaycanın yüksəlişini istəməyən dövlətlərin durduğu oyuncaq bir quruma - ATƏT-in Minsk qrupuna tapışırldı. Illərlə uzanan, sonu görünməyən danışıqlar sürəcində Azərbaycan Qarabağdan uzaqlaşdırıldı. O biri yandan, ermənilərin Qararabağda oturuşmaları üçün gərəkən nə varsa edildi. Qonşu “Iran Islam Respublikası” bu işdə ermənilərin başlıca arxa-dayaqlarından biri rolunu oynadı. Azərbaycan, Iran, Türkiyə arasında əlbirlik olsaydı, blokadada saxlamaqla erməniləri ən azı işğalçılıq planlarından daşındırmaq olardı. Ancaq… Azərbaycanın torpaq bütünlüyünü tanıdığını bildirən Iran Islam hökuməti sözdə Azərbaycanla birgəlik göstərsə də, işdə ermənilərə yardımçı oldu. Azərbaycanın din başçıları uzun illər bu fakta göz yumduqları kimi, Əliyevçi hakimiyyət də göz yumdu. Axı, bu hakimiyyət özü də ermənilərlə gizli ilişkilərdə bulunurdu. “Ermənistan”ın blokadasında az-çox prinsipiallıq göstərən bir dövlət var idisə, o da Türkiyə idi. Buna görə Türkiyə gec-tez Qafqazda erməni gücünün üstünlüyünə çalışan bəlli dövlətlərin basqıları ilə üzləşməli olacaqdı. Oldu da. Bu gerçəklik, böyük güclərin ardıcıl basqıları Türkiyəni sınırları açmaq kimi bir qaçılmaz problemlə üzləşdirir. Batı dünyasında da, islam dünyasında da təklənən, Azərbaycan hakimiyyətindən də bir belə soyuqluq görən Türkiyə nə etməlidir? Düzdür, Azərbaycanla bağlı indiki durumun yaranmasında Türkiyə hökumətləri də suçlu sayılmalıdır. Onlar çağında Azərbaycan demokratiyasına yardımçı olmalı, onsuz gerçək Azərbaycan-Türkiyə birliyinin baş tutmayacağını bilməli idilər. Iraqda Kərkük, Iranda Güney Azərbaycan, Quzey Azərbaycanda demokratiya problemlərinə göz yuman Türkiyə özü hələ çox problemlərlə üzləşməli olacaq… *** Sınırların açılması ilə bağlı əski KQB metodu işə salındı. Hakimiyyət əlaltıları televiziyalara doluşdular, Türkiyə böyük elçiliyinə yürüşlər etdilər. O yürüşlərdə də, televiziya çıxışlarında da başlıca rol qarabağlı qabaqcıllara - jurnalistlərə ayrılmışdı. Qarabağı qaytarmaq istəyindən çox uzaq bir rejimə qulluq eləyən bu adamlar necə də əl-ayağa düşmüşdülər: “Türkiyə sınırları açsa, Qarabağ qayıtmayacaq”. Siz ey, korrupsioner rejim qulluqçuları, qrant alverçiləri, sınırlar açılmasa necə, Qarabağ qayıdacaq? Hələ görün bu hakimiyyət onu qaytarmaq istəyirmi? Istəyirsə, nəyə görə Qarabağı qaytaracaq bir xalq yetişməsini istəmir? Istəyirsə, nəyə görə ölkənin təhsil, sağlamlıq sistemini rüşvətə bürüyür? Nəyə görə televiziyalarda gecə-gündüz çal-çağır yoluyla bu xalqa debillik aşılanır? Nəyə görə televiziyalarda altenativ düşüncəyə yer verilmir? Nəyə görə ölkədə demokratik seçkilər keçirilmir? Bilirsinizmi Qarabağı qaytarmağın başlıca yolu demokratik seçkilərdən, Azərbaycanın demokratikləşməyindən keçir? Bilmirsiniz, bilmək istəmirsiniz də. Sizi Qarabağdan çox rejimə qulluq yoluyla qazanc əldə etmək maraqlandırır. Elə olmasaydı, qardaş Türkiyə ilə əməkdaşlıqdan yayınaraq Qarabağı işğal etmiş Rusiya ilə əməkdaşlığa üstünlük verən bir hakimiyyətə əlaltılıq etməzdiniz. Ötən yüzilin sonlarında rusiyalı jurnalist Azərbaycan KP MK-ın ideoloji katibi Ramiz Mehdiyevdən qarabağlıları siyasi hakimiyyətə yaxın qoymadıqlarının nədənini soruşmuşdu. Bu günün administrator-filosofu onda bildirmişdi: “Naxçıvanlılar siyasəti bacarırlar, qarabağlılar oxumağı”. Rusiyanın göstərişini yerinə yetirən R.Mehdiyev indi televiziyalarda, Türkiyə böyükelçiliyinin qarşısında qarabağlı jurnalistləri oxudurdu. Onlar necə də gözəl oxuyurdular! Onlara baxanda adamın yadına bütün muğam yarışmalarında yarışman olan bir qarabağlı müğənninin tipik dəyərləndirməsi düşürdü: “Pis deyil, yaxşıdı, çox yaxşıdı, lap əladı”. Mənə elə gəlir, bu dəyərləndirmə qarabağlı juranistlərin sınırların açılması ilə bağlı qopardıqları haray-həşirə baxan R.Mehdiyevin də ürəyindən keçirdi. Bir də, söz yox, o, ötən ilin səksəninci illərinin sonlarında rus jurnalistin sorusu ilə bağlı dediklərində yanılmadığını düşünürdü. Batı dövlətləri Türkiyənin “Ermənistan”la sınırları açmasını istəyir, buna çalışır. Bunu Rusiya istəmir. Sınırların açılması Rusiyaya gec-tez “Ermənistan”ı itirmək qorxusu yaradır. Bu isə Rusiyanın Qafqazı itirməsi deməkdir. Rusiyanın Qafqazı itirməsi Əliyevlər hakimiyyətinin başlıca dayaqlarından birinin itirilməsi olardı. Bu da öz sırasında Əliyevlər ailəsi üçün 40 ildən bəri yiyələnib altını üstünə çevirdikləri Azərbaycanın itirilməsinə gətirər, o biri yandan, bir sıra bəlli dövlətlərin hələlik uğurla gerçəkləşdirdikləri böyük antitürk, antiAzərbaycan proyektini yarımçıq qoyardı. Bütün bunlara görə hakimiyyət illərdən bəri “müxalifət” adı ilə tanıtdığı bir sıra agent-jurnalistləri də işə qatıb, sınırlar açılmamasın deyə, onlara “müraciət” imzalatdırır, “sınırların açılmaması üçün əlinizdən gələni etməlisiniz” tapşırığı verir. Qarabağ kartı üzərində hakimiyyət quran, uzun illər Qarabağ kartı ilə oynamaqla hakimiyyətini qoruyub saxlayan kimsələr sınırların açılması ilə hakimiyyət dəyişikliyinə aparan yolun açılacağını gözəl bilirlər. Onlar hələ uzun illər Qarabağı bu xalqla alver obyektinə çevirmək istəyindədirlər. Sınırların açılması bu istəyi alt-eləyə bilər… Bizim çoxumuza elə gəlir sınırların bağlı qalmağı Qarabağın mütləq qaytarılmağına gətirib çıxaracaq. Yanlış, çox yanlış düşüncədir. Bu, yuxarıda deyildiyi kimi, “Ermənistan”ı bütün qonşu dövlətlərin blokadaya alması, bir də Islam ölkələrinin birgəliyi ilə ola bilərdi. Bunlar yoxdursa, indiyədək olmayıbsa, bilməliyik: tək əldən səs çıxmayacaq. Tək əldən səs çıxmayacaqsa, başqa variantlar üzərində düşünmək gərəkdir. Ən başlıcası, bir millət olaraq bizim bir strategiyamız olmalı, ayrı-ayrı dövlətlər olsaq da, bir strategiyadan çıxış etməliyik. Belə olarsa, sınırların açıq, ya qapalı olması problemə çevrilə bilməz. Problem bizim özümüzdə, öz yükümüzü özümüzün çəkmək istəməməyimizdədir. Biz hələ burasını da düşünməliyik: bizə düşmən dövlətlərin qurduğu antimilli hakimiyyətin milli strategiyası ola bilərmi?! Belə bir hakimiyyət gerçəkdən Azərbaycan-Türkiyə birliyini istəyərmi?! *** Çox böyük basqılar qarşısında, üstəlik, iç problemlərin ağırlığından Türkiyə hökuməti sınırları aça bilər. Biz indi yox, çox-çox qabaqdan bunu bilməliydik. Dünya yerində durmur, regionda dəyişiklik prosesləri gedir. Biz işimizi bu proseslərə uyğun qura bilmiriksə, dünyadakı, regiondakı dəyişikliklə ayaqlaşa bilmiriksə, başqalarını yox, özümüzü suçlu saymalıyıq. 1915-ci ilin yalançı soyqırımını ermənilər ABŞ prezidenti Barak Obamanın ştatında (Havay ştatı) tanıda bilirlər, biz 1992-ci ildə ermənilərin törətdiyi Xocalı soyqırımını öz parlamentimizdən keçirə bilmirik!.. Ermənilər çar hökumətindən də yararlanmağı bacardılar, sovet hökumətindən də. Biz nə ondan yararlana bildik, nə bundan. Onlar çar hökuməti yıxılanda da qazandılar, sovet hökuməti yıxılanda da. Biz birincidə də itkiyə uğradıq, ikincidə də. Ayrıca olaraq desək, ermənilər sovet hakimiyyətinin qurulmasından da qazandılar, yıxılmasından da. Biz hər ikisində itirdik. Eləcə də blokada faktorundan danışa bilərik. Biz çoxillik blokada faktorundan da gərəyincə yararlanmağı bacarmadıq. Faktiki olaraq blokada faktoru bizim özümüzə qarşı çevrildi. Ermənilər yalançı-yarımçıq blokada faktı ilə bağlı bütün dünyada Azərbaycanla Türkiyəni gözdənsalma kampaniyasına girişdilər. Onlar “Azərbaycan bizi blokadada saxlayır” adı altında çalışmaları ilə Avrorpanı, Amerikanı bizə qarşı çevirdilər. ABŞ Konqresinin “Özgürlük aktına 907-ci düzəlişi” ilə ermənilər illərlə Azərbaycana yardımlara qadağa qoydurdular. Özləri işğalçı ola-ola bizi dünyaya işğalçı kimi tanıtdılar. “Minilliyin çağırışı”ndan da qazanan biz yox, ermənilər oldu. Biz hələ faktları araşdırıb ortaya qoymamışıq: sınırların qapalı qalmasından daha çox biz qazanmışıq, yoxsa, ermənilər? Deyəsən, biz düşüncə çevikliyimizi itirmişik. Deyəsən, biz türkün xarakterik özəlliklərindən olan dinamik düşüncədən uzaq düşmüşük. Görükür, elə buna görə də hər bir yeniliyə, hər bir dəyişikliyə qorxu ilə, çəkingənliklə yanaşmağa alışmışıq. Biz, deyəsən, problemin üzərinə getmək bacarığını itirərək problemdən yayınmaqla ölmə-dirilmə yaşamaq bacarığına yiyələnmişik. Belədirsə, sınırlar açıq da ola bilər, qapalı da - onların hər ikisi bizə yalnız uğursuzluq gətirəsidi. Niyə? Niyəsi özümüzdədir!