SON XƏBƏRLƏR

NATO Cənubi Qafqazda sabitlik istəyir

2021.10.20, 07:36
NATO Cənubi Qafqazda sabitlik istəyir

Gunaz.tv
Alyans Ukrayna və Gürcüstan məsələsində geriyə addım atıb NATO-nun Strasburqda ötən həftənin şənbə günü başa çatan yubiley sammitində Alyansın Rusiyayla münasibətləri bərpa etməsi haqda qərar verilib. Bir neçə ay əvvəl NATO ötən ilin avqustunda şimal qonşumuzun Gürcüstana hərbi müdaxiləsinə cavab olaraq Moskva ilə kəsilmiş münasibətləri "qeyri-rəsmi" bərpa etmişdi. Yubiley sammtində isə Alyans Gürcüstana görə Rusiyayla qarşıdurmaya getməyə hazır olmadığını və buna maraq göstərmədiyini bir daha sərgiləyib. Yekun Bəyannamədə yazılır ki, NATO-Rusiya tərəfdaşlığı Avroatlantik regionda təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutan strateji elementdir və buna sadiq qalınacaq. Əməkdaşlığın ümumi təhlükəsizlik təhdidlərinə qarşı birlikdə və təsirli şəkildə cavab verməsi üçün Rusiya və NATO arasında dialoq əhəmiyyətlidir. Ramiz Mikayıloğlu Sənəddə Moskva təkidlə Gürcüstanla əlaqədar 12 avqust və 8 sentyabr 2008-ci il tarixlərində götürdüyü öhdəlikləri yerinə yetirməyə çağrılır və onlardan biri kimi ərazilərdən çəkilməsi mühüm sayılır. Bəyannamədə şimal qonşumuzun Gürcüstandakı separatçı rejimlərin müstəqilliyini tanıması pislənib, bu qərarın ləğvi tələb olunub. Beləliklə, bundan sonra NATO-Rusiya Şurasının fəaliyyəti qarşısında heç bir əngəl qalmır. NATO-nun ötən ilin avqust hadisələrindən sonra Rusiya ilə münasibətləri kəsməsindən peşiman olaraq geri addım atması Moskvanı cəsarətləndirib. Rusiyanın Alyansdakı nümayəndəsi Dmitri Roqozin deyib ki, NATO eyni vaxtda iki stulda oturmaq niyyətindən əl çəkməlidir. Onun sözlərinə görə, Alyans Rusiyanın ona lazım olduğunu bəyanlayır, eyni zamanda Moskvanın Cənubi Osetiya və Abxaziyadakı hərəkətlərini pisləyir: "Əgər onlara Rusiya lazımdırsa, bizim Cənubi Osetiya və Abxaziyadakı hərəkətlərimizi tənqid etməli deyillər". Yekun bəyannamədə keçmiş postsovet ölkələrinin ərazilərindəki münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi də vurğulanıb: "Biz Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın ərazi bütövlüklərini, müstəqillik və suverenliklərini dəstəkləyirik". NATO baş katibi postuna əsas namizəd olan Danimarkanın baş naziri Rasmussenin seçiminə Türkiyənin etirazı fonunda yaranan çaşqınlıq da diqqət çəkməyə bilməzdi. Bəs ümumilikdə bu sammitin yekunlarını necə dəyərləndirmək olar? Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, NATO-nun bundan öncəki sammitində Ukrayna və Gürcüstanın quruma üzvlüyü aktual olub. İndi bu məsələ aktuallığını itirib. Bu da ondan irəli gəlir ki, ABŞ-ın yeni prezidenti Barak Obama Moskvayla normal münasibətlər qurmaq istəyir. Bu, Rusiyanı da bir qədər rahatladıb. Sözsüz ki, NATO-Rusiya Şurasının fəaliyyətinin yenidən başlanması, dialoqun bərpası da diqqət çəkən bir qərardır. Elxan Şahinoğlu sammitin NATO-nun Rusiya qarşısında geri çəkilməsi yönündə təəssürat yaratmasıyla da razılaşır. Çünki Alyansın aparıcı ölkələri bir neçə il israrla vurğulayıblar ki, Ukrayna və Gürcüstanı sıralarına qatmağa hazırdır. İndi isə geri çəkilir. Amma məsələ ondadır ki, qurumda əsas sözü keçən dövlət ABŞ-dır. ABŞ-ın keçmiş prezidenti Corc Buşun Rusiyayla münasibətlərdə müəyyən problemi vardı. Corc Buş qətiyyətlə Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyib. Amma Barak Obama yeni bir siyasət elan edib və Rusiyayla münasibətləri gərginlikdən mülayimləşməyə doğru aparacağıyla bağlı vəd verib. Bu yumşalma siyasəti diqtə edir ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü istəyindən geri durulsun. Barak Obama bunu edib: "Bunu həqiqətən NATO-nun geri addım atması kimi qəbul emək mümkündür. Amma Rusiyanın bir tələbi də vardı ki, ABŞ Polşa və Çexiyada raketdən müdafiə sisteminin elementlərini qurmaq niyyətindən əl çəksin. Bu məsələdə Vaşinqton geri çəkilmir. Düzdür, Barak Obama indi bu məsələdə bir qədər fasilə götürüb. Lakin Polşa və Çexiyada həmin elementlərin yerləşdirilməsiylə bağlı müəyyən planlarının olduğunu da vurğulayıb. Amma ümumilikdə qeyd etmək lazımdır ki, Ukrayna və Gürcüstan məsələsində həqiqətən NATO geri çəkilib". Elxan Şahinoğlu NATO-nun Cənubi Qafqazda sabitliyi istədiyini də ortaya qoyduğunu söylədi. O, Azərbaycanla bağlı yaranmış bir məqama da diqqət çəkdi. Məsələ ondadır ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsində Alyansın geri addım atması Azərbaycanın da manevr imkanlarını azaldır, istər-istəməz Rusiyayla münasibətlərə diqqətini artırmasını gərəkli edir: "Şəxsən mən özüm hər zaman Azərbaycanın NATO-ya üzvlüyünü dəstəkləmişəm. Belə çıxır ki, bizim mövqedə olan insanlar bir qədər geri çəkilmiş kimi görünürlər. Əgər NATO Ukrayna və Gürcüstanın namizədliyində bir qədər geriyə addım atdısa, Azərbaycanla bağlı da mövqeyindən geri addım atacaq. Amma mən düşünürəm ki, bu, qısamüddətli bir geriləmədir. Çünki konseptual olaraq Rusiya keçmiş postsovet məkanında yenə də mütləq hakim olmağa çalışır və təsir rıçaqlarını bu bölgələrə yönəldir. Bu regionda nə vaxtsa Qərb ölkələrinin, NATO-nun maraqları toqquşacaq. Ona görə də NATO-nun taktiki baxımdan geriləməsi Azərbaycanın təhlükəsizlik maraqlarına bir qədər mənfi təsir edirsə, strateji anlamda hələ heç nə dəyişməyib. Rusiyanın son vaxtlar bölgədə fəallığını artırmasını da vurğulamaq lazımdır. ABŞ Rusiya ilə dost olmağa çalışsa da, Azərbaycan kimi ölkələrin Moskvanın təsiri altına düşməsini də hər zaman əngəlləməlidir. Çünki bu, ABŞ-ın maraqlarına təsir edir. Ona görə də ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanın müdafiəsi hər zaman yüksək səviyyədə qurulmalıdır". Onun sözlərinə görə, NATO-nun yeni baş katibinin seçkisi böyük bir qalmaqala dönə bilərdi. Çünki Türkiyə Danimarkanın baş naziri Rusmussenin bu postu tutmasının əleyhinə çıxıb. Barak Obamanın səyilə bu məsələdə də ortaq qərara gəlinib. Rasmussendən də müəyyən güzəştlər istənib. Məsələn, gələcəkdə NATO baş katibinin müavinlərindən biri türk olmalı, PKK-nın Danimarkada təbliğatını aparan "Roj TV"nin də fəaliyyətinə son qoyulmalıdır. Elxan Şahinoğlu bildirdi ki, bu, önəmli bir qərar idi. Çünki NATO-nun 60 illik tarixində hələ heç bir ölkə namizədin əleyhinə çıxmayıb və bu, bir yenilikdir. Elxan Şahinoğlu onu da dedi ki, ABŞ NATO-nun Əfqanıstanda fəallığını artırmasını istəyir. Bu məsələ də sammitdə Avropa ölkələri tərəfindən anlaşıqlı qarşılanıb. Günümüzdə Vaşiqtonun diqqəti Əfqanıstana yönəlib. İraqdan çıxırılan qoşunların da bir hissəsi Əfqanıstanda yerləşdirilməlidir: "Əfqanıstanda sabitliyin yaradılmasında ABŞ NATO-dan ciddi dəstək gözləyir. Sammitdə məsələyə aydınlıq gəlib, Əfqanıstan NATO-nun diqqət mərkəzində olacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar