SON XƏBƏRLƏR

ŞAHNAZ QULAMİYƏ AZADLIQ! _ Onun 9 yaşlı qızı əlil nənəsinin ümidinə qalıb

2021.10.20, 07:36
ŞAHNAZ QULAMİYƏ AZADLIQ! _ Onun 9 yaşlı qızı əlil nənəsinin ümidinə qalıb

Gunaz.tv
38210_1 ŞAHNAZ QULAMİYƏ AZADLIQ! Onun 9 yaşlı qızı əlil nənəsinin ümidinə qalıb S.SƏDRƏDDİN İranda hakimiyyət qadın haqlarını qoruduğundan danışsa da, əslində, zərif cinsin nümayəndələrinin hüquqlarının tapdandığı sirr deyil. "Mediaforum"un məlumatına görə, noyabrın sonunda BMT insan haqları komissiyasının özəl məruzəçiləri Marqaret Sekaqiya və Yakın Ərtürk İrandan qadın hüquq müdafiəçilərinə təzyiqlərə son qoymağı tələb ediblər. "Qadın haqları uğrunda dinc fəaliyyət göstərən fəallara qarşı təzyiqlər son iki ildə artmaqdadır. Ölkənin təhlükəsizlik qüvvələri onların dinc toplanmasını, xarici dövlətlərə səfərlərini əngəlləyir, bir sıra hallarda hüquq müdafiəsi ilə məşğul olan qadınları tutur", - deyə həmin hesabatda vurğulanıb. Bu məsələ ilə bağlı bir neçə məlumatı diqqətinizə çatdırmaq istərdik. Noyabrın sonunda Güney Azərbaycandan olan qadın hüquq müdafiəçisi Fəranə Fərid ETTELAAT-ın Təbrizdəki yerli şöbəsinə çağırılıb. O, Türkiyədə keçirilməsi nəzərdə tutulmuş Türkiyə, Azərbaycan və İranda qadın haqlarının qorunmasına dair toplantıya dəvət edilmişdi. Hakimiyyət isə onun Türkiyədəki yığıncağa qatılmasının qarşısını alıb. Amma zərif cins nümayəndələri hüquq bərabərliyinə nail olmaq üçün mübarizələrini dayandırmırlar. Bu yaxınlarda bir neçə qadın "Qadınlarla kişilərin hüquq bərabərliyinə nail olmaq üçün milyon imza" kampaniyası apardıqlarına görə yenidən məhkəmələrə çağırılıb. Qadın hüquqları müdafiəçisi, Güney Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda mübarizə aparanlardan biri təbrizli Şahnaz Qulami də hakimiyyətin hədəfindədir. Ötən gün "Azadtribun" saytında ürəkağrıdıcı bir müraciət yerləşdirilmişdi. Həmin müraciətə əsasən, belə bir acı nəticəyə gəlmək olar: millətin haqqı uğrunda mübarizə aparan şəxsin qız övladına himayədarlıq edən yoxdur. Xəbərin nə dərəcədə doğru olduğunu dəqiqləşdirməyə imkanımız olmadı. Təki bu müraciət yalan olsun. Amma bəlli olan bir məsələ var - belə işlərin olması da istisna deyil. Həmin müraciət Şahnaz Qulaminin haqlarını müdafiə komitəsinə ünvanlanıb. Orada deyilir: "Şahnaz Qulaminin Husna adlı bir qızı var. Təqribən bir aydır o, anasını görmür. Atası vəfat etdiyindən Husna ata nemətindən çoxdan məhrum olub. Hazırda isə müvəqqəti də olsa anasından da uzaqdadır. Balaca qızcığaz indi nənəsi ilə birgə yaşayır. Şahnaz Qulaminin əlil anası isə ona baxmaq iqtidarında deyil. O zaman təbii olaraq belə bir sual ortaya çıxır - bu balaca qızcığaz kədərlənəndə təsəlli tapmaqdan ötrü hansı qucağa sığınır?" Adını gizli saxlayan müraciət müəllifi daha sonra yazıb: "Şahnaz Qulami qızı barəsində belə deyirdi: "2007-ci ilin iyununda məni bir ay zindanda saxladılar. Bu hadisədən sonra uşaq uzun müddət rahat yatmadı. Gecələr yuxudan diksinir, ucadan ağlayır və məndən soruşurdu: "Ana, səni aparmayıblar?" Şahnaz Qulamini üçüncü dəfədir tuturlar. O, İranın təhlükəsizliyinə qarşı "təbliğat aparmaq"da suçlanaraq 6 ay azadlıqdan məhrum edilmişdi. İndi də deyirlər ki, onun taleyindən bir xəbər yoxdur. Ancaq kimsə demir ki, axı ondan xəbər gətirmək üçün bir kimsəsi yoxdur. Şahnaz Qulaminin azadlığa buraxılması, habelə onun səhhətindən narahat olacaq elə bir yaxın qohum-əqrəbası yoxdur. Vəkillər deyirlər ki, gərək onun yaxın bir qohumu gəlib vəkilin yardımını tələb etmək üçün yazılı formada müəyyən müraciət etsin. Yuxarıda da qeyd etdiyimiz kimi, Şahnaz xanımın anası əlildir. Bacı-qardaşlarının sosial vəziyyəti ağırdır, o biri yandan isə hakimiyyətdən çəkindiklərindən onun azadlığa buraxılmasına yardım edə bilmirlər. Şahnaz Qulaminin həyat yoldaşı vəfat etdiyindən 9 yaşlı qızı nə hakim tanıya bilər, nə ədliyyə orqanı, nə də həbsxananın harada yerləşdiyindən xəbərdardır. O ancaq məktəbə getdiyi yolu, bir də hər gecə yuxusuna girən kabusu tanıyır. Şahnaz Qulami bir azərbaycanlıdır. O amerikalı deyil ki, ABŞ-ın Dövlət Departamenti onun vəziyyətindən narahat olsun. Şahnaz xanımın yazmaq üçün bir qələmi, sevməyə bir balaca qızı var. Onun da bir qara quruşu belə yoxdur ki, Şahnaz xanımın zaminə buraxılmasından ötrü vəsiqə qoysun. Məsələnin başqa bir ağrılı tərəfi isə vaxtilə universitetdə işləmiş ərinin pensiyasının həyat yoldaşına verilməməsidir. Buna səbəb İranın şovinist rejiminin canını almış qorxudur. Hakimiyyət ehtiyat edir ki, Qulami bu puldan "İranın təhlükəsizliyinə qarşı" faydalanar. Ehtiyaclarını ödəməkdən ötrü Şahnaz xanım yaşlı və xəstə adamlara baxmaq üçün özəl bir müəssisədə işləməyə məcbur olmuşdu. Buradan belə bir təbii sual ortaya çıxır - xəstə anasına, 9 yaşlı qızına güclə baxan, maddi cəhətdən yoxsul bir xanım neftdə gələn milyardlarla dollara sahib olan bir ölkəyə necə təhlükə yarada bilər? Maddi cəhətdən Şahnaz Qulami yoxsul ailələrdən sayılır. İran İslam İnqilab Məhkəməsi isə iddia edir ki, o, İranın "milli təhlükəsizliyini zərbə altına alır". Buna görə də ona nəzarət etməyin ən əlverişli yolu bu xanımı zindanda saxlamaqdır. Şahnaz Qulaminin azyaşlı qızı heç kəsin deyil, Allahın öhdəsinə qalıb. 9 yaşlı Husnanın taleyi haqda fikirləşən varmı? Onun tək, əlil bir qocanın ümidinə buraxılmasını hansı insanlıqla ölçmək olar? Son zamanlar azərbaycanlılar arasında ağlamağı çox qınayırlar. Ona görə də haqlı olaraq deyirlər: "Ağlayıb başımıza döyməkdənsə, bir balaca hərəkət edib dərdlərimizə çıxış yolu tapmalıyıq". Bir məşhur söz var: "Yüz dəfə qaranlığa lənət deyincə, qalx, bir şam yandır". Düz bir il öncə bu azərbaycanlı hüquq müdafiəçisi haqda yazmışdıq. Şahnaz Qulamiyə qarşı hakimiyyət məmurları ötənilki kimi zorakılıq işlədiblər. Həbsdən öncə İranın Milli Təhlükəsizlik və İnformasiya Nazirliyinin əməkdaşları onun yaşadığı evi nəzarət altına almışdılar. O bir neçə dəfə ETTELAAT-ın yerli şöbəsinə çağırışlara telefon vasitəsilə cavabında bildirmişdi ki, yazılı və qanuni müraciət olmadan idarəyə getməyəcək. ETTELAAT idarəsi isə buna məhəl qoymadan hüquq müdafiəçisinin yaşadığı mənzilə əlisilahlı üç məmurunu göndərmişdi. "Ayna"nın ötən saylarından birində jurnalist Şahnaz Qulaminin yenidən həbs olunması barədə məlumat vermişdik. Azərbaycanlı Siyasi məhbusları Müdafiə Assosiasiyasının məlumatına əsasən, Qulami həbs olunarkən evində axtarış aparılıb, həbsxanaya salındıqdan sonra isə ona qohumları və vəkillə görüşünə imkan verilməyib. Ona qarşı irəli sürülən ittiham hələlik bəlli deyil. Üç ay öncə İnqilab Məhkəməsinin Təbrizdəki 1-ci şöbəsi Şahnaz Qulamiyə qarşı "dövlət quruluşu əleyhinə təbliğat" ittihamı irəli sürərək barəsində 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsmişdi. Xanım Qulami hökmdən apellyasiya şikayəti vermişdi. Hökmün qüvvəyə minməsi üçün ona müraciət edilmiş ünvanda baxış başa çatmalıdır. Bunları radioya təbrizli jurnalist Həsən Ərk deyib. "Onun başqa bir ittihamla həbs olunduğu istisna deyil" deyən jurnalistin sözlərinə görə, Qulaminin həbsinə səbəb Qulamrza Əmaninin avtomobil qəzasında ölümü ilə bağlı irəli sürdüyü ehtimallar da ola bilər. "Xanım Qulami mühəndis Əmaninin düşdüyü avtoqəzanı xüsusi adamların, böyük ehtimalla, dövlət adamlarının təşkil etdiyi qənaətində idi. Hakimiyyətin nəzərincə, belə fikir söyləmək iğtişaş salmaq, ictimai fikirdə təşviş yaratmaq sayılır. Ola bilsin, Şahnaz Qulami bu fikirlərinə görə tutulub", - deyə H.Ərk söyləyib. Mənbənin məlumatına əsasən, Ş.Qulami ictimai cəhətdən fəal qadın olduğu üçün təzyiqlərə tez-tez məruz qalır: "O, qadın haqları uğrunda mübarizə aparır, Azərbaycan türklərinin kimliyi, dili, mədəni haqları ilə bağlı yazılarla çıxış edir. Ümumiyyətlə, o çox işgüzar qadındır. Bu səbəbdən də nəzərə tez çarpır". Mənbə onun keçmiş fəaliyyəti barədə bəzi məlumatları yada salaraq bildirib ki, Şahnaz Qulami Xalq Mücahidləri Hərəkatında siyasi fəaliyyət göstərdiyinə görə 1989-94-cü illərdə həbsdə saxlanılıb. 2007-ci ilin mayında "İran" qəzetində azərbaycanlıları təhqir edən karikaturaya etiraz aksiyalarının ildönümündə iştirak etdiyi üçün bir ay müdətinə həsb olunmuşdu. O, "azarwomen" blokunun yaradıcısı, İranda Qadın Jurnalistlər Assosiasiyasının üzvüdür. Bu günlərdə jurnalist və hüquq müdafiəçisi Şahnaz Qulaminin haqlarını müdafiə komitəsi yaradılıb. Bu qurumun üzvləri aşağıdakılardır: Fərəhrəz Rəncbər (İsveç), İnsafəli Hidayət (Kanada), Çingiz Göytürk (Finlandiya), Səməd Niknam (İsveç), Şahin Ustaclu (Danimarka), Babək Azəri (İsveç), Elnur Eltürk (Azərbaycan), Əsəd Sadiqi (İsveç), Şahrux Məzari (İngiltərə), Manaf Səbəbi (əlaqələndirici, İsveç). Komitə üzvlərinin yaydığı bildirişdə deyilir: "Şahnaz Qulaminin ağır durumuna biganə qalmayaq və onun azadlığa buraxılmasından ötrü əlimizdən gələni əsirgəməyək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar