SON XƏBƏRLƏR

İLHAM ƏLİYEVİN 3 ŞƏRTİ

2021.10.20, 07:36
İLHAM ƏLİYEVİN 3 ŞƏRTİ

Gunaz.tv
İLHAM ƏLİYEVİN 3 ŞƏRTİ Ölkə prezidenti sərhədlərin açılmasını hansı halda mümkün sayır? Azərbaycanın etirazları Türkiyə mediasının bir nömrəli mövzusuna çevrilib Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşması barədə xəbərlər və Azərbaycanın bu məsələyə etirazı hazırda türk mediasında bir nömrəli mövzular arasındadır. Hər gün ölkənin aparıcı qəzetləri və televiziyaları bu məsələ ilə bağlı fikirlərə, şərhlərə və xəbərlərə yer verir, o cümlədən Azərbaycan ictimaiyyətinin nümayəndələrinin reaksiyaları öyrənilir. Dünən də Türkiyə mediasında mövzu ilə bağlı xeyli yazılar və şərhlər gedib. “Referans” qəzetində yer alan məqalədə isə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Ermənistanla sərhədlərinin açılması üçün 3 şərt irəli sürüb, həmin şərtlər bu günlərdə prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimovun vasitəsilə rəsmi Ankaraya çatdırılıb. Bildirilir ki, Azərbaycanın ilk şərti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 7 rayondan 5-ni boşaltmasıdır. Bunlar Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarıdır. Digər iki rayon - Laçın və Kəlbəcərin azad edilməsinin sonrakı mərhələyə saxlanılmasına Azərbaycan etiraz etmir. Lakin Azərbaycan erməni qüvvələrinin Laçın rayonunun cənub hissəsindən çəkilməsini istəyir. Bu, Azərbaycanın ikinci şərtidir. Bildirilir ki, Laçın rayonu Ermənistanla Dağlıq Qarabağı birləşdirdiyi üçün strateji əhəmiyyətə malikdir. Əliyevin üçüncü şərti isə Ermənistanla əldə ediləcək mümkün razılaşmada beynəlxalq sülhməramlı qüvvələrin yerləşəcəyi Laçın dəhlizinin Türkiyə tərəfindən də istifadəsinə imkan yaradılmasıdır. Qəzetin yazdığına görə, Əliyevin səlahiyyətli nümayəndəsi Türkiyə tərəfinin Ermənistanla apardığı danışıqlar haqda Bakını məlumatlandırmadığına görə dövlət başçısının narazılığını da çatdırıb. Eyni zamanda Türkiyə tərəfi Ermənistanla Azərbaycan arasında Qarabağa dair aparılan danışıqların detalları haqda onu kifayət qədər məlumatlandırmadığına görə rəsmi Bakıya irad bildirib. Qeyd edək ki, Əliyevin şərt kimi irəli sürdüyü məsələlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Minsk Qrupunun vasitəçiliyi altında aparılan danışıqlarda müzakirə predmetidir. Sonrakı mərhələdə isə azərbaycanlıların qayıtmasından sonra Dağlıq Qarabağın yekun statusunu müzakirə etmək nəzərdə tutulur. Statusun özünüidarəetmə hüququ, yoxsa digər formada müəyyən edilməsi məsələsi isə mübahisə predmeti olaraq qalır. Belə görünür ki, Bakı Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həlli variantına razılıq verməsi halında Türkiyə ilə sərhədlərin açılmasına etiraz etməyəcək. Ancaq narahatlıq doğuran məqam odur ki, Türkiyə Ermənistanla danışıqlarda Qarabağ məsələsini şərt kimi irəli sürmür. “Sərhədlərin nə vaxt açılacağını Allah bilir” Bu arada Ermənistan tərəfdən iki ildir ki Türkiyə ilə İsveçrədə aparılan gizli danışıqlara başçılıq edən xarici işlər nazirinin müavini Tiqran Seyranyan “Qazeteport”a maraqlı açıqlamalar verib. O deyib ki, danışıqların perspektivləri barədə ümidsizdir. Çünki Türkiyə danışıqlar prosesində Ermənistanla münasibətlərin normallaşması üçün ilkin şərtlər irəli sürür:"Ermənistanla Türkiyə arasında sərhədlərin açılması illərdir müzakirə olunur, amma heç bir nəticə əldə edilmədiyinə görə müzakirələr yarımçıq dayandırıldı. İndi yeni olan məsələ ancaq ondan ibarətdir ki, danışıqlar prosesi davamlı xarakter alıb və fəal şəkildə aparılır", - deyə Seyranyan bildirib. Onun sözlərinə görə, müzakirələr getsə də, Türkiyə ön şərtlər irəli sürür, Ermənistan isə heç bir ön şərt qəbul etmir:"Bu məsələdə detallı məlumat vermək səlahiyyətim yoxdur, ancaq müzakirə prosesinin gedişi ilə bağlı çox da ümidli deyiləm". Qəzetin Ermənistanla Türkiyə arasında sərhədlərin nə zaman açılacağı ilə bağlı sualına isə Seyranyan “Allah bilir”, - deyə cavab verib. Ancaq prezident Serj Sərkisyan sərhədlərin açılması məsələsində optimistdir. Rusiya mətbuatına açıqlamasında Ermənistan prezidenti deyib ki, sərhədlərin bu ilin sentyabrında, iki ölkə milli futbol komandalarının Türkiyədə keçiriləcək cavab oyununa qədər açılması gözlənilir. Sərkisyan Türkiyə ilə danışıqlarda irəliləyiş əldə edildiyini, eyni zamanda bu danışıqlarda Qarabağ məsələsinin ön şərt kimi yer almadığını bildirib. Ankara iki od arasında Türkiyənin “Hürriyet” qəzetinin tanınmış diplomatiya müxbiri Zeynəb Gürcanlının məqaləsində deyildiyinə görə, hazırda Ankara iki od arasında qalıb. Bir tərəfdən ABŞ prezidenti Barak Obama Ermənistanla sərhədlərin tezliklə açılmasını istəyir və işarə edir ki, bu baş verməsə, aprelin 24-də erməni lobbisinə verdiyi sözü yerinə yetirməli olacaq. Digər tərəfdən isə Bakı Ankaraya Qarabağ münaqişəsi həll edilmədən sərhədlərin açılmayacağına dair verdiyi sözü xatırladır. Bu üzdən hazırda hər iki tərəfi məmnun edə biləcək ortaq formullar axtarılır. Belə formullardan birinə görə, Türkiyə ilə Ermənistan arasında birbaşa münasibətlər qurulacaq, lakin bu münasibətlər əvvəlcə aşağı səviyyədə həyata keçiriləcək. Daha yüksək səviyyədə münasibətlər üçün isə Ermənistan və erməni lobbisinin hansı mövqe tutacağına baxılacaq. Ancaq hesab edilir ki, bu formul daha çox Ermənistanı qane edə bilər. Türkiyəni məmnun edə biləcək formul isə Ankara ilə İrəvan arasında bütün məsələlərin müzakirə edilə biləcəyi ortaq komissiyanın qurulması dır. Komissiya çərçivəsində bir neçə altkomissiya da fəaliyyət göstərə bilər. Belə altkomissiyalardan biri iki ölkə arasında sərhədlərin açılmasını, digəri isə tarix məsələlərini müzakirə etməlidir. Söhbət rəsmi komissiyalardan gedir və deməli, Türkiyə hökuməti “soyqırım” məsələsinin də Ermənistanla rəsmi səviyyədə müzakirə edilməsinə hazırdır. Hesab olunur ki, ortaq komissiyanın qurulması ilə Türkiyə “üçüncü ölkələr münasibətlərimizə qarışmasın” mesajını verə bilər. Azərbaycanı məmnun edə biləcək formul isə bundan ibarət ola bilər ki, Ermənistan-Türkiyə münasibətlərinin qurulmasına dair “yol xəritəsində” Dağlıq Qarabağ münaqişəsinin həlli də yer alacaq. Türkiyə Azərbaycanı sakitləşdirmək üçün millət vəkilləri göndərir Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı ilə bağlı Azərbaycanın etirazları bu ölkə iqtidarında narahatlıq yaradıb. Artıq Türkiyənin müxalifət partiyaları, mətbuatı və ictimaiyyəti hökuməti Azərbaycanı incitməyə görə tənqid edir və Ermənistan siyasətinin yanlış olduğunu vurğulayır. Xəbər verildiyi kimi, məsələ Türkiyə parlamentində də müzakirə edilib və bu zaman iqtidarla müxalifət təmsilçiləri arasında mübahisələr olub. Müxalifət xarici işlər nazirinin parlamentə hesabat verməsini tələb edir. Bu etirazlardan sonra baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlama verərək Qarabağ münaqişəsində irəliləyiş əldə edilmədən sərhədlərin açılmasından söhbət gedə bilməyəcəyini deyib. Dünən isə məlum olub ki, Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Azərbaycana nümayəndə heyəti göndərmək qərarına gəlib. Gələn həftə Azərbaycana gələcək nümayəndə heyətinə Türkiyə parlamentindəki Azərbaycan dostluq qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) Konya millət vəkili Mustafa Kabakçı rəhbərlik edəcək. Türkiyəli millət vəkilləri Bakıda azərbaycanlı həmkarları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media mənsubları ilə görüşəcəklər. M.Kabakçı deyib ki, görüşlərdə Türkiyənin Azərbaycan siyasətində dəyişiklik olmadığı bildiriləcək. Türkiyə müxalifəti də Bakıya gəlir... Əldə etdiyimiz məlumatlara görə, Azərbaycana Türkiyə müxalifəti də bir yerdə deputat qrupu göndərir. Tərkibində MHP, CHP və DSP-nin hər birindən 3 millət vəkili olan müxalifətçilər Azərbaycan iqtidarı ilə daha əvvəlcədən razılaşdırmalar əsasında Bakıya gəlirlər. Onların arasında MHP İstanbul millət vəkili, bu partiyanın genəl başqan müavini Atilla Kayanın da olması gözlənilir. Qeyd edək ki, Atilla bəy əslən azərbaycanlıdır. ARİEL KOEN: “Ərdoğan hökumətinin siyasəti Amerikanın strateji maraqlarına ziddir” Türkiyə hökumətinin Ermənistan siyasəti təkcə bu ölkənin özündə və Azərbaycanda deyil, Qərb çevrələrində də müzakirə olunmaqdadır. Ötən gün ABŞ-ın mühafizəkar dairələrinə bağlı “The Washington Times” qəzeti “Heritage” fondunun Avropa, Mərkəzi Asiya və Rusiya proqramları direktoru Ariel Koenin məqaləsini dərc edib. Müəllif prezident Barak Obamanın Türkiyəyə səfəri zamanı AKP hökumətinə dəstək verməsini tənqid edərək yazır ki, Ərdoğan hökuməti son zamanlar açıq şəkildə Avropanın və Amerikanın maraqlarına zidd siyasət aparır. Koen Obamanın Türkiyədə dünyəvi Türkiyə respublikasının önəmini vurğuladığını qeyd edərək, ABŞ prezidentinin Atatürk cümhuriyyətinin prinsiplərinə zidd siyasət aparılmasını yada salmadığını qeyd edib. Koen AKP hökumətinin “Həmas”a dəstək verdiyini, İsraillə münasibətləri gərginləşdirdiyini və ötən ilin avqustundan başlayaraq Cənubi Qafqazda Birləşmiş Ştatların strateji maraqlarına zidd siyasət apardığını yazır. Koen qeyd edir ki, Türkiyə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Qafqazda sülh və əməkdaşlıq platforması ideyasını irəli sürərək müəmmalı siyasət başladıb. Eyni zamanda, Türkiyə Gürcüstana yardım aparan Amerika hərbi gəmilərinin boğazlardan keçidini bir müddət əngəlləyib. “AKP hökuməti regionda Rusiyanın müttəfiqi Ermənistanla yaxınlaşaraq qərbmeyilli Azərbaycanın mövqelərini zəiflədir. Baş verənlər göstərir ki, Türkiyə regionda Rusiyanın təsiri altında siyasət aparır, bu siyasət Moskvaya Xəzərin enerji ehtiyatları üzərində nəzarəti ələ almaqda kömək edə bilər”, - deyə Koen yazıb. Müəllif qeyd edir ki, Türkiyənin Avropanın enerji ilə təminatı üçün alternativ dəhliz kimi mühüm əhəmiyyəti var. Ancaq AKP hökuməti “Nabucco” qaz kəməri layihəsinə dair qəbuledilməz şərtlər irəli sürərək bu layihəni şübhə altına alıb. Fərhad Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar