SON XƏBƏRLƏR

Qabil Hüseynli: “Abdullah Gülün bəyanatı siyasi manevrdir”

2021.10.20, 07:36
Qabil Hüseynli: “Abdullah Gülün bəyanatı siyasi manevrdir”

Gunaz.tv
TƏHLÜKƏ SOVUŞDUMU? Qabil Hüseynli: “Abdullah Gülün bəyanatı siyasi manevrdir” Türkiyənin Ermənistanla sərhədləri açacağına dair informasiyalar son günlər daha ciddi xarakter almışdı. Hətta Türkiyənin aprelin 16-da bu addımı atacağı barədə məlumatlar da yayılmışdı. AKP hökuməti türk dünyasının etirazlarına baxmayaraq, Ermənistanla sıcaq münasibətlər qurmaqda israrlı olduğunu nümayiş etdirirdi. Hətta Türkiyə iqtidarının bu qeyri-səmimi davranışına etiraz əlaməti olaraq Azərbaycan prezidenti İlham Əliyev Ankarada aprelin 6-7-də keçiriləcək “Mədəniyyətlər İttifaqı” toplantısında iştirakdan imtina edib. Azərbaycan hakimiyyətinin Türkiyənin Ermənistanla bağlı siyasətinə bu cür sərt mövqe nümayiş etdirdikdən sonra AKP iqtidarı müəyyən manevrlər etməyə başlayıb. Belə ki, artıq məsələ tam həll olunmuş hesab edilən ərəfədə Türkiyə prezidenti Abdullah Gül aprelin 16-da Ermənistanla sərhədlərin açılacağı barədə mətbuatda yazılanları təkzib edib. Amma o, birmənalı şəkildə bunun heç zaman baş verməyəcəyini deməyib. Türkiyə prezidenti yenə də Ermənistanla bağlı siyasətdə “ayaq yeri” qoyub. Belə ki, o, bütün qonşu ölkələrlə normal münasibətlər qurmağa çalışdıqlarını söyləyib. Digər tərəfdən Türkiyənin xarici işlər naziri Əli Babacanın aprelin 16-na təyin olunan İrəvan səfəri təxirə salınmayıb. Onun İrəvana səfər edərək qarşılıqlı münasibətlərin qurulması haqda paketi müzakirə edəcəyi bildirilir. Görünən budur ki, Ermənistanla sərhədlərin açılması məsələsində AKP hökuməti müəyyən manevrlər edir. Nəticə etibarı ilə bu manevrlər hansı sonluqla bitə bilər? Abdullah Gülün bəyanatından sonra sərhədlərin açılması ilə bağlı təhlükənin aradan qalxdığını düşünmək olarmı? Müsavat başqanının müavini Qabil Hüseynli bildirdi ki, A.Gülün bəyanatı siyasi manevrdir: “Sadəcə olaraq, AKP məsələlərin yerini dəyişir. Həm də bu məsələlərin həlli ilə bağlı zaman uzadılır. Yəni indiyədək gündəmdə ilk növbədə Ermənistanla sərhədlərin açılması dururdusa, bundan sonra həmin məsələ ikinci plana keçiriləcək. Və sərhədlərin açılması qeyri-müəyyən vaxtadək təxirə salınacaq, diplomatik münasibətlərin yaradılması ön plana keçəcək. Bunun özü də dərhal baş verməyəcək. Amma çox da uzun sürməyən bir müddətdə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yaranacaq. O zaman etirazlar yenə qalxacaq. Bir müddət sonra etirazlar səngiyəcək və bu fürsətdə yenidən sərhədlərin açılması məsələsi gündəmə gələcək. Eyni zamanda bu zaman ərzində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vasitəsiçilik səylərinin gücləndirilməsi, dünyanın güc mərkəzlərinin, ilk növbədə ABŞ-ın bu məsələyə diqqətinin artması müşahidə olunacaq. Çalışılacaq ki, Dağlıq Qarabağ problemi ilə bağlı heç olmasa baza prinsiplərinin müəyyənləşdirilməsinə nail olunsun. Bununla da Türkiyənin atacağı addımları üçün müəyyən siyasi şərait yaranmasına cəhdlər ediləcək”. Q.Hüseynli bildirdi ki, AKP-nin planlarında dəyişikliklər etməsinə Azərbaycan rəhbərliyinin tutduğu mövqe səbəb olub: “Sözsüz ki, əvvəl xarici işlər naziri Elmar Məmmədyarovun, sonra isə ölkə başçısı İlham Əliyevin nümunəsində sərgilənən mövqe bu məsələlərdə Türkiyə ictimai rəyi üçün ciddi rol oynadı. Çünki AKP-yə yaxın olan media və elektron KİV belə təəssürat yarada bilmişdi ki, guya atılan bütün addımlar Azərbaycanla razılaşdırılır və ən azından bu haqda məlumatlar verilir. Amma indi bəlli olur ki, nə Ermənistla aparılan gizli danışıqların mahiyyəti barədə, nə də AKP iqtidarının Ermənistanla yaxınlaşması ilə bağlı digər məsələlərdə Azərbaycana təfərrüatlı məlumatlar verilmirmiş. Azərbaycan yalnız son anda AKP iqtidarının gerçək niyyətləri haqda məlumat əldə edib. Bu məsələdə də Türkiyənin siyasi müxalifət partiyalarının və eləcə də bəzi xarici mətbuatın önəmli rolu oldu”. Elşad MƏMMƏDLİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar