SON XƏBƏRLƏR

Ermənistan öz ordusunu Rusiya ilə birləşdirir, Gürcüstan isə Amerika ilə müttəfiqdir, bəs biz?

2021.10.20, 07:36
Ermənistan öz ordusunu Rusiya ilə birləşdirir, Gürcüstan isə Amerika ilə müttəfiqdir, bəs biz?

Gunaz.tv
AZƏRBAYCAN HƏRBİ BAXIMDAN TƏKLƏNDİ Kreml ölkəmizi küncə sıxışdırır Ermənistan öz ordusunu Rusiya ilə birləşdirir, Gürcüstan isə Amerika ilə müttəfiqdir, bəs biz? 400.jpg Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada srağagün keçirilən növbədənkənar sammitindən sonra Azərbaycanın yerləşdiyi regionda geosiyasi və hərbi situasiya daha da mürəkkəbləşib. Xəbər verildiyi kimi, sammitdə sözügedən təşkilata daxil olan yeddi keçmiş sovet respublikası öz ordularını birləşdirərək Kollektiv Çevik Qüvvələrin formalaşdırılması barədə razılığa gəliblər. Artıq şərhçilər bu razılaşmanı keçmiş sovet ordusunun yeni formada bərpası kimi dəyərləndirirlər. Azərbaycan üçün isə bu razılaşma ona görə narahatlıq doğurur ki, kollektiv silahlı qüvvələr formalaşdıran ölkələr arasında Ermənistan da var. İstənilən halda, Azərbaycanla Ermənistan arasında hərbi münaqişə davam etdiyinə görə bu razılaşma bizim üçün yaxşı heç nə vəd etmir. Onsuz da Ermənistan KTMT-nin üzvü kimi indiyədək Rusiya ilə eyni hərbi blokda təmsil olunurdu və öz ərazisində rus qoşunlarını yerləşdirmişdi. İndi isə bu blok həm də kollektiv silahlı qüvvələrə malik təşkilata çevrilir. Bu da KTMT-nin müəyyən formada hazırda dünyada mövcud olan yeganə hərbi blok olan NATO-ya qarşı qoyulması deməkdir. Qeyd edək ki, Kollektiv Çevik Qüvvələr formalaşdırmaq ideyası ötən ilin sentyabrında, yəni Rusiyanın Gürcüstana qarşı 5 günlük müharibəsi başa çatandan sonra məhz Kreml tərəfindən ortaya atılıb. Rusiya prezidenti Dmitri Medvedyev o zaman açıq şəkildə bəyan etmişdi ki, məqsəd hansısa bir ölkənin postsovet məkanında hərbi-siyasi dominatlığına yol verməmək, yeni hərbi münaqişələri önləmək və yarana biləcək münaqişəli situasiyaya çevik hərbi müdaxilə etməkdir. Münaqişələri önləmək deyəndə Kreml şübhəsiz ki, üzərinə barışdırıcı missiya götürüb fəaliyyət göstərməyi nəzərdə tutmur. Moskvanın məqsədi elə vəziyyət formalaşdırmaqdır ki, Rusiyanın təsir dairəsində heç kim, məsələn, Azərbaycan status-kvonu dəyişdirmək və öz ərazilərini azad etmək üçün Gürcüstan kimi hərbi əməliyyatlara başlamaq cəsarətinə malik olmasın. Buna görə də Moskva razılaşması Azərbaycan üçün yeni hərbi-siyasi situasiya yaradır. İndi Ermənistan Rusiya ilə hərbi alyansı möhkəmləndirmək və öz ərazisində rus qoşunlarının yeni hissələrini yerləşdirmək, habelə Moskvadan daha çox hərbi yardım almaq imkanları əldə edir. Rusiya isə öz növbəsində regionda hərbi iştirakını daha da gücləndirmək fürsəti qazanır. Nəzərə alınmalıdır ki, Rusiya faktiki olaraq işğal etdiyi Gürcüstan ərazilərinin bir hissəsində-separatçı Abxaziyada daimi əsasda özünün irimiqyaslı hərbi iştirakını təmin etməyə hazırlaşır. Xəbərlərə görə, Rusiya Abxaziyada hərbi dəniz, hərbi hava və iki yerüstü qüvvələr bazasını yerləşdirmək niyyətindədir. Birdən-birə dörd hərbi bazanın Qara dəniz sahillərində yerləşdirilməsi şübhəsiz ki, Kremlin iddia etdiyi kimi, təkcə Abxaziyanı Gürcüstanın mümkün hücumlarından qorumaq məqsədi daşımır. Bu planlarda məqsəd geniş Qara dəniz və Cənubi Qafqaz bölgəsini hərbi nəzarətə götürməkdir. Rusiya NATO-nun Qara dənizdə özünün hərbi dəniz qüvvələrini yerləşdirmək planlarını pozmaq, Cənubi Qafqazda isə tək hakim güc olaraq qalmaq istəyir. Rusiya ötən ilin avqustundan Gürcüstanın digər separatçı bölgəsi Cənubi Osetiyada özünün çoxminli hərbi qüvvələrini yerləşdirib. Əgər Abxaziyada həmin dörd hərbi baza da yerləşdirilsə, o zaman hətta Gürcüstan indiki vəziyyətdə NATO-ya üzv olsa belə, regionda hərbi balans ciddi ölçülərdə Rusiyanın xeyrinə olacaq. Çünki Rusiyanın Ermənistanda da iri hərbi bazası var, üstəlik, bu ölkədə yeni rus hərbi bazasının yerləşdiriləcəyi haqda xəbərlər var. Çıxılmaz vəziyyətlə üzləşdiyini nəzərə alan Gürcüstan yeganə yol kimi ABŞ-la hərbi alyansa daxil olmaq cəhdləri edir. Bu ilin yanvarında Gürcüstanla ABŞ arasında strateji müttəfiqlik müqaviləsi imzalanıb və bu müqaviləyə əsasən, Vaşinqton Tiflisin təhlükəsizliyinin təmin edilməsi üçün üzərinə müəyyən öhdəliklər götürüb. Son məlumatlara görə, Gürcüstan öz ərazisində Amerika bazalarının yerləşdirilməsinə dair danışıqlar da aparır. Bu variant o halda reallaşa bilər ki, Rusiya Abxaziyada bazalar yerləşdirmək planlarını reallaşdırsın. Belə vəziyyətdə Cənubi Qafqaz, oradan isə Mərkəzi Asiya regionlarında 15 ildən çoxdur aparılan siyasət hesabına qazanılan mövqeləri itirmək təhlükəsi qarşısında qalan Birləşmiş Ştatların da başqa variantı qalmaya bilər. Ona görə də Gürcüstan ərazisində Amerika bazalarının yerləşdirilməsi məsələsi indi kifayət qədər aktual hesab edilə bilər. Çünki Rusiya eyni vaxtda ABŞ-ı Mərkəzi Asiyadakı hərb iştirakına son qoymaq üçün də son həmlə edib. Xəbər verildiyi kimi, Qırğızıstan prezidenti Moskvada apardığı danışıqlardan sonra ölkə ərazisindəki Amerika aviabazasının bağlanacağını elan edib. Məlumatlara görə, prezident Kurmanbek Bakiyevin bu barədə fərmanı artıq hakim partiyanın nəzarətində olan parlamentə təqdim edilib. Rusiyanın Xəzərin o tayında və Qafqazda apardığı siyasət onu göstərir ki, Azərbaycan üçün artıq hərbi neytraliteti qorumaq və balanslı siyasi kursu saxlamaq çətin olacaq. De-fakto Azərbaycan indi hərbi baxımdan təklənib. Keçmiş sovet respublikaları gücünü birləşdirdiyi vaxtda əraziləri işğal altında olan Azərbaycanın heç bir hərbi müttəfiqi yoxdur. Türkiyə ilə sıx hərbi əməkdaşlıq var, ancaq qarşılıqlı öhdəliklərlə möhkəmləndirilən müttəfiqlik müqaviləsi yoxdur. ABŞ-la hərbi tərəfdaşlıq da mövcuddur, ancaq bu, Pentaqonun silahlı qüvvələrin möhkəmləndirilməsinə yönələn məhdud proqramlarından uzağa getmir. Əvvəllər ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar aparmaq variantı aktual olanda Pentaqonda Azərbaycan ərazisində mobil hərbi bazalar yerləşdirmək planları fəal müzakirə predmeti idi. Hətta Qərb mənbələrində Amerika qüvvələrinin harada yerləşdiriləcəyini göstərən hərbi xəritələr də yayılırdı. Ancaq belə göründü ki, rəsmi Bakı İran və Rusiya ilə qarşıdurmaya getməmək üçün həmin planları yaxına buraxmadı. Hazırda ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması elə də aktual deyil, ancaq bu variant indiki prezident Barak Obamanın masası üzərində qalır. Yəni nə zamansa ABŞ İranla hərbi münaqişəyə girsə, o zaman Azərbaycanda mobil bazaların yerləşdirilməsi variantı da aktuallaşa bilər. Lakin Rusiyanın siyasəti nəticəsində indi elə vəziyyət yaranır ki, İran məsələsi gündəmdə olmasa belə, ABŞ Azərbaycanda hərbi iştirakını təmin etmək seçimi qarşısında qalır. Belə görünür ki, neftin ucuzlaşması, Kremlin hesab etdiyi kimi, Qərbdən təşkil olunan qlobal iqtisadi böhran və strateji valyuta ehtiyatlarının günbəgün azalması Rusiyanı yaxın sərhədləri ilə bağlı aqressiv hərbi-siyasi planlarından əl çəkməyə məcbur edə bilməyib. İqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, Rusiya öz silahlı qüvvələrinin möhkəmləndirilməsinə 2 trilyon rubl xərcləməyə hazır olduğunu bildirir. Deməli, Azərbaycanın aid olduğu regionda hərbi-strateji qarşıdurma gələcəkdə nəinki zəifləməyəcək, əksinə, artacaq. Belə vəziyyətdə “ayaq altında qalmamaq” üçün Azərbaycanın böyük güclərdən birinin hərbi təminatı altına daxil olmaq ehtiyacı yaranır. Rəsmi Bakı haqlı olaraq bu cür strateji məsələlərdə seçim etməyi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə bağlayır. Yəni işarə edilir ki, bu münaqişənin ədalətli həllinə kim kömək etsə, Azərbaycan onun yanında yer alamağa hazırdır. Ancaq Rusiya Ermənistana ötən il ərzində 800 milyon dollarlıq silah verməklə sübut etdi ki, Qarabağ münaqişəsinin ədalətli həlli onun maraqları daxilində deyil. Moskva Azərbaycanın neft gəlirləri hesabına öz silahlı qüvvələrini möhkəmləndirmək və Ermənistan üzərində hərbi üstünlük əldə etmək cəhdlərinə bu cür cavab verdi. O biri tərəfdən isə Ermənistan ordusu indi Rusiya ordusunun bir hissəsinə çevrilir. Deməli, Azərbaycan üçün təkbaşına Ermənistan üzərində hərbi üstünlük qazanmaq çətin olacaq. Çünki söhbət ayrılıqda götürülmüş zəif Ermənistandan deyil, onun güclü Rusiya ilə hərbi ittifaqından gedir. Ona görə də Azərbaycan üçün indi yeganə çıxış yolu kimi ABŞ-la ikitərəfli hərbi müttəfiqlik münasibətlərinə daxil olmaq variantı aktuallaşır. Əks halda, Rusiya onu öz hərbi nüfuz zonasına daxil edəcək. Artıq məlumatlar var ki, Rusiya hərbi çevrələrində rus qoşunlarının Azərbaycana qaytarılmasının mümkün ssenariləri hazırlanır. Fərhad MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar