SON XƏBƏRLƏR

TÜRKİYƏ ERMƏNİSTANA HEÇ VAXT SİLAH SATMAZ

2021.10.20, 07:36
TÜRKİYƏ ERMƏNİSTANA HEÇ VAXT SİLAH SATMAZ

Gunaz.tv
“TÜRKİYƏ ERMƏNİSTANA HEÇ VAXT SİLAH SATMAZ” Qabil Hüseynli: “Silah ticarəti ilə bağlı son qərarı Silahlı Qüvvələrin güc mərkəzi sayılan Təhlükəsizlik Şurası verir” Qəzetimizin ötən sayında Türkiyənin silah istehsalı ilə məşğul olan özəl şirkətinin Ermənistana zirehli maşın ixrac etmək niyyətinin olduğu barədə xəbər vermişdik. Türkiyənin “Nurol Makina ve Sanayi” şirkəti tərəfindən hazırlanan minaya qarşı zirehli maşının Ermənistanın marağına səbəb olduğu bildirilir. Şirkətin baş direktorunun yardımçısı Tanju Toranın məlumatına görə, “Əjdər” (“Əjdaha”) adlı maşının Ermənistana satılması ilə bağlı danışıqlar gedir. Sövdələşmə baş tutsa, Ermənistan türk silahını alacaq. Qardaş Türkiyənin Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana silah satması ölkəmizdə heyrət və etirazla qarşılanıb. Siyasilər Türkiyənin belə addım atacağına inamaq istəmir. Məsələn, Müsavat Partiyasının Divan üzvü, politoloq Qabil Hüseynli Türkiyənin düşmən ölkəyə silah satmasını inandırıcı saymır: “İnanmıram ki, belə sövdələşmə baş tutsun. Ermənistanın silahlanması həm də Türkiyəyə qarşıdır. Eyni zamanda bu hal Azərbaycanın maraqlarına tamamilə ziddir. Türkiyə Azərbaycanı nəzərə almadan belə bir addım atmaz”. Q.Hüseynli son zamanlar Türkiyə siyasətində bir sıra sapmaların olduğunu bildirdi: “Son vaxtlar Türkiyənin, xüsusən Ərdoğanın Ermənistanla bağlı qeyri-müəyyən addımlar atdığının şahidi oluruq. Bununla belə, Ərdoğan hökuməti Ermənistana silah satmağa razılıq verə bilməz. Zirehli maşın özəl şirkət tərəfindən hazırlansa da qərarı dövlət verməlidir. Silah ticarəti ilə bağlı son qərarı Türkiyə Silahlı Qüvvələrinin güc mərkəzi hesab olunan Təhlükəsizlik Şurası verir. Həmin silah Kolumbiyaya satıla bilər. Lakin Ermənistana silah satılmasına imkan verilməyəcək”. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən isə sorğumuzun yazılı şəkildə təqdim edilməsinin lazım gəldiyini söylədilər: “Sizin yazılı müraciətiniz səfirliyin məsul şəxslərinə təqdim olunacaq. Lazım bilsələr, məsələyə münasibətlərini açıqlayacaqlar”. Müdafiə Nazirliyi mətbuat xidmətindən qurumun rəhbəri Eldar Sabiroğlunun işdə olmadığını bildirdilər: “Eldar müəllim günün ikinci yarısında işdə olacaq və suallarınızı cavablandıracaq”. Lakin günün ikinci yarısında da MN mətbuat xidmətinə etdiyimiz telefon zəngləri cavablandırılmadı. Əfqan MUXTARLI musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar