SON XƏBƏRLƏR

Ekspertlər Rusiyanın vahid hərbi qüvvələr yaratmasını Azərbaycan üçün təhlükəli sayırlar

2021.10.20, 07:36
Ekspertlər Rusiyanın vahid hərbi qüvvələr yaratmasını Azərbaycan üçün təhlükəli sayırlar

Gunaz.tv
Rusiyanın yeni geopolitik oyunu Ekspertlər Rusiyanın vahid hərbi qüvvələr yaratmasını Azərbaycan üçün təhlükəli sayırlar Xəbər verdiyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin liderləri fevralın 4-də Moskvada təşkilatın çevik kollektiv qüvvələrinin (ÇKQ) yaradılması haqqında saziş imzalayıblar. RF prezidenti Dmitri Medvedyevin sözlərinə görə, ÇKQ Rusiya ərazisində yerləşdiriləcək və öz effektinə görə NATO-nun anoloji strukturlarından geri qalmayacaq. Əksər ekspertlərə, elə rusiyalı politoloqlara da görə, yeni geopolitik oyunu - ÇKQ-ni yaratmaq Moskvanın NATO-nun Şərqə doğru genişlənməsinə və ABŞ-ın Mərkəzi Asiyada öz hərbi-siyasi iştirakını gücləndirməsinə qarşı cavabıdır. Ermənistanın da üzvü oluğu təşkilatın belə vahid hərbi qüvvələr yaratması Azərbaycanı narahat etməyə bilməz. Bəzi müşahidəçilər hesab edir ki, Azərbaycan balanslı siyasətinə son qoyub özünə müttəfiq tapmalıdır. Özü də artıq Cənubi Qafqazın digər iki dövləti - Ermənistan və Gürcüstan müvafiq olaraq Rusiya və ABŞ-la strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıblar. Prezidentin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov artıq mətbuata açıqlamasında KTMT ÇKQ-nin yaradılmasının Azərbaycanın təhlükəsizliyinə təsir etməyəcəyini bildirib. Milli Məclisin NATO PA-dakı üzvü, millət vəkili Qüdrət Həsənquluyev isə "Ekspress"ə açıqlamasında bildirib ki, Azərbaycanın NATO-ya üzv olmaqdan başqa yolu qalmayıb: "Azərbaycan çalışmalıdır ki, NATO-ya üzv olsun. Qardaş Türkiyə ilə eyni hərbi-siyasi bloka üzv olmalıyıq. Türkiyə harda, Azərbaycanda orda olmalıdır. Ermənistanada Rusiya hərbi bazalarının yerləşdiyini nəzər alsaq, ən azından Azərbaycanda Türkiyə hərbi bazaları yerləşdirilməlidir". ÇKQ faktının Azərbaycanın təhlükəsizliyinə ciddi hədə sayan Həsənquliyev hesab edir ki, beynəlxalq təşkilatların hadisəyə diqqətini cəlb etmək üçün müəyyən addımların atılması vacibdir. Məsələn, millət vəkili müxalifətə Avropa Şurasına üzv olarkən götürülmüş münaqişəni sülh yolu həll etmək öhdəliyindən imtina etməyi təklif edir: "Bu o məna kəsb etmir ki, müharibə dərhal başlayacaq. Bu bir çağırış kimi ola bilər ki, beynəlxalq təşkilatları hərəkata gətirsin". Digər millət vəkili Fazil Mustafa da "Ekspress"in əməkdaşı ilə söhbətində bildirib ki, ÇKQ-nin yaradılması "Azərbaycan üçün böyük təhlükədən xəbər verir və bir başa Azərbaycana qarşı yönəlmiş aksiya kimi qiymətləndirilməlidir". Bu işin hədəfində həmçinin Ukrayna və Gürcüstan da var. F.Mustafa rəsmi Bakının adekvat addımlır atmalı olduğunu deyir: "NATO ilə danışıqlara başlanılmalıdır. Həmçinin NATO qüvvələrinin regionda yerləşdirilməsi məsələsi nəzərdən keçirilməliir". Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, ÇKQ-nin yaradılmasında hədəflərdən biri Azərbaycanı "Nabucco" kimi layihələrdə iştirak etməkdən çəkindirməkdir. Digər məqsəd isə Azərbaycanı MDB-nin Nizamnaməsinin 6-cı maddəsinə qoşulmağa məcbur etməkdir. Xatırladaq ki, Azərbaycan 1993-cü ilin sentyabrında MDB-nin nizamnaməsinə xüsusi rəylə qoşulub, kollektiv təhlükəsizlik müqaviləsinə, sərhədlərin və hava hücümündan birgə mühafizəyə və vahid iqtisadi məkana dair 6-cı maddəyə imza atmayıb. Politoloq eyni zamanda, Azərbaycanın Rusiya ilə münasibətlərinin yaxşı olduğunu və bunu qoruyub saxlamağın vacib olduğunu bildirir:"NATO-ya üzvlük əslində bizim üçün təhlükə yarada bilər. Başında ABŞ duran bir təşkilat Rusiyaya heç bir şey edə bilmədi". Onun sözlərinə görə, Amerikanın regionda apardığı siyasət uğursuzluğa düçar olub: "Obamanın İraqı deyil, Əfqanıstanı prioritet sayması Rusiyanı qıcıqlandırdı. Buna görə də, Qırğızıstana təzyiq edərək, ABŞ-ın "Manas"dakı hərbi bazasının bağlanmasına nail oldu. Əfqanıstanın qonşuluğunda Çin, Rusiya və Pakistanın yerləşdiyini nəzərə alsaq, Obamanın Əfqanıstan layihəsinin iki il müddətində məğlub olacağını görəcəyik". "Şərq-Qərb" Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu da "Media forum"a açıqlamasında bildirib ki, Rusiya belə bir vahid hərbi birləşmələri yaratmaqla digər MDB ölkələrinə, o cümlədən Azərbaycana təzyiq göstərməyə çalışır: "Bu onu göstərir ki, Rusiya öz qonşuları ilə məsələləri sivil müstəvidə həll etmək iqtidarında deyil və buna hazırlaşmır. Həmin qonşulardan birinin də Azərbaycan olduğunu nəzərə alsaq, rəsmi Bakı yeni vəziyyətə hazırlaşmalıdır". Ə.Oruclunun fikrincə, KTMT ÇKQ-nin yaradılması haqqında müqavilənin imzalanması Rusiyanın indiki iqtisadi durumunda öz mövqelərini qoruyub saxlamaq cəhdidir. Əvvəla, rəsmi Moskva buna ilk növbədə hərbi və hərbi-siyasi yolla nail olmaq və həmin ölkələri özündən asılı vəziyyətə salmaq istəyir: "KTMT-yə üzv dövlətlərin iqtisadi vəziyyəti ürəkaçan deyil. İkincisi, Rusiya bununla Qərbə və öz rəqiblərinə mesaj vermək istəyir ki, siyasi mövqeyindən çəkinmək fikrində deyil. Yçüncüsü, Rusiya öz daxilindəki sosial narazılığı və bunun arxasınca gələ biləcək siyasi fəsadları xarici və hərbi-siyasi istiqamətə yönəltməyə cəhd göstərir". Politoloq hesab edir ki, hər iki təşkilatda təmsil olunan ölkələrin əsas problemi maliyyə və iqtisadi cəhətdəndir. Bu sahədə də Rusiyadan cəlbedici bir təklif gözlənmir. Ona görə də həmin ölkələr gec-tez öz diqqətlərini Qərbə, Avropaya yönəldəcəklər, bəziləri isə Çinə üz tutacaq: "Bunu nəzərə alan Rusiya indidən bir müqavilə ilə təşkilatlara üzv olan dövlətləri cilovlamaq istəyir. Çünki digər tərəf də öz xoşu ilə təmənasız həmin ölkələrə yardım etməyəcək. Qərb isə Moskvada imzalanan müqaviləyə ilk növbədə iqtisadi xarakterli cavab verəcək. Amma hərbi-siyasi cavab da istisna deyil. Yəni NATO-nun genişləndirilməsi, MDB ölkələrinin NATO-ya inteqrasiyası sürətləndirilə bilər". Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə hesab edir ki, əsas hədəf Mərkəzi Asiyadır. Çünki həm BMT-də, həm də Avrasiya İqtisadi Birliyində (AİB) Rusiyanın tərəfdaşları Mərkəzi Asiya dövlətləridir. Politoloq "Media forum"a açıqlamasında xatırladıb ki, AİB-də Cənubi Qafqaz ölkələrindən yanlız Ermənistan təmsil olunur: "Rəsmi Moskva çalışır ki, Mərkəzi Asiyada geosiyasi, iqtisadi və hərbi təsir imkanlarını gücləndirsin və nüfuzunu artırsın. SSRİ dağılandan sonra Rusiya bu bölgədə nüfuzunu itirib. Hazırda Mərkəzi Asiyada ən böyük nüfuz və söz sahibi Çindir, ABŞ orada böyük və ciddi nüfuz qazana bilmədi. Rəsmi Vaşinqtonun bu bölgədə nüfuzu və ora təsir imkanları aşağıdır". Mərkəz rəhbəri deyib ki, rəsmi Moskva bu bölgədə yerləşən ölkələrin problemlərini yaxşı bilir. Onun fikrincə, Rusiya həm su faktoru, həm bölgənin dövlətlərarası münasibətləri ilə oynayır, həm də orda yerləşən ölkələri köməksiz vəziyyətə salmaq istəyir: "Məsələn, Rusiya Qırğızıstanın "Manas" hərbi bazasının ABŞ-dan alınmasına nail olmaqla Mərkəzi Asiya bölgəsini Əfqanıstandan gələn terrorçuluq, narkotik təhlükəsi ilə üz-üzə qoyur. Belə olan halda bu bölgənin ölkələri Rusiyaya sığınmağa məcburdur. Çünki Çinin Mərkəzi Asiyada gördüyü əsas işlər iqtisadiyyat və kommunikasiya ilə bağlıdır. Pekin hərbi baxımdan orda heç bir iş görməyib. Moskva ABŞ-ı "Manas" hərbi bazasından çıxarmağa nail olmaqla Vaşinqtonu gələcəkdə Rusiya ilə əməkdaşlığa məcbur etmək istəyir". Politoloqun sözlərinə görə, Rusiya Cənubi Qafqazda hərbi gücünü artıra, bölgənin digər ölkələri ilə hərbi əməkdaşlıq edə, onların ərazisində hərbi bazalar yerləşdirə bilmir. Ona görə də Ermənistanla iki istiqamətdə hərbi əməkdaşlıq etmək istəyir: "Bunlardan biri Ermənistan dövləti ilə ikitərəfli, digəri isə KTMT-nin bu ölkədə olan strukturu vasitəsilə qurulan hərbi əməkdaşlıqdır. Hərbçilərin sayı baxımından elə bir artım yoxdur və bunu Azərbaycan üçün təhlükə hesab etmirəm. Çünki təşkilatda yeddi ölkə təmsil olunur və hər bir dövlət öz ərazisində KTMT üçün bir bölük yaratmalıdır. Ermənistanın bir bölük yaratması heç nəyi dəyişmir. Təhlükə Rusiyanın Ermənistanı silahlandırmasıdır. Moskva bu ölkəyə 800 milyon dollar dəyərində silah-sürsat, avadanlıq verib. Lakin indi bunu təkzib edir. Rusiya indi silahı Ermənistan adı ilə deyil, KTMT-nin cənub bazası adı ilə verir və bu işi davam etdirəcək. Rusiya bundan istifadə edərək çalışacaq ki, Ermənistandakı silahlarını, texnikasını artırsın və müasirləşdirsin. Bu, Azərbaycan üçün təhlükədir". M.Əhmədoğlunun sözlərinə görə, Rusiya çalışır ki, Avrasiya İqtisadi Birliyi və KTMT-nin birgə fəaliyyəti olsun, gələcəkdə bu iki qurumu birləşdirmək və NATO, ya da keçmiş "Varşava müqaviləsi" təşkilatına oxşar qurum yaratmaq istəyir: "Rusiya Avrasiya İqtisadi Birliyinə 10 milyard dollar ayırmaqla rublun əsas valyuta kimi istifadə olunduğu məkan yaratmağa çalışır. Böhrana görə dövlətlərə yardım ayrılması bəhanədir". Bəkir NƏRİMANOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar