
HƏDƏLƏNƏN VƏKİL MÜDAFİƏDƏN İMTİNA EDİB Bir gəncin 10 dəqiqəlik məhkəməsi S.SƏDRƏDDİN Tehran hakimiyyətinin mürtəceliyini bilmək üçün onun davranışını izləmək yetərlidir. Edam cəzasının icrası baxımından 370 nəfərin həyatına qıyan İran İslam Respublikası kommunist Çindən sonra dünyada ikinci yeri tutur. Milli-mədəni haqlarını, o cümlədən ən ibtidai insan haqqını istəyən Azərbaycan türklərini həbs edərək zindanlarda işgəncəyə məruz qoyan bu hakimiyyət ötən həftə 23 yaşlı tələbə Əsgər Əkbərzadəni 5 il müddətinə azadlıqdan məhrum etdi. "Azadlıq" radiosunun məlumatına əsasən, Ərdəbil şəhərindəki "Peyame-Nur" adlı universitetin kimya fakültəsinin tələbəsi Ə.Əkbərzadənin məhkəməsi 10 dəqiqə sürüb. O, cari ilin yayında həbs olunduqdan sonra 30 min dollarlıq girov qarşılığında zaminə buraxılmışdı. Xəbərə görə, onun hökmündə yazılıb: "ETTELAAT-ın verdiyi məlumata əsasən, müttəhim "Azərbaycan Milli Hərəkatı" adlı qanunsuz quruma üzv olmaqla yanaşı, təşkilatın Ərdəbildəki rəhbərinin xaricdə və ya həbsdə olacağı halda onu əvəzləmək səlahiyyətinə malik olub. O, iclaslar təşkil edib, orada gənclər arasında mövcud quruluşa qarşı şüarlar söyləyib, milliyyətçilik və bölücülük ideyalarını yayıb". Heç kimə sirr deyil ki, Azərbaycan Milli Hərəkatı adlı bir qurum yoxdur. Bu, 50 milyonluq Azərbaycan türkünün milli haqqının təmin olunması uğrunda başlanılan bir hərəkatdır. Həmin hərəkatın istəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Bu baxımdan Tehran hakimiyyətinin lideri, təşkilatı, üzvləri bəlli olmayan, qurum adlandırdığı bir hərəkatın üzvlərinin ovuna çıxması məntiqsiz görünür. İran Ana Yasasında nəzərdə tutulan bəlli maddələrin icrasını istəməyin milliyyətçiliklə heç bir əlaqəsi yoxdur. Əslində ölkə Ana Yasasının icrasını tələb etdikləri üçün belə gənclər alqışlanmağa layiqdir. Ötən həftə İslam Respublikasının 500 ictimai-siyasi fəalı milli varlıqlarının qorunması uğrunda dinc fəaliyyət göstərən azərbaycanlılara qarşı təzyiqlərin dayandırılmasını və onların müxtəlif bəhanələrlə kütləvi həbsinə son qoyulmasını tələb ediblər. "Mediaforum"un məlumatında deyilir ki, həmin bəyanatda Azərbaycan milli-mədəni hərəkatını əzmək üçün Tehran hakimiyyətinin yeni layihələr hazırlamasından narahatlıq bildirilib: "Son aylar Azərbaycan xalqının hüququ uğrunda dinc fəaliyyət göstərən tanınmış ziyalılar, yazıçılar, jurnalistlər və tələbələrə qarşı hakimiyyət təzyiqi gücləndirib. Səttarxanın anım mərasimində Hüseyn Hüseyninin tutularaq naməlum istiqamətə aparılması, tanınmış jurnalist Məhəmmədrza Ləvainin həbsi, qadın huquq müdafiəçisi Şahnaz Qulaminin tutulması və s. davranışlar İranda insan haqları uğrunda fəaliyyət göstərən təşkilatların narahatlığına səbəb olub". Bir müddət öncə İranın Qum şəhərində bir qrup aşığın tutulması haqda xəbər vermişdik. "Baybak"ın məlumatına əsasən, hakimiyyət onların həbsinə bəraət qazandırmaqdan ötrü təxribata başlayıb. Xatırladaq ki, sentyabrın 23-də Güney Azərbaycanın "Aşıqlar" qrupu həbs edilmişdi. Bu musiqi dəstəsi Tehran hakimiyyətinin dini-ideoloji mərkəzi sayılan Qum şəhərində milli-mədəni sahədə fəaliyyət göstərirmiş. Onların arasında aşağıdakıların adları olduğu bildirilib: aşıq Əkbər Qulami, aşıq Mehdi Sədri, aşıq Məhəmməd Səhrayı, aşıq Hüseyn Həqiqi, aşıq Eynulla Əzizi, Həsən Yavər Qərənli, aşıq Abbas Zənd, Əmir Qərənli, Əli Qərənli, Hüseyn Kərimi, Məcid Mehdilu, Məhəmmədrza Ruhita, Həsən Abbasi. Tehran hakimiyyətini narahat edən məsələlərdən biri də onların ifa etdikləri Azərbaycan aşıq havaları və mahnılarından ibarət kompakt diskin bir neçə gün ərzində 40 mindən artıq sayda satılmasıdır. Aşıqların həbsinin Türkiyə KİV-də də yayılmasından Tehran bir qədər də rahatsız olub. Bunu ört-basdır etməkdən ötrü İslam Respublikası aşıq mahnıları və havalarını "mübtəzəl" ("irfə ziddi", yaxud islama zidd) adlandırır. Bundan başqa Quzey Azərbaycan, Türkiyə televiziyalarının, habelə Güney Azərbaycan televiziyasının yayımladığı verilişlərə belə ad qoyur. Amma xaricdən, o cümlədən ABŞ-dan fars dilində İran ictimaiyyəti üçün nəzərdə tutulmuş teleradio verilişləri mübtəzəl sayılmır. Əksinə, farsca olduğu üçün həmin informasiya vasitələrinə maliyyə yardımı belə göstərilməkdədir. İrandan xaricdə yayımlanan farsdilli verilişlər arasında ən məşhuru Los-Ancelesdədir. Amerika, Hollandiya, İsveç, Almaniya və ərəb dövlətlərindən yayımlanan televiziya kanallarında da farsca musiqi, film və əyləncəli verilişlər nümayiş olunur. Bundan başqa həmin dil tədris olunur, fars mədəniyyəti təbliğ edilir. Onu da qeyd etmək lazımdır ki, bu televiziyaların bəzilərinin qurucuları və maliyyələşdirənləri Güney Azərbaycan türkləridir. İran hakimiyyətinin verdiyi qərarlara və ölkənin mövcud Ana Yasasına görə, ölkədən xaricdə yayımlanan telekanalların İslam Respublikasında yayımı və fəaliyyət göstərməsi yasaqdır. Bu qaydalara əvvəllər əməl olunsa da, indi buna o qədər də əhəmiyyət verilmir. Səbəbi bəllidir. Azərbaycan üçün yayımlanan "GünAz TV" və farsdilli olmayan başqa televiziyalar fəaliyyətə başladıqdan sonra Tehran hakimiyyəti farsdilli kanalları dəstəkləməyə başlayıb. Bu TV-lərə İran rəhbərliyi maliyyə yardımı etməklə yanaşı, ölkədəki bir sıra şirkətlərin reklam olunmasına da imkan verir. Halbuki ölkə qanunlarına görə, həmin televiziya kanallarına reklam verilməsi yasaqdır. Fars dilində olmayanların informasiya vasitələrinə çeşidli viruslar buraxılır, farsca TV-lər üçün isə gücləndirici qurğular quraşdırılır. Hələ ötən il Tehranda çıxan "Keyhan" adlı dövlət qəzeti saylarından birində bu məsələyə toxunaraq yazmışdı ki, farsdilli televiziya kanallarının menecerləri İrana tez-tez gediş-gəliş edirlər. Onlar ölkə ərazisində bu dildə verilişlər hazırlayırlar. Qəzetin açıqlamasına görə, TV-lərin təmsilçiləri ölkə paytaxtı Tehranda və onun yaxınlığındakı Kərəc şəhərində çeşidli televiziya yarışması keçirir, mahnılar üçün kliplər çəkirlər. Hətta xarici ölkələrdə fars dilində keçiriləcək konsertləri belə reklam edirlər. Xatırladaq ki, Tehran hakimiyyətinin təzyiqi nəticəsində Azərbaycanın xaricdən yayımlanan yeganə televiziya kanalı - "GünAz TV" "Türksat" peykindən çıxarıldı. Bu və başqa bu kimi səbəblər ucbatından "GünAz TV" "yer"ini dəyişməyə məcbur oldu. HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN HESABATI İrandakı Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsi ötən həftə noyabr üçün hazırladığı hesabatı yayıb. Həmin məlumatı qısaca olaraq diqqətinizə çatdırırıq. Tehrandakı "Peyami-nur" Universiteti hüquq fakültəsinin bakalavrı Haşim Bərzgər 21 gün həbsxanada saxlanıldıqdan sonra girov qarşılığında zaminə buraxılıb. ETTELAATın yerli şöbəsinin təcridxanasında fiziki və mənəvi işgəncəyə məruz qalmış bu azərbaycanlı gəncə hüquqlarının müdafiəsi ilə bağlı vəkil tutmağa icazə verilməyib. O indiyə qədər həbs olunmasının səbəbini bilmir. Bundan başqa Haşim Bərzgərin həyat yoldaşı Sevil Əsədullahi də İranın təhlükəsizlik orqanları tərəfindən telefonla hədələnmiş, ərinin həbsxanadakı vəziyyətinə dair məlumatı yayacağı təqdirdə barəsində ölçü götürüləcəyi bildirilmişdi. Ötən ayın 13-də Tehran yaxınlığındakı Şah Əbdüləzim qəbiristanlığında Səttarxanın vəfatının növbəti ildönümü ilə bağlı keçirilən mərasimdə təhlükəsizlik qüvvələri 10 nəfərdən çox aksiya iştirakçısını həbs etmişdi. Onların cib telefonları və şəxsi sənədləri müsadirə olunmuşdu. Həmin törəndə tutulmuş universitet müəllimi Abdulla Abbasi-Cavan və Ərdəbildəki Razi adına Texnikumun İslam cəmiyyətinin keçmiş katibi Hüseyn Hüseyni hələ də həbsdə saxlanılır. Onlara ailə üzvləri ilə görüşə icazə verilməyib. Həmin azərbaycanlı gənclərin həbsinə məsul rəsmi şəxslər onlar barəsində ailə üzvlərinə məlumat verməkdən imtina ediblər. Belə bir hal gənclərin həbsxanada işgəncəyə məruz qalması ehtimalını artırır. Onu da əlavə edək ki, Abbasi-Cavan ötən il Tehranda yaşadığı mənzildə həbs olunaraq 130 gün həbsxanada saxlanılmışdı. Bu müddət ərzində fiziki və mənəvi işgəncəyə məruz qalmış Abbasi-Cavan bir il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun bacısı oğlu Hüseyn Hüseyni də Nəğədə (Sulduz) və Ərdəbildəki təhlükəsizlik idarələri tərəfindən tutulmuş, girov qarşılığında zaminə buraxılmışdı. Tehrandakı Azad Universitetin mikrobiologiya fakültəsinin tələbəsi Siruz Hüseynnijat isə girov qarşılığında sərbəst buraxılıb. O, həbsdə olduğu müddətdə təhlükəsizlik qüvvələrinin ona qarşı pis rəftarını söyləyib. Səttarxanın anım günü mərasimində həbs edilmiş S.Hüseynnijat barəsində də rəsmilər məlumat verməkdən boyun qaçırıblar. Tehran "Pəyami-nur" Universiteti ingilis dili tərcüməçiliyi fakültəsinin tələbəsi, İran quru qoşunlarının 29 yaşlı çavuşu Firuz Yusifi də Səttarxanın anım günü mərasimində həbs olunub. 24 gün zindanda saxlanıldıqdan sonra pul girovu qarşılığında zaminə buraxılıb. O, "dövlət quruluşuna qarşı təbliğat aparmaqda" ittiham edilir. Azərbaycanlı Siyasi Məhbusların Haqlarını Müdafiə Komitəsinin hesabatında bildirilib ki, noyabrda Təbrizdə də jurnalistlər və milli-mədəni haqların təmin edilməsini istəyən bir neçə təəssübkeş həbs olunub. Onlardan biri "Ayna"nın ötən saylarında barəsində məlumat verdiyimiz Şahnaz Qulamidir. Başqa biri isə Cəmşid Zareidir. Noyabrın 18-də iş yerində ETTELAAT məmurları tərəfindən həbs olunub. O, 9 gün həbsxanada saxlanıldıqdan sonra pul girovu qarşılığında zaminə buraxılıb. Onun da həbsdə olduğu müddətdə fiziki və mənəvi təzyiqlərə məruz qaldığı, habelə vəkillə təmin edilməsinə imkan verilmədiyi hesabatda öz əksini tapıb. Tanınmış jurnalist Məhəmmədrazi Ləvai Şərqi Azərbaycan əyalətinin Əhər şəhəri yaxınlığındakı Xoca qəsəbəsində ETTELAAT-çılar tərəfindən tutulub. Məlumata görə, o, avtomobil qəzasında həlak olduğu iddia edilən Əmani qardaşlarının dəfn mərasimində hakimiyyət tərəfindən hədələnibmiş. Hesabatda barələrində hökm çıxarılmışlar haqda da məlumat verilib. Güney Azərbaycanın Maku şəhərindən olan Sabir Beytullahi və Bəhmən Nəsirzadəyə inqilab məhkəməsinin Xoy şəhərindəki birinci şöbəsi tərəfindən bir il şərti cəza kəsilib. Məhkəmə prosesi hakim Əlirza Novruzinin sədrliyi ilə qapalı keçirilib. İnqilab məhkəməsinin Güney Azərbaycanın Zəncan şəhərindəki birinci şöbəsinin hakimi Məsum Xaninin sədrliyi ilə keçirilən iclas Səfərəli Xoyini barəsində 6 ay azadlıqdan məhrumetmə cəzası çıxarsa da, hökmün icrası iki illiyə təxirə salınıb. O, əvvəllər Zəncan Azad Universitetində "Şəhriyar" adlı tələbə dərgisinin baş redaktoru olub. Hakimi hökmün surətini Xoyiniyə verməkdən imtina edərək deyib: "Mən hökmü sizə verə bilmərəm, çünki siz onu İnternetdə yayacaq, ya da siyasi sığınacaq almaq üçün başqa bir ölkəyə təqdim edəcəksiniz". Qadın hüquqları uğrunda hərəkatın azərbaycanlı fəallarında biri Fəranək Fərid noyabrın 25-də ETTELAAT-ın yerli idarəsinə çağırılıb. O, qadın hüquqlarına dair Türkiyədə keçirilən konfransa çıxış üçün dəvət edilibmiş. Noyabrın 28-30-da həmin yığıncaqda Azərbaycan Respublikası, Türkiyə və İranda qadın hüquqlarının vəziyyəti müzakirə edilib. Ancaq hakimiyyət onun həmin toplantıya qatılmasını bu yolla əngəlləyib. Azərbaycanlı tələbələr - Məqsud Əhdi, Mənsur Əminian, Aydın Xacei, Əmir Mərdani, Fəraz Zehtab, Səccad Radmehr, Məcid Makui və Ehsan Nəcəfi "milli təhlükəsizliyə xələl gətirmək üçün qanunsuz qruplar təşkil etməkdə və dövlət quruluşuna qarşı təbliğatda" ittiham olunurlar. Həmin şəxslərə qarşı irəli sürülən ittihamlara baxan məhkəmənin ilk iclası 2009-cu il yanvarın 17-də keçiriləcək. Onların həmkarı Daryuş Hatəmi isə 50 min dollarlıq girov qarşılığında zaminə buraxılıb. Yazıçı və hüquq müdafiəçisi Həmid Valai isə "dövlət quruluşuna qarşı təbliğatda" ittiham olunur. Onun məhkəmə prosesi isə təxirə salınmaqla uzadılır. O, ixtisasca hüquqşünasdır. Şərqi Azərbaycan əyaləti vəkillər kollegiyasına üzvlüyü ETTELAAT-ın Təbrizdəki şöbəsi tərəfindən əngəllənib. O, kollegiyanın insan haqları komissiyasına yazdığı açıq məktubda həbsdə olduğu müddətdə baş vermiş qanun pozuntularının araşdırılmasını və pozulmuş hüquqlarının bərpasını istəyib. Ərdəbildəki Azad Universitetin tələbələri - "Xəzər" dərgisinin baş redaktoru Ərdəşir Kərimi-Xiyavi, yazıçı-jurnalist Rəhim Qulami və Vədud Səadətiyə qarşı irəli sürülmüş ittihamlarla bağlı ilkin iclas keçirilib. Onların məhkəmə prosesində İranın ədalət sistemi üçün adi hallardan biri baş verib. İşə baxan hakim Həsənzadə iclas başlamazdan öncə müttəhimlərin hüquqlarını müdafiə edəcək vəkil Mehdi Höccətini danlayıb. Sözə baxmayan vəkili Həsənzadə 3 saat məhkəmə binasında həbs etdirib. Bundan sonra vəkil imzaladığı müqavilədən imtina edib. Əhər şəhərindəki orta məktəb şagirdi İbrahim Nuri yerli məhkəməyə çağırılıb. O, oxuduğu məktəbin direktoru tərəfindən məktəbdən qovulub. Güney Azərbaycanın Urmiya şəhərindəki zindandakı "əhli-həqq"çilərdən (Əli Allahilər) 3-ü - İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi 13 il azadlıqdan məhrum ediliblər. Onlar "küfr yaymaq, inqilab rəhbərini təhqir etmək, icazəsiz odlu silah saxlamaq, quruluşa qarşı silahlı mübarizəyə qalxmaq" kimi ittihamlarla mühakimə olunublar. Həmin qrupun daha iki üzvü - Mehdi Qasımzadə və Yunis Ağaian isə edam cəzasına məhkum edilib. ayna