SON XƏBƏRLƏR

G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır

2026.11.11, 22:56
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır

Gunaz.tv

G7-yə üzv ölkələrin xarici işlər nazirləri birgə bəyanatda İranın heç vaxt nüvə silahına yiyələnməməli olduğunu vurğulayıb və diplomatik səylərin uğursuz olacağı təqdirdə İran hakimiyyətinə qarşı iqtisadi və siyasi təzyiqləri davam etdirəcəklərini bildiriblər.

Bəyanat G7 xarici işlər nazirlərinin Parisdə keçirilən iki günlük görüşündən sonra yayımlanıb. G7 üzvləri İranın regiondakı qeyri-dövlət silahlı qruplarına dəstəyini dayandırmasını tələb ediblər.

G7 xarici işlər nazirləri İranın qonşu ölkələrə və Hörmüz boğazında ticarət gəmilərinə hücumlarını da pisləyərək, mülki gəmilərə qarşı hücumların dayandırılmasını, bu strateji su yolunda sərbəst və təhlükəsiz keçidin təmin olunmasını tələb ediblər. Onlar Hörmüz boğazında hər hansı rüsumun alınmasını və ya qanunsuz məhdudiyyətlərin tətbiqini rədd ediblər.

Bəyanatda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mülki gəmilərin müşayiəti və dəniz minalarının təmizlənməsi üzrə müdafiə tədbirlərinə, eləcə də Fransa və Britaniyanın Hörmüz boğazında dəniz nəqliyyatının bərpasına yönəlmiş birgə təşəbbüsünə dəstək ifadə olunub.

Nazirlər bəyanatın digər hissəsində İranın üzv ölkələrin vətəndaşlarına və ərazilərinə qarşı zorakı sui-qəsd planlarında iştirakından ciddi narahatlıq ifadə edib və Britaniya hökumətinin İran hakimiyyətinin Ferford aviabazasında baş vermiş hadisədəki roluna dair açıqlamasına istinad ediblər.

Bəyanat Parisdə keçirilən görüşün sonunda Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi tərəfindən qəbul edilib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar