SON XƏBƏRLƏR

Türkiyə İran üzərindən Türkmənistan qazının idxalını dayandırıb

2026.11.06, 18:33
Türkiyə İran üzərindən Türkmənistan qazının idxalını dayandırıb

Gunaz.tv

Türkiyənin energetika naziri Alparslan Bayraktar Ankaranın İranın infrastrukturundan istifadə etməklə nəql olunan Türkmənistan təbii qazının idxalını ABŞ-ın mümkün ikinci dərəcəli sanksiyaları ilə bağlı narahatlıqlara görə dayandırdığını açıqlayıb.

Bayraktar cümə günü, noyabrın 6-da keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə bu qazın tranzitinə görə İrana birbaşa ödəniş etməsə də, ABŞ-ın mümkün sanksiyaları və bu ölkənin Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ilə bağlı məhdudiyyətlər sözügedən əməliyyatı hüquqi risklərlə üzləşdirib.

Türkiyə iki il əvvəl Türkmənistandan ildə 1,3 milyard kubmetr qaz idxalını nəzərdə tutan razılaşma əsasında bu ölkədən qaz almağa başlamışdı. Lakin qısamüddətli müqavilənin başa çatması və tərəflərin qiymət məsələsində razılığa gələ bilməməsi səbəbindən qaz nəqli ötən ildən dayandırılmışdı.

Ankaranın idxalı bərpa etmək cəhdləri isə sonradan ABŞ-İran müharibəsi ilə bağlı yaranan vəziyyət və OFAC-ın mümkün müdaxilə və məhdudiyyətləri ilə əlaqədar çətinliklərlə üzləşib. Türkmənistan qazının Türkiyəyə İran ərazisindən nəql olunması bu əməliyyatın ABŞ sanksiyalarının təsiri altına düşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Bununla yanaşı, Türkiyənin İrandan birbaşa qaz idxalı üzrə müqavilələrinin də 2026-cı ilin noyabrında müddəti başa çatır. Həmin müqavilələrin uzadılıb-uzadılmayacağı hələlik məlum deyil. Bu məsələ iki ölkə arasında gələcək qaz əməkdaşlığının istiqamətinə təsir göstərə bilər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar