SON XƏBƏRLƏR

Moskvanın "NATO-su"

2021.10.20, 07:36
Moskvanın "NATO-su"

Gunaz.tv
Moskvanın "NATO-su" KTMT-nin ümumi hərbi qüvvələrini yaratmaqla Rusiya ABŞ-a meydan oxuyur Dünən Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələr çevik kollektiv qüvvələr (ÇKQ) yaradılması haqqında layihəni razılaşdırdılar və imzaladılar. Bu barədə KTMT sammitindən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Dmitri Medvedyev bildirib. Onun sözlərinə görə, qurumun bütün üzvləri (Rusiya, Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan) vahid silahlı qüvvələr yaratmaq barədə "qərarın zəruri olması" ilə razılaşıblar. KTMT-nin sammitində RF, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri Dmitri Medvedyev, Serj Sərkisyan, Aleksandr Lukaşenko, Nursultan Nazarbayev, Kurbanbek Bakiyev, Emomali Raxmon, İslam Karimov, həmçinin KTMT-nin baş katibi Nikolay Bordyuja iştirak edib. ÇKQ-nin nə zaman yaradılacağı hələlik məlum deyil. Medvedyev ÇKQ-nin Rusiya ərazisində yerləşdiriləcəyini bildirib. RF prezidentinin sözlərinə görə, ÇKQ döyüş potensialına görə, NATO-nun anoloji strukturlarından geri qalmayacaq: "Bu, ciddi, öz həcminə görə yetərli, ən müasir texnika ilə təchiz edilmiş və ən effektli qüvvələr olacaq. Rusiya ÇKQ-yə diviziya və briqada verməyə hazırdır. Elə bu, gücün miqyasını göstərir" (RİA "Novosti"). Onun sözlərinə görə, ÇKQ "hərbi təcavüzün dəf edilməsi, beynəlxalq terrorizmə, narkotraffikə, beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, habelə fövqəladə hadisələrin nəticələrinin ləğv olunması" üçün yaradılır. Hazırda kollektiv təhlükəsizlik sistemi regional prinsip üzrə qurulub və üç regional qoşun qruplaşması var: Şərqi Avropa (Rusiya-Belorus), Qafqaz (Rusiya-Ermənistan) və Mərkəzi Asiya. ÇKQ planı haqqındakı əvvəlki məlumatlara görə, kollektiv qüvvələr daimi olaraq Rusiya ərazilərində dislokasiya edəcək və onlara KTMT ölkələrinin hərbi hissələri statusu veriləcək, qüvvələrin ümumi komandanlığı olacaq. ÇKQ-nin əsas qüvvəsi kimi Rusiyanın 98-ci qvardiya hava-desant diviziyası və 31-ci desant-hücum briqadası nəzərdən keçirilir... ÇKQ-nin (KSBR -kollektivnıx sil bıstroqo reaqirovaniya) yaradılması Moskvanın KTMT-ni hərbi bloka çevirməkdə olduğunu göstərir. Açıq şəkildə bəyan edilir ki, ÇKQ təcavüz və ya digər fövqəladə hallarda blok üzvlərinə kömək etmək üçün yaradılır. Bəzi müşahidəçilərə görə, KTMT ÇKQ Moskvanın NATO-nun Şərqə doğru genişlənməsinə və ABŞ-ın Mərkəzi Asiyada öz hərbi-siyasi iştirakını gücləndirməsinə qarşı cavabıdır. Hər halda, KTMT-nin indiyədək dağılmamasını və əksinə, hərbi bloka çevrilmək yolunda olmasını Rusiyanın uğuru saymaq olar. Xatırladaq ki, KTMT 1992-ci ildə SSRİ-nin xarabalıqları üzərində yaranmışdı. 2000-ci ilədək KTMT formal qurum idi. Putin Kremlə sahib olduqdan və Rusiya Orta Asiyada mövqelərini bərpa etməyə başlayandan sonra Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsinə (KTM) diqqəti artırdı, 2002-ci ildə müqavilə əsasında daimi struktur (KTMT) yaradıldı. Bu zamandan başlayaraq Rusiya ilə 2001-ci ildən sonra Orta Asiyada bazalarını qurmuş ABŞ arasında regiona nəzarət uğrunda rəqabət daha da sərtləşdi. Xatırladaq ki, Amerika Əfqanıstandakı NATO kontingentinin fəaliyyətini təmin etmək üçün Özbəkistan və Qırğızıstanda hərbi bazalar yaratmışdı. Bu rəqabətdə ABŞ əvvəlcə Özbəkistanı itirdi. Amerika daha bir zərbəni isə düz KTMT sammiti ərəfəsində aldı. Artıq xəbər verdiyimiz kimi, Qırğızıstan prezidenti Kurbanbek Bakiyev fevralın 3-də Moskvada keçirdiyi brifinqdə bildirib ki, rəsmi Bişkek ABŞ-ın "Manas" hərbi aeroportundakı bazasını bağlayır. Bişkekin bu qərara varmasında Moskvanın yalnız "xeyir-duası" deyil, pulu da öz sözünü deyib. Belə ki, Rusiya Qırğızıstana 2 milyard dollar məbləğində kredit və 150 milyon dollar əvvəzsiz maliyyə yardımı ayıracaq. Sonuncu məbləğ Qırğızıstanın "Manas"a görə ABŞ-dan aldığı yardıma bərabərdir. Rusiya Orta Asiyadakı nüfuz dairəsini yenidən bərpa edir və üçüncü dövləti, ilk növbədə ABŞ-ı ora buraxmamağa çalışır. ÇKQ isə bunun üçün pis alət deyil. Moskvanın planlarına Rusiyanın qlobal böhran nəticəsində çətin günlər keçirməsi mane ola bilər. Elə KTMT-nin digər üzv-ölkələrində də vəziyyət ürək açan deyil. Məsələn, bu ölkələr ÇKQ-yə vur-tut bir batalyon ayırmaqla kifayətlənəcəklər. Özü də məsələ yalnız maliyyədə deyil, Mərkəzi Asiya ölkələri Rusiyanın regionda təsirinin hədsiz artmasından da çəkinməmiş deyillər. Digər tərəfdən, Özbəkistan ÇKQ ilə bağlı sənədi "xüsusi rəylə" imzalayıb. KTMT-nin mətbat katibi Vitali Struqovetsin sözlərinə görə, rəsmi Daşkənd kollektiv qüvvələrin tərkibinə "bütün xüsusi xidmətlərin, o cümlədən DİN, FHN qüvvələrinin daxil edilməsi variantı ilə razı deyil". Özbəkistan antiterror, narkotika ilə mübarizə kimi əməliyyatlara öz qoşunlarını göndərməyə razılıq verib. Beləliklə, qlobal böhran Rusiyanı ciddi şəkildə vursa da, Moskva geopolitik planlarından əl çəkmək niyyətində deyil. Yəni Rusiya Avrasiya məkanında, o cümlədən Qafqazda ABŞ-ın təsirinə qarşı sonadək müqavimət göstərməyə qərar verib. Bunu, habelə KTMT-də Ermənistanın iştirakını nəzərə alsaq, ÇKQ-nin yaradılmasında Azərbaycan üçün xoş heç nə yoxdur. Çox güman ki, Rusiyanın geopolitik layihələri elə kağız üstündə qalacaq, Amerikaya sözdə meydan oxumaqdan o yana keçməyəcək. Lakin bunun özü də onsuz da gərgin vəziyətdə olan regionda durumun daha pisləşməsi üçün yetərlidir. X.Rüstəm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar