Babək bəy Azəri ilə müsahibə
2021.10.20, 07:36
Babək bəy Azəri ilə müsahibə Prezident seçkilərində iştirak etməklə, dini rəhbərin qəyyum olduğun və özümüzün əqli baxımından əlil olduğumuzu təsdiqləyirik Müxbir: -- İranda prezident seçkiləri dünyanın azad və demokratik ölkələri ilə nə ilə fərqlənir? Cavab: -- Bildiyiniz kimi azad və demokratik ölkələrdə bütün həddi - buluğa çatmış insanların seçib və seçilmək hüququ var. Bu hüquq vətəndaşlıq haqlarının əsası sayılır. Hər kəs vətəndaşlıq haqqlarından istifadə edib, istədiyi namizədə səs verib, ya seçkilərdə iştirak etmədən imtina edə bilər. Bundan da əlavə, hər bir fərd eliyə bilər müstəqil namizəd kimi özünün seçilməsinə cəhd göstərə. Amma çox təəssüf ki, İranda insanlar ən ibtidai haqlarından, yəni seçib - seçilmək haqqından məhrumdular. İranın Ana Yasası əsasında iki hökümət orqanı yaranıb, onlar İslam Keşikçi Şurası və Nizamın Məsləhətin Təyin Edən İcma adlanırlar. Bu orqanlar adamları dini, irqi və siyasi görüşlərinə xatir, dəhşətli ayrı - seçkiliyə məruz qoyurlar və istədikləri adamların səlahiyyətin rədd edib, onların seçilməsinin qabağın alırlar. Misal üçün, İran Məclisinin 8 - ci seçim dövründə doktor Əkbər Ələminin səlahiyyətin İran İslam Keşikçi Şurası rədd etmişdir. Digər tərəfdən səs verənlər də sərbəst şəraitdə səs vermirlər. İran rejimi universitetlərdə, məktəblərdə və bu kimi müxtəlif hökümət orqanlarında müxtəlif adlarla çeşidli dairələr yaradıb. Misal üçün, "Siyasi və əqidəti dairə", "Hərasəti daneşcui" (Tələbələrə nəzarət edən dairə ) və s. Bu dairələrin əsas vəzifəsi millətə hədə - qorxu gəlib və onları rejim istəyən istiqamətdə səs verməyə məcbur etməkdir. Yadıma gəlir, mən İranda olanda seçimlər zamanı səs verənlərin pasportuna möhür vururdular. O zaman İranla İraq arasında müharibə gedirdi və millət kupon vasitəsi ilə hər ay müəyyən qədər qənd, şəkər, neft, benzin və bu kimi digər ərzaq məhsulları alırdılar. Onlar da bu qorxu var idi, əgər seçkilərdə iştirak etməsələr, pasportlarına möhür vurulmasa, onlara azuqə kuponları verilməyəcək. Qısa şəkildə belə demək olar, İranda insanlar seçmək və seçilmək haqqından məhrumdular. Müxbir: -- Bu faktları nəzərə alaraq, sizin fikrinizcə prezident seçkilərində iştirak etməliyik, yoxsa onu baykot etməliyik? Cavab: -- Bildiyiniz kimi, əməl ancaq əmələ xatir deyil, bəlkə hər bir əməl nəticəyə xatirdir. Biz gərək bunu nəzərə alaq. Prezident seçkilərində iştirak etmək və ya etməməklə nə eldə edirik və ya nə itiririk. Bəziləri belə fikir edirlər ki, bəlkə prezident seçkiləri ilə İranda islahata bais olmaq olar və ya başqa sözlə desək, islahata zəmin yaratmaq olar. Mənim fikrimcə, bu yanlış düşüncədir. Çünki İranın Ana Yasasının 113 - cü maddəsində belə yazılır ki, İranın prezidenti dini rəhbərdən sonra ikinci dövlət məqamı sayılır və onun əsas vəzifəsi Ana Yasanı icra etməkdir. Biz prezident seçkilərində iştirak edəndə, islahata yox, əslində Ana Yasanın icrasına səs veririk. İranın Ana Yasasının 110 - cu maddəsində "vəliye - fəqi", yəni dini rəhbərin qəyyumluğu qeyd olunur. Siz bildiyiniz kimi, bir rabitədə əgər bir fərdin qəyyuma ehtiyacı ola, bu o mənadadır ki, o adam cismi və ya əqli baxımdan əlildir, onu gərək kimsə idarə edə. Elə bu səbəbə görə, milliyyəti türk olan Ayətullah Şəriət Mədari və Azərbaycan milləti Ana Yasaya müsbət səs verməmişdirlər. Elə bu əsas səbəblərdən biri olmuşdur ki, Azərbaycanlılarla mərkəzi hökümətin arasındakı təzad şiddətlənib, nəhayət yüzlərlə soydaşımızın edamı, həbsi, mallarının müsadirə olunması, işgəncə altında əlil olması ilə nəticələnmişdir. Necə ola bilər ki, bu gün şəhidlərimizin inandığı yolda verdiyi qanı unudub, gedib prezident seçkilərində iştirak edib, Ana Yasanın icra olunmasını tələb edək. Bundan da əlavə, prezident seçkilərində iştirak edib, Ana Yasanın icra olunmasın istəməklə, dini rəhbərin qəyyum olduğun və özümüzün əqli baxımından əlil olduğumuzu təsdiqləyirik. Müxbir: -- Əgər milli ruhlu, milli düşüncəli bir fərd namizəd olarsa, siz məsələyə necə reaksiya verərsiniz? Cavab: -- Siz konkret olaraq söhbəti doktor Əkbər Ələminin üzərinə gətirmək istəyirsiniz? Müxbir: -- Əlbəttə, onun üzərində söbhəti davam etdirmək istəyirəm. Bir də niyə də olmasın. Əgər siz dediyiniz şərtlər, yəni milli ruhlu, milli düşüncəli şəxs tapilib, meydana çıxırsa, özünə güvənir və ən başlıcası xalq içindən çıxıb. Bir də bunu deməyə əsas verən onun deputat olduğu dövürdə bəzi inadkar adddımları atması olub. Cavab: --- Seçimlərlə bağlı adamların yaxşı və ya pis olduğu ikinci mərhələdə gəlir. Birinci mərhələdə siyasi sistemlərin mahiyyəti çox önəm daşıyır. Mənim fikrimcə, hissiyyata dayanıb, bir neçə söz əsasında bir fərdi göylərə qaldırmaq və ya əksinə, bir neçə söz əsasında bir fərdi yerə çalmaq məntiq üsulu ilə uyğun gəlmir. Bu növ reaksiyalar ifrat - təfrit adlanır. Siyasi araşdırmalarda gərək ki, riyazi məntiq hakim olsun. İki ilə ikinin dörd olduğun nəzərə almalıyıq. Hissiyyata dayanıb, iki ilə ikinin beş olduğunu israr etməməliyik. Elmi bəhslərdə bir məşhur fikir var, deyərlər əgər bir metoddan faydalanıb və bir müəyyən nəticə alaq, əgər yüz dəfə də o metodu təkrarlasaq, yenə də həmin nəticəni alacağıq. Əgər nəticənin dəyişilməsin istəyirik, gərək ki, metodu dəyişək. İranın Ana Yasasının əsasında bir müəyyən nəzarət mexanizmi var və nəzarət mexanizminin də İslam Keşikçi Şurası, Nizamın Məsləhətin Təyin edən İcma həyata keçirir. Onlar kimin seçildiyin, nə dediyin və nə etdiyin təyin edərlər. Elə bu səbəbə görədir ki, İranın keçmiş prezidenti Məhəmməd Xatəmi islahat şüarı ilə iki dövür İranın prezidenti olmuşdur. Amma heç bir zəmində hər hansı bir islahatı həyata keçirə bilməmiş və eyni zamanda onların davamlı olması üçün zəmin yarada bilməmişdi. Onu bu mövzu ilə əlaqədar tənqid edəndə, o, xatırlatmışdı ki, İranda prezident tədarükçüdür, ondan çox intizarınız olmasın. Bizim əlimizdə olan faktlar bundan ibarətdirlər, biz bilmirik Əkbər Ələminin səlahiyyəti təsdiqlənəcək, ya yox. Biz onun platformasında nələrin dayandığını və onun hansı istəklərlə seçilmək istədiyini hələ ki, bilmirik. Bunlardan da əlavə, biz əminik ki, əgər milli mənafelərimiz naminə biz ona səs versək də, o seçilməyəcək. Bəs bu hesabla prezident namizədliyinə kimin namizəd olmağından asılı olmayaraq, bizim bu seçkilərdə iştirak etməyimiz düzgün deyil. Müxbir: -- Əgər Ələminin səlahiyyəti təsdiq olunarsa, milli mənafemiz naminə ona səs verib, milli iradəmizi nümayiş etdirib və milli hərəkatımızın xeyrinə təbliğat olar ?Məsələyə bu yöndən yanaşmaq necə, sizin nəzərinizcə düzdürmü? Cavab: -- Bir şey aydındır biz gərk prezident seçkilərində aktiv olaq, onu baykot etmək, o mənada deyil ki, biz öz üzərimizə passiv rol götürürük. Prezident seçkilərinin geniş formada baykot olması, onun kənarında milli istəklərimizin dilə gətirilməsi bizim milli iradəmizi düzgün formada nümayişə qoyar. Əlbəttə, bu söhbətdən mənzurum o deyil ki, Əkbər Ələmini himayət etməyək. Mən deyərdim əksinə, onu himayət etməliyik, amma himayət etmənin müxtəlif yolları var. Onu himayət etmək üçün prezident seçkilərində iştirak etməni seçməməliyik. Təbiidir, Əkbər Ələmi gələcəkdə milli hərəkatımızda çox önəmli rol oynaya bilər. Əlbəttə, bu da onun öz siyasi davranışından asılıdır. Bu gün Əkbər Ələmi paniranistlərin ağır basqısına məruz qalıb, ona qarşı İran rejimi və onun qondarma fars müxalifəti, ona dair xəbərləri dərc etmir. Biz qeyri -şərtsiz Əkbər Ələminin insan haqlarını müdafiə etməliyik və ona qarşı xəbər blokadasını sındırmalıyıq. Amma unutmamalıyıq ki, biz Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin siyasi varisləriyik, mübarizəmizin əsas hədəfi milli hakimiyyətdir. Əgər gündə bir dona düşüb, buqələmi kimi rəngimizi dəyişək, millət içində inam və etibarımızı əldən verib, prinsipsiz adamlar kimi tanınarıq. Mövlaninin bir şeri var, deyir, "Onun nə ağlamasının, nə gülməsinin etibarı var!" Özümüzü elə günə salmayaq ki, nə gülməmiz, nə də ağlamağımız ciddi tutulmaya. Müxbir: -- Əgər Güney Azərbaycanın daxilində bəzi milli fəallar və ya təşkilatlar prezident seçkilərində iştirak etməkdə və Ələmiyə səs vermədə israrlı olsalar, bu milli fəallar arasında ixtilafa bais ola bilər? Cavab: -- Təbiidir, Azərbaycanı sevməyənlər çalışırlar hər cür fürsətdən istifadə edib, bizim aramıza ixtilaf salalar. Bildiyiniz kimi, bizim qurtuluşumuz milli birliyimizdədir. İranda prezident seçkiləri ilə bağlı gərək elə mövqeyimiz ola ki, bu milli birlik güclənə, əksinə, nəinki zəifləyə. Hal - hazırda Güney Azərbaycanda yaşayan Azərbaycanlılar fikirləşdiklərin dilə gətirə bilmirlər və məcburdular bəzi mülahizələri nəzərə alalar. Digər bir tərəfdən İran rejimi və onun saxta fars müxalifəti güclü informasiya vasitələrinə malikdirlər və bu imkanlarından faydalanırlar ki, Azərbaycanlıları düzgün yoldan çaşdıralar. Güney Azərbaycanın milli hərəkatına aid olan informasiya vasitələrin əgər müqayisə etsək bizi sevməyənlərin informasiya vasitələri ilə, onda görərik ki, bizim vəziyyətimiz bir o qədər də yaxşı deyil. Çox təəssüf, indiki hal - hazırkı zamanda biz millətimiz ilə yaxın əlaqəyə girib və prezident seçkiləri ilə bağlı detallara aydınlıq gətirə bilmirik. Bir yerdə ki səs vermədə məcburiyyət var, o biri tərəfdən səs verənlərin düzgün məlumatı yoxdu, bu səbəbə görə hüquq baxımından onlar verdiyi səsə məsuliyyət daşımırlar. Elə bu səbəbə görə, onları başa düşüb, onların səhv davranışın milli hərəkatın içində ixtilafa çevirməməliyik. Mənim fikrimcə, yaxşı olardı ki, Günaz TV prezident seçkiləri ilə bağlı fəaliyyətin artıra və Azərbaycan təşkilatları prezident seçkilərinin baykotu ilə bağlı müştərək bəyanat verələr. Bu da səbəb olar kütlə içində yanlış addım təhlükəsi azalar. Müxbir: -- Babək bəy, bəziləri Əkbər Ələminin keçmişinə istinad edib, belə bir fikri irəli sürürlər ki, o, uzun zaman İran rejiminin qulluqçusu olub və elə bu səbəbə görə, ona etibar etmək olmaz. Sizin bu yöndə olan düşüncələrə münasibətinizi bilmək maraqlıdır. Cavab: -- Unutmayaq ki, biz milli mənafeyimizlə bağlı siyasi fəaliyyətlər aparırıq. Bizim əsas vəzifəmiz məntiq üsullarına dayanıb, bir - birimizlə fikir mübadiləsi etməliyik. Bizim işimiz prokuror, polis, ya hakim kimi çıxış edib, başqalarına cinayət işi qaldırmaq deyil. Bildiyiniz kimi, bir demokratik siyasi sistemdə məhkəmə orqanları iqtidarın alətinə çevrilməməlidirlər və müstəqil əməl etməlidirlər. Biz iqtidarda da olmasaq, müxalifət mövqeyindən bu tanınmış demokratik prinsipə vəfadar olduğumuzu nişan verməliyik. Əgər Azərbaycanda milli hakimiyyət yarana və məhkəmə orqanları müstəqil əməl edələr, əgər mənə, sənə və digər şəxslərə qarşı şikayətçi və konkret sənədlər ola, bu barədə məhkəmə qərar verməlidir. Məhkəmənin qərarı bizim üçün əsas sayılır. Müxbür: -- Babək bəy, məsələlərə aydınlıq gətirdiyiniz üçün sizə təşəkkür edirem. Azərbaycanın bu günkü durumu ilə bağlı açılmayan məsələlər çox olsa da, lakin sizə bir söhbət çərçivəsində nəzərdə tutduğum suallar bitib. Əgər açıqlamaq istədiyiniz hər hansı bir məsələ varsa, buyura bilrəsiniz. Cavab: -- Çox sağ olun. Mənə diqqətlə qulaq asdığınız və fikirlərimi oxucularla paylaşmağa imkan yaratdığınız üçün mən də sizə öz təşəkkürümü bildirirəm. Müsahibəni hazırladı: Müzəffər Səlmaslı