SON XƏBƏRLƏR

AYAZ MÜTƏLLİBOV: «ERMƏNİLƏR TÜRKİYƏ İLƏ ƏLAQƏLƏRİNİ NORMALLAŞDIRSALAR, BİZ TƏCRİD VƏZİYYƏTİNƏ DÜŞƏCƏYİK»

2021.10.20, 07:36
AYAZ MÜTƏLLİBOV: «ERMƏNİLƏR TÜRKİYƏ İLƏ ƏLAQƏLƏRİNİ NORMALLAŞDIRSALAR, BİZ TƏCRİD VƏZİYYƏTİNƏ DÜŞƏCƏYİK»

Gunaz.tv
AYAZ MÜTƏLLİBOV: «ERMƏNİLƏR TÜRKİYƏ İLƏ ƏLAQƏLƏRİNİ NORMALLAŞDIRSALAR, BİZ TƏCRİD VƏZİYYƏTİNƏ DÜŞƏCƏYİK» 1992-ci ildən Rusiyada mühacir həyatı yaşayan sabiq prezident, Sosial Demokrat Partiyasının həmsədri Ayaz Mütəllibov «Media forum» saytına müsahibə verib. - Son zamanlar mətbuatla ünsiyyətlərinizi azaltmısız. Bu nə ilə bağlıdır? - Ciddi səbəbləri yoxdur. Sadəcə, jurnalistlər dəfələrlə münasibət bildirdiyim məsələlərlə bağlı suallar verirlər deyə mətbuatdan bir qədər uzaqlaşmışam. Müəyyən şəxsi səbəblər də vardı. - Azərbaycandakı siyasi vəziyyəti izləyirsizmi, partiya ilə əlaqələriniz varmı? - Əlbəttə. Biz müxalifət düşərgəsindən aralı dayanmağa üstünlük veririk, çünki öz məqsədimiz, öz yanaşmamız var. Bu düşərgə dəyişməyib, fəaliyyətində heç bir yenilik yoxdur. Bir siyasi qüvvənin fəaliyyətini küçə hərəkətləri, mitinqlərlə qiymətləndirmək dövrü tarixdə qalıb. Müxalifət hakimiyyətlə rəqabət apara bilmir, çox zəifdir. Bir vaxt bu siyasi qüvvələr mənim opponentlərim idilər. O vaxt mənim təklif və xahişlərimə qiymət vermədilər, indi özləri də peşman olublar. Deyirdim ki, hamınız cavansınız, hara tələsirsiniz? Biz problemlər içindəyik, Dağlıq Qarabağ dərdimiz var, bütün imkanlarımızı səfərbər edib bu istiqamətdə yönəltməliyik. Bu münaqişə həll olunandan sonra daxili həyatımızı tənzimləyə bilərik, indilik mübarizənizi saxlayın... Mən indi də bu fikirdəyəm. Nə qədər ki, ərazi bütövlüyü problemini həll etməmişik, siyasi rəqabətdə konstruktiv mövqe tutmalı, heç kimə başağrısı yaratmamalıyıq. Çünki torpaqlarımızı buna görə itirmişik. Biz, həmişə dediyim kimi, konstruktiv müxalifətik, radikallıqdan uzağıq. - Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumu necə qiymətləndirirsiz? Bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın ləğvi məqsədəuyğundurmu? - Mən bu dəyişiklikləri dəstəkləyirəm. Əvvəla, istənilən qadağa demokratiya məfhumuna ziddir. Qadağalar olan yerdə demokratiyadan danışmaq olmaz. Bir şəxsin prezident seçkisində dəfələrlə iştirakına konstitusiya ilə icazə verilməsi seçkilərin mahiyyətinə təsir etmir. Prezident və parlament seçkiləri tam şəffaf keçirilməlidir ki, prosesə qalıtan bütün namizədlər rəqabət apara bilsinlər. Bu xüsusən də prezident seçkilərinə aiddir. Prezident üçüncü dəfə namizədliyini irəli sürsə, digər namizədlərə də bərabər şərait yaradılmalıdır. Dövlətin maraqları naminə bu şəffalığı təmin etmək, mənfi hallardan uzaq olan seçkilər keçirmək lazımdır. Biz hələ ki, bu səviyyəyə qalxa bilməmişik. Ona görə də bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə tətbiq olunan qadağanın aradan qaldırılması narahatlıq doğurur. Amma bu dəyişiklikləri dəstəkləyirəm. Çünki Azərbaycanda hər hakimiyyət dəyişikliyi müsbət nəticələnə bilməz. Biz qısa bir müddətdə üç prezident dəyişmişik, bunu yaddan çıxarmaq olmaz. Bəziləri hesab edirlər ki, bu xalqa azadlıq versən, gəlib başında turp əkəcək. Belə bir qorxu var. Bu qorxuya görə də biz hələ ki, Avropa demokratiyasını tətbiq edə bilməmişik. - Azərbaycana qayıtmağınızla bağlı hər hansı yenilik varmı? Yaxın vaxtlarda bunun həyata keçəcəyinə ümid edirsizmi? - İnsan ümidlə yaşamalıdır. Mən də ümidlə yaşayıram. Artıq bu məsələnin həll olunmasını gözləyirəm. Referendumdan sonra Milli Məclis «Eks-prezidentlər haqqında» qanun qəbul etməlidir. Mən güman edirəm ki, bu qanun mənə də şamil olunacaq. Hesab edirəm ki, ölkə prezidenti bu məsələyə özünəməxsus diqqətlə yanaşacaq və 17 illik mühacir həyatıma son qoyacaq. Allah bilən məsləhətdir... - Ayaz müəllim, Türkiyə-Ermənistan sərhədlərinin açılması ciddi müzakirə predmetinə çevrilib. Sizcə, bu baş verəcəkmi və Azərbaycana hansı təsirləri olacaq? - Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın ziyanınadır. Ola bilsin, ziyan sözü bir qədər kəskin səslənir... Hər halda, bu, xoşagəlməyən hərəkətdir. Burda bir fitnə də ola bilər. Ermənilər Türkiyə ilə əlaqələrini normallaşdırsalar, biz müəyyən mənada təcrid vəziyyətinə düşəcəyik, kənarda qalmalı olacağıq. Yəni böyük ehtimalla demək olar ki, Azərbaycana mənfi təsir göstərəcək. Amma danışıqlar gedirsə, deməli, sərhədlərini açılması fikri realdır. Türkiyə uzun illərdir ki, Avropa Birliyinə daxil olmağa çalışır. Avropa Birliyi isə Ankarının qarşısında tələb qoyur ki, ermənilərlə əlaqələri bərpa edəndən sonra üzvülük məsələsinə baxa bilərik. Yəni Türkiyənin özü də məcburiyyət qarşısında qalıb. Hər bir dövlət milli maraqlarını gözləyir. Yəqin ki, ermənilərin Türkiyəyə qarşı irad tutmalarına son qoymaq üçün müəyyən dərəcədə yaxınlıq əldə olunmalıdır. Mən bunu belə qiymətləndirirəm. Amma inanmıram ki, Türkiyədə Azərbaycana olan münasibət köklü şəkildə mənfiyə doğru dəyişsin. Bu, mümkün olmayan məsələdir. - Sizcə, sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi? - Bunun mənfi cəhəti odur ki, münaqişənin həlli üçün 17 il ərzində çəkilən əzab-əziyyət nəticəsiz qalacaq. Belə bir fikir yarana bilər ki, sərhədlər bu qədər vaxt nahaq yerə bağlı saxlanıb, yəni bu siyasət düzgün deyilmiş. Digər tərəfdən, sərhədlər açılandan sonra bölgədəki vəziyyət xeyli dərəcədə müsbətə doğru dəyişə də bilər. Çünki həmişə qarşıdurmaya meyil etmək olmaz. Bu, hansısa mərhələdə sona çatmalıdır. Dağlıq Qarabağ Azərbaycan xalqı və dövləti üçün çox mühüm bir məsələdir. Azərbaycan heç bir dövlətin ərazisinə göz tikməyib. Biz bölgədəki vəziyyətin müsbətə doğru dəyişməsi prinsipini üstün tutub buna öz tövhəmizi verə bilərik. Amma bir şərtlə ki, bu, Azərbaycanın ərazi bütövlüyü hesabına olmasın. - Son zamanlar Dağlıq Qarabağ danışıqlarında fəallıq müşahidə olunur. Minsk qrupunun həmsədrləri bəyan edirlər ki, 2009-cu ildə münaqişənin həllinə dair Azərbaycan və Ermənistan arasında razılıq əldə oluna bilər. Bunu mümkün hesab edirsinizmi? - Dağlıq Qarabağ münaqişəsini çox sadə bir yolla həll etmək olar. Bu da ondan ibarətdir ki, Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət tanıyır, Dağlıq Qarabağ erməniləri və Ermənistan Azərbaycanın təkliflərini qəbul edirlər və bununla da məsələ sona çatır. Ermənilər buna razılıq versələr, digər məsələləri bir günə həll etmək olar. Əgər onlar bölgədəki problemlərin həllini, müharibənin bitməsini və siyasi-iqtisadi əlaqələrin bərpasını istəyirlərsə, bu yolu qəbul etməlidirlər. Lazımsız kompromislər axtarışının heç bir perspektivi yoxdur. Çünki hər hansı bir kompromis Azərbaycanın əleyhinə olacaq. Mən münaqişənin 2009-cu ildə həll olunacağına inanmıram. Problemin kökünü aradan qaldırmasaq, münaqişənin həlli mümkün deyil. - Narahatlıq yaradan fikirlərdən biri də Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün gələcəkdə orada referendumun keçirilməsidir. Bunu düzgün hesab edirsinizmi? - Azərbaycan Dağlıq Qarabağda referendum keçirilməsinə razı olmayacaq. - Uzun illər iqtisadi sahədə rəhbər vəzifələr tutan şəxs kimi indiki iqtisadi böhrandan çıxış yolunu nədə görürsünüz? Necə etmək olar ki, bu böhran Azərbaycana ciddi təsir etməsin? - Mən həmişə demişəm və işlədiyim dövrdə yazdığım məqalələrdə də göstərmişəm ki, neft sənayesinə alternativ iqtisadiyyat yaratmalıyıq. Azərbaycanın təbii şəraiti buna imkan verir. Belədə nefti bir kənara buraxmaq, hətta unutmaq olar. Qoy ondan gələcək nəsillər istifadə etsinlər. Mən işlədiyim dövrdə həmişə bu siyasətə üstünlük vermişəm. Azərbaycanın makrosənaye imkanları çox genişdir. İndi neftdən gələn gəlirləri kənd təsərrüfatına, bu sahənin emal sənayesinə yönəltməliyik ki, neft qurtarandan sonra ölkə pis vəziyyətdə qalmasın. Azərbaycan hökuməti hazırda bununla məşğul olur. Hesab edirəm ki, prezident ölkənin bu bəladan qurtarmasına hər gün nəzarət etməlidir. Bəla nə deməkdir? Bəla odur ki, bizim iqtisadi, ərzaq suverenliyimiz yoxdur, biz ancaq idxalla məşğuluq. Ərzaq mallarını başqa ölkələrdən alırıq. Taxıl istisna olmaqla digər məhsullara tələbatımızı özümüz ödəyə bilərik. Hətta getdikcə azalan pambıq sahələrinin hesabına taxılçılığı da gücləndirə bilərik. Sənayeni, kənd təsərrüfatı mallarının istehsalını inkişaf etdirmək, üzümçülüyü genişləndirmək, elitar çaxırlar buraxmaq, pambıqçılığı bərpa etmək, heyvandarlığı inkişaf etdirmək lazımdır. Bunları etsək, 5-6 il ərzində əhalinin ərzaq tələbatını ödəyə bilərik və valyutamızı xarici dövlətlərə xərcləməyib özümüzdə saxlamış olarıq. - Bu böhran liberal iqtisadiyyatın nəticəsidir deyənlər var, Siz nə fikirdəsiz? - Razıyam bu fikirlə. Təəssüflər olsun ki, biz liberal iqtisadiyyat mədəniyyətini qəbul edə bilməmişik. Bu, təkcə Azərbaycana deyil, sovet sistemindən çıxan bütün ölkələrə aiddir. Bizim belə bir qabiliyyətimiz yoxdur. Amma ona çox böyük önəm vermək də düzgün deyil. ABŞ liberal iqtisadiyyatın banisidir, amma görün hansı biabırçılıqlara yol verdi və o biri ölkələri də öz ardınca apardı. Məndə olan məlumata görə, biz yenə də Karl Marks ideyalarına qayıdırıq, onun inzibati idarəetmə prinsiplərini tətbiq edirik. Bunun da müəyyən dərəcədə xeyri olmalıdır. Özbaşınalıq dünyanı iqtisadi böhranla üz-üzə qoyub. Rusiya rəhbərliyi vaxtilə iqtisadiyyata sadəlövhlüklə yanaşdı. İndi isə çapalaya-çapalaya qalıblar. Elə bu gün də neft və qazın satışından əldə olunan böyük pulları yığıb cüzi faizlə xarici banklarda saxlayırlar. Mənə imkan versəydilər, Rusiyanın iqtisadi siyasətini çox ciddi tənqid edərdim. Çünki Rusiya kimi nəhəng dövlət iqtisadiyyatını böhrandan qoruya bilməyib. Biz bundan nəticə çıxarmalıyıq. Azərbaycanda elə bir iqtisadi model qurmalıyıq ki, heç kimdən, ilk növbədə öz neftimizdən asılılığımız olmasın. - Böhran Sizin də yaşayışınıza təsir edibmi? - Vallah, mən 17 ildir ki, böhran burulğanındayam. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar