
GÜRCÜSTAN İKİ OD ARASINDA Hələlik NATO və Qərb oriyentasiyasında dəyişiklik baş verməyib İsmayıl UMUDLU Rusiya hərbi qüvvə tətbiq etməklə Gürcüstanın dünya tərəfindən tanınan iki vilayətinə "əl qoyduqdan" sonra hər şey bitmiş olmadı. Dünya fakt qarşısında qalmadı və bu iki vilayəti Rusiyanın "müstəqil dövlət"ə çevirmək, onun, heç olmasa, bir sıra dövlətlər tərəfindən tanınmasına nail olmaq cəhdlərinin qarşısı uğursuzluq divarı ilə alındı. Hətta Moskvanın ən yaxın müttəfiqi sayılan Belarus və Ermənistan belə bu iki bölgəni müstəqil dövlət qismində tanımaqdan ən müxtəlif bəhanələrlə çəkindilər. Bu gün bu iki "müstəqil dövlət" - Abxaziya və Cənubi Osetiya faktik olaraq beynəlxalq təcrid vəziyyətinə salınmışlar və Rusiya üçün əməllicə "hüquqi problem" yaradılmışdır. Son günlər isə Nikaraquanın keçmişdə "sovetpərəst", indi isə rusiyapərəst lideri, marksist prezident Daniel Orteqanın gələn il Abxaziyaya və Cənubi Osetiyaya səfər edəcəyini söyləməsi dünyada yeni bir lətifə kimi qarşılandı. Abxaziyanın və Cənubi Osetiyanın okeanın o tayındakı balaca, çəkisiz və yoxsul bir Latın Amerikası ölkəsində səfirliyi olacaqmış... ABŞ xarici siyasət idarəsinin rəsmi təmsilçisi Şon Makkormak deyib ki, Abxaziya və Cənubi Osetiya ətrafında tənzim prosesi hələ başa çatmayıb və yumşaqca əlavə olunub ki, Orteqanın oraya getməsi "qeyri-konstruktiv aktdır". Yeri gəlmişkən, Cenevrədə Rusiya və Gürcüstan arasında Qafqazda təhlükəsizlik və sabitlik üzrə keçirilən məsləhətləşmələr dünən nəticəsiz qalıb. Yekun razılaşması imzalanmayıb. Növbəti raund fevralın 17-18-nə təyin edilib. İsveçrənin "Le Temrs" qəzetinin xəbərinə görə, danışıqlar tərəflərin "tam əsəb gərginliyi" şəraitində keçib. Rusiya tərəfini təmsil edən XİN başçısının müavini Qriqori Karasin deyib: "Biz Cenevrəyə ona görə gəlməmişik ki, Gürcüstan avqust hadisələrinin gedişində itirmiş olduğu mövqelərini bərpa edəcək. Biz təhlükəsizlik və sabitlik məsələlərinə görə gəlmişik". Son davranışların, açıqlamaların və xəbərlərin də göstərdiyi kimi, Gürcüstan şokdan çıxmaqda, Qərb bu istiqamətdə Rusiyaya qarşı xətti-hərəkətini müəyyənləşdirməkdə, dəqiqləşdirməkdədir. Fəqət proseslərin gedişi Gürcüstanın öz ərazi bütövlüyünü bu tezliklə bərpa edə bilməyəcəyini göstərir və çox şey Qara dəniz - Qafqaz məkanında geosiyasi qarşıdurmanın nə şəkildə nəticələnəcəyinə bağlıdır. Bir də ki, Cənubi Osetiya ətrafında avqust hadisələri ərəfəsində Moskva Putinin dili ilə Saakaşviliyə (onların son görüşündə) açıqca anlatmışdı ki, "Rusiyanın addımları sizə qarşı cavab olmayacaq". Başqa sözlə, Amerikanın və Qərbin Rusiyaya qarşı sərgilədikləri davranışlara (Kosovo da daxil olmaqla) cavab olaraq nələrsə edilə bilər (gürcü qüvvələrini Abxaziya və Cənubi Osetiyadan çıxarmaq, onları "müstəqil dövlət" qismində tanımaq və hər şeyi öz nəzarətlərinə götürmək də daxil olmaqla). Yəni bizim bölgədə iki supergüc üz-üzə gəlib, çəkişmə onların arasında gedir və burada Gürcüstan hər iki supergüc üçün bu halda yalnız bir vasitədir. QÜVVƏLƏR DÜZÜMÜNÜN İNDİKİ HALI Tarixi paralellər aparsaq, Rusiyanın indiki davranışları onun Krım müharibəsindəki ağır məğlubiyyətdən sonra düşmüş olduğu vəziyyətdən çıxmağa çalışmasına bənzəyir. O vaxt da Rusiya Avropa dövlətləri və Türkiyənin birgə səyi ilə Krımdan çıxarılmış, əlində indiki Novorossiysk sahil zolağı qalmışdı. Fərq yalnız ondadır ki, indi Krım Türkiyənin deyil, Ukraynanın nəzarətinə keçmişdir, Sevastopol hərbi-dəniz bazasından isə Rusiya Ukrayna ilə şərikli istifadə etməyə məcbur qalmışdır. Avqust hadisələri ilə Rusiya Qara dənizdə öz sahil zolağını Abxaziya hesabına xeyli uzatmış oldu və təsadüfi deyil ki, dərhal bu zolaqda öz gəmiləri üçün bazalar qurmağa başladı (hətta Gürcüstanın Poti limanını da qoparmağa çalışmışdı, lakin sonra çox böyük tərəddüdlə oradan çəkilməli oldu). Əgər 90-cı illərin əvvəlinə qədər Qara dənizin yalnız cənub sahilləri (Türkiyə sahillərindən söz gedir) NATO-nun nəzarətində idisə və dəniz sahilində 4 dövlət qərar tutmuşdusa, indi bu dövlətlərin sayı 6-dır və onlardan üçü NATO üzvüdür (Türkiyəyə əlavə olaraq Bolqarıstan və Rumıniya), iki dövlət isə - Ukrayna və Gürcüstan - NATO-ya daxil olmağa açıq bir şəkildə can atır. Bu gün Qara dənizdə ən güclü hərbi donanma artıq Rusiyaya deyil, onun keçən yüzillərdə bu hövzədəki başlıca rəqibi Türkiyəyə məxsusdur. Bolqarıstan və Rumıniya hərbi-dəniz qüvvələri də kifayət qədər gücləndirilmişlər. Ukrayna və Gürcüstanın hərbi-dəniz qüvvələrinin NATO dəstəyi ilə möhkəmləndirilməsində müəyyən işlər görülmüşdü (doğrudur, Ukraynadan fərqli olaraq, Gürcüstan bu dəstəkdən özünün qabil hərbi-dəniz qüvvəsini formalaşdırmaqda yetərincə faydalana bilmədi). Bu gün Rusiyanın bütün siyasəti Gürcüstanı və Ukraynanı NATO oriyentasiyasından çəkindirməyə yönəlmişdir. Rusiyanın keçmiş böyük dövlətçilik heysiyyəti qəbul edə bilmir ki, NATO hərbi qüvvələri Ukrayna - Rusiya sərhədləri boyunca, oradan uzanaraq Qafqaz dağlarının cənub ətəkləri boyunca yerləşsinlər. Rusiya bütün təbliğat maşınını hazırda Gürcüstan və Ukraynada NATO meylini zəiflətməyə yönəldib. Qərb çevrələrində Gürcüstan və Ukraynanın NATO üzvlüyünə "hazır olmadığı" barədə rəyin mövcudluğunu şişirtməyə çalışmaq bu qəbildəndir. Lakin bu iki ölkənin siyasi rəhbərliyinin və ictimai fikrinin münasibətində dəyişiklik yaratmaq səylərində Moskvanın istədiyi effekt alınmır. GÜRCÜSTAN NATO ORİYENTASİYASINDA QALIR Bütün baş verənlərə rəğmən, Gürcüstan öz NATO oriyentasiyasını saxlayır və bu, təkcə prezident Mixail Saakaşvilinin "şıltaqlığı" deyil, gürcü siyasi fikrinin yönümüdür. Ümumrusiya ictimai fikri öyrənmə Mərkəzinin gürcü respondentlər arasında apardığı sorğunun nəticələri müəyyən edib ki, Cənubi Osetiyada avqust savaşı Gürcüstanın NATO-ya daxil olması tərəfdarlarının sayında önəmli dəyişikliyə səbəb olmayıb. Rusiyada son zamanlar belə bir fikir söylənirdi ki, müharibədən sonra Gürcüstanda NATO tərəfdarlarının sayında kəskin artım var, amma nəticə bunu göstərmir. Digərləri hesab edirdilər ki, Cənubi Osetiya və Abxaziya ətrafındakı hadisələrdən sonra gürcü rəhbərliyi və xalqının NATO-ya münasibəti Rusiya istəyən tərəfə dəyişəcəkdir. Ruslar üçün gürcülərin NATO-ya münasibətinin sabit qalması paradoksal nəticədir. Sözügedən mərkəzin kommunikasiyalar üzrə direktoru Olqa Kamençukun açıqladığı rəqəmlərə görə, rəyi soruşulan gürcülərin 57 faizi ölkənin NATO-ya qoşulmasına tərəfdardır, 19 faizin bu məsələyə dair möhkəm bir mövqeyi yoxdur, NATO-ya qoşulmanın qətiyyətlə əleyhinə olanlar 12 faiz təşkil etmişdir. Siyasi kursa gəldikdə, rəyi soruşulanların böyük əksəriyyəti Avropa Birliyi ilə strateji tərəfdaşlığı (ABŞ-la yox) və bitərəflik kursu götürülməsini vacib sayır. Siyasi rəhbərliyin bütün bu baş verənlərdən sonra məsələlərə münasibətində də bir dəyişiklik baş verməmişdir. Prezident Mixail Saakaşvili iki gün öncə bildirdi ki, Gürcüstan NATO və ABŞ-la qalacaq, ölkə öz geostrateji vektorunu dəyişməyəcək və NATO yolundan çəkilməyəcəkdir. "Qoy heç kəs buna dair illüziyalara qapılmasın", - deyə prezident açıq şəkildə bildirib. Prezident Saakaşvili əmindir ki, məhz NATO Gürcüstanın sabit inkişafını və ərazi bütövlüyünü təmin edə bilər. Onun inamınca MDB və KTMT (ODKB) uzunmüddətli təhlükəsizlik sistemləri sayıla bilməz, bu quruma qoşulan ölkələr bunu öz təcrübələrində yəqin etmişlər. "NATO-ya DAXİL OLMAYAQ, BİTƏRƏF QALAQ" Gürcüstanda bu kursu düzgün saymayanların düşüncələrinə gəldikdə, məsələn, Moskva - Tbilisi video-körpüsündə gürcü politoloq Cumber Kirvalidze belə bir fikir söylədi ki, Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən tanınma qərarlarının ləğv edilməsi "bizim hədəfimizdir, lakin biz bunun əvəzində Rusiyaya və Avropaya nəsə təklif etməliyik". Politoloq belə bir fikir söyləyib ki, "əgər, Allah eləməmiş, bizi NATO-ya qəbul etsələr, "izqoy" ölkələr Gürcüstanın tarixi bölgələrinin müstəqilliyini tanımasına gedə bilərlər. Əgər 10-12 belə dövlət tapılsa, onda Quzey Kipr variantı bizim üçün bir arzu olaraq qalacaq". "Gürcü siyasəti" partiyasının lideri Qoça Pipiya cəmiyyətə başqa bir fikir təqdim edir: "Biz indiyə qədər nə Rusiya, nə də Avropa ilə müstəqil dövlət kimi danışa bildik. Biz onlarla yad siyasi maraqların yürüdücüsü kimi danışdıq. Əgər biz bundan xilas olaraq öz başımızla düşünməyə başlasaq, Rusiyanın, Avropanın və ətraf aləmin bizimlə nə kimi münasibətlərdə olacağını başa düşə biləcəyik". Gürcüstanın bitərəflik kursu götürməsinə isə ABŞ, Rusiya, BMT və AB-nin qarant durması vacib hesab edilir. Gürcü siyasətçilər düşünürlər ki, yalnız bundan sonra Abxaziya və Cənubi Osetiya üzlərini Gürcüstana çevirəcək, onları yalnız neytralitet buna inandıra bilər. Buna əks fikir isə belədir ki, Gürcüstanın bitərəf kurs götürməsini istəyən qüvvələr əvvəllər də vardı, lakin Rusiya bu niyyətə etimadsızlıqla yanaşır. NƏ RUSİYA, NƏ DƏ ABŞ GÜRCÜSTANDAN ƏLİNİ GÖTÜRÜR Onun iki vilayətinə yiyələndikdən sonra da Rusiya Gürcüstandan əl götürmək istəmir və bu ölkədə cərəyan edən bütün hadisələri diqqətlə izləməkdədir. Cənubi Osetiya ətrafındakı vaxtaşırı insidentlər, arabir səslənən hədələr və tələblər Gürcüstanı daimi gərginlik və xof içərisində saxlamağa hesablanmışdır. Rusiya tərəfi kimi, gürcü tərəfi də bölgədə dinc dayanmır ki, bu da "müstəqil olmuş" Cənubi Osetiya əhalisi üçün yaxşı heç nə vəd etmir. Hər halda, hər gün adamlar öldürülür, atəş səsləri eşidilir. ABŞ dövlət katibinin müavini Deniel Frid buradakı vəziyyəti "olduqca mürəkkəb və çox təhlükəli" deyə xarakterizə etmişdir. ABŞ və Qərb də indiki məqamda bu ölkə ilə münasibətlərini "isti" saxlayır. İri məbləğdə maliyyə yardımı, Gürcüstan ordusunu dirçəltmək vədi və s. qüvvədədir. Qərb oriyentasiyalı gürcü siyasətçilər vaxtaşırı olaraq Vaşinqtona və Avropa paytaxtlarına gedib-gəlirlər. Dünən isə Elison Şvarts başda olmaqla beş konqresmendən ibarət Amerika heyəti Tbilisidə idi, onların məqsədi avqust hadisələrini öyrənmək və ölkə rəhbərliyi ilə görüşlər keçirmək idi. Amerikalılar gürcü ordusunu dirçəltmək, onu çağdaş hərb maşınına çevirmək fikrindən daşınmayıblar və avqust hadisələrində onun döyüş qabiliyyətində olmadığının səbəblərini öyrəniblər. Pentaqonun qiymətləndirmə məruzəsindən soyuqqanlı təfsilatlar artıq "New York Times" qəzetinin səhifələrinə çıxıb. Gürcüstan ordusunun zəif tərəfləri - "hər yerdə pis idarəetmə, primitiv rəhbərlik, ordunun siyasiləşdirilmiş olması, standartlardan sapma, pis hazırlıq, orduya nəzarətdə xaos" deyə gün işığına çıxarılır. Hazırda Gürcüstan ordusunun döyüş qabiliyyətini bərpa etmək cəhdləri davam etdirilir və Rusiyanın bütün istəklərinə rəğmən, onun təchizatı təmin ediləcəkdir. Hətta Ukrayna parlamenti dünən göstərilən bütün səylərə baxmayaraq, Gürcüstan ordusuna hərbi göndərişlərə moratorium qoymaqdan imtina edən qərar çıxardı. Yeni seçilmiş prezident Barak Obamanın Gürcüstana nə tərzdə yardımçı olacağı da başqa bir sualdır. Hesab edilir ki, Obama Rusiyanın hirslənib özündən çıxmaması üçün Gürcüstana yardımı son dərəcə ehtiyatlı bir üslubda göstərməlidir. Bunun təcrübədə nə dərəcədə mümkün olacağını tezliklə görəcəyik.