SON XƏBƏRLƏR

“Molla Nəsrəddin” jurnalının yaradılmasından 103 il ötür

2021.10.20, 07:36
“Molla Nəsrəddin” jurnalının yaradılmasından 103 il ötür

Gunaz.tv
“Molla Nəsrəddin” jurnalının yaradılmasından 103 il ötür Bu gün qısa fasilələrlə də olsa düz 25 il ərzində cəmiyyətin eybəcərliklərini, qüsurlarını çəkinmədən, qorxmadan açıb göstərən, müsəlman qardaşlarını bir növ cahillik yuxusundan oyatmağa çalışan «Mola Nəsrəddin» jurnalının yaradılmasının 103-cü ildönümüdür. XX əsrin əvvəllərində Azərbaycan mətbuat tarixində yeni bir dövr başlayır. Bu dövrdə müxtəlif qəzet və jurnallar nəşr olunurdu. Bunların nəşr edildiyi dövrdə “Molla Nəsrəddin” jurnalı meydana gəldi. Bu gəliş mətbuat tariximizdə bir məktəb rolu oynadı, bir hadisə oldu.Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan “Molla Nəsrəddin” 1906-cı ildə aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəsində nəşrə başlayıb. “Molla Nəsrəddin” jurnalının redaktoru böyük ədib, görkəmli satirik mühərrir Cəlil Məmmədquluzadə idi. “Molla Nəsrəddin” əsrin əvvəllərində Rusiya və Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldi. “Molla Nəsrəddin” müəyyən fasilələrlə iyirmi beş il çap olunub. O, əvvəlcə Tiflisdə, az bir müddət Təbrizdə, sonra isə Bakıda fəaliyyət göstərmişdir. Mütəxəssislərin fikrincə jurnalın Tiflisdə uç yüz yetmiş, Təbrizdə səkkiz, Bakıda üç yüz doxsan nömrəsi çıxıb. “Molla Nəsrəddin” jurnalının ilk nömrələri ancaq Cəlil Məmmədquluzadə ilə ömər Faiq Nemanzadənin gücünə çap olunurdu. Jurnalın “Molla Nəsrəddin” adlandırılması da maraqlıdır. Molla Nəsrəddin şifahi xalq ədəbiyyatının qəhrəmanıdır və həmişə də zülmə, nadanlığa, haqsızlığa gülmüş, güldürüb düşündürüb. Mirzə Cəlil də Molla Nəsrəddinin dili ilə xalqın dediyni bəyan edir, onu güldürür, düşündürür, həm də yol göstərir. “Molla Nəsrəddin” jurnalı ilk nömrəsindən Azərbaycan dilinin varlığı və təmizliyi uğrunda mübarizə meydanına atıldı. Jurnalın sonrakı nömrələrində hətta bütün fəaliyyət dövründə dil haqqında müxtəlif janrlarda saysız-hesabsız əsərlər çap olunub. Qadınların maariflənməsi, elmli, təhsilli olmaları kimi məsələlər də “Molla Nəsrəddin” səhifələrində öz əksini tapıb. “Molla Nəsrəddin” həyatdakı bütün nöqsanlaı aradan qaldırmaq üçün düşündürən, iş görməyə çağıran bir jurnal idi. Bu jurnalın yaradıcısı Cəlil Məmmədquluzadə isə jurnalın məsləkinə, yəni həmişə doğru yazmaq ideyasına sadiq qalırdı. “Molla Nəsrəddin”ə qarşı hücumlar gücləndikcə Mirzə Cəlil tutduğu yolun doğruluğuna daha çox inanırdı. Lakin nə düşmənlərin hədə-qorxusu, nə də dostlarının narahatlığı Mirzə Cəlili qorxuya sala, onu tutduğu yoldan döndərə bilməyib. “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil, o bir neçə qələm sahiblərinin əsəri idi. “Molla Nəsrəddin” aləmində ikinci qüdrətli qələm ustası poeziyamızda inqilabi satiranın banisi M.Ə.Sabir idi. Sabir yaradıcılığının ən parlaq dövrünü ancaq “Molla Nəsrəddin” jurnalının nəşri ilə bağlayır. Sabir öz oxucularını düşündürən şeirlər yazırdı. “Molla Nəsrəddin”in əsas qayəsi də bu idi. Ən çox “Hop-hop”, “Ağlar güləyən”, “Cingöz bəy” imzaları ilə çap olunan Sabir “Molla Nəsrəddin”də bir çox başqa gizli imzalarla çıxış etmişdir. Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi və s. kimi qələm ustaları “Molla Nəsrəddin” səhifələrində öz satirik əsərləri ilə fəal iştirak edirdilər. “Molla Nəsrəddin”in yaradıcı heyətində realist rəssamların da çox böyük mövqeyi var. Jurnalın dərin məzmunlu karikaturalarını Rotter, Şmerlinq, Ə.Əzimzadə çəkirdi, Təbriz nömrələrinin rəssamı isə Əli Behzad olmuşdur. Mirzə Cəlilin, Ə.Haqverdiyevin, Sabirin,Ə.Nəzminin jurnalda çap olunan əsərlərini formaca rəngarəng idi. Bundan başqa “Molla Nəsrəddin” atalar sözləri, lətifələr, poçt qutusu, satirik elanlar, tərcümeyi-hallar, lüğətlər, bir para hikmətli sözlər, tapmacalar, sual-cavab, etiraf və onlarla formadan istifadə edilib. 103 yaşlı “Molla Nəsrəddin” dünənin və bu günün jirnalı sayıla bilər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar