SON XƏBƏRLƏR

ANKARA İRƏVAN QARŞISINDA TƏRKSİLAH OLUR

2021.10.20, 07:36
ANKARA İRƏVAN QARŞISINDA TƏRKSİLAH OLUR

Gunaz.tv
ANKARA İRƏVAN QARŞISINDA TƏRKSİLAH OLUR 38220_1 Biz yeni və sərt siyasi gerçəkliklə üz-üzəyik İsmayıl UMUDLU Ankara - İrəvan xəttində baş verənlərin təhlili birmənalı şəkildə göstərir ki, indiyədək güvənc yeri bildiyimiz, regional güc olmaq iddiasını ortaya qoymuş Türkiyə Ermənistan qarşısında mövqelərini bir-bir qeyb etməkdə və ya bu mövqelərdən düşünülmüş şəkildə, birtərəfli qaydada, hansı bir siyasi hesabısa əldə rəhbər tutmaqla geri çəkilməkdədir. Mənzərə hər keçən gündə bir qədər də çılpaqlaşmaqda, örtülü qalanlar qatı dumandan sıyrılıb açığa çıxmaqdadır. Azərbaycanın, önəmli müttəfiqimizi itirməkdən dolayı yeni və sərt bir hərbi-siyasi gerçəkliklə üz-üzə qaldığı artıq heç kəsdə şübhə doğurmur. ANKARA "SOYQIRIMI" TANIYA, ERMƏNİSTANLA "QARDAŞLAŞA" BİLƏR Erməni çevrələri "soyqırımı tanı" deyə Ankaranın yaxasından bərk-bərk yapışıblar. Bu yöndə hücumçu təzyiqlər tək xaricdən deyil, Türkiyə daxilindən də güclənmişdir. Türkiyədə arxasında 60 minə yaxın erməni vətəndaşın və iri maliyyənin dayandığı çox güclü erməni lobbisi böyük bir cəsarət və cürətlə açıq cəhdlərdə bulunmağa başlamışdır. Bu günlərdə Ermənistanın 300-ə qədər ictimai xadimi prezident Abdulla Gülə ünvanlanmış açıq məktub imzalamışlar və bu məktubda deyilir ki, "erməni soyqırımını tanımağın alternativi yoxdur". O da gözdən qaçmır ki, Türkiyə daxilində "soyqırımı törəmişik, bunu tanıyaq və ermənilərdən üzr istəyək" deyə təşəbbüslərin də üzə çıxdığı gözdən qaçmır. Türkiyə toplumunda bunun nə qədər sarsaq bir təşəbbüs olduğunu, uğursuzluğa məhkum olacağını söyləyənlərə rəğmən, bunun bir reallıq olduğunu da görməliyik. Belə bir fikir var ki, türk toplumu mənəvi-psixoloji baxımdan addım-addım təslimə hazırlanmaqdadır. Yəni işlərin bu şəkildə gedişi belə bir fikrə gəlməyə imkan verir ki, Ankara indiyədək yaxına buraxmadığı "soyqırımı" tanıya və Ermənistanla "qardaşlaşa" bilər. Özü də bunun yaxın perspektivdə baş verəcəyini istisna etmək olmaz. Və günün birində "bir millət, iki dövlət" prinsipinin "iki qardaş, iki dövlət" prinsipi ilə əvəz olunduğunu gördükdə biz də şaşmamalıyıq. İqdırda bir "Soyqırım abidəsi" var, burada ermənilərin bölgədə qətlə yetirdikləri yüz minlərcə türkün faciəsi nümayiş etdirilir. İqdırdan bir az aralıdakı Qars şəhərində isə, böyür-başdakı kəndlərdə gördüyümüz qətliam qurbanlarının xatirə abidələri ilə təzad təşkil edən "Ermənistanla qardaşlıq abidəsi" yaradılıb və burada ticarətə hazırlaşan adamlar çoxalmaqdadır. QOŞUNLARI ÇIXARMAQ ŞƏRT KİMİ QOYULMUR Bəlli olduğu kimi, Ankara - İrəvan münasibətlərinin normallaşması üçün Ermənistanın işğalçı qoşunlarının Qarabağdan çıxarılması şərt kimi qoyulurdu (məlum dörd şərtdən biri). İndi bu şərt daha qoyulmur. Doğrudur, dövlət naziri Gürşad Tüzmen keçən həftə Bakıda bunun belə olmadığına bizi inandırmağa çalışdı, xarici işlər naziri Əli Babacan isə, hiss etdiyimiz kimi, bu həssas məsələnin üstündən diplomatik bir məharətlə keçməyi bacarmışdı. Amma İrəvanda qoşunların işğal etdikləri ərazilərdən çıxarılmasının artıq şərt kimi qoyulmadığı barədə açıq danışmağa başlamışlar. Məsələn, erməni siyasətçilərdən Xosrov Arutyunyan (Xristian-Demokrat İttifaqının sədri) bu halı məmnunluqla qarşılamışdır. Onun bu barədə söylədiklərinə diqqət edək: "Ermənistan - Türkiyə münasibətlərinin tənzimi bölgədə öz təsirini inkişaf etdirməyə çalışan bir dövlət olaraq Türkiyə üçün böyük önəm daşıyır. Ermənistanla sərhəd bağlı qaldıqca Türkiyə fəal regional oyunçu roluna iddiaçı ola bilməyəcəkdir. Türkiyə Ermənistanla münasibətlərini inkişaf etdirməyə məhkumdur. O, hazırda hətta Qarabağ məsələsinin həllinin ilkin şərti olaraq, Ermənistan qoşunlarının azad edilmiş ərazilərdən çıxarılması məsələsini qoymur. Türk toplumunda erməni soyqırımı probleminin qavrayışında da fəallaşma müşahidə edilir. Bir il öncə təsəvvürə gətirmək mümkün deyildi ki, türk ziyalılar erməni xalqı qarşısında üzrxahlıqla çıxış edəcəklər. Türkiyənin erməni soyqırımını tanıması bir günün işi deyil, iqtidar öz toplumunu buna hazırlamalıdır"... Yenə həmin Xosrov Arutyunyanın açıqlamasında Ankara - İrəvan yaxınlaşmasından Ermənistanın əldə edəcəyi dividendlərə də toxunulur. O belə düşünür: "Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi eləcə də Ermənistan üçün böyük perspektivlər açacaq, bu da ona regionda öz maraqlarından çıxış etməklə mövcudiyyətini və iştirakını təmin etmək imkanı verəcək. Bundan sonra heç kəs Ermənistanın mühün regional ölkə olaraq rolunu şübhə altına ala bilməyəcək. Biz əminik ki, iqtisadi faydalardan başqa, Türkiyə ilə sərhədlərin açılması Qarabağ məsələsinin ədalətli həlli imkanlarını təmin edəcək. Ermənistan - Türkiyə sərhədlərinin bağlı qalması Ermənistanın təcridini mümkünləşdirəcək, Azərbaycanın isə militarist planları bu şəraitdə əlverişli bir zəmində böyüyəcək. Sərhəd açılan kimi, bu planlar öz siyasi perspektivini itirəcək, çünki Azərbaycana hüsn-rəğbət göstərən ölkə hiss edəcək ki, bölgədə situasiyanın məcrasından çıxmasına görə məsuliyyəti üzərinə götürmüş olur". Fikir veririksə, Ankara İrəvanla yaxınlaşmaya gedərkən belə məlum olur ki, İrəvanın "ilkin şərtlər olmadan münasibətləri normallaşdıraq" təklifini faktik olaraq qəbul etmişdir. Ermənistan rəhbərliyi isə faktik olaraq "erməni soyqırımı" iddialarından əl götürmür (Serj Sarqsyan səfərdə olduğu Bolqarıstanda bu məsələnin siyasi rəhbərlik üçün önəmini qoruduğunu hiss etdirmişdir). Deməli, bu iddialarından əl götürmürsə, ərazi iddialarından da əl götürmür, zira bunun ardınca ərazi iddiaları gələcək, çünki soyqırımın tanınmasına onlar ərazi iddialarını şərtləndirən amil kimi baxdıqlarını heç vaxt gizlətməmişlər... İşin bu aspekti, təbii ki, türk diplomatiyasının və siyasi rəhbərliyinin seçimidir və onların verəcəyi qərara bağlıdır. Bizim qayğılarımız Ankara - İrəvan yaxınlaşmasının nə kimi alt qatlarının olduğu, Azərbaycan üçün nə kimi tələlər hazırlandığından irəli gəlir. Biz bunun fərqində olmaya bilmirik ki, Azərbaycan üçün bütün bunlardan dolayı yaranacaq əlverişsiz duruma görə məsuliyyət qardaş xalqın dövlətinin sükanı arxasında olan şəxslərin - məhz Abdulla Gül, Rəcəb Tayyip Ərdoğan və Əli Babacan cənablarının üzərinə düşəcək. Bunu da bilək. ABŞ-ın YENİ RƏHBƏRLİYİNDƏN GÖZLƏNTİLƏR Ermənilərin uydurma "soyqırımı"nın uydurma ildönümünədək - qarşıdakı dörd ay yarımda bütün fəaliyyətlərinin məğzi Barak Obamadan vəd etdiyi tanımanı görmək, 24 aprel müraciətində onun tərəfindən "soyqırım" kəlməsini işlətməsinə nail olmaqdır. Onlar buna hər il cəhd göstərirlər, hər il böyük bir ümidlə həmin anı gözləyirlər, amma bu dəfə ümidləri daha böyükdür. Yeni prezident Barak Obamanın seçkiöncəsi verdiyi vəd, belə görünür, ona xeyli başağrısı gətirəcək. Hələ vəzifəsinin birbaşa icrasına başlamayıb, lakin indidən çətin seçim qarşısında qaldığı üzə çıxıb. O necə hərəkət edəcək? O, ermənilərin istəklərini təmin edib, türk xalqı ilə münasibətləri korlayacaq, yoxsa müttəfiqlik münasibətlərini vacib bilərək erməniləri ümidsiz qoyacaq? Hələliksə, "Daşnaksütyun" Barak Obamadan aprelin 24-də "soyqırım" sözünü eşidəcəklərinə özlərini şanslı sanır. Bunu İrəvandakı "Ay Data" mərkəzi ofisinin və "Daşnaksütyun" partiyasının siyasi məsələlər üzrə rəhbəri Kiro Manoyan son mətbuat konfransında deyib. ABŞ-ın birinci şəxsinin ağzından onların həsrətində olduqları "soyqırım" sözünü eşidəcəklərini real sayan Kiro Manoyan Ermənistan rəhbərliyini Ankaranın tarixçilər komissiyası qurulması təklifinə münasibət məsələsində ehtiyatlı olmağa çağırır: "Bu ona gətirib çıxara bilər ki, Vaşinqton deyər: biz müzakirələrin nəticələrini gözləyirik". "Daşnaksütyun" rəhbərliyi qorxur ki, bununla da "soyqırım"ın dünya birliyi tərəfindən tanınması məsələsi sual altına düşə bilər. Yeri gəlmişkən, ABŞ-ın keçmiş xarici işlər naziri Madlen Olbrayt və keçmiş müdafiə naziri Uilyam Kohenin rəhbərliyi altında işləyən bir komissiya tərəfindən hazırlanmış və bir-iki gün öncə BMT-də yayımlanan "Soyqırımı önləmə" məruzəsi də erməni diasporu tərəfindən hiddətlə qarşılanmışdır. Onları özlərindən çıxaran bu olub ki, burada onların məlum "erməni soyqırımı" iddialarından çox qısaca bəhs edilib və bu zaman "soyqırım" ifadəsinə yer verilməyib. Məruzə 1948-ci ildə eyni məzmunlu BMT konvensiyasının ildönümü münasibəti ilə hazırlanmışdı. Amerika Erməni Milli Komitəsi (ANCA) komissiya rəhbərlərini - Madlen Olbrayt və Uilyam Kohen kimi şəxsləri və sözügedən komissiyanın üzvlərini açıq şəkildə "ikiüzlülükdə" suçlamışdır. VAŞİNQTON VƏZİYYƏTDƏN ÇIXMAQ ÜÇÜN YOLLAR AXTARIR Barak Obamanın çevrəsindəki siyasət ekspertləri və eləcə də Amerikanın düşüncə quruluşları bu məsələyə qoşulublar və elə indidən yaranmış bu vəziyyətdən çıxış yolunun axtarışına başlanıb. Təxmin etmək olar ki, Barak Obama da əvvəlki prezidentlər kimi, ermənilərin əlini boşda qoyacaq və onların gözlədikləri sözü deməyəcək. Amma nə bilmək olar, hər şey çox sürətlə dəyişir və başqa cür də ola bilər. Hər halda, Vaşinqtonda fəaliyyət göstərən və aralarında Barak Obamanın seçki qərargahında yer almış ekspertlərin də olduğu "Center for American Progress" (CAP) düşüncə qurumu son günlər Obama administrasiyasına Türkiyə ilə münasibətləri yenidən canlandırmağı tövsiyə etmişdir. Spenser Boyer və Brayan Katulis tərəfindən qələmə alınan məruzədə bu da tövsiyə edilir ki, prezident ilk Avropa səfərində ilk dayanacaqları sırasına Türkiyəni də aid etməli, Türkiyə prezidenti və baş naziri ilə üz-üzə görüşməlidir. Onlar belə düşünürlər ki, Türkiyə səfəri Yaxın Şərq turnesi daxilində deyil, Avropa turnesi daxilində baş tutmalıdır - bu fakt Ankaranın Avropa Birliyi oriyentasiyasına Vaşinqtonun dəstək verdiyini nümayiş etdirəcək və strateji əməkdaşlığa önəm verildiyini vurğulamış olacaq. Erməni xəbər qaynaqlarından öyrənirik ki, onlar prezident Abdulla Gülün İsrailə qarşıdakı səfərinə çox narahatlıqla yanaşırlar. Onlar iddia etməyə başlayıblar ki, bu səfər əsnasında Ankara İsraildən Obamanın "soyqırımı" tanımamasına öz nüfuzlu lobbisi ilə yardım göstərməsini istəyəcək. Bir sözlə, Türkiyə - Ermənistan yaxınlaşmasından, bu iki qonşu ölkənin münasibətlərinin normallaşmasından Azərbaycan toplumunun Qarabağın işğaldan qurtulmasında nə şəkildəsə faydası olacağına bəslənən ümidlər (sentyabrda bu ümidlər özəlliklə güclü idi) getdikcə dəryada balıq sövdasına bənzəməyə başlamışdır. Bizə belə bir fikir hakim olmağa başlamışdır ki, Türkiyə Ermənistanla yaxınlaşmaq üçün baş vurduğu bütün təşəbbüslərdə sırf öz maraqlarını güdür və Azərbaycanın maraqlarının üstündən keçilir. Bizə görə, Türkiyə rəsmilərinin tez-tez Bakıya gəlişləri Azərbaycan toplumunu xatircəm etməkdən daha çox öz auditoriyaları üçün düşünülüb və gələcək seçkidə səslərin itirilə biləcəyi qorxusundan qaynaqlanır. Çox şeyin əcaib bir şəkildə "Qurdlar Vadisi. Pusu" personajı İsgəndər Büyükün məntiqinə söykəndiyini də görməyə bilmirik.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar