SON XƏBƏRLƏR

AMİP referendumun keçirilməsində qəbahət görmür

2021.10.20, 07:36
AMİP referendumun keçirilməsində qəbahət görmür

Gunaz.tv
AMİP referendumun keçirilməsində qəbahət görmür Fuad Muxtarov: "Bizim Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olmaq fikrimiz yoxdur" Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Qarabağ və Respublika Uğrunda Hərəkatın referendumda birgə iştirakla bağlı təklifinə "yox" dedi. Prosesin əvvəlindən müstəqil olaraq referendumda iştirak etmək qərarı qəbul edən AMİP mərhələni bu şəkildə də başa vurmaq niyyətindədir. Bu mövqeyinə görə isə partiya sözügedən hərəkatda təmsil olunan qüvvələrin ittiham obyektinə çevrilib. Hərəkat üzvləri bununla AMİP-in hakimiyyətyönlü çıxış etdiyini, hakimiyyətin imkanlarını genişləndirdiyini bəyan edir. Buna baxmayaraq, adıçəkilən hərəkatın rəhbərliyi istər AMİP-in, istərsə də Demokratiya Uğrunda İttifaqın onlarla bir yerdə fəaliyyət göstərməsi üçün yenə də mümkün addımları atacağını bildirir. AMİP-in sədr səlahiyyətlərini yerinə yetirən baş katibi Fuad Muxtarov "Ekspress"ə müsahibəsində həmkarlarının ittihamlarına cavab verməklə yanaşı atılacaq mümkün addımları da açıqlayıb. - Qarabağ və Respublika Uğrunda Hərəkatın AMİP-ə etdiyi müraciətə mənfi cavabın verilməsi qarşılıqlı ittihamlara səbəb olub. Bu müraciət sizə hansı səviyyədə və hansı şərtlər altında edilib? - Biz əməkdaşlıq üçün həmişə hazır olmuşuq və bunu dəfələrlə müxtəlif instansiyalarda, müxtəlif səviyyələrdə bəyan etmişik. Qarabağ və Respublika Uğrunda Hərəkatın həmin müraciətinə gəlincə, bunu yalnız mətbuatdan eşitmişik. Mətbuatda səslənib ki, hərəkat AMİP-ə və DUİ-yə əməkdaşlıq haqqında, birgə fəaliyyət barədə müraciət edib. Bir neçə gün bu proses mətbuat vasitəsi ilə davam edəndən sonra nəhayət, ötən həftənin 5-ci günü AMİP-in katibi Əli Orucovun elektron poçtuna Leyla Yunus tərəfindən 5 cümləlik məktub daxil olub. Orada yazılıb ki, Leyla Yunus həmin hərəkatın koordinatoru kimi bizi fevralın 3-də keçiriləcək tədbirə dəvət edir. Maraqlı məsələ budur ki, Leyla Yunusun bu məktubu bizə axşam saat 5 radələrində, iclasdan bir neçə saat sonra daxil olub. Bu, həmin deyilən və mətbuatda qaldırılan səs-küyün qısaca xülasəsidir. Qısası, belə bir müraciət əvvəl mətbuat, sonra isə elektron poçt vasitəsi ilə edilib. Mətbuat vasitəsi ilə edilən müraciəti qəbul etmək qeyri-mümkündür, ikinci müraciət isə gec çatdığından, bu barədə danışmaq əsassızdır. - Ymumiyyətlə, bundan sonrakı mərhələdə partiyanın hərəkata daxil olması mümkündürmü? - Bu məsələni partiyanın Siyasi Şurasının iclasında əvvəllər də müzakirə etmişik. Yəni, hərəkata qoşulmaq məsələsi bizim Siyasi Şuranın bəzi üzvləri tərəfindən qısqanclıqla müşahidə olunur, qalxanla qarşılanır. İndiki halda bu məsələ ilə bağlı əvvəlcədən qərar çıxarmaq, yaxud da fikir ifadə etmək istəməzdim. Amma mənim üçün bir az qaranlıq görünür ki, Siyasi Şura kiməsə qoşulmaq, kiminləsə birgə fəaliyyət göstərmək barədə məsələni asanlıqla qəbul etsin. Ona görə ki, Təşəbbüs qruplarının referenduma münasibətində də fərqlər kifayət qədər çoxdur. Və buna görə də mən indidən ehtimal edə bilərəm ki, AMİP-in hansısa hərəkata qoşulması məsələsi mümkün olmayacaq. - Sabah (bu gün - red.) Qarabağ və Respublika Uğrunda Hərəkatın daha bir toplantısı keçiriləcək və bu toplantıya bütün müxalifət düşərgəsi dəvət edilib. Sizin bu toplantıda iştirak etmək fikriniz varmı? - Mən bilmirəm ki, bu iclasa bağlı bizim partiyamıza hər hansı dəvət gəlib, ya yox. Bundan xəbərim yoxdur. Amma deyə bilərəm ki, istənilən halda biz həmin toplantıda iştirak etməyəcəyik. Çünki məndə olan məlumata görə, sabah (bu gün-red.) MSK yerdə qalan təşəbbüs qrupları ilə bağlı məsələyə baxacaq, onların qeydə alınıb-alınmaması barədə qərar qəbul edəcək. - İclasda iştirak etmək istəməməyinizin səbəbləri nədir? - Səbəbləri yuxarıda sadaladım. Siyasi Şuranın qərarı olmasa, orada hər hansı formada iştirak etmək səlahiyyətimiz yoxdur. Təkcə məsələ bundan ibarət deyil. Həm də burada köklü məsələlər var. Həmin hərəkatda təmsil olunan partiyalarla bizim referenduma çıxarılan məsələlərə baxışlarımızda xeyli fərqlər var. Bunlar bizim bir araya gəlməyimizi əngəlləyən məqamlardır. - Sizin belə bir mövqe nümayiş etdirməyiniz həmin hərəkat tərəfindən hakimiyyətə manevr imkanları yaratmaq kimi dəyərləndirilib. Bu ittihamları necə qəbul edirsiniz? - Mən bunları da qəzet səhifələrindən oxudum. Bu ittihamların heç bir əsası yoxdur. Adətən belə əsassız fikirlər zaman-zaman indi həmin hərəkatda birləşən qüvvələrin bir-birinə etdikləri ittiham aləti olub. Görünən dağa bələdçi lazım deyil. Biz əgər hakimiyyətə doğrudan da manevr imkanları yaradırıqsa, yaxud hakimiyyətin əlinə hansısa addımlar üçün əsaslar veririksə, bunu gizli edə bilmərik. Biz heç zaman hakimiyyətin maraqlarına uyğun addımlar atmamışıq. İndiyə qədər bizim təcrübəmizdə belə bir şey olmayıb. Sadəcə olaraq, bir də deyirəm, şərt və məcbur deyil ki, bütün bu prosesdə iştirak edən bir avazla, bir ağızdan oxusunlar. Bizim münasibətimiz bu məsələyə ilk gündən fərqli olub. AMİP əslində referendumun keçirilməsində bir qəbahət görmür. Ona görə də Qarabağ və Respublika Uğrunda Hərəkatda birləşən qüvvələrlə AMİP-in arasında bu məsələyə baxışlarda köklü fərqlər var. Asim SƏFƏROV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar