SON XƏBƏRLƏR

Putinin taxtı laxlayır

2021.10.20, 07:36
Putinin taxtı laxlayır

Gunaz.tv
Putinin taxtı laxlayır Rusiyanı kütləvi aksiyalar bürüyüb, prezidentlə baş nazir arasındasa uçurum yaranır Artıq üç gündür ki, Rusiyanın bir çox şəhərlərində kütləvi mitinq, yürüş və etiraz aksiyaları davam edir. Vətəndaşlar qlobal maliyyə böhranı şəraitində ölkə rəhbərliyinin yürütdüyü siyasətdən narazılığını bildirir, işsizliyin kütləvi bəlaya dönməsinə, fəaliyyətini dayandıran müəssisə və şirkətlərinin sayının sürətlə artmasına, kütləvi ixtisarlara etiraz edirlər. Maliyyə böhranı Kremlin siyasi stabillik üçün həyata keçirdiyi planları alt-üst edə bilər. "The Financial Times" bildirir ki, etiraz aksiyalarına demokratlar və hüquq müdafiəçiləri ilə yanaşı, kommunistlər, neofaşistlər, hətta ehtiyatda olan zabitlər də çıxıblar. "Görünür, Vladimir Putinin hakimiyyətə gəldiyi gündən bəri Kreml ən ağır vəziyyətlə üzləşib. Qlobal maliyyə böhranı Rusiyada gün keçdikcə daha ağır nəticələrlə özünü göstərir", - "The İndependent" yazıb. Vladivostokda küçələrə çıxmış minlərlə insan "Kreml, biz sənə qarşıyıq!" şüarını söyləyərək baş nazir Vladimir Putini istefa verməyə çağırıblar. Kremldə isə prezident Dmitri Medvedyev və baş nazir Vladimir Putin arasında uçurum yaranıb. "Ölkədəki bütün ağıllı, ciddi adamlar anlayırlar ki, altı ay sonra burada fəlakətli vəziyyət yaranacaq. Buna görə də Medvedyev indidən ehtiyatlı tərpənir, vətəndaşlara dolayı yolla çatdırır ki, iqtisadiyyatdakı problemlərə görə bilavasitə məsuliyyəti baş nazir Vladimir Putin daşıyır", - məşhur politoloq Dmitri Oreşkin deyib. "The New York Times" hesab edir ki, Vladimir Putinin genişmiqyaslı planları təhlükədədir. "Son 8 il ərzində Putin hakimiyyəti əlində cəmləşdirməklə məşğul olanda rusiyalılar səslərini çıxarmırdılar. Onlar deyirdilər: "Canınız cəhənnəmə, nə edirsiniz edin: təki yeni avtomobillər almaq üçün pul, supermarketlərdə bolluq, möhkəm rubl və Türkiyədəki kurortlarda dincəlmək imkanı olsun. İndisə Putinlə xalq arasındakı anlaşma çat verir. Putinin yaratdığı sərt fərdi hakimiyyət sistemi indi onun özünü tələyə salıb. Ölkədəki iqtisadi vəziyyət bundan sonra da pisləşərsə, xalq Putini bağışlamayacaq", - qəzet hesab edir. "Carnegie Moscow Center"in direktoru Dmitri Trenin isə söyləyir ki, əgər indi işləyən rusiyalılar "Yetər artıq!" desələr, Putin rejiminin sonu çatacaq: "Qorbaçovun başına bu iş gəlmiş, Yeltsin isə rusiyalıların qəzəbindən canını güclə qurtarmışdı". Onun dediyinə görə, Kreml böhran şəraitində ölkəyə gətirilən avtomobillərə tətbiq edilən gömrük rüsumlarını artırır, oliqarxları vətəndaşların pulları hesabına xilas edir və rublun kursunun sürətlə aşağı düşməsi ilə bacara bilmir. "The Guardian" isə zənn edir ki, intiharların sayına görə onsuz da dünyada birinci yerlərdə olan Rusiyada qlobal maliyyə böhranını doğurduğu çətinliklərdən dolayı, həyatlarına son qoyan insanların sayı yaxın aylarda sürətlə artacaq. Həkimlər və psixologiya sahəsindəki ekspertlər bildirirlər: işlərini itirəndən sonra intihar edən rusiyalıların sayı bu il "ənənəvi" intiharçılardan - nevrastenik və bədbəxt aşiqlərdən dəfələrlə çox olaraq rekord həddə çatacaq. Belə ki, ilin əvvəlindən bəri Rusiyada sırf iqtisadi böhranının nəticələri ilə bağlı 112 intihar qeydə alınıb. İşdən çıxarılan və ixtisara düşən insanlar elə iş yerlərindəcə həyatlarına son qoyurlar. Biznesmenlər isə aldıqları kreditləri qaytarmaq və borclardan qurtulmaq üçün pul tapmayanda özlərini vururlar. Ötən il Rusiyada 35 min insan intihar edib. Psixoloqlar deyirlər ki, ötən ilin ortalarından bəri Rusiyadakı iş adamları arasındakı intiharların əksəriyyəti pulsuzluq və ya borclarla yox, əvvəlki yüksək statusun əldən çıxması ilə bağlıdır. Adi insanlara gəldikdə isə, onlar üçün iş yerinin itirilməsi və işsizlik bəzən həyatın sonu olur. Bütün bunlarla bahəm, Rusiyada iqtisadi böhran nəticəsində alkoqol psixozu da gözlənilir: ölkədə spirtli içki satışları sürətlə artır. Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyi isə ölkədə işsizlərin sayının 6% artaraq 1,642 milyon nəfərə çatdığı bəyan edib. Onlar rəsmi qeydiyyata düşmüş vətəndaşlar olduğundan, işsizliyin real artımı dəfələrlə çoxdur. İşsizliklə bağlı ən pis vəziyyət Kostroma, Lipetsk, Smolensk, Tver, Ulyanov, Kaluqa, Çelyabinsk, Voloqda, Orenburq və Novqorod vilayətlərindədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar