SON XƏBƏRLƏR

Güney Azərbaycanlı yazıçı və tədqiqatçı Ağşin Ağkəmərli vəfat edib

2026.10.16, 23:09
Güney Azərbaycanlı yazıçı və tədqiqatçı Ağşin Ağkəmərli vəfat edib

Gunaz.tv

Güney Azərbaycanın tanınmış şairi, yazıçısı, tərcüməçisi və folklor tədqiqatçısı Ağşin Ağkəmərli 66 yaşında vəfat edib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ağkəmərli oktyabrın 14-də, çərşənbə günü səhər saatlarında dünyasını dəyişib.

Ağşin Ağkəmərli 1960-cı ildə Şəbüstər bölgəsinin İskəmər kəndində anadan olub. Uşaqlıq illərində ailəsi ilə birlikdə Tehrana köçüb. O, stomatologiya təhsili alsa da, peşə fəaliyyəti ilə yanaşı, şeir və hekayələr yazıb, Azərbaycanın ədəbiyyatı və mədəniyyəti ilə bağlı araşdırmalar aparıb.

Ağkəmərli «Mişov dağı» ədəbi dərgisinin baş redaktoru və Mişov Mədəniyyət Dərnəyinin rəhbəri olub. O, həmçinin Arazın cənubundakı oxucular üçün azərbaycanlı şairlərin əsərlərinin hazırlanması və nəşrində mühüm rol oynayıb.

«Bizi yaşadan tarix», «Təbrizdən Təbrizə» və «Öpdüm Arazı» onun tanınmış əsərlərindəndir.

Vətənə, ana dilinə, milli kimliyə və Azərbaycan xalqının mədəni irsinə bağlılıq «Öpdüm Arazı» şeirlər toplusunun əsas mövzularındandır. Bu əsərlər Ağşin Ağkəmərlinin adının Arazın hər iki sahilindəki oxucular arasında tanınmasına töhfə verib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar