Soyuq Müharibenin Başlandığı Yer Güney Azerbaycan 1945- 1946 . Cəmil Həsənli
2021.10.20, 07:36
Soyuq Müharibenin Başlandığı Yer Güney Azerbaycan 1945- 1946 Cəmil Həsənli 1945-ci ilin dekabrın ikinci yarısında Tehranda hakimiyyət uğrunda mübarizə kəskinləşmiş, xarici işlər nazirlərinin Moskva müşavirəsində Azərbaycanla bağlı heç bir razılıq əldə edilməmişdi. Eynilə həmin vaxtda Güney Azərbaycandakı hadisələr Tehranın London və Vaşinqtonun gözlədiyindən daha sürətlə cərəyan edirdi Azərbaycanda Milli Məclisin açılldıği və Milli Hökumətin qurulduğu gün baş nazir Həkimi İran Məclisində çixış etdi. O bəyan etdi ki, yaranmış çətinlikləri aradan qaldırmaq maqsədilə xarici işlər naziri ilə birlikdə Moskvaya getmək arzusundadır. Ölkə böyük həyəcan icərisində idi. Elə bir gün yox idi ki, İran Məclisi Azərbaycan məsələsini müzakirə etməsin. Azərbaycan demokratlarının əleyhinə hər cür böhtanlar deyilirdi. Məclis tribunası “vətənpərvərlik” səngərinə çevrilmişdi. Natiqlər hökumətdən qəti addımlar tələb edirdilər. Baş vermiş hadisələr “xaricin təsiri” kimi yozulurdu. Bəzi deputatlar Sovetləri İranın daxili işlərinə müdaxilə etməkdə günahlandırırdı. Məclisin sədri Seyid Məhəmməd Sadiq rərrox, Nasir Ərdəlan, Hüseyn Fərhudi və digərləri şimal qonşudan İrana öz ərazisində hərəkət azadlığı verilməsini tələb edirdilər. Bir sıra Məclis üzvləri baş verən hadisələri ölkədəki anarxiyanın məntiqi davamı kimi qiymətləndirirdilər. Azərbaycan məsələsini öyrənmək üçün Məclis fraksiyaları nümayandələrindən ibarət xüsusi komissiya yaradılmışdı. Lakin nə “vətənpərvər” çıxışların, nə də Məclis komissiyasının elə bir əhəmiyyəti oldu. Şimala qoşun göndərməyi və hətta lazım gələrsə, “ruslarla” – təklif edənlər də var idi. Doktor Məhəmməd Müsəddiq vəziyyətdən çıxış yolunu ölkədə təcili reformaların keçirilməsində görürdü. Məclisdə olan tudəçilər Azərbaycandakı vəziyyəti İran hökumətinin yarıtmaz siyasəti ilə izah edirdilər. Doktor Reza Radməneş öz çıxışında göstərirdi ki, hökumətin siyasəti əhalinin neytral hissəsini də ona qarşı mübarizəyə cəlb edib. O , Seyid Ziyaya yaxın qəzetlərin sovetlərin planı üzrə İran Azərbaycanının Sovet Azərbaycanına birləşdirilməsi haqqında yazılarını təkzib etdi. Doktor Radməneş öz çıxışlarında təkcə Azərbaycanın deyil, bütün ölkənin reformalara böyük ehtiyacı olduğunu söylədi. Deputat Müzəffərzadə isə ölkənin faciəsini seyidçilərin fəaliyyətində görürdü. O, keçmişə istinad edərək Pişəvəri ilə Seyid Ziyanın fəaliyyətini müqayisə edib deyirdi : “1919-cu ildə Seyid ingilislərlə qeyri- bərabər saziş imzalayanda, həmin vaxt Pişəvəri cəngəlilərin sirasında bu sazişə qarşı mübarizə aparırdı” (1). Müzəffərzadənin çıxışında Pişəvəriyə müsbət qiymət verilməsi Məclisdə böyük hay- küyə səbəb oldu. Dekabrın 14-də İran Məclisdə Azərbaycandakı hadisələrlə bağlı qapalı iclas keçirdi. Təbrizdən yenicə qayıtmış M.Bəyat baş verən proseslər barədə Məclisə məruzə etdi. O bildirdi ki,” Mən Təbrizə ezam olunanda orada artıq Milli Məclisə seçkilər başlanmışdı. İki- üç gün ərzində Demokrat Partiyasının rəhbərləri ilə görüşmək mümkün olmadı. Nəhayət, bu görüş baş tutduqda ADP liderləri mənə bildirdilər ki, onların mərkəzi hökumətə çoxsaylı müraciətləri heç bir nəticə verməmişdir və onların heç bir separatist niyyətləri yoxdur. Onlar azərbaycanlıların səadətini İranın “Şiri- xurşid” bayrağı altında görürlər. Onlar vəd verirlər ki, vergilərin 25 faizini mərkəzi hökumətin xəzinəsinə keçirəcəklər, 75 faizini isə Azərbaycanın inkişafına xərcləyəcəklər. Sonra Bəyat Azərbaycan Milli Məclisinin açılması və Milli Hökumətin təşkili haqqında geniş məlumat verdi. Pişəvərinin təşkil etdiyi kabinetdə xarici işlər naziri və hərbi nazir portfelinin olmadığını deyən Bəyat özünün də iclasa dəvətli olduğunu, lakin bu dəvəti qəbul etmədiyini bildirdi. O, hökumət üzvlərindən doktor Cavid və İlhami ilə görüşündən və Pişəvərinin onu yola salmasından danışdı. Təbriz qarnizonundan söhbət açan Bəyat qeyd etdi ki, qarnizon müqavimat göstərmək və Azərbaycanda vəziyyətə nəzarət etmək gücünə malik deyil. Əgər qarnizonla demokratlar arasında toqquşma baş verərsə, xeyli qan tökülə bilər. Onun fikrincə, mərkəz qarnizonunun təslim olmasına razılığını bildirməlidir. Deputatlardan kimsə dedi ki, demokratların 70 minlik silahlı qüvvəsi vardır. Məclisdə odlu- alovlu çıxışlar edən deputatların çoxunun bu məlumatlardan rəngi ağarmışdı (2). Azərbaycandan olan deputatlar Mehdi Ədl, Fərman Fərmanian, Fətəli İpəkçian və digərləri yaranmış problemlərin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verirdilər. Onlar təklif edirdilər ki, Təbrizə gedib demokratların liderləri ilə danışıqlar aparmaq lazımdır. Elə həmin gün “Fərman” qəzetinin redaktoru Şahəndə Azərbaycandakı İran diviziyasının komandiri general Derəxşanidən müsahibə götürdü. Redaktorun Təbriz qarnizonunun onun, yaxud mərkəzi hökumətin əmri ilə təslim olması barədə sualına cavab olaraq general bildirdi ki, bu, əsasən mənim əmrimlə baş vermişdir. Mən Azərbaycandakı vəziyyət və yeni hökumət barədə raport göndərib təslim olmağa icazə istəmişdim. Qan tökülməsini mən Azərbaycan xalqı üçün faciə hesab edirdim. Əgər diviziya müqavimət göstərsəydi, böyük qan düşəcəkdi. Derəxşani Azərbaycan demokratik hərəkətında əhalinin bütün təbəqələrinin iştirakını, təslim olduqdan sonra onun və diviziya zabitlərinin Təbrizdə hər hansi repressiyaya məruz qalmadığını, əsgər və zabitlərlə çox nəzakətlə rəftar olunduğunu söylədi(3). Dekabr ayının 15-də Tehranda çıxan “Dariya“ qəzetinin Azərbaycandaki hadisələrə həsr olunmuş xüsusi nömrəsi çap olundu. Bu nömrədə çərşənbə axşamı Təbrizin demokratlar tərəfindən mühasirə olunmasından, Bəyatın Təbrizdəki Sovet baş konsulu ilə görüşündən, demokratların silahlı dəstələrinin polis və jandarmı tərk – silah etməsindən, hökumət binalarını tutmalarından söhbət açılır, dövlət qoşunları ilə demokratların silahlı dəstələri arasında heç bir toqquşma baş vermədiyi bildirildi (4). Dekabrın 17-də “İrane Ma” Azərbaycandakı hadisələrə həsr olunmuş xüsusi nömrə buraxdı. Xüsusi nömrə Təbrizdə çıxan “Azərbaycan” qəzetinin materialları əsasında hazırlanmışdı. Tehran əhalisi ilk dəfə “İrane Ma” qəzetinin bu sayında Azərbaycan Milli Hökumətinin tərkibi, Pişəvəri ilə general Derəxşani arasında 14 dekabrda imzalanmış protokolun məzmunu haqqında müfəssəl məlumat aldı (5) Tehranda çıxan “Ettelaat”ın məlumatına görə, təslim olmuş Təbriz diviziyasının 125 zabiti və 40 serjantı dekabrın ortalarında Tehrana gəlmişdi. Daha çox baş nazir Həkiminin siyasətini müdafiə edən qəzet Azərbaycandakı hadisələri “qiyam”, onun istirakcılarını isə xəyanətkarlar adlandırırdı. “Ettelaat” sübut etməyə çalışdı ki, Demokrat partiyasının məqsədi Azərbaycanı İrandan ayırmaqdır (6). Bir sıra Tehran qəzetləri tədricən Azərbaycandakı vəziyyət, Milli Hökumətin fəaliyyəti, ADP liderləri haqqında maraqlı materiallar verməyə başlamışdılar. “Dad” 19 dekabr sayında Milli Hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin portretini və onun bioqrafiyasını vermişdi. Bir sözlə, Tehran qəzetlərinin Azərbaycan haqqında məlumatları son dərəcə rəngarəng idi. Azərbaycan Milli Hökuməti yarandıqdan sonra yalnız dekabr ayında baş nazir Həkimi Məclisdə iki dəfə, daxili işlər naziri Xəlil Fəhimi bir dəfə maliyyə naziri Əbdül Hüseyn Həjir üç dəfə, hərbi nazir general Riyazi iki dəfə hesabat vermişdirlər. Bunların içərisindən baş nazirin dekabrın18-də İran Məcisindəki geniş çıxışı daha səciyyəvidir. O qeyd edirdi ki, bir müddət əvvəl Azərbaycanda az bir qrup adamlar tərəfindən müxtəlif xoşagəlməz söhbətlər başlanmışdır. Onların tələbləri ölkənin əsas qanunu ilə ziddiyyət təşkil etdiyindən hökumət belə tələblərlə hesablaşa bilməzdi. Biz əvvəlcə dinc yolla, danışıqlar yolu ilə bu adamları çəkindirmək istəyirdik. Hesab edirdik ki, bir İranlı olaraq bu adamlar ölkənin mənafeyini, təhlükəsizliyini yüksək tutub düşünülməmiş addımlardan əl çəkəcəklər. Təəssüf ki, bu adamlar öz ziyanlı əməllərindən imtina etmədilər və Təbrizə yeni vali göndəriləndə də ölkənin bütövlüyünə qarşı yönəlmiş planlarını həyata keçirməkdə davam etdilər. Az əvvəl isə özlərini bir qrup şəxsi nazir kimi təqdim edərək dövlət idarələrini ələ keçirdilər. İndi Tehrana qayıdan valinin hökumətə təqdim etdiyi məruzədən aydın olur ki, bu adamlar öz hökumətlərinə rəsmi xarakter verməyə çalışırlar. Hökumətin tədbirlər planına toxunan Həkimi qeyd etdi ki, 3 və 4-cü ostanlarda vəziyyətə nəzarət etmək, arzu olunmaz qüvvələrin xoşagəlməz cəhdlərinin qarşısını almaq və qayda- qanunu möhkəmləndirmək məqsədilə bu ostanlara mərkəzdən əlavə kömək göndərildi. Lakin sizə məlum olduğu kimi, gözlənildiyinin əksinə olaraq dost və qonşu sayılan ölkə bu məsələdə bizə mane oldu. Nəticədə Tehrandan göndərilən ordu bir müdət Şərifabadda dayandı və bir az əvvəl geri qayıtdı. Bu vilayətlərdə olan kiçik qüvvələr də istədiyi kimi hərəkət edə bilmədilər. Dövlət məmurları və hüquqmühafizə qüvvələri qiyamçı və təcavüzkar ünsürlərlə üz- üzə dayandığı vaxt nə mərkəzdən kömək ala bildilər, nə də azad fəaliyyət imkanına malik oldular. Digər tərəfdən qiyamçılar silah və hər cür yardım alırdılar. Onların içərisindəki naməlum adamların sayı getdikcə çoxalırdı. Baxmayaraq ki, onlar az idilər və Azərbaycan əhalisi onlarla həmrəy deyildi, yaratdıqları qorxu və vahimə əsasında onlar öz xəyanətlərini və yolverilməz planlarını həyata keçirib yerli məclis çağırdılar və hökumət təşkil etdilər (7). Baş nazir bildirdi ki, sülhsevər bir adam kimi istəmirəm ki, mənim həmvətənlərimin burnu belə qanasın. Bununla belə, biz razı ola bilmərik ki, bir dəstə adam terror və zor tətbiq etməklə, adamları öldürməklə, qiyam qaldırmaqla bizim azərbaycanlı qardaşlarımızı özlərinə tabe etsinlər. Azərbaycanlılar vətənpərvərdilər və İranı sevirlər, bütün çətin anlarda onlar bunu sübüt etmişlər. Şimal qonşu ilə münasibətlərə toxunan Həkimi baş vermiş hadisəni İranda xarici qoşunların olması ilə bağladı və ümidvar olduğunu bildirdi ki, tezliklə xaricilər öz qoşunlarını İrandan çəkəcəklər. Baş nazir Məclisi inandırmağa çalışırdı ki, Azərbaycanda cərəyan edən hadisələrin azərbaycanlılara heç bir dəxli yoxdur. O deyirdi: “Mən də Azərbaycan oğullarından biriyəm, bu diyarda tərbiyə almışam. Bütün ömrüm boyu bu vilayətin əhalisinin bütün təbəqələri ilə əlaqədə olmuşam. Öz azərbaycalılarımın, öz həmyerlilərimin hər birinin İrana nə qədər böyük sevgisi olduğunu mən yaxşı bilirəm. Bütün dünya bilməlidir ki, İranın bütün əyalətlərində olduğu kimi, Azərbaycanın əhalisi də öz canını və malını İranın bütövlüyü, müstəqilliyi və azadlığı uğrunda mübarizədə əsirgəməyib. Azərbaycan həmişə İranın ayrılmaz hissəsi olub və olacaq” (8) Çıxışının sonunda baş nazir deyirdi ki, mən Moskvadakı Şahənşah elçiliyi vasitəsilə Sovet İttifaqına səfər etmək arzumu SSRİ rərbərliyinə çatdırmışam. Xarici işlər naziri ilə mənim Moskvaya səfərim bizə dost olan ölkələrin xarici işlər nazirlərinin Moskvada keçirilən müşavirəsi ilə bir dövrə düşməlidir. Eyni zamanda, biz dekabrın 13-14-də böyük dövlətlərə göndərdiyimiz notalarda İrandan xarici qüvvələrin çıxarılmasını təcili məsələ kimi Moskva müşavirəsinin gündəliyinə daxil etməyi təklif etmişik.Əgər bunun əksinə qərar qəbul edilsə, biz İranın müstəqilliyinə və suvernliyinə təminat verən üçtərəfli müqaviləyə və Tehran bəyannaməsinə uyğun hərəkət edəcəyik (9). Dekabrın 14-də ABŞ dövlət katibi C.Birns xarici işlər nazirlərinin müşavirəsində iştirak üçün Moskvaya gəldi. Hava şəraiti pis olduğundan təyyarəsi SSRİ xarici işlər komissarının A.Y. Vışinskinin və Moskvadakı səfir A.Harrimanın gözlədiyi aeroporta deyil, digər aeroporta düşməli oldu. Burada onu XİK-ın digər müavini V.Q.Dekanozov və ABŞ səfirliyinin məsləhətçisi C.Kennan qarşıladılar. Bir gün sonra Britaniya xarici işlər naziri E.Bevin, XİN-in daimi müavini A.Kadoqan, Tehrandakı ingilis səfiri R.Bülard da Moskvaya gəldilər. Dekabrın 16-da SSRİ paytaxtında üç dövlətin xarici işlər nazirlərinin müşavirəsi öz işinə başladı. Ertəsi gün SSRİ Xalq Komissarları Sovetinin sədri İ.Stalin məzuniyyətdən Moskvaya qayıtdı. Müşavirə açılan Sovetlərin rəsmi dövlət qəzeti “İzvestiya” “İran Azərbaycanı Milli Hökumətinin təşkili” adlı müfəssəl məlumat dərc etdi (10) Həmin axşam Moskva radiosu Güney Azərbaycanda xalq hakimiyyətinin qurulması barədə geniş açıqlama verdi. Bir gün sonra- dekabrın 17-də Sovet İttifaqı Teleqraf Agentliyi “İran Azərbaycanı Milli Hökumətinin manifesti”ni bütün dünyaya yaydı (11). ABŞ və Britaniya xarici siyasət idarələrinin başçıları hələ Moskvaya gəlmək ərəfəsində öz ölkələrinin Tehrandakı səfirliklərindən Güney Azərbaycanda baş vermiş hadisədə çoxlu məlumatlar almışdılar. Azərbaycan Milli Hökuməti yarandıqdan bir gün sonra İrandaki ABŞ səfiri Uolles Mörrey yalnız dekabrın 13-də dövlət katibinə dörd məlumat göndərmişdi. Birinci məlumatda İran Xarici İşlər Nazirliyinin Azərbaycan siyasəti ilə bağlı səfir yazırdı: “İran hökuməti Amerika və Britaniya dəstəyinə arxalanaraq Azərbaycanda həyata keçirdiyi siyasəti davam etdirməkdə qərarlıdır. Biz isə qeyd etdik ki, məsələnin Moskvada müzakirəsindən sonra İranın siyasi nöqteyi nəzərinin dəyişməməsi bizim üçün vacibdir” (12). Sonrakı məlumatda Mörrey İran hökumətinin Azərbaycandakı hadisələri qanunsuz hesab etdiyini bildirirdi. Bu hadisələrin Həkiminin planlaşdırdığı reformaların həyata keçirilməsinə mane olduğunu qeyd edən səfir baş nazirin danışıqlara üstünlük verdiyini xatırladırdı. Onun fikrincə, Azərbaycan böhranı ilə əlaqədar aparılan danışıqların tam olaraq uğur qazanmamasına baxmayaraq, bu danışıqların davam etdirilməsi məqsədə uyğundur. İranın Moskva səfiri vasitəsi ilə Sovet hökumətinə xarici işlər nazirlikləri səviyyəsində danıçıqların başlanması haqqında təklif irəli sürüldü (13). Nəhayət, dekabrın 13-də axşam göndərdiyi son məlumatda Tehrandakı ABŞ səfiri baş nazir Həkimi ilə görüşündən bəhs edirdi. O, dövlət katibinə yazırdı: “Bu gün baş nazir mənə dedi ki, onun bir az əvvəl Moskvaya getmək və birbaşa danışıqlara başlamaq haqqında etdiyi təklifə Sovet tərəfi heç bir cavab vermədi. İndi o, xarici işlər nazirlərinin konfransına xüsusi dəvət almazsa, getməyəcəyini bildirib. O, hətta belə bir dəvət olarsa, oraya İranı təmsil etmək üçün səfir Məcid Ahini göndərməyi düşündüyünü söylədi”. Sonra Mörrey Bəyatın Təbrizdən qayıtmasına toxunaraq bildirdi: “Əyalət vavisi Bəyat Təbrizdən Tehrana bu gün axşamüstü gəldi və məruzə etdi ki, üsyançılar Təbrizə girərək Milli Bank Şöbəsini və Polis iqamətgahını tutdular və oradakı İran ordusu komandanı Derəxşanini təslim olmağa çağırdılar. Bəyat dedi ki, oradakı qarnizon şəhəri müdafiə etməyə qadir deyil. Şübhəsiz ki, Bəyat bu vəziyyətə çox ümidsiz yanaşırdı, yoxsa vəzifəsini qoyub qaçmazdı” (14) Britaniya səfiri Uilyam R.Bulard da dekabrın 13-də forin Ofisə Mörreyin məlumatlarına bənzər “həyəcanlı” məlumatlar göndərmişdi. Bir qədər sonra Vaşinqton və Londona göndərilən məlumatlar nəinki İran hökumətinin Azərbaycanda hadisələrin sürətlı inkişafindan səfirlərin özlərinin də ümidsiz vəziyyətə düşdüyünü təsdiq edirdi. Dekabrın 15-də ABŞ səfiri Mörreyin Vaşinqtona və C.Birns üçün Moskvaya göndərdiyi teleqram bu baxımdan daha səciyyəvidir. O, həyacanla yazırdi: “Demokratlar” bütün yollar, kəndlər (Təbriz və Ərdəbil də daxil olmaqla) üzərində nəzarəti ələ keçiriblər. Onlar seçkilər keçirmiş, “parlament” yaratmış və “Nazirlər Kabineti” təyin etmişlər. İran hökumətinin gücü nə üsyanı yatırmağa, nə üsyançılarla danışıqlar aparmağa, nə də SSRİ ilə diplomatik yaxınlaşmağa nail olmağa çatmadı. Tehrandan göndərilən dörd batalyon Qazvin yaxınlığında düşərgələməyə davam edir və irəli hərəkət etməyə qadir deyildir. Böhran bölgəsindəki təhlükəsizlik qüvvələri ya Sovetlər tərəfindən müqavimət göstərməmək barədə əmr aldılar, ya da Sovetlərin onları dəf edəcəyindən o qədər qorxmuşlar ki, müdaxilə etmirlər. Üsyançıların prinsipial tələbi yalnız xarici əlaqələr və müdafiə işlərində mərkəzi hökumətdən asılı olan muxtar bir yerli hakimiyyətin qurulmasıdır. “Demokratlardan” çox azının həqiqi kommunist olmasına baxmayaraq, heç şübhə yoxdur ki, onlar Sovet nəzarəti altındadırlar və Sovet təbliğat xəttini izləyirlər. Sovetlərin bu hərəkatda iştirak etmədiyini açıqlamasına baxmayaraq, heç şübhəsiz ki, üsyanı onlar planlaşdırıb təşkil etmişlər. İran Xarici işlər Nazirliyinin səfirliyə təqdim etdiyi sənədlərdə göstərilirdi ki, bu ərazidə Sovet orduları bir neçə dəfə İran təhlükəsizlik qüvvələrinin işinə müdaxilə etmişlər. Mərkəzi hakimiyyətin bu ölkədə Sovet ordularına qarşı öz nüfuzunu bərpa edə bilməsi qeyri- mümkün görünür və ola bilər ki, bu, Sovet hərbi hissələrinin geri çəkilməsindən sonra da çətin olsun. Xalq arasında şayiə yayılıb ki, iranlıların yeganə ümidi Amerikanın yardımıdır. Belə bir təəssürat var ki, britaniyalılar bu işdə xüsusi bir marağa sahib deyillər və 1907-ci ildəki mənafe bölgüsünə geri dönməyə razı ola bilərlər. Yeganə alternativ Amerika yardımının çatdırılmasıdır. Bundan başqa, iranlılar artıq hər yola əl atacaqları barədə işarə verməyə başlayıblar. Baş nazir və xarici işlər naziri Moskvaya getmək istəyirlər. Onların lokal əsasda Sovetlərlə apardıqları bütün danışıqlar uğursuzluqla nəticələndi. Artıq mətbuatda da dərc olunan təkrar- təkrar yazılmış notaları göndərməkdən başqa çarələri yoxdur. Bu mürəkkəb məsələdə üsyançıların haqlı olduğunu göstərən faktlardan biri budur ki, xalq doğrudan da mərkəzi hakimiyyətdən narazıdır. Hətta müxaliflər də qəbul edirlər ki, mərkəzi hakimiyyətin əyalətdəki çalişanlari korrupsiya və rüşvətxorluqla məşğul olmaqla yanaşı,qara camaatın güzəranına baxmır və iri torpaq sahiblərinin mənafeyini qoruyurlar. Əgər tezliklə hərəkət nəzarət altına alınmazsa, belə iğtişaşlar ölkənin başqa hissələrində də baş verəcəkdir. Əgər məsələ həll olunmazsa, tezliklə İranın şimal əyalətlərinin SSRİ-nin tərkibinə daxil olmasını gözləyə bilərik” (15). Bu məlumatla yanaşı, C. Birns Moskva radiosundan eşitdi ki, artıq demokratlar Azərbaycanın qırxa qədər şəhərini ələ keçiriblər. Tehran və Moskva səfirliklərinin məlumatları ilə tanış olduqdan sonra dekabr ayının ortalarında dövlət katibi C.Birns həyəcanla Ağ Evə xəbər verirdi ki, Sovetlər Güney Azərbaycanı nəzarətdə saxlamaq istəyir. “Nyu-York Tayms” Amerika ictimaiyyətinə İranın Azərbaycan paytaxtı olan Təbriz itirdiyini bildirirdi. Sovetlərin bu hərəkətindən qəzəblənən prezident H.Trümən dövlət katibinə yazıb, lakin göndərmədiyi məktubun sonunda acıqla deyirdi: “Mən Sovetlərə dayəlik etməkdən yorulmuşam” (16). İran hökuməti xarici işlər nazirlərinin Moskva müşavirəsində vəziyyətin onun xeyrinə həll ediləcəyinə ümidini itirməmişdi. Dekabrın 15-də İran hökuməti üç ölkənin xarici işlər nazirlərinin Moskvada olduğu vaxtda ABŞ, Böyük Britaniya və Sovet İttifaqına ünvanladığı notada müttəfiq ordularının İran ərazisini təcili olaraq boşaltmasını xahiş etdi. Notada göstərilirdi ki, xarici qoşunların ölkə ərazisində olması İran təhlükəsizlik qüvvələrinin öz ərazisində azad hərəkət etməsinə, qayda- qanun yaratmasına imkan vermir (17). Diplomatik yazıçmalardan hiss edilirdi ki, Azərbaycan məsələsindən istifadə etməklə ABŞ tədricən İranla münasibətlərdə təşəbbüsləri ələ almağa çalışır, Güney Azərbaycandakı hadisələri Sovet Azərbaycanı, bütövlükdə Sovetlərlə əlaqələndirməyə meyllənirdi. Hadisələrin gərgin vaxtında dekabr ayının sonlarında Təbrizə yeni təyinat almış ABŞ konsulu Robert Rossou yazırdı: “ Sovetlərin Təbrizdəki baş konsulu göy yaxalıqlı krasnı üsyanın ilhamçısı idi. O, hərbi başçılardan daha çox siyasi rəhbərliyə tabe olan şəhər komendantçılarına nəzarət edir və onların işini tənzimləyirdi. Üsyançıların çox hissəsi Şimali Azərbaycandan gəlmiş mühacir adlandırılan və bir neçə ay əvvəl təlim keçmiş qondarma demokrat adı verilmiş şəxslərdən ibarət idi... İnqilab, əlbəttə ki, uğurlu oldu və 1945-ci ilin dekabrında Tehran hökumətindən tam müstəqil, rus oyuncağı olan “Muxtar Azərbaycan hökuməti” yaradıldı... İnqilabın lideri və yeni yaradılmış hökumətin baş naziri Cəfər Pişəvəri idi.Əlli yaşında olan, kiçik boylu və balaca bığlı kişi Birinci Dünya müharibəsi İranının birinci kommunisti olmuşdu” (18). Azərbaycandakı hərəkətın bütövlükdə kommunizmin ayağına yazılması genişlənən milli hərəkata qarşı mübarizəni, Qərbin böyük dövlətlərinin ona qarşı birləşməsini asanlaşdırırdı. Baxmayaraq ki, Sovetlərdən yardım alan Azərbaycan milli hərəkatı xüsusi mülkiyyəti toxunulmaz elan etməklə kommunizmlə özü arasında hiss ediləcək məsafə saxlayırdı. Amerikalılar üçün Güney Azərbaycanda kommunist təhlükəsinin olduğunu qabariq göstərmək cəhədləri İranı təsir altinda, nəzarətdə saxlamaq vasitəsinə çevrilirdi. Azərbaycan Milli Hökuməti yarandiqdan beş gün sonra ABŞ siyasi dairələrinə yaxin olan “Taym” jurnalı 17 dekabrda çixan 25-ci sayının üz qabığında Məhəmməd Rza şahın portretini vermişdi. Portretin altinda bu sözlər yazılmışdi: “İranın şahı Onun qüdrətli nəfti üçün susamişlar”. İçəridə isə İran haqqinda verilən geniş yazıda gənc şah mədh edilirdi. Vaxtilə Bakıdan gəlmiş Cəfər Pişəvərinin, Təbrizdəki hadisələrin şahın hakimiyyəti üçün təhlükə yaratdığı vurğulanırdı. Yazıda istifadə edilən xəritə də siyasi baxımdan maraqlı idi. İranın şimalında dairə içərisinə alınmış Araz çayının aşağısındakı Azərbaycan dəstəyi Bakının üzərində dayanmış oraq ilə əhatəyə alınmışdı (19). Həmin “Taym” jurnalı dekabr ayindakı sonuncu sayinda İranı bu oraqdan “xilas etmək” istəyən şəxsi ilin adamı elan etdi. Bu, 8 aydan da az ABŞ- a Prezidentlik edən H. Trümən idi. Onun jurnalın üz qabığında verilmiş şəklinin üstündə atom göbələyi təsvir edilmişdi (20) . Böhranlı dekabr günlərində Dövlət Departamentinin Orta Şərq bölməsinin rəhbəri Harold Maynor hadisələri təhlil edərək belə bir düzgün nəticə çıxarmışdı: “İranın yeganə ümidi Birləşmiş Ştatlardır” (21). Xarici işlər nazirlərinin Moskva müşavirəsi başlandıqdan sonra dövlət katibinin müavini Den Açeson Sovet İttifaqındakı Amerika səfiri A. Harrimana yazırdı: “İran səfiri ki, Dövlət Departamentinə zəng edərək, həyəcan və hiddətlə dedi ki, onun hökuməti Sovet nəzarəti altinda olan başqa ərazilərin də taleyinin Azərbaycanın taleyi kimi olmaması üçün yalnız ABŞ-ın köməyinə ümid edir. O əlavə etdi ki, İran Sovet nəzarəti altında olan qalan bölgələri də itirsə, məhv olar “ (22). Doğrudan da, az sonra Tehrandakı səfir Mörreydən məlumat gəldi ki, Təbrizdəki sovet konsulu Krasnı və konsulluğun bir neçə işcisi təlimatlandırılaraq Məşədə göndərildilər ki, Xorasanda da Azərbaycandakına bənzər uğurlu demokratik hərəkət təşkil etsinlər (23). Daha sonra Açeson İran səfirinin bütün dünyanın taleyindən narahatlığını Harrimana belə çatdırırdı: O, yalnız İranın deyil, bütün dünya təhlükəsizliyinin mənafeyindən bəhs edir. çünki Azərbaycan hərəkətı Türkiyə və başqa yaxın şərq ölkələrini əhatə edə biləcək hadısələr zəncirinin ilkidir. O davam etdi ki, əgər bir ölçü götürülməzsə, BMT-nin dünyada sülhün və ədalətin təminatçısı kimi heç bir əhəmiyyəti qalmaz. Mançuriya, Həbəşistan və Münxen hadisələri təkrarlanar. Azərbaycan Üçüncü Dünya müharibəsinin ilk atəşi olar” (24). Şübhəsiz ki, səfir Harrimana göndərilən bu teleqram daha çox Moskvada olan dövlət katibi C. Birnsi məlumatlandırmaq üçün idi. Doğrudan da, elə C. Birns Moskvada olanda, dekabr ayının 20-də “İzvestiya” qəzetində iki nəfər gürcü akademikin imzası ilə “ Bizim Türkiyəyə qanuni tələblərimiz haqqında” geniş yazı dərc edildi. Türkiyənin şərq vilayətlərinə qarşı müharibənin sonunda irəli sürülən erməni iddialarına güclü iddiaları da əlavə edildi. Tələblərin “ İzvestiya” qəzetində dərc edilməsi məsələnin dərinliyindən xəbər verirdi. Xarici işlər nazirlərinin müşavirəsi açılan gün İrandakı səfir Mörrey Vaşinqton vasitəsi ilə Moskvaya, C. Birnsə aşağıdakı məlumatı göndərdi: “ Tehrandakı Rusiya səfirliyi Dövlət Departamentinin Orta Şərq bölməsinin rəhbəri H. Maynorun və Amerika səfirliyi hərbi attaşesinin müavini kapitan Qaqarinin 14-24 dekabr tarixində Təbrizə səfər etməsinə icazə vermədi. Onlar Təbrizdə bir neçə həftə ərzində təcrid vəziyyətində qalan konsulluğumuzla rabitəni qurmaq məqsədilə gedəcəkdilər. Bizə Təbrizə getməyə icazə verilmədi və buna heç bir səbəb də göstərilmədi... Dövlət katibimiz bütün bunları Molotova bəyan etməlidir. Çünki əgər onların hərəkətləri xəbərdarlıqsız qalarsa, bu, Sovetlərin səfirlərimizin fəaliyyətinə mane olmalarını davam etdirmələri ilə nəticələnə bilər “(25). Xarici işlər nazirlərinin müşavirəsi açılan gün V. Molotov İran məsələsinin rəsmi müzakirəyə çıxarılmasına imkan vermədi. Razılıq əldə edildi ki, bu məsələ qeyri- rəsmi səviyyədə müzakirə edilsin. Dekabrın 18-də Britaniya xarici işlər naziri E.Bevin V.Molotova təklif etdi ki, Azərbaycan məsələsi ilə bağlı fikir mübadiləsi etsinlər. Onun fikirincə, İngiltərə ictimaiyyəti İrandakı siyasi prosesləri çox maraqla izləyirdi. Molotov isə cavab olaraq bildirdi ki, Sovetlərin Azərbaycanda baş verən milli- demokratik hərəkata heç bir müdaxiləsi yoxdur. Eyni zamanda, o əlavə etdi ki, bu hadisə tamamilə daxili məsələdir. Xarici qoşunların İrandan çıxarılmasına gəlincə, Molotov dedi ki, məsələ potsdam və Londonda müzakirə və razılığa gəlindi. Yenidən bu məsələyə qayıtmağa heç bir səbəb yoxdur. DEKABRIN 19-da SSRİ XKS-nin sədri İ. Stalin C.Birns və E.Bevini qəbul etdi. Danışıqlar zamanı bir cox məsələlərlə yanaşı, Azərbaycan məsələlərinə də tuxunuldu. V.Molotovun yaxınlarda qeyd edilən fikirləri danışıqlar zamanı Stalin tərəfindən də müdafiə edildi. Eyni zamanda, Stalin bildirdi ki, İran hökuməti SSRİ-yə qarşı düşmən mövqedə durur. Bu dü.Düşmənçilik özünü İranın Bakıdakı neft mədənlərinə təxribat təşkil edə bilməsi təhlükəsini doğurur. Bu səbəblə, Sovet İttifaqı ordularını İranda saxlamaqda davam edir. Biz sizi əmin edirik ki, SSRİ-nin İran üzərində hər hansı bir ərzi və ya başqa iddiası yoxdur. Bakı neft mədənlərinin təhlükəsizliyi təmin olunduğu vaxt SSRİ ordularını İrandan çəkəcək və İranın daxili işlərinə heç bir maraq göstərməyəcək (26). İranin Bakı üçün nə dərəcədə təhlükə yarada biləcəyini araşdırmaq məqsədilə dövlət katibi Tehrandakı Amerika səfirinin fikirini soruşduqda, Mörrey bildirmişdi: “Sovetlərin” İranlılar Bakı neft mədənləri üçün təhlükə təşkil edir” şarhi həddindən artıq əsassızdır və Sovetlərin bu səbəblə məsələyə çox ciddi yanaşmalarını anlamaq çox çətindir” . Moskva müşavirəsinin davam etdiyi dördüncü gündə İran Azərbaycan məsələsini Millətlər Təşkilatının müzakirəsinə çıxaracağı ilə bağlı Moskva, London və Vaşinqtona protest göndərmişdi (27). İ. Stalinlə görüşdən sonra C.Birns Azərbaycan məsələsinin ağırlaşdığına və problemin BMT-də müzakiriyə çıxarılmasının zəruriliyinə tam əmin oldu. Dekabrın 20-də o, Moskvadakı səfir Harriman vasitəsilə İran hökumətinə olan tövsiyələrini Tehrandakı səfir Morreyə çatdırdı. Orada deyilirdi: “Xahiş edirəm, qeyri- rəsmi və gizli şəkildə baş nazirə söyləyin: siz tövsiyə edirsiniz ki, İran hökuməti tezliklə azərbaycanlılar tərəfindən formalaşdırılan tələbləri qabaqlayan güzəştə getsin. Xüsusilə, məktəblərdə türk dilinin fars dili ilə bərabər öyrədilməsi və İran konstitusiyasına uyğun olaraq əyalət əncümənlərinin yaradılması istəklərinin doğru olduğunu düşünürəm. Deyə bilərsiniz ki, siz İran hökumətinin du istiqamətdə addım atmaq istəyinin elə əvvəlcədən də mövcud olduğunu bilirsiniz və İranin suverenliyinə zidd olmayan şikayət zəminəni yox edə biləcək hər cür addımın tezliklə atılmasının vacib olduğunu düşünürsünüz. Təbii ki, Azərbaycanın ayri bir ölkə olmasının qarşısını almaq üçün belə addımların atılması mümkündür. Baş nazirə açıqlayın ki, siz ona Azərbaycanda müxtar hökumət qurulmasına razı olmasını təklif etmirsiniz. Qeyd edin ki, bunları tövsiyə etməkdə məqsədiniz İranın BMT və dünya ictimaiyyəti qarşısında haqlı olduğunu və İran hökumətinin ölkənin heç birhadisəsində xalqın konstitusion hüquqlarını əlındən almadığına və ayrı- seçkilik etmədiyinə inamı təmin etməkdir” (28). Bu təkliflərin əksinə olaraq özü də azərbaycanlı olan baş nazir Həkimi amerikanlari inandırmağa çalışırdı ki, guya, Azərbaycan xalqı heç vaxt türk dilini öz daimi və milli dili saymayıb, bu dilin Monqol işğali zamanı xalqa zorla öyrədildiyini düşünür. O iddia edirdi ki, Azərbaycan əhalisi iğtişaşlarda iştirak etmir. İki il bundan öncəyə qədər Azərbaycanda heç kimin tanımadığı Demokrat lideri bütün ömrünü Bakıda yaşamışdır. Guya buna görə də onun əməkdaşları xalqın təmsilçiləri sayıla bilməzlər. lakin belə düşünməyinə baxmayaraq, baş nazir ABŞ dövlət katibinin təkliflərini qəbul etdiyini və bu istiqamətdə bir sira addımlar atıldığını bildirdi. Bununla belə, o, Tehrandakı Amerika səfirinə bildirdi ki, onun hökuməti Azərbaycanda yaradılmış parlamenti və hökuməti heç bir şərtlə aəbul edə bilməz, çünki onların heç bir hüquqi əsası yaxdur və onlar Qafqazdan qanunsuz yolla İrana keçən xaricilər tərəfindən yaradılmışdır. Həkimi qeyd etdi ki, onun hökuməti Sovetlər çəkildikdən sonra Azərbaycandakı üsyanı silah gücü ilə yatırmaq niyyətindədir. İran rəhbərləri ilə danışıqlar barədə dövlət katibinə məlumat göndərən Mörrey yazırdı : “Mən təkrarən həm şahı, həm də baş naziri tələsdirdim ki, Azərbaycan problemini qan tökmədən həll etsinlər. Tövsiyə etdim ki, hökumətdəki azərbaycanlılardan ibatət bir komissiya yaradıb, üsyançılarla danışıqlar aparmaq üçün təlimat versinlər” (29). Dekabr ayının 23-də İ.Stalin yenidən C.Birnsi, bir gün sonra isə E.Bevini qəbul etdi. Elə həmin gün hələ ki, müttəfiq hesab edilən dövlətlərin xarici işlər nazirlərinin şərəfinə ziyafət verdi. Kremldə keçirilən bütün görüş və ziyafətlərdə İrandakı Britaniya səriri R. Bulard da iştirak etdi. C.Birns İ. Stalinə ikinci görüşdə Azərbaycan münaqişəsinin BMT-nin yanvar ayindakı iclasında qaldırıla biləcəyindən narahat olduğunu və bunun baş verməsi üçün müxtəlif tədbirlərin görüləcəyinə ümid bəslədiyini söylədi. Eyni zamanda, dövlət katibi böyük müharibə dövründə İranın SSRİ-yə yardım göstərdiyini vurğulayaraq, indi onun Sovetlər Birliyinə düşmən münasibət göstərməsi ilə razılaşmadığını ifadə etdi. Müzakirələrin gedişində İ. Stalin bildirdi ki, SSRİ İran məsələsinin BMT-yə qaldırılmasından qorxmur və əgər belə olarsa, heç kəs narahat olmasın : “Biz sizi utandırmaq üçün heç nə etməyəcəyik” (30) Tehran bəyannaməsinin yerinə yetirilməsindən razı qaldığını bildirən Stalin etimad və səmimiyyət ifadəsinin keçmiş İran hökumətinə verildiyini, indiki hökumətin isə SSRİ-yə qarşı düşmən mövqe tutduğunu və əhalini Sovetlərə qarşı çıxışa sövq etdiyini vurğuladı. Stalinin fikirincə, İran hökuməti öz vəzifələrini yerinə yetirməli və Sovetlərə münasibətdə düşmənçilik siyasətini dəyişdirməlidir. Dekabrın 24-də Stalin tərəfindən qəbul edilən Britaniya xarici işlər naziri E. Bevin ABŞ dövlət katibi ilə məsləhətləşdikdən sonra Azərbaycan məsələsini həll etmək məqsədi ilə İngiltərə- ABŞ Sovet komissiyasının yaradılması barədə layhəni XKS-nin sədrinə təqdim etdi. Britaniya təkliflərinə görə, İran hökkumətinə tövsiyə edilirdi ki, əyalət əncümənlərinin işini yenidən qursun, türk, kürd və ərəb dillərinin milli azlıq dilləri kimi öyrənilməsini təmin etsin. E.Bevinin fikirincə, birgə komissiya əyalət əncümənləri seçkilərinin keçirilməsini müşahidə, etməli, eyni zamanda, orduların geri çəkilməsi məsələsini araşdırmalı və üç müttəfiq dövlətə öz ordularını geri çəkmək barədə tövsiiyələr verməli idi. Britaniya siyasi dairələri bu planı həyata keçirməklə artıq baş vermiş fakt olan Azərbaycanın muxtariyyətini Sovetlərin yardımı ilə İran hökumətinin nəzarətinə salmaq məqsədi güdürdü. İlk addım olaraq Stalin E.Bevinlə görüşdə Britaniya təkliflərinin qəbul edilməsinin mümkünlüyünü söylədi. Britaniya təklifləri öyrənilmək üçün SSRİ Xarici İşlər komissarlığına verildi. Hətta dekabrın 26-da Bevin təklif etdi ki, layihə üzərində SSRİ-nin bütün düzəlişləri qəbul edilsin və komissiya yaradılması barədə saziş razılaşdırlsın. E.Bevinin bu fəallığı, eyni zamanda, leyborist hökumətinin ictimai rəyə biganə qalmadığını nümayiş etdirmək xarakteri daşıyırdı. Güney Azərbaycanda Milli Hökumət qurulduqdan sonra Britaniya ictimai fikri İrandakı hadisələri diqqətlə izləyirdi. Londondakı İran səfiri seyid Həsən Təğızadənin Moskva müşavirəsi başlandıqdan sonra yaydığı bəyanat Britaniya siyasi dairələrinə və ölkədəki ictimai rəyə müəyyən qədər təsir göstərmişdi. Orada deyilirdi: “İrandan alınan son məlumatlar o dərəcədə həyəcanlıdır ki, indi xaricdə yaşyan hər bir İran təbəəsi və bütün xalq separatizm cəhdlərinə qarşı öz hiddətini bütün dünyaya çatdırmalıdır. Üçtərəfli müqavilə və böyük döövlətlərin imzaladığı Tehran bəyannaməsi İran şahənşah hökumətinin ərzi bütövlüyünü və suveren hüquqlarına hörməti təmin edir. Lakin müttəfiqlərdən birinin daxili işlərinə müdaxiləsi üçtərəfli müqavilə üzrə öhdəliklərin pozulmasına gətirib çixarıb. Müdaxilə İranın mühüm əyalətlərindən olan Azərbaycanın ayrılması həddinə gətirib çixarıb. Xalqların əməkdaşlığını təmin etmək məqsədilə beynəlxalq təşkilatın qurulduğu anda, bu təşkilatın üzvlərindən biri olan İran xalqı acı təssüf və həyəcan içindədir. O, aydın görür ki, ölkəsinin mühüm hissəsindən birinin ətrafina sədlər çəkilir, müxtəlif formada təzahür edən firıldaqlar, pərdələnmiş ayrılmaq tələbləri konstitusion hakimiyyətə qarşı yönəlmişdir. Büyük dövlətlərin öhdəliyinin bu formada pozulması nəinki İranın ərazi bütövlüyünə və suverenliyinə kobudcasına qəsddir, eyni zamanda, iranlılar belə hesab edirlər ki, bu müqavilənin üçüncü iştirakçısı olan Böyük Britaniyanın öhdəliklərinin pozulması deməkdir. S.H. Tağızadənin fikirincə, Böyük Britaniya həm Sovet İttifaqı ilə birlikdə, həm də ayrılıqda üçtərəfli müqavilənin İranın ərazi bütövlüyünü təmin edən prinsiplərinə hörmətlə yanaşmalıdır. Bəyanatda qeyd edilirdi ki, iranlılar Britaniyanın öz öhdəliklərini yerinə yetirəcəyinə, böyük dövlətlərin Moskva müşavirəsində Sovet İttifaqının İranın ərazi bütövlüyünə olan şübhəli münasibətinə son qoyulacağına ümid bəsləyirlər. Bu ümidlə də iranlılar müşavirənin işinə mane olacaq kəskin şikayətdən çəkinirlər. Lakin indi ictimai fikirdə, guya, Azərbaycan muxtariyyət hərəkatının baş tutmuş fakt olması həqqındə bir sıra səhv təsəvvürlər formalaşır. Son günlərin hadisələri dünya ictimai fikrinə yetirməyi zəruri edir ki, Azərbaycanda hakimiyyətin qiyamçılar tərəfindən qəsb edilməsi heç bir halda başa çatmış fakt kimi təqdim edilə bilməz(31). Lakin bu kimi bəyanatlara və Britaniya xarici işlər naziri E.Bevinin ciddcəhdlərinə baxmayaraq, son anda SSRİ xarici işlər komissarı V. Molotov Azərbaycan məsələsi barədə müzakirələrin davam etdirilməsinə etiraz etdi. E.Bevinin dəfələrlə məsələyə yenidən qayıtmasına baxmayaraq, Molitov bu problemin rəsmi gündəlikdə olmamasına istinad edərək Britaniya nazirinin bütün cəhdlərinin qarşısını aldı. O, eyni zamanda, Bevinə bildirdi ki İranın razılığı olmadan komissiya qurula bilməz, həmçinin Sovet İttifaqı, halhazırda ona qarşı düşmən münasibət bəsləyən İran hökuməti ilə bağlı belə bir məsələni həll etmək fikrində deyil (32). Bütövlükdə Moskva danışıqları və xüsusilə məsələsi 1945-ci ilin sonunda prezident H. Trümənin diqqət mərkəzində idi. Dövlət katibi Birns və səfir Harriman Azərbaycan məsələsi ilə bağlı sistemli şəkildə prezidenti məlumatlandırırdılar (33). Beləliklə, xarici işlər nazirlərinin dekabr arının 16-dan 26-na qədər Moskvada keçirilən müşavirəsi Guney Azərbaycan məsələsi ilə bağlı heç bir sənəd qəbul etmədi. Dekabrın 27-də ABŞ dövlət katibi C. Birns, bir gün sonra isə Britaniya xarici işlər naziri E.Bevin, habelə İrandakı ingilis səfiri R. Bulard Moskvanı tərk etdi. Məsələni BMT müzakirəsinə qaldırmaq üçün İran hökuməti Moskva müşavirəsindən sonra ABŞ-ın siyasətində hər hansı dəyişikliklər olub- olmadığı ilə maraqlanırdı. Bunu dəqiqləşdirmək üçün Vaşinqtondakı İran səfiri Dövlət Departamentinin Yaxın şərq və Afrika idarəsinin direktoru Corc Allenə müraciət etmişdi. Səfir bilmək istəyirdi: “ Dövlət katibi Birnsin Moskvada apardığı danışıqlarla bağlı ABŞ-ın İrana münasibətində hər hansı bir dəyişiklik olubmu? “ ABŞ-ın Yaxın siyasətini müəyyən edən Allen xatırlatdı ki, Azərbaycandakı hadisələrlə əlaqədar Birləşməmiş Ştatların SSRİ-yə göndərdiyi notada qeyd edildiyi kimi, ABŞ İrana münasibətdə Birləşmiş Millətlərin bəyannaməsini əsas götürür. Onun siyasətinin dəyişməsi üçün elə bir tutarlı əsas yoxdur. Hüseyn Əla ABŞ-ın siyasətinin dəyişmədiyindən məmnun olmaqla yanaşı bilmək istədi ki, əgər İran Azərbaycan məsələsini BMT Baş Məclisinə çıxararsa, ABŞ orda İranı dəstəklədiyini açıqca bəyan edərmi? Allen bilirdi ki, ABŞ İranin suverenlini dəstəklədiyini iki ildir davam etdirir. Bunu o, 1944-cü ildəki neft mübahisəsində və indiki Azərbaycan məsələsində açıq –aşkar göstərdi (34). Xarici işlər nazirlərinin Moskva müşavirəsində İran haqqında heç bir qərarin qəbul edilməsi ölkənin hakim dairələrini həddindən artıq mütəəssir etdi. Bir çox qəzetlər məsələnin müzakirəsini təcili olaraq BMT Baş Məclisinin qarşıdakı sessiyasına çıxarmağın zəruriliyini əsaslandırmağa başladı. Moskkva müşavirəsi ABŞ və Britaniyanın təzyiqi ilə Sovetlərin öz qoşunlarını İrandan çıxaracağına ümid bəsləyən baş nazir Həkimülmülk siyasətinin iflasi demək idi. Mətbuatın Həkimi üzərinə hücüma keçdiyi bir vaxtda əhməd Qəvamın hakimiyyətə gəlmək şansının çoxaldığını görən Seyid Ziya tərəfdarları sonuncuya qarşi təbliğat kampaniyasına başlamışdılar. Böhranlı dekabr sonluğunda qəzetlər belə hesab edirdilər ki, ölkədə yaranmış çətinlikləri həll etməyə, əsl islahatlar keçirməyə və Sovetlər Birliyi ilə qarşılıqlı münasibətləri köklü şəkildə yaxşılaşdırmağa qadir olan yalnız bir dövlət xadimi vardır. O da Qəvam əs- Səltənədir. “Rəde Emruz” qəzeti 23 dekabr sayında Əhməd Qəvamın “Deyli Teleqraf “ ingilis qəzetinin müxbiri ilə müsahibəsinin tam mətnini dərc etmişdi. Qəvam İranda yaranmış böhranı keçmiş hökumətlərin səhv siyasəti ilə əlaqələndirib göstərdi ki, əgər böhran sabah daha da dərinləşsə, bunun səbəbini indiki hökumətin səhv siyasətində axtarmaq Lazımdır. Onun fikrincə, əgər ölkədə demokratik islahatlar keçirilməzsə, Tehran hökuməti tərəfindən təcili tədbirlər görülməzsə, xaotik vəziyyət şimaldan cənuba, ölkənin şərqinə və qərbinə doğru yayılacaqdır. Qəvama görə, böhranı ləğv etməyin birinci və əsas şərti İranın yüksək mənafeyinin və müstaqilliyinin müdafiə edilməsi idi. “ Deyil Teleqraf “ın müxbirinin : “ Siz necə fikirləşirsiniz, Azərbaycandakı hadisələri Sovet hökuməti törətmişdirmi? “- sualına cavab olaraq Qəvam dedi: “ Mərkəzi hökumətin səhv siyasəti və əyalət əhalisinin qanuni tələblərinə diqqətsizlik bütün ölkədə narazılıq yaratmışdır. Gürünür, əgər xalq razı olsaydı, iğtişaşlar üçün zəmin olmazdı “ Ona gürə şimaldakı hadisələrin baş verməsinin əsas səbəbini xalqın narazılığında axtarmaq lazımdır. Əgər Sovet nümayəndələri belə hərəkətlərə mənəvi baxımdan rəğbət bəsləyirlərsə, onların fikirincə, bu, dünyada demokratiyanın yayılmasına istiqamətlənmiş müttəfiqlərin ümumi siyasətinə söykənir. “Deyli Teleqraf”ın nümayəndəsi Azərbaycanla bağlı Qəvamı daha dərin məsələlərə çəkərək soruşdu: “Siz necə fikirləşirsiniz, silah paylanmasını və orduların şimala keçməsini qadağan etmək mənəvi yardım kimi başa düşülə bilərmi? “Bu sualı cavablandırarkən Qəvam heç bir məsuliyyət daşımadığını və heç bir rəsmi raporta tanış olmadığını bildirərək dedi: “Bilmirəm bu şayiələr nə qədər doğrudur, Lakın mübahisəsizdir ki, 1320-ci ilin şəhrivərindən sonra gizli şəkildə xalqin, o cümlədən azərbaycanlıların o vaxta qədər əlində olanlara əlavə olaraq yeni silah düşmüşdür “ Şimala ordu göndərməklə bağlı məsələni şərh edərkən İran siyasi dairələri üçün bir qədər gözlənilməz cavab verdi. O dedi: “Əgər mən hakimiyyətdə olsaydım Azərbaycana ordu göndərənə qədər milli vətənpərvər və azadlıqsevər adamlardan ibarət nümayəndə heyəti göndərərdim ki məsələni dinc yolla həll etsin” (35). Xarici siyasət məsələlərinə gəldikdə Qəvam balanslaşdırılmış neytral siyasətə üstünlük verdiyini, Sovet İttifaqı ilə indiki gərgin münasibətlərin hökumətin səhv siyasətinin, beynəlxalq siyasətdə balansın pozulmasının nəticəsi olduğunu vurğuladı. Azərbaycan məsələsi Qavam əs səltənənin hakimiyyətə gəlişi üçün şərait yaradıldı. 1945-ci il dekabrın sonunda hakimiyyət kreslosu onun qara eynəyinin arxasından açıq-aydın görsənirdi. Rza şah dövründə dövlət işindən kənarda qalması bir çoxları üçün onu demokratlıq və azadxahlıq nişanəsinə Həkimülmülk son dəfə iş başına gətiriləndə müəyyən bir nəqşəni icra etməklə Qəvam əs-Səltənə və ya başqa müqtədir irticaçı bir şəxsin hakimiyyətə gətirilməsi üçün körpü rolunu oynayırdı. 1945-ci ilin dekabr ayının 30-da İran Məclisinin açıq iclasında deputat Tehrançı Məclisin sədrinə hökumətin istefası barədə bəyanatla müraciət etmişdi. Onun fikirincə, Azərbaycandakı hadisələrə üzbəüz dayanan Həkimi hökuməti ölkəni bürümüş ümumi böhran qarşısında fəaliyyətsizdir (36). Belə çağırışlar fonunda Əhməd Qəvamın Azərbaycan məsələsini sülh yolu ilə həll etmək vədləri çoxları üçün cəlbedici görünürdü. Lakin lap əvvəldən Qəvama münasibətdə Sovetlərlə S.C. Pişəvəri arasında fikir ayrılığı var idi. O yazırdı: Qəvam əs-Səltənəni biz həmişə mürtəce bir adam kimi tanıdığımızdan onun azadxahlara məxsusən Tudə Partiyasına özünü bağlamasını şeytənət və hilə hesab edirdik. Onun keçmişdə oynadığı irticaçı rolları biz unuda bilməzdik. Azərbaycanın qeyrətli azadxah əfsərlərindən kolenel Məhəmməd tağı xan Pesiyanın hilə ilə başını kəsdirib onun cəsədini belə qəbirdən çıxartdıran Səttarxanı Atabək parkında mühasirə edib, onun ölümünün müqəddiməsini hazırlayan, nəhayət,1323-cü ilazərin 17-də törətdiyi qanlı hadisələrlə bərabər onun şəxsən böyük mülkədardan olub irticanı saxlamaq üçün çalışdığını biz bilməmiş deyildik “ (37). Beləliklə, 1945-ci ilin dekabrın ikinci yarısında Tehranda hakimiyyət uğrunda mübarizə kəskinləşmiş, xarici işlər nazirlərinin Moskva müşavirəsində Azərbaycanla bağlı heç bir razılıq əldə edilməmişdi. Eynilə həmin vaxtda Güney Azərbaycandakı hadisələr Tehranın London və Vaşinqtonun gözlədiyindən daha sürətlə cərəyan edirdi.