SON XƏBƏRLƏR

Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir

2026.11.06, 17:31
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir

Gunaz.tv

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Məkkə bölgəsində bir pilotsuz uçuş aparatının ələ keçirilərək məhv edildiyini açıqlayıb. Hücumun mənşəyi hələlik müəyyənləşdirilməsə də, hadisə müqəddəs məkanların təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Koalisiyanın sözçüsü Türki əl-Maliki cümə günü “X” sosial şəbəkəsində yaydığı açıqlamada hava hücumundan müdafiə sistemlərinin Məkkə bölgəsində bir pilotsuz uçuş aparatını ələ keçirərək məhv etdiyini bildirib. O, aparatın haradan buraxıldığı və hücumun arxasında kimin dayandığı barədə məlumat verməyib. İndiyədək heç bir qruplaşma da hücuma görə rəsmi məsuliyyəti üzərinə götürməyib.

Hadisədən əvvəl Səudiyyə koalisiyası husilər tərəfindən Nəcran şəhəri istiqamətində buraxılmış iki ballistik raketin ələ keçirilərək məhv edildiyini bildirmişdi. Əl-Malikinin sözlərinə görə, raketlərin qalıqları yerə düşüb və mümkün zərərin qiymətləndirilməsi davam edir.

Son həftələrdə Əbha, Cizan və Nəcran şəhərləri də husilərə aid edilən hücumların hədəfi olub. Hücumların davam etməsi, xüsusilə Məkkə bölgəsi yaxınlığında baş verən insident, Səudiyyə Ərəbistanının və müsəlmanların müqəddəs məkanlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirib.

“Wall Street Journal” qəzetinin məlumatına görə, husilər Səudiyyə Ərəbistanı ilə döyüşlərin dayandırılmasına dair danışıqlarda 51 milyard dollar təzminat ödənilməsini və Yəmənin hakim qüvvəsi kimi tanınmalarını tələb ediblər. Qəzet yazır ki, qruplaşma bu məbləği Səudiyyə Ərəbistanının illər ərzində həyata keçirdiyi hərbi əməliyyatların və Yəmənə tətbiq etdiyi blokadanın vurduğu zərərin əvəzi kimi təqdim edir.

ABŞ dövlət katibi Marko Rubio da daha əvvəl İran İslam Respublikasının husilərə dəstəyinə toxunaraq, Tehranın birbaşa dəstəyi olmadan bu qruplaşmanın hazırkı hərbi imkanlara malik ola bilməyəcəyini bildirmişdi.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar