SON XƏBƏRLƏR

İLHAM ƏLİYEVDƏN TÜRKİYƏYƏ ÇOX KƏSKİN JEST

2021.10.20, 07:36
İLHAM ƏLİYEVDƏN TÜRKİYƏYƏ ÇOX KƏSKİN JEST

Gunaz.tv
İLHAM ƏLİYEVDƏN TÜRKİYƏYƏ ÇOX KƏSKİN JEST Azərbaycan prezidenti Barak Obama ilə görüş təklifindən də imtina etdi İstanbul forumuna qatılmaq üçün ona Abdullah Gül və Hillari Klinton da xahiş edib Azərbaycan prezidenti Türkiyə hökumətinin Ermənistanla sərhədləri açmaq qərarına etiraz olaraq Ankaraya kəskin jest edib. Xəbər verildiyi kimi, İlham Əliyev İstanbulda dünən işə başlayan mədəniyyətlərarası dialoq forumuna qatılmaq üçün ona göndərilən dəvəti qəbul etməyib. Türkiyənin “Hürriyət” qəzeti isə onun forumda iştirakdan imtina etməsi bəlli olduqdan sonra Azərbaycan prezidentini yola gətirmək üçün ötən həftə boyu fövqəladə səylər göstərildiyi, İlham Əliyevə hətta İstanbulda ABŞ prezidenti Barak Obama ilə ikitərəfli görüş vəd edildiyi, lakin dövlət başçısının bütün israrlara baxmayaraq, səfərdən imtina etdiyini yazıb. Qəzetin manşetdən verdiyi xəbərə görə, İlham Əliyevi yola gətirmək üçün əvvəlcə prezident Abdullah Gül ona zəng edib. Lakin onun cəhdləri səmərəsiz olub. Ardınca Türkiyənin Ermənistanla sərhədləri açması üçün çalışan ABŞ dövrəyə girib. Avropaya səfəri zamanı prezident Barak Obamanı müşaiyət edən dövlət katibi Hillari Klinton Azərbaycan prezidentinə zəng edib və ondan İstanbul forumuna qatılmağı xahiş edib. Bildirilir ki, H.Klinton Azərbaycan prezidentini İstanbula gəlməyə razı sala bilmək üçün ona hətta Obama ilə ikitərəfli görüş də vəd edib. “Prezident Barak Obama İstanbulda sizinlə ikitərfəli görüş keçirməkdən məmnun olardı” deyə telefon danışığı zamanı dövlət katibi bildirib. Lakin bu vəd də İlham Əliyevi foruma qatılmağa razı sala bilməyib. Nəticədə Azərbaycan prezidenti İstanbul forumuna özü qatılmadığı kimi Azərbaycandan yerinə heç kimi göndərməyib. Bununla da o Azərbaycanın Türkiyənin Ermənistanla yaxınlaşmasına nə dərəcədə narazı olduğunu ortaya qoyub. Qeyd edək ki, dünən bəzi internet saytlarında İ.Əliyevin Türkiyəyə getdiyi haqda yanlış xəbərlər yayılıb. Ancaq dövlət başçısı dünən şəhərdə yeni tunelin açılışında iştirak edib və məlum olub ki, rəsmi Bakı İstanbul forumunu tam boykot edib. Bu forumun keçirilməsi ideyası Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana və İspaniyanın baş naziri Xose Luis Rodriges Zapateroya məxsusdur. İlk forum ötən il keçirilib. Bu ilki forum isə ABŞ prezidenti Obamanın Türkiyəyə səfəri ilə eyni vaxtda təşkil edilib. Dünən Obamanın da foruma qatılacağı və çıxış edəcəyi gözlənilirdi. Belə görünür ki, Azərbaycan dövlət başçısı forumda iştirakdan imtina etməklə təkcə Türkiyənin mövqeyinə deyil, eləcə də şəxsən Ərdoğana etirazını ortaya qoyub. Maraqlıdır ki, forumda iştirakdan son anda Ermənistan da imtina edib. Ermənistan Xarici İşlər Nazirliyi iki gün əvvəl nazir Edvard Nalbəndyanın foruma qatılmaq üçün İstanbula səfər edəcəyini, orada türkiyəli həmkarı Əli Babacanla görüş keçirəcəyini açıqlamışdı. Ancaq dünən səhər Ermənistan XİN Nalbəndyanın Türkiyəyə nəzərdə tutulan səfərinin ləğv edildiyini açıqlayıb. Açıqlamada səfərin ləğv edilməsinin səbəbləri göstərilmir. Ehtimal olunurdu ki, bu səfər zamanı Türkiyə ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin qurulmasına dair saziş layihəsi üzərində danışıqlar davam etdiriləcək. Xəbər verildiyi kimi, Türkiyənin aprelin 16-da Ermənistanla sərhədlərini açmağa hazırlaşdığı haqda Avropa, ABŞ və Türkiyədəki mötəbər mənbələrə istinadən yayılan xəbərlərdən sonra prezident Abdullah Gül və baş nazir Ərdoğan Azərbaycanı sakitləşdirmək üçün həmin xəbərləri təkzib ediblər. Lakin Azərbaycan dövlət başçısının Türkiyəyə qarşı bu kəskin jesti göstərir ki, sərhədlərin açılması haqda xəbərləri rəsmi Bakı mətbuatdan yox, bilavasitə Ankaradan alıb. Yəni Azərbaycan tərəfinə Türkiyə hökumətinin siyasi qərarı məlumdur. Eyni zamanda belə görünür ki, Türkiyə rəhbərliyi ilə görüşərək onların mövqeyinə təsir etmək imkanları da tükənib. Ehtimal ki, son aylar Davos forumu və digər beynəlxalq tədbirlər zamanı Azərbaycan prezidenti ilə Türkiyə rəhbərliyinin təmasları zamanı bu məsələ kifayət qədər müzakirə olunub, lakin sonda məlum olub ki, AKP hökuməti Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla sərhədləri açmaqda qərarlıdır. Nəticədə Azərbaycan dövlətinin öz maraqlarını qorumaq üçün əlindəki imkanlardan istifadə etməkdən başqa yolu qalmayıb. Belə imkanlardan biri də Azərbaycan qazının Türkiyədən nəqli məsələsidir. Xəbər verildiyi kimi, Türkiyə mənbələri prezident Əliyevin Ermənistanla sərhədlər açılacağı halda bu ölkəyə qaz nəqlini dayandırmaq göstərişi verəcəyi haqda xəbərlər yayıblar. Nəzərə olaraq bu variant mümkün görünmür, çünki “Şahdəniz”dən hasil edilən qazın nəqli ilə bağlı qərar vermək səlahiyyəti hasilatın üçdə birinə nəzarət edən Norveç şirkəti “Statoil”a məxsudur. Lakin məlum olub ki, “Statoil” özü də “Şahdəniz” qazının Türkiyədən nəqli planlarından geri çəkilir. Bununla da “Nabucco” qaz kəməri layihəsi böyük şübhə altında qalır. Azərbaycan bu günlərdə Rusiya ilə qaz anlaşması imzalayaraq Türkiyənin Ermənistanla yaxınlaşmasına daha bir jest edib. Ehtimal olunur ki, qaz məsələsində də Türkiyə Azərbaycana ABŞ vasitəsilə təzyiq göstərməyə çalışacaq. Artıq məlumdur ki, Türkiyənin Ermənistanla sərhədlərini açmasına Azərbaycan rəhbərliyini razı sala bilmək üçün dövlət katibinin köməkçisi Metyu Brayza son bir ayda 3 dəfə Bakıya gəlib. Ən ağrılısı odur ki, qardaş hesab edilən Türkiyə Azərbaycanı ABŞ vasitəsilə təzyiq göstərməyə və yola gətirməyə cəhd edir. Bu isə artıq ikitərəfli münasibətlərdə yaranmış gərginliyin nə dərəcədə ciddi olduğunu göstərir. Fərhad Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar