SON XƏBƏRLƏR

İran adlanan yerdə prezident seçkiləri Nəzarət Şurası və Məsləhət Şurasından asılıdır

2021.10.20, 07:36
İran adlanan yerdə prezident seçkiləri Nəzarət Şurası və Məsləhət Şurasından asılıdır

Gunaz.tv
Babək Azəri: "Ayətullah Şəriətmədarinin başçılığıyla Azərbaycan türkləri İranın Konstitusiyasına müsbət səs verməmişdilər" "Bildiyiniz kimi, azad və demokratik ölkələrdə bütün həddi-buluğa çatmış insanların seçib-seçilmək hüququ var. Bu hüquq vətəndaşlıq haqlarının əsası sayılır. Hər kəs vətəndaşlıq haqlarından istifadə edərək ya istədiyi namizədə səs verə, ya da seçkilərdə iştirakdan imtina edə bilər. Bundan əlavə, hər bir fərd namizədliyini irəli sürərək seçilməyinə cəhd göstərə bilər". Güneyli hüquqşünas Babək Azəri deyir ki, İranda insanlar ən ibtidai haqlarından, yəni seçib-seçilmək hüququndan məhrumdular. İran Konstitusiyası əsasında iki orqan Nəzarət Şurası və Məsləhət Şurası yaradılıb: Turqut "Bu orqanlar adamları dini, irqi və siyasi görüşlərinə xatir, dəhşətli ayrı-seçkiliyə məruz qoyurlar və istədikləri adamların səlahiyyətin rədd edib, onların seçilməsinin qarşısını alırlar. Məsələn, İran parlamentinə 8-ci çağırış seçkilərində doktor Əkbər Ələminin səlahiyyətini İslam Nəzarət Şurası rədd etdi. Digər tərəfdən, seçicilər də sərbəst şəraitdə səs vermirlər. Fars şovinist rejimi universitetlərdə, məktəblərdə və digər hökumət orqanlarında müxtəlif adlarla çeşidli dairələr yaradıb. Məsələn, "Siyasi və əqidəli dairə", "Hərasəti daneşcui" (Tələbələrə nəzarət edən dairə ) və s. Bu dairələrin əsas vəzifəsi millətə hədə-qorxu gəlməklə onları rejim istəyən adama səs verməyə məcbur etməkdir. Mən İranda olarkən seçkilər zamanı seçicilərin pasportuna möhür vururdular. Həmin vaxt İranla İraq arasında müharibə gedirdi və əhali talon vasitəsilə hər ay müəyyən qədər qənd, şəkər, neft, benzin və bu kimi digər ərzaq məhsulları alırdılar. Onlarda da bu qorxu var idi, əgər seçkilərdə iştirak etməsələr, pasportlarına möhür vurulmasa, onlara azuqə talonları verilməyəcək. Beləliklə, İranda insanlar seçmək və seçilmək haqqından məhrumdular". Onun sözlərinə görə, Azərbaycan türkləri İranda keçiriləcək prezident seçkilərində iştirak edib-etməməklə nə itirdiklərini başa düşməlidirlər: "Bəziləri düşünür ki, bəlkə prezident seçkilərilə İranda islahatların həyata keçirilməsinə zəmin yaratmaq olar. Ancaq bu tamamilə yanlış düşüncədir. Çünki İran Konstitusiyasının 113-cü maddəsində belə yazılır ki, ölkə prezidenti dini rəhbərdən sonra ikinci dövlət məqamı sayılır və onun əsas vəzifəsi Ana Qanunu icra etməkdir. Biz prezident seçkilərində iştirak etməklə islahata deyil, əslində Konstitusiyanın icrasına səs vermiş oluruq. İran Ana Yasasının 110-cu maddəsində "vəliye-fəqhi", yəni dini rəhbərin qəyyumluğu qeyd olunub. Əgər bir fərdin qəyyuma ehtiyacı varsa, deməli, həmin adam cismi və ya əqli baxımdan əlildir, onu mütləq kimsə idarə etməlidir. Elə bu səbəbdən milliyyətcə türk olan ayətullah Şəriətmədarinin başçılığıyla Azərbaycan türkləri İran Konstitusiyasına müsbət səs verməmişdilər. Ona görə də azərbaycanlılarla mərkəzi hakimiyyət arasındakı təzad şiddətləndi, nəhayət, yüzlərlə soydaşımızın edamı, həbsi, mallarının müsadirə olunması, işgəncə altında əlil olmasıyla nəticələndi. Bu baxımdan şəhidlərimizin inandığı yolda verdiyi qanı unudaraq prezident seçkilərində iştirakla Ana Yasanın icra olunmasını tələb edə bilmərik. Bunun əksi dini rəhbərin qəyyumluğunu və özümüzün əqli baxımdan əlil olduğumuzu təsdiqləməkdir". Güneyli hüquqşünas bildirir ki, İranda kimin prezident seçilməsi İslam Keşikçiləri və Məsləhət Şurasından asılıdır: "Hazırda biz Əkbər Ələminin səlahiyyətinin təsdiqlənəcəyini bilmirik. Eyni zamanda onun platformasında nələrin dayandığından və hansı istəklərlə seçilmək istədiyindən hələlik xəbərimiz yoxdur. Əgər milli mənafelərimiz naminə ona səs versək belə seçilməyəcək. Ona görə də prezidentliyə kimin namizədliyini irəli sürməsindən asılı olmayaraq, bizim seçkilərdə iştirak etməyimiz düzgün deyil. Ancaq prezident seçkilərində aktiv olmalıyıq. Boykot üzərimizə passiv rol götümək demək deyil. Prezident seçkilərinin geniş formada boykot olunması, onun kənarında milli istəklərimizin dilə gətirilməsi bizim milli iradəmizi düzgün formada ortaya qoyar. Ancaq Əkbər Ələminin səlahiyyəti təsdiq olunarsa, onu himayə etməliyik, bunun da müxtəlif yolları var. Çünki Əkbər Ələmi gələcəkdə Milli Hərəkatda çox önəmli rol oynaya bilər. Əlbəttə, bu da onun siyasi davranışından asılıdır. Bu gün Əkbər Ələmi paniranistlərin ağır basqısına məruz qalıb, ona qarşı fars şovinist rejimi və onun qondarma müxalifəti onunla bağlı xəbərləri dərc etmir. Biz qeyd-şərtsiz Əkbər Ələminin insan haqlarını müdafiə etməliyik və ona qarşı informasiya blokadasını sındırmalıyıq. Amma unutmamalıyıq ki, biz Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin siyasi varisləriyik, mübarizəmizin əsas hədəfi milli hakimiyyətdir". Babək Azəri vurğulayır ki, düşmənlər aramıza ixtilaf salmağa çalışırlar: "Qurtuluşumuz milli birliyimizdədir. İranda prezident seçkilərilə bağlı mövqeyimiz milli birliyimizin daha da güclənməsinə təkan verməlidir. Hazırda Güney Azərbaycanda yaşayan soydaşlarımız fikirləşdiklərin dilə gətirə bilmirlər və bəzi mülahizələri nəzərə almağa məcburdurlar. Digər tərəfdən əllərində hər cür imkan olan İran iqtidarı və müxalifəti Azərbaycan türklərini düzgün yoldan çaşdırmaq istiqamətində ciddi iş aparırlar".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar