SON XƏBƏRLƏR

Rusiya bölgəni təcavüzlə hədələyir

2021.10.20, 07:36
Rusiya bölgəni təcavüzlə hədələyir

Gunaz.tv
Rusiya bölgəni təcavüzlə hədələyir moskva.jpg Boris Yelsinin Əsgər Akayevin başında çaldığı rus taxta qaşıqlarının sədası hələ də Orta Asiya liderlərinin qulaqlarından getməyib Fevralın 4-də Moskvada keçirilən toplantıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələr qurumun birgə sürətli çevik reaksiya qüvvələrinin yaradılmasıyla bağlı razılaşma imzalayıblar. Rusiya prezidenti Dmitri Medvedyev kollektiv çevik qüvvələr kontingentinin Rusiya ərazisində dislokasiya olunacağını bildirib. Əvvəl isə vurğulanırdı ki, həmin qüvvələr öz ölkələrinin ərazisində dislokasiya ediləcək və yerli müdafiə strukturlarına tabe olacaqlar. Bu qüvvələr öz döyüş imkanlarına görə HATO-nun hərbi birləşmələrindən geri qalmayacaqlar. Prezidentin köməkçisi Sergey Prixodka bildirib ki, kollektiv çevik qüvvələr kontingenti hərbi təcavüzün dəf edilməsi, beynəlxalq terrorrizmə qarşı mübarizə məqsədilə xüsusi əməliyyatların keçirilməsində, böhran vəziyyətlərinin nəticələrinin aradan qaldırlımasında istifadə olunacaq. Arzu Şirinova Xatırladaq ki, yalnız Özbəkistan yeni imzalanan sənədə şərtlərlə qoşulub. Belə ki, bu ölkə yeni yaradılan qüvvələrin tərkibinə bütün xüsusi xidmət strukturlarının, o cümlədən fövqəladə hallar nazirliklərinin daxil edilməsilə hələlik razılaşmır. Göründüyü kimi, Rusiya HATO-ya qarşı yeni bir güc mərkəzi yaratdığını göstərmək istəyir. Dolayısı yolla Azərbaycanda və Gürcüstanda marağı olan Qərb, eləcə də Avropa dövlətlərinə mesaj verir ki, istədiyi vaxt bu ölkələrə hücum edə bilər. Artıq Gürcüstan təcrübəsi ortadadır. Yazıqlar ki, Rusiya bu istəyini Orta Asiya, yəni türkdilli dövlətlərin əliylə həyata keçirmək fikrindədir. Bizi məsələnin digər tərəfi narahat edir. Bu bir həqiqətdir ki, sənədə imza atan türkdilli dövlətlər rəsmi surətdə müstəqil olsalar da, qeyri-rəsmi surətdə hələ də Rusiyanın təsirindən qurtara bilmirlər. Bəzi istisnalar olmaqla həmin ölkələr, eləcə də digərləri öz siyasətlərini Rusiyanın istəyinə uyğun qurmaqda davam edirlər. Sanki onlar üçün 70 il Rusiyanın imperiya siyasəti altında kölə vəziyyətində qalmaq və öz azadlığından məhrum olmaq dərs olmayıb. Sözügedən ölkələrin rəhbərləri, əksər hallarda bir-birinə dayaq olmaqdansa, əks mövqedən çıxış edir və mövqe sərgiləyirlər. Halbuki bu ölkələrin birgə fəaliyyəti çox məsələlərin həllinə təkan verər və dünya düzənində yerləri bilinər. Heç uzağa getməyək, ötən il martın 14-də BMT-nin Baş Assambleyasının 62-ci sessiyasında Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamənin səsə qoyulması və qəbul olunmasıyla bağlı mövqe sərgilənən zaman Özbəkistan istisna olmaqla, ( söhbət Müstəqil Dövlətlər Birliyinə üzv olan türkdilli dövlətlərdən gedir-A.Ş.) digər türkdilli dövlətlər soy-köklərinə utanc gətirən bir işə imza atdılar. Belə ki, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və dost saydığımız Tacikistan Azərbaycanın maraqlarına uyğun, haqqın-ədalətin bərqərar olmasını özündə əks etdirən qətnamə səsə qoyulan zaman bitərəf qalmaqla və yaxud səsvermədə iştirak etməməklə münasibətlərini bildirdilər. Ancaq başqa vaxtı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə bəyanlayıblar. Əgər Azərbaycanın ərazi bütövlüyü sözdə dəstəklənirsə, bunun təsdiqi əməldə də bilinməlidir. Bu cür əməl isə təbii ki, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə imza atarkən sübuta yetirilməlidir. Belə götürəndə sözügedən qətnamədə xüsusi olaraq nələrsə göstərilməmişdi. Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, bu torpaqlardan didərgin düşən məcburi köçkünlərin öz yerlərinə qayıtması göstərilmişdi ki, bunun da lehinə özünü türk dövləti kimi təqdim edən və sözdə hər zaman yanımızda olduqlarını bildirən bütün türk dövlətləri səs verməliydi. Daha bitərəf qalmaq və ya səsvermədə iştirak etməməklə Ermənistana şərəf gətirdiklərini, Rusiyanın siyasətini həyata keçirdiklərini ortaya qoymamalıydılar. Dəfələrlə olub ki, həmin ölkələr bu və digər mənalarda Ermənistanı öz hərəkətləriylə şərəfləndiriblər. Məsələn, Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Ermənistana səfəri zamanı İrəvanda ucaldılan qondarma erməni soyqırımı abidəsinə gedərək, gül çələngi qoymuş, eyni zamanda abidənin önündə ikiqat əyilərək təzim etmişdi. Əsgər Akayevlə bağlı bir faktı da qeyd etmək yerinə düşər. Rusiyanın keçmiş prezidenti Boris Yeltsenin mühafizə xidmətinin keçmiş rəhbəri ölkədən qaçıb gedəndən bir müddət sonra Londonda gördükləri hadisələrlə bağlı kitab nəşr etdirib. O yazıb ki, bir dəfə Kollektiv Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Qazaxıstanda qeyri-rəsmi görüş keçiriblər. Görüşdən sonra dövlət başçıları ziyafətə qatılıblar. Məclisdə spirtli içki içərək sərxoş olan Boris Yeltsen bildirib ki, könlünə "qaşıq çalmaq" düşüb, ona görə də rus ənənəsinə uyğun olaraq taxta qaşıq tapılmalıdır. Taxta qaşığın tapılmadığını görən Boris Yeltsen dəmir qaşıqları əlinə alaraq sərxoş vəziyətdə qarşısındakı qablara çırparaq əcaib səslər çıxarmağa başlayıb. Hərəkətlərinə sərhəd qoymayan Rusiyanın keçmiş dövlət başçısı "ustalıtını" Qırğızıstanın dövlət başçısı Əsgər Akayevin başında da yoxlayıb. Dövlət başçılarının təəccübünü görən Boris Yeltsen bunun fərqinə varmadan hərəkətlərinə davam edib və bildirib: "Sənin başında yaxşı səs çıxır". Əsgər Akayev bu cür alçaldıcı münasibətə etiraz etmək əvəzinə, sadəcə susub. Hə bilək bəlkə Dmitri Medvedyev də sələfi Boris Yeltsen kimi kiminsə başında nağara çalıb və bundan xüsusi zövq alıb. Bir sözlə, indi praktiki halda rus qaşıqları ilə nağara çalınmasa da, sənədin imzalanması bundan da betərdi. xxx İkinci aydır ki, Milli Teleradio Şurası Azərbaycanda türk seriallarının televiziyalarda yayımını qadağan edən qərar qəbul edib. MTŞ-nin rəhbərlərinin düşüncəsinə görə, türk seralları Azərbaycan dilinə, yəni Azərbaycan türkcəsinə tərcümə olunduqdan sonra efir üzü görə bilər. Məsələ təkcə türk seriallarında deyil. MTŞ-nın qərarından qorxan bəzi televiziyalar hətta efirə dəvət etdikləri türk qonaqların da danışıqlarını tərcümə etməyə başlayıblar. Məsələn, məşhur türk müğənnisi Çelik Azərbaycandakı fəaliyyətindən danışarkən onun söylədikləri ana dilimizə-Azərbaycan türkcəsinə tərcümə olundu. Müğənninin danışdıqları tərcüməsiz belə anlaşıldığı halda, tərcüməçi bunu çevirir və bu zaman bayağı bir mənzərə alınırdı. Yəni anladığın bir fikir yenidən səslədirilirdi ki, bu da hansısa bilgi almaqdan çox əsəbləri yerindən oynadırdı. MTŞ-nın bu qərarının başdan yanlış olduğu hamıya bəlliydi. Bu bəlli həqiqəti nə yaxşı ki, ölkənin ziyalıları, millət vəkilləri-iqtidar və məxalifət olmasından asılı olmayaraq-ümumilikdə, əksəriyyət mətbu orqanlar müdafiyə etməyə və həqiqətin yanında olduqlarını bildirməyə başladılar. Məsələn, millət vəkili Siyavuüş Hovruzov Milli Teleradio Şurasının qərarı ilə türk dilində yayımlanan serialların tərcümə olunaraq efirə verilməsinə narazılığını bildirib və bu kampaniya ələyhinə çıxaraq türk dilinə qoyulan qadağanın aradan qaldırılmasını tələb edib: "Türk dilində yayımlanan serial və filimlərin tərcümə olunmasını başa düşə bilmirəm. Hansı tərcümədən söhbət gedə bilər? Biz türkdilli xalqıq, bir rayonun digərindən şivəsində, ləhcəsində fərq ola bilər. Bunun tərcüməyə ehtiyacı yoxdur". Siyavuş Novruzov eyni zamanda deyib ki, Azərbaycanda türk dilini başa düşməyən insan az ola bilər: "Azərbaycnda türk dilini kim başa düşmür? Kim başa düşmürsə, bu, onun öz problemidir. Kim başa düşmürsə, o şəxs öz milli kökünü araşdırmalı və haradan gəldiyini bilməlidi". Onun fikrincə, türk dilində olan verliş Azərbaycan dilində verilə bilməz: "Azərbaycanın bir siyasi müttəfiqi və bir qardaşı var o da Türkiyədir. Heydər Əliyev deyib ki, biz bir millət iki dövlətik. Millətin isə dili iki hissədən ibarət ola bilməz". Bu sıraya millət vəkilləri Məlahət İbrahimqızı, Gültəkin Hacıbəyli və Qənirə Paşayeva da qoşulublar. Məlahət İbrahimqızı türkcə efirə gedən veriliş və filmlərin tərcüməsinin tələb edilməsini düzgün saymadığını deyib. Onun sözlərinə görə, ortaq türkcənin yaradılması ideyasının irəli sürüldüyü, türk dünyası ilə əlaqələrin inkişaf etdirildiyi bir vaxtda Milli Teleradio Şurasının belə bir qadağa tətbiq etməsi anlaşılmazdır: "Digər tərəfdən, biz hamımız türkük. Televiziyaların türk dilində yayımladığı serialları da çox yaxşı başa düşürük. Bu gün nə Azərbaycan prezidenti Türkiyəyə gedəndə, nə də Türkiyə rəhbərləri Bakıya gələndə keçirdikləri görüşlərdə tərcüməçidən istifadə edirlər. Onlar eyni dildə danışdıqlarından bir-birini çox yaxşı başa düşürlər". Millət vəkili Gültəkin Hacıbəyli fikirlərinə Mirzə Ələkbər Sabirin yazdığı şeirdən gətirdiyi sitatla başlayıb: Osmanlıcadan tərcümə türkə, bunu bilməm, Gerçək yazıyor gəncəli yainki hənəkdir, Mümkün iki dil bir-birinə tərcümə amma, Osmanlıcadan tərcümə türkə, nə deməkdir? Gültəkin Hacıbəyli Azərbaycanda insanların böyük bir hissəsinin onsuz da peyk və kabel televiziyaları vasitəsi ilə əcnəbi kanallara baxdığını deyib: "Bu cür qadağalar insanları yerli televiziyalara baxmaqdan uzaqlaşdıra bilər. Bir millətin iki dövləti ola bilər, amma bir millətin iki dilinin olması absurddur". Millət vəkili Qənirə Paşayeva da həmkarlarının MTŞ-nin Türkiyədə istehsal olunan serialların dublyaj edilməsilə bağlı qərarının əleyhinə səsləndirdikləri fikirləri dəstəklədiyini bildirib: "Azərbaycan bu gün türk xalqlarının qurultayına ev sahibliyi edir. Türkiyə türkcəsində verilişlərin və serialların, xəbər proqramlarımızda Türkiyə rəsmilərinin çıxışları olan sinxronların tərcüməsi düzgün deyil. Mən ümid edirəm ki, bu məsələyə yenidən baxılacaq və yanlışlıq düzəldiləcək". Onun sözlərinə görə, MTŞ-nin qərarının nəticəsi bu olub ki, insanlar peyk və kabel televiziyalarına üstünlük verərək yenidən Türkiyə kanallarını izləməyə başlayıblar: "Bəs Azərbaycan telekanallarında nə baş verdi? Türkiyə seriallarının yerini Azərbaycanın istehsalı olan proqramlar tutmadı. Əksinə, efir yenidən milli-mənvi dəyərlərimizə yad olan Barziliya serialları ilə doldu. Halbuki Türkiyə serialları milli-mənəvi dəyərlərin aşılanması baxımından daha müsbət əhəmiyyətə malik idi". MTŞ-in rəsmisi bildirib ki, lazım gələrsə, Azərbaycanın ləhcələri də tərcümə edəcəklər. Sözügedən qurum rəhbərinin köməkçisi Toğrul Məmmədovun millət vəkillərinin etirazına münasibəti isə təəccüb doğurur: "Milli Məclisdə 125 deputat var. Onlardan 4-5-nin rəyi parlamentin mövqeyini ifadə etmir. Şuranın qərarı "Dövlət dili" haqqında qanunun 18-ci maddəsinin tələblərinə əsaslanır. Orada birbaşa göstərilir ki, telekanallar dövlət dilinin normalarına riayət etməlidir". Absurd və əsası olmayan fikirlərdir, elə deyilmi? "Dövlət dili" haqqında qanunu qorumaq fikrində olan MTŞ eyni millətin dilinin əleyhinə olmaqdansa, televiziyalarda qeyri-mütəxəssislərin apardıqları verilişlərdə Azərbaycan türkcəsinin başına açdığı oyunlara diqqət yetirsinlər. Onda görərlər ki, sözügedən qanunun müddəsı necə kobud şəkildə pozulur. O ki, qaldı Azərbaycanın bölgələrində danışılan ləhcələrin tərcüməsinə, bu fikirlər düşmən dəyirmanına su tökməkdən və Azərbaycanı bölgələrə bölməkdən başqa nəyəsə qulluq etmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar