SON XƏBƏRLƏR

Maraq diplomatiyası , Yaxud AKP hökumətinin İrəvan "sərhədi"

2021.10.20, 07:36
Maraq diplomatiyası , Yaxud AKP hökumətinin İrəvan "sərhədi"

Gunaz.tv
Maraq diplomatiyası Yaxud AKP hökumətinin İrəvan "sərhədi" akp.jpg Gürcüstanda baş verən son hadisələrdən sonra Türkiyə Ermənistan münasibətlərində daha qabarıq nəzərə çarpan sıcaqlıq artıq Azərbaycanda hər kəsi narahat etməkdədir. Diplomatik təmasların gözlənildiyindən daha çox intensivləşməsi, gizli iqtisadi əlaqələrin gün işığına çıxarılması, hava yolunun açılması və sərhədlərin aradan qaldırılması ilə bağlı müzakirələrin real müstəviyə qədəm qoyması uzun illərdən bəri başımızın altına qoyulan "qardaşlıq" yastığının sərt qaya parçasına çevrilməsinə zəmin yaradıb. Mürgüdən ayılırıq deyəsən... Gerçəklik heç də bizim düşündüyümüz qədər sadə deyilmiş... Elçin Mirzəbəyli Türkiyənin öz strateji maraqları var. Rəsmi Ankara Avropa Birliyinin üzvü olmaq arzusundadır və bu istiqamətdə qarşısına atılan bütün süni maneələri nəyin bahasına olursa olsun keçməyə hazırlaşır. Bu sırada Şimali Kipr probleminin həlli, Ermənistanla münasibətlərin yaxşılaşdırılması ön sıradadır. Bütün bunlar inkişaf etməkdə olan Türkiyə-Ermənistan münasibətlərinə qardaş ölkənin mediasında verilən izah, yaxud əsas mətləblərin pərdələnməsinə cəhd üçün sərgilənən izah xarakterli görüntülərdir. Rəsmi Ankara və Azərbaycanla münasibətlərin arzuolunmayan müstəviyə qədəm qoymasını istəməyən siyasi dairələrin təqdimatı isə mediada yer alan şərhlərdən müəyyən qədər fərqlənir: - Ermənistanla münasibətlərin yaxşılaşdırılması, diplomatik və iqtisadi əlaqələrin qurulması, kommunikasiya xətlərinin açılması rəsmi İrəvanın həm qondarma soyqırımı, həm də Dağlıq Qarabağ problemi ilə bağlı mövqelərini yumşaldacaq, sülh danışıqlarının intensiv xarakter almasına xidmət edəcək və nəticədə bölgədə çoxdan gözlənilən sabitlik və barış bərqərar olacaqdır. ...Cəlbedicidir, ancaq Türkiyə rəsmilərinin bu qəbildən olan bəyanatlarında və açıqlamalarında bizim üçün yeni olan bircə məqam belə yoxdur. Bütün bunlar beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin təmsilçiləri tərəfindən dəfələrlə dilə gətirilib. Avropa Birliyinin "Yaxın Qonşuluq", "Şərq Tərəfdaşlığı" proqramında bu və ya digər şəkildə ifadə olunub və s. Məhz bu baxımdan, əsasən Azərbaycanın ictimai rəyinə hesablanmış açıqlamaların mövcud narahatlıqları aradan qaldıracağına inanmaq çətindir. Artıq "Azərbaycan torpaqları azad edilməyincə Ermənistanla sərhədlər açılmayacaq" kimi silsilə bəyanatların səmimiliyi də şübhə doğurur. Hər dəfə lokal və genişmiqyaslı diplomatik oyunlardan sonra "sərhədlərin açılmayacağı" ilə bağlı ifadələrin təkrarlanması əvvəlki "qardaşlıq fədakarlığı" effektini vermir və daha çox məsələnin ictimai rəydə adiləşdirilməsinə xidmət edir. Ola bilsin ki, bu qəbildən olan diplomatik və informatik manevrlər sərhəd məsələsinin yaxın gələcəkdə Azərbaycanın ictimai rəyində tamamilə əhəmiyyətsiz bir amil dəyərləndirilməsi üçün nəzərdə tutulan və düşünülmüş şəkildə həyata keçirilən bir texnologiyadır. Bəlkə də... Hər halda Türkiyənin Azərbaycanla bağlı siyasətində yetərincə yeni korrektələrin olduğu da göz önündədir. Bunun müqabilində Azərbaycanın ictimai rəyində baş verən dəyişiklər rəsmi Ankaranı görünür bir o qədər də narahat etmir, yaxud bir az sərt səslənsə də bu sayğısız davranışların arxasında məqsədyönlü, əsəblərin tarıma çəkilməsinə hesablanmış üzücü bir siyasət dayanır. ...Şübhələr isə artmaqdadır. Çünki ortalıqda Türkiyə-Ermənistan münasibətlərində baş verən ildırım sürətli inkişafın müqabilində bütün bunları əsaslı şəkildə izah edə biləcək heç bir ciddi arqument yoxdur. Ənənəvi ifadələrdən başqa: Barış, əminamanlıq, yaxın qonşuluq, rifah... Hazırda Türkiyənin xarici və daxili siyasətini müəyyənləşdirən və həyata keçirən AKP hökumətinin fəaliyyətində daha bir maraqlı məqam nəzərə çarpmaqdadır ki, bu da heç bir halda diqqətdən kənarda saxlanılmamalıdır: Son zamanlar rəsmi Ankara Ermənistan-Azərbaycan münaqişəsinin həllində bəzən lazım olduğundan daha çox neytrallıq nümayiş etdirməyə çalışır. Ermənistan isə öz növbəsində təklif olunan oyunun qaydalarını mənimsəyib və Türkiyə ilə münasibətlərin qurulmasında heç bir şərt irəli sürməyəcəyini bəyan edir. Təbii ki, Ermənistanın qondarma soyqırımı ilə bağlı "şərt irəli sürməməsi" üçün kifayət qədər manevr imkanları var. Çünki uydurma soyqırımının tanıdılması prosesini bütün dünyada əsasən erməni lobbisi həyata keçirir. Bu baxımdan, rəsmi İrəvan istənilən anda məsuliyyətdən yayına və günahı erməni lobbisinin üzərinə yükləyə bilər. Ermənistanın əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü məsələsinin Türkiyə tərəfindən şərt kimi irəli sürülməməsi, rəsmi Ankaranın mümkün qədər neytrallaşması və təbii ki, Türkiyə-Azərbaycan münasibətlərində ziddiyyətlərin yaradılmasıdır. Türkiyə ilə Ermənistan arasında iqtisadi əlaqələrin rəsmi müstəviyə keçməsi, sərhədlərin açılması indiki halda yalnız və yalnız İrəvanın maraqlarına uyğun gəlir. Sərhədlərin açılması nəticəsində Ermənistan kommunikasiya və nəqliyyat dəhlizi problemini həll edir, dünya ilə təhlükəsiz və təminatlı əlaqə qurmaq imkanı əldə edir, iqtisadi sıxıntılarını aradan qaldırır, Türkiyənin ictimai rəyinə nüfuz etmək və bu ölkədə bir o qədər də geniş fəaliyyət göstərə bilməyən ermənilərin təşkilatlanmasını stimullaşdırmaq üçün leqal imkanlar qazanır. Bəs Türkiyə? Ermənistanla sərhədlərin açılmasından Türkiyənin hər hansı bir qazanc əldə etməsi barədə danışmaq belə gülüncdür. Bunun üçün xüsusi iqtisadi araşdırmalara da ehtiyac yoxdur. Necə deyərlər, görünən kəndə nə bələdçi? Ermənistanın durumu göz qabağındadır. Deməli, söhbət yalnız AKP hökumətinin əldə edəcəyi siyasi dividendlərdən gedir. Rəqabətlə qazanc Təbii ki, Türkiyənin daxilində, xüsusilə də Ermənistanla sərhəddə yerləşən ərazilərdə rəsmi Ankara tamamilə fərqli bir siyasət yürüdür. İctimai rəy Ermənistanla sərhədlərin açılmasına hazırlanır və bu məlumatların Azərbaycanda daha çox müzakirəyə çıxarılmasına bilərəkdən zəmin yaradılır. Ola bilsin ki, bu məsələdə xüsusi dövlət siyasəti yoxdur və Ermənistanla sərhəddə yerləşən bölgələrin rəhbərləri mərkəzi hakimiyyətlə razılaşdırılmış şəkildə Azərbaycanın bu ərazilərə yatırım qoyması üçün belə provakasiyalardan istifadə etməyə çalışırlar. Yəni sərhədlər qapalı olduğu üçün Qars və digər sərhədyanı ərazilər iqtisadi çətinliklərlə qarşılaşırlar, əgər sərhədlərin açılmasını istəmrsinizsə, o zaman, buyurun bu vəziyyəti yatırımlarla, yaxud digər vasitələrlə kompensasiya edin... Təbii ki, Türkiyənin Ermənistanla sərhəd bölgəsində, xüsusilə də Qarsda Azərbaycan başkonsulluğunun fəaliyyətə başlamasını və qısa müddət ərzində mövcud imkanlar çərçivəsində görülən işləri müsbət dəyərləndirmək lazımdır. Xüsusilə də indiki şəraitdə, Qarsda başkonsulluğun yeni binasının açılışı, İqdırda isə ermənilərin Türkiyə və Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırımı ifadə edən abidənin ucaldılması olduqca mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, təklif olunan oyunun qaydalarına uyğun bir sıra addımların həyata keçirilməsi də vacib şərtdir. İndiki halda Türkiyənin Ermənistanla həmsərhəd ərazilərinin Azərbaycana və onun ayrılmaz parçası olan Naxçıvana daha sıx bağlanması məqsədilə müştərək iqtisadi layihələr həyata keçirilməli, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu bölgələrdə birgə emal və sənaye müəssisələri yaradılmalı, iqtisadi əlaqələr və bağlılıqlar möhkəmləndirilməlidir. İzahı olmayan diplomatiya ...Türkiyə-Ermənistan münasibətlərində baş verən sıçrayışın səbəbləri isə müəmma olaraq qalır. Çünki baş verənlərin tutarlı izahı yoxdur, yaxud bu müstəvidə ipucu əldə etmək olduqca çətindir. Ola bilsin ki, Türkiyəni Amerika Birləşmiş Ştatlarının siyasətində baş verə biləcək dəyişikliklər, Barak Obama adminstrasiyasının qondarma soyqırımı tanımaq ehtimalı narahat edir. Zənnimcə, bu da ciddi arqument sayıla bilməz. Ona görə ki, ABŞ-da keçirilən hər seçki öncəsi və sonrası oxşar proseslərin baş verməsi təbii hal kimi qəbul olunmalıdır. Həmçinin yuxarıda vurğuladığım kimi, rəsmi İrəvan və erməni lobbisinin razılaşdırılmış oyun qaydalarını da nəzərə almaq lazımdır. Belə olduğu təqdirdə, yalnız bir qənaətə gəlmək mümkündür: Ermənistanla münasibətlərin qurulması və inkişaf etdirilməsi Türkiyənin deyil, AKP hökumətinin maraqlarına xidmət edir. Sadəcə, hakimiyyətlərinin ömrünü mümkün qədər uzatmaq üçün... Erməni və fars Xəzərin statusu məsələsində birləşirlər "Rəsmi Tehranın mövqeyi Ermənistan və Rusiyanın Azərbaycanın əleyhinə kampaniyasınının tərkib hissəsidir" Tural Rəsmi Tehran Azərbaycan və Türkmənistanı Xəzərin hüquqi statusuna dair razılıq əldə olunmamasına görə "günahkar" sayır. İranın ali dini rəhbərinin, Silahlı Qüvvələrin baş komandanının hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri Yəhya Rəhim Səfəvi Təbriz Universitetində çıxışı zamanı absurd fikirlər səsləndirib: "Xəzərin hüquqi statusunu bölgə dövlətləri müəyyənləşdirməyib. Bu məsələdə ən çox Türkmənistan və Azərbaycanla müzakirələrdə problemlər yaranır. İran bölgədə milli təhlükəsizliyini qorumaq məsələsində çox ciddi və mövqeyi dəyişilməzdir. Mövcud şərtlər daxilində bu məsələnin həllinə dair bir çox məqam həll edilib. Amma problem daha çox Xəzərdə olan qaz və neft yataqlarının bölüşdürülməsilə bağlıdır". Xatırladaq ki, bir müddət öncə Ermənistanla İranın hökumətlərarası komissiyasının görüşündən sonra İrəvan rəsmiləri rəsmi Bakının Xəzərin statusu məsələsində ciddi problemlər yaşayacağını bəyanlamışdı. Siyasi şərhçi Aydın Quliyevin sözlərinə görə, ermənilərlə farsların son bəyanatının üst-üstə düşməsi iki dövlət arasında razılaşmanın olmasından xəbər verir. Son vaxtlar Qafqaz bölgəsi və Xəzər regionunda iki əsas məsələ ətrafında həm region ölkələri, həm də Qərb dövlətlərinin mövqeləri açıq şəkildə qütbləşib. Bu, Qarabağ probleminin həlli ilə bağlı Ermənistana göstərilən təzyiqlər və Azərbaycan və Türkmənistan qazının Gürcüstan vasitəsilə Avropaya nəqlində özünü təzahür etdirir. Birinci məsələylə bağlı hazırda Ermənistana çox güclü təzyiqlər başlayıb. Çünki Qərbin iqtisadi və strateji maraqları bu bölgədə uzunmüddətli siyasi sabitliyə böyük tələbat doğurub. Bunun da yolu Qarabağ probleminin həllindən keçir. Ona görə də, İrəvanın "məngənəyə" salınması prosesinə start verilib. İkinci məsələ isə daha çox Rusiyanı pis vəziyyətdə qoyub. Artıq Türkmənistan, Azərbaycan və Qazaxıstan enerji siyasətində müəyyən qədər iradə nümayiş etdirməyə başlayıblar. Yəni bu üçlük neft və qazın "Trans-Xəzər" boru kəmərləri vasitəsiylə, Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə marşurutu ilə Avropaya nəqlinə maraq göstərir. Böyük qaz axınının Rusiyadan yan keçən marşrutu üzərində region dövlətlərinin bir mövqeyə gəlməsi Kremli çətin vəziyyətdə qoyub: "Artıq Azərbaycanın maraqlarının əleyhinə Rusiya, Ermənistan və İranın maraqları açıq şəkildə üst-üstə düşməyə başlayıb. Helsinkdə Rusiyanın ərazi bütövlüyülə bağlı mövqeyi Azərbaycana kifayət qədər zərər verdi. İranın Xəzər dənizinin statusunun razılaşdırılmaması ilə bağlı Azərbaycanı günahlandırması da qıcılandırıcıdır. Bu mövqe Ermənistan və Rusiyanın Azərbaycanın əleyhinə kampaniyasınının tərkib hissəsidir. Açıq şəkildə görünür ki, bir tərəfdən Ermənistana Qarabağla bağlı göstərilən təzyiqlər, digər tərəfdən isə artıq Rusiyadan yan keçən "Nabucco" qaz kəmərilə əlaqədar işlərin sürətlənməsi Azərbaycanın başında çatlayır. Belə amillər həm də Qazaxıstan, Türkmənistan və Azərbaycanı eyni mövqe ortaya qoymağa vadar edir. İranın sonuncu bəyanatı birinci növbədə Azərbaycana, ikinci növbədə isə Qərbə sərt mövqe nümayişidir". "Qazprom" Azərbaycan qazını yüksək qiymətə almaq istəyir "Qazın böyük hissəsinin Rusiya ərazisilə ixracı rusların siyasi şantaj və qiymətə nəzarət imkanlarını artırır" Tural Moskvada ARDNŞ nümayəndələrilə Rusiyanın "Qazprom" SC və "Qazpromeksport" Şirkətinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın xarici bazarlara, o cümlədən, Rusiya bazarına ixracının perspektivlərinə dair müzakirələr aparılıb. Danışıqlarda ARDNŞ-in istismarında olan yataqlarda hasil olunan qazın da ixracı perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Görüşün sonunda tərəflər bu məsələylə bağlı danışıqların növbəti raundunun bu ilin sonunadək keçirilməsilə bağlı razılıq əldə ediblər. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Rauf Mirqədirov ARDNŞ-in "Qazprom"la danışıqlar aparmasını "Nabucco" layihəsinin taleyini sual altına almadığını söylədi. Onun sözlərinə görə, hazırda Azərbaycanla Rusiya arasındla olan danışıqların birinci mərhələsi başa çatıb və növbəti mərəhələnin ilin axırına kimi advam etdirilməsi nəzərdə tutulur: "Düşünmürəm ki, Azərbaycan indiki şəraitdə öz qazının hamısını Rusiya vasitəsilə ixrac etsin. İlk növbədə belə addım bizim üçün sərfəli deyil. Ona görə ki, bütün qazın Rusiyaya nəqli üçün texniki imkan yoxdur. Hazırkı qaz kəmərələrinin imkanları böyük həcmli qazın ixracı üçün nəzərdə tutulmayıb. Digər tərəfdən, Azərbaycan qazının heç də hamısı ölkəmizə məxsus deyil. "Şahdəniz" yatağından qazı konsorsium əsasında çıxarırıq. Bu qazın çıxarılmasında müəyyən iştirak payları var ki, buna uyğun da şirkətlər arasında qaz payı bölünür. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisindən Bakı-Tiflis-Ceyhan kimi böyük kəmər keçir. Ölkəmiz belə perspektivli kəmərlərin ardının gəlməsində maraqlıdır". Rauf Mirqədirova görə, Azərbaycan əsas qaz ixracatçısı kimi "Nabucco" layihəsinə qoşulmadığından bu kimi danışıqların sözügedən layihənin reallaşmasına əngəl olacağı da inandırıcı görünmür. Çünki Azərbaycanda olan qaz həcmləri həmin layihənin tələbatının ödənilməsi üçün kifayət etmir. Kəmərin reallaşması Türkmənistanla Qazaxıstanın həmin layihəyə qoşulmasından asılıdır. Bu halda Azərbaycanın Rusiya ilə qaz ixracı haqda apardığı danışıqların elə bir əhəmiyyəti də yoxdur: "Bir müddət öncə Azərbaycan və Türkiyə prezidentlərinin Aşqabadda Türkmənistan prezidentilə bu məsələ ətrafında danışıqlar aparması ciddi siqnal idi. Yəni həmin danışıqların nəticəsi kifayət qədər pozitiv olub və görüşlər anlaşma şəraitində keçib. Çünki Türkiyə "Nabucco" layihəsinin reallaşmasında ən maraqlı olan dövlətlərdən biridir". Rusiyanın qaz ixracatçılarıyla olan münasibətlərinin bir neçə istiqamətdə qurulduğunu deyən politoloq Orta Asiya ölkələrilə olan münasibətlərdə rusların mövqeyində dəyişikliyin yarandığını vurğuladı. Rusiya əvvəllər Orta Asiya ölkələrindən təbii qazı dəfələrlə ucuz qiymətə alaraq Avropaya bu enerji daşıyıcısını daha yüksək qiymətlə satırdılar. Əslində isə Kreml ucuz qaz almaqla həmin enerjidən ilk növbədə potsovet məkanına siyasi şantaj üçün istifadə edirdi. Artıq Ukrayna və Gürcüstanla münasibətlərdə bu şantajın şahidi olmuşuq. Bu, həm də həddindən artıq gəlirli fəaliyyət sahəsidir. Amma indi situasiya bir qədər dəyişib. Artıq Orta Asiya dövlətləri əvvəlki kimi "alver" etmək fikrində deyillər. Yəni ilk növbədə Türkmənistan öz qazını həddindən artıq ucuz qiymətə satmaq istəmədiyini açıq şəkildə ortaya qoyub. Bununla bağlı ciddi danışıqlar da gedir: "Hazırda Rusiya özünün qaz kəmərləri vasitəsiylə Türkmənistan qazını alıb Avropaya çatdırmaq üçün kifayət qədər böyük maliyyə ödəmək məcburiyyətindədir. Şimal qonşumuzun Azərbaycana Avropa qiymətlərilə qazı almaq təklifi isə iqtisadi maraqlardan çox siyasi niyyətlərə hesablanıb. Kreml ilk növbədə Avropaya qaz ixracını qoruyub saxlamağa çalışır. Bu, Rusiyanın həm siyasi şantaj imkanlarını, həm də qiymətlərə nəzarət edilməsi məsələsini əlində qoruyub saxlamağa imkan verir. Amma ruslar Azərbaycana Avropa qiymətlərini də təklif etmirlər. Moskva yalnız özünün gəlirlərini nəzərdə tutur". Politoloq onu da söylədi ki, Azərbaycanda enerji resursları ilə bağlı dünya qiymətləri anlayışını düzgün tətbiq etmirlər. Dünya birjalarında iyirmiyə yaxın xammalın qiyməti müəyyənləşdirilir. Bu neft, qızıl, taxıl və s. kimi əhəmiyyətli resurslardı. Qalan resurslarda dünya qiymətləri anlayışı yoxdur. Hətta bizdə benzinin qiymətlərinin dünya qiymətləri səviyyəsinə çatdırılması təklifi tamamilə absurd fikirdir. Benzinin qiyməti dünya bazaraları ilə müəyyənləşmir. Ancaq neftin qiyməti birjalara uyğun qoyulur. ABŞ-da benzin Azərbaycandan daha ucuzdur. Bu ölkədə benzin əlli sentə yaxın olduğu halda Azərbaycanda bu rəqəm 74 sentdir. Amma bununla yanaşı Azərbaycanda benzinin qiyməti Avropa Birliyi ölkələrindən aşağı səviyyədədir. Çünki bizdə bu yanacağın qiyməti tamamilə başqa faktorlarla müəyyənləşir. Bu məsələdə dünya qiymətlərinə istinad etmək gülüncdür. O cümlədən, qazın qiyməti də müəyyən mənada sərbəstdir. Amma qazın qiyməti neftə o qədər də bağlı deyil. Yəni neftin qiymətinin dəyişməsindən asılı olaraq qazın qiyməti az dəyişir: "Bu gün Rusiya boşuna demir ki, Azərbaycan qazını dünya qiymətlərinə uyğun almaq istəyirik. Çünki qazın qiymətinin də yaxın dövrlərdə nə cür olacağı bilinmir. Son vaxtlar neftin qiyməti 147 dollardan 40 dollar civarına düşüb. Neftdən fərqli olaraq qazın qiyməti ən azı bir il üçün bağlanan müqavilələrlə müəyyənləşir. Bu baxımdan burada çox ciddi problemlər yaranır. ARDNŞ-lə "Qazprom"un danışıqlarının ciddi nəticələr verəcəyinə isə inanmıram". Robert Geyts Obamanın sözünü deyir Tural Pentaqon rəhbəri Robert Geyts ABŞ-ın yeni hərbi strategiyasının detallarını təhlil edən məqalə yazıb. O, bildirib ki, bu strategiya ölkənin digər dövlətlərin silahlı qüvvələrinin, o cümlədən, Rusiya ordusunun hərbi çağırışlarına cavab verməyi bacarmalıdır: "Rusiyanın Gürcüstana adi silahlarla qəddarcasına hücumu mürəkkəb kiberhücumlar və əla koordinasiya olunmuş təbliğat kampaniyasıyla dəstəklənib. Rus tanklarının Gürcüstandakı görüntüləri və onların öldürücü effektiv fəaliyyəti, Vaşinqtonu müdafiə xərclərini sürətlə artıran və mümkün hərbi çağırışlara hazırlaşan Moskva ilə hesablaşmağa vadar edir". Pentaqon rəhbəri Vaşinqtonu Moskva ilə yeni "soyuq müharibəyə" başlamaqdan çəkinməyə çağırıb: "Çünki Moskva artıq qlobal hegemonluq ideologiyasını rəhbər tutmur. Rusiyanın istəyi keçmişdə alçaldılmasının əvəzini çıxmaq və yaxın xaricdə öz təsir dairəsini bərpa etməkdir". Bu arada Amerikanın İnkişafı uğrunda Vaşinqton Politoloji Mərəkəzinin məruzəsində deyilir ki, Obama Çexiyada RHM sistemlərinin yerləşdirilməsini dayandırmalıdır: "Bu addım növbəti dörd il ərzində 13,15 milyard dollara qənaət etməyə imkan verəcək". Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Zərdüşt Əlizadə Robert Geytsin məqaləsində Barak Obamanın təfəkkürünə uyğun məqamların olduğunu bildirdi. Onun sözlərinə görə, ABŞ-ın son illərdə sərgilədiyi militarist siyasəti Rusiya da təkrarlamağa başlayıb. ABŞ 70 il Sovet İttifaqı ilə rəqabət aparıb. Bu ölkədə Rusiyaya qarşı böyük strukturlar yaranıb və ABŞ-da rusları rəqib və düşmən görmək mədəniyyəti təşəkkül tapıb. Hətta vaxtilə Vaşinqton rəsmilərinin təşəbbüsü ilə sovetologiya elmi də ərsəyə gəldi ki, burada da minlərlə mütəxəssis məhz bu imperiyanın araşdırılması ilə məşğul olurdular. SSRİ dağılandan sonra isə bu qədər insan birdən-birə işsiz qaldı. Amma onların müstəqil araşdırması davam etdi. Sonda məlum oldu ki, Rusiya heç də dəyişməyib və o, özünün düşmən imcini daha da artırıb. İndi həmin mütəxəssislər rəsmi şəkildə yenidən öz sevimli peşələrinə qayıdıblar. Sovetoloqlar bu dəfə antisovet deyil, antirus mövqedən çıxış etməyə başlayıblar: "Əslinə baxsan Rusiya ABŞ-a rəqib deyil. Bu ölkələrin qüvvələr nisbəti çox fərqlidir. Şimal qonşumuz ABŞ-dan dəfələrlə zəifdir. Moskva ilə Vaşinqtonun iqtisadi, elmi, texnoloji, hərbi, informasiya potensialını müqayisə etsək böyük fərq görərik. Amma ABŞ cəmiyyətində Rusiyanı düşmən gözü ilə görməkdə olan siyasi, elmi dairələr hələ də qalır. Robert Geyts isə bu ölkənin mədəniyyət deyil, müdafiə naziridir. Yəni o xoşməramlı fikirlər səsləndirməz. Müdafiə naziri onun gücünün artmasında və nazirin işinin əhəmiyyətinin çoxalmasında maraqlı olur. Bu zaman cəmiyyət də Robert Geytsin fəaliyyətinin vacibliyini dərk edər. Ona görə də, o, Rusiyaya hamıdan çox düşmən gözü ilə baxanlardan biridir. Onun indiki dönəmdə Rusiyanın adi bir dövlət olduğunu və ABŞ-ın hərbi xərcləri azaltmasının vacibliyini deməsi də qəribə görünərdi". ABŞ-ın Çexiya və Polşada Raketdən Müdafiə Sistemlərinin yerləşdirilməsi qərarını səhv addım sayan politoloq Rusiyanın buna aqressiv və qısqanc reaksiyasını da yersiz saydı. Bu, köhnə təfəkkürün nəticələridir: "Barak Obama prezidentliyə namizəd olarkən deyib ki, mən prezident seçiləndən sonra Polşa və Çexiyada antiraket sisteminin qurulması məsələsinə yenidən baxacam. Bu məsələylə bağlı qərar qəbuluna, Çexiya və Polşanın ABŞ-a razılıq verməsinə baxmayaraq, yeni seçilmiş prezidentin qərarı ləğv etmək ehtimalı da var. Rusiya da buna ümid edir. Obama adminstrasiyasında müdafiə naziri kimi qalıb fəaliyyət göstərən Robert Geyts isə yeni şefinin mövqeyini təkrarlayır". Neftin 10 dollarla satılması belə Azərbaycana mənfəət gətirər İlham Şaban: "Çünki Rusiyadan fərqli olaraq bizdə ixrac vergisi yoxdur, mədən vergisi isə cüzidir" "Valeri Qolovuşkinin fikirləri Azərbaycanla yox, Rusiyayla bağlıdır" Ramiz Mikayıloğlu İtaliyanın nüfuzlu "Corriere della Sera" qəzeti Azərbaycan Dövlət Neft Şirkətinə məxsus "SOCAR Trading SA" treydinq şirkətinin prezidenti Valeri Qolovuşkinlə müsahibə dərc edib. O xəbərdarlıq edib ki, əgər neftin qiymətləri indiki həddə qalsa, hasilat dayana bilər. Çünki bu qiymətə neft hasil edib satmaq şirkətlər üçün sərfəli deyil. Valeri Qolovuşkin 2005-ci ildən "LUKoyl" neft şirkətinin 100 faizli törəmə şirkəti "LİTASCO"nun Direktorlar Şurasının rəhbəri olub. Daha sonra yeni yaradılan "SOCAR Trading SA" şirkətinə başçılıq etməyə başlayıb. Bu şirkət Azərbaycan neftinin dünya bazarlarında satışını təşkil etməklə məşğuldur. Onun sözlərinə görə, son vaxtlar neft şirkətləri əldə etdikləri yüksək gəlirlərdən neftayırma zavodları almırdılar, onlar pulları səhm bazarına yönəldirdilər. Lakin indi pulları qlobal miqyasda yatırmağa yer qalmayıb. Braziliyada yeni neft yataqları kəşf edilib, ancaq onların işlənməsi neftin indiki qiymətləri şəraitində sərfəli deyil. Valeri Qolovuşkin bildirib ki, neftin barelinin ən azı 50 dollar olması bu yataqlardan gəlir götürməyə imkan verərdi. Onun sözlərinə görə, Kanadada da neft yataqlarının işlənməsi ilə bağlı layihələr dayanır. O deyib ki, yeni yataqların kəşfiyyatı və səmərəli hasilat üçün neftin bir bareli ən azı 70 dollara satılmalıdır. Lakin qlobal iqtisadi böhranla bağlı bu qiymət artıq real deyil. Valeri Qolovuşkin neftə olan qlobal tələbatın 25-30 faiz azaldığını, gələn il bu azalmanın davam edəcəyini, metallurgiya şirkətlərinin istehsalı 30 faiz ixtisar etdiyini, Ukrayna və Rusiya limanlarında alıcı gözləyən 2 milyon tondan çox hazır neftin qaldığını, neft sənayesi ilə bağlı olan müəssisələrin, şaxtaların bağlandığını, avadanlıqların təminatının azaldığını söyləyib. Onun fikrincə, belə şəraitdə neft hasilatını indiki səviyyədə saxlamaq mümkün deyil və şirkətlər hasilatı azaltmalı olacaq. Valeri Qolovuşkin OPEK-in bu həftə hasilatı daha 1.5-1.7 milyon barel azaltmaq barədə qərar verə biləcəyini deyib. Onun fikrincə, bu qərar situasiyaya təsir göstərməyəcək. "Yeni Müsavat" qəzeti isə iddia edib ki, "SOCAR Trading SA" prezidenti ümumən neft sənayesindəki vəziyyət barədə danışsa da, onun dedikləri birbaşa Azərbaycan üçün də keçərlidir. Qəzet yazır ki, indiyədək dövlət büdcəsinin gəlirlər hissəsinin yarıdan çoxunu vergi şəklində ARDNŞ təmin edib: "Lakin indi bu şirkətə bağlı olan və Azərbaycan neftinin dünya bazarlarında satışını təşkil edən müəssisənin rəhbəri xəbərdarlıq edir ki, indiki şərtlər altında neft hasil etmək artıq sərfəli olmaya bilər. Bu isə gələn il ARDNŞ-nin gəlirlərinin kəskin azalacağını, hətta şirkətin ziyanla işləyə biləcəyini deməyə əsas verir. ABŞ-ın Energetika Nazirliyinin proqnozlarına görə, gələn il dünya birjalarında neft orta hesabla 51 dollara satılacaq. Nazirliyin ekspertlərinin hesablamalarına görə, ABŞ-da və dünyada iqtisadi böhranın gözlənildiyindən daha ağır keçməsi neftə olan tələbatı azaldıb. Bu azalma gələn il də davam edəcək. Gələn il qlobal tələbat daha böyük həcmdə-sutkada 450 min barel aşağı düşəcək. Son 30 ildə ilk dəfədir ki, 3 il dalbadal neftə olan tələbat azalır. Analitiklərin hesablamalarına görə, tezliklə neftin barelinin 20-25 dollara enəcəyi istisna deyil". Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Valeri Qolovuşkinin fikirləri Azərbaycanla yox, Rusiyayla bağlıdır. Rusiyada həqiqətən neft ixrac edən şirkətlər 1 tona görə indiki qiymətlərlə 68 dollar itkidədirlər. Valeri Qolovuşkinin İtaliya qəzetinin müxbirinən müsahibəsi də bu ətrafda qurulub və həmin fikirlərin bizə o qədər də dəxli yoxdur: "Valeri Qolovuşkin Azərbaycan neftinin ixracıyla məşğul olan şirkətə rəhbərlik edir. Ancaq o, "Lukoyl"un təmsilçisi kimi İtaliyaya gedib və Rusiyanın neft ixracından danışıb". İlham Şaban qeyd etdi ki, bizimlə Rusiya arasında vergi siyasəti köklü fərqlənir. Rusiyada ixrac, mədən sənayesində vergilər, mənfəət vergisi tamamilə dəyişən şkala üzrədir. Azərbaycandasa belə bir şey yoxdur. Məsələn, ixrac vergisi yoxdur, mədən vergisi cüzidir: "Bu baxımdan Azərbaycan heç vaxt təhlükəylə üzləşə bilməz". Bəs neftin qiyməti hansı səviyyəyə düşsə, onun ixracı Azərbaycana gəlir gətirə bilər? İlham Şaban xatırlatdı ki, 1998-ci ildə dünyada neftin bir bareli 10 dollara qədər düşüb. Ancaq ARDNŞ gəlirlə işləyib: "Çünki Azərbaycanda ARDNŞ-də quyu ağzında maya dəyəri 2 dollar, nəqliyyat xərcləri 3 dollar idi. Neftin qiyməti 5 dollar olsa belə, ixracı Azərbaycana sərfəlidir. Yəni xərci borcunu ödəyir. Neftin 5 dollardan aşağı düşməsi isə fantastikadır". Neft Araşdırmaları Mərkəzinin rəhbəri onu da nəzərə çatdırdı ki, gələn il üçün Azərbaycanda hasil olunacaq neftlə bağlı hökumətin proqnozları 53 milyon tondur. Orta hesabla 50 milyon ton və bir barelin də qiyməti 50 dollardan götürülsə, mənfəət şəklində Azərbaycan Neft Fonduna 11,5 milyard dollar civarında pul daxil olacaq". Qarabağla bağlı dinləmələr məsələsi aktuallaşır Nəsib Nəsibli: "Əgər danışıqlar gedirsə, icra hakimiyyəti mütəmadi olaraq qanunverici hakimiyyəti məlumatlandırmalıdır" Aydın Mirzəzadə: "Parlamentdə Qarabağ probleminin müzakirəsinə normal baxıram" Ramiz Mikayıloğlu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ciddi proseslər baş verməkdədir. Məsələn, bir neçə gün əvvəl Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin müavini Helsinkidə Azərbaycan və Ermənistana "texniki sənəd" təqdim ediblər. Minsk qrupunun fransalı həmsədri deyib ki, bu sənəd münaqişənin tənzimlənəsinə kömək etməyə və əsas prinsiplərir razılaşdırılması prosesinə kömək etməyə imkan verir: "Əvvəlcə sənəd işlənməli və öyrənilməlidir. Sonra onu konflikt tərəfləri bəyənməli, ya da rədd etməlidirlər. Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ-ın dövlət katibinin müavini Azərbaycan və Ermənistanın xarici işlər nazirləriylə görüşdə konflikt tərəflərinə gələn il ərzində əsas prinsiplərin razılaşdırılmasıyla bağlı qrafik təqdim ediblər". Bu arada o da məlum olub ki, Brüsseldə Avropa Birliyinin yüksək rütbəli xarici siyasət rəsmilərilə Cənubi Qafqaz ölkələrinin xarici işlər nazirlərinin görüşü olub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda müzakirə edilib. Prezidentlərin Moskva bəyannaməsini, Türkiyənin Qafqazda Sabitlik və Əməkdaşlıq Paktı kimi təşəbbüsləri xatırladan Elmar Məmmədyarov bildirib ki, indi erməni həmkarı ilə birlikdə keçmişin pis miraslarının tarixdə qalmasına çalışırlar. O vurğulayıb ki, ermənistanlı həmkarıyla bu fikirdədirlər ki, bütün pis miraslar geridə, tarixdə qalsın. Ancaq ermənilərin torpaqlarımızı işğal edikləri, soyqırım həyata keçirdikləri, vəhşiliklər törətdikləri, həm də torpaqlarımızı işğal altında saxladıqları halda hansı mirasları unutmağımızı xarici işlər naziri zəruri sayıb, bəlli deyil. Məhz bütün bunların fonunda Qarabağla bağlı parlamentdə dinləmələrin keçirilməsinin tərəfdarları məsələni yenidən gündəmə gətirməyə çalışırlar. Xatırladaq ki, hələ Moskva bəyannaməsinin imzalanmasından sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə Qarabağla bağlı açıq və qapalı dinləmələrin keçirilməsini, dövlət başçısının partiya liderləriylə bir araya gəlib, məsləhətləşmə aparmasını zəruri saymışdı. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz millət vəkili, sabiq səfir Nəsib Nəsibli deyir ki, Qarabağ ümummilli problemdir. Hakimiyyətin digər bir qanadı olan Milli Məclis, yəni qanunverici hakimiyyət də bu prosesdən xəbərdar olmalıdır: "Əgər biz həqiqətən də özümüzü demokratik dövlət hesab ediriksə, gərək Milli Məclis proseslərin gedişatından xəbərdar olsun. Bütün mərhələlərdə bu, zəruridir. Danışıqlarda nəticənin əldə olunub-olunmamasının buna dəxli yoxdur. Əgər danışıqlar gedirsə, icra hakimiyyəti mütəmadi olaraq qanunverici hakimiyyəti məlumatlandırmalıdır. Bu vaxta kimi belə arqument səslənib ki, dövlət başçısı, Xarici İşlər Nazirliyi bu məsələylə məşğul olur, parlamentdə müzakirələrə ehtiyac yoxdur. Ancaq bu, arqument deyil, bəhanədir". Millət vəkili Aydın Mirzəzadə isə fərqli fikirdədir. O bildirdi ki, parlamentdə Qarabağ probleminin müzakirəsinə normal baxır. Amma hesab edir ki, bu, sadəcə, dinləmə olmamalıdır: "Bu, ciddi hazırlıqdan sonra, yaxud situasiyanın ciddi bir halında müzakirə edilə bilər. Hazırda intensiv surətdə danışıqlar gedir. Sızan informasiyalar danışıqların Azərbaycanın haqlı tələbləri əsasında getdiyinə dəlalət edir. Müəyyən bir məntiqi səviyyəyə çatdıqdan sonra o məsələni parlamentdə mühakirə etmək olar. Ancaq indi hələ ki, detalların müəyyənləşmədiyi, baza prinsiplərinin işlənməsinə ciddi hazırlıq getdiyi bir dövrdə hesab etmirəm ki, parlamentdə müzakirə işə xeyir verə bilərdi". Ali məktəblərə qanunsuz tələbə qəbulu adiləşib Vurğun Əyyub: "Mən tam əminəm ki, vəziyyət TQDK-nın açıqladığı faktlardan daha ağırdır" Ramiz Mikayıloğlu Ali məktəblərə qanunsuz tələbə qəbulu faktları aşkarlanıb. Ancaq bu, xüsusi araşdırma nəticəsində məlum olmayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, ali məktəblərə qanunsuz tələbə qəbulu sırf təsadüf nəticəsində, dövlət orqanlarına işçi qəbulu prosesində üzə çıxır. Çünki dövlət orqanları bu müraciətlər əsasında namizədin qanuni yolla diplom alıb-almadığını dəqiqləşdirmək istəyir. TQDK-da isə 1992-ci ildən bəri ali məktəblərə daxil olan tələbələrin siyahısından ibarət məlumat bazası var. Məhz bu baza əsasında dövlət orqanına işə girmək istəyən şəxsin qanuni yolla ali məktəb qurtarıb-qurtamadığı dəqiqləşdirilir: "Belə müraciətlər ən çox Azərbaycan Beynəlxalq Universitetiylə bağlıdır. Bu universitet barədə TQDK-ya 118 sorğu təqdim edilib. Amma biz cavab vermişik ki, həmin ali məktəbə qəbul TQDK xəttiylə aparılmayıb. Bundan başqa, Bədən Tərbiyəsi və İdman Akademiyasında 21, Korporasiya İnstitutunda 19, İqtisad Universitetində 6, Texniki Universitetdə isə 1 nəfərin qanunsuz yolla diplom aldığı aşkarlanıb. Amma bu rəqəmlər mütləq rəqəmlər deyil. Biz bu haqda məlumatları toplayaraq müvafiq orqanlara, ali məktəblərə, Təhsil Nazirliyinə təqdim edirik". Onun sözlərinə görə, ali məktəblərin magistratura pilləsinə qəbul zamanı bakalavrın adının TQDK-nın məlumat bazasında olmadığı və bu qurumun xətti ilə ali məktəbə qəbul olmadığı aşkarlandıqda onlara diplomun necə verildiyini aydınlaşdırmaq məqsədiylə müvafiq ali məktəblərə sorğular göndərilir. Bu barədə ölkə rəhbərliyinə də məlumat verilir. Normal, sivil, demokratik ölkələrdə belə hallarda ali məktəb təcili araşdırma aparıb, nəticəsini ictimaiyyətə açıqlayardı. Yəni səhvə yol verilibsə, bunun səbəbləri açıqlanar və ictimaiyyətdən üzr istənərdi. Biz də bununla bağlı hər hansı işin görülüb-görülmədiyini öyrənmək üçün öncə Bakı Dövlət Universitetinə zəng açdıq. Mətbuat xidmətinin əməkdaşı bu barədə sualımızı cavablandıra bilməyəcəyini dedi. Universitetin rəhbərliyindəki məsul şəxslərdən biri ilə əlaqə yaratmağımıza köməklik göstərmək barədə müraciətimizə cavabındasa bildirdi ki, bu işlərə baxan mətbuat xidmətinin rəhbəri Şərəf xanım işə gəlməyib, bir saatdan sonra gələcək. Ancaq sonradan da onu tapa bilmədik. Digər universitetlərin məsələylə bağlı reaksiyasını öyrənmək səylərimiz də nəticəsiz qaldı. Qeyd edək ki, ali məktəblərə qanunsuz qəbul olunan şəxslərə sonda diplom Təhsil Nazirliyinin xəttiylə verilir. Yəni Universitet məzunların siyahısını nazirliyə göndərir. Təbii ki, nazirlik də araşdırma apararaq onların qanuni yolla ali məktəbə qəbul olunub-olunmadığını dəqiqləşdirməli, bundan sonra həmin şəxsin adına ali məktəbə diplom göndərilməlidir. Bəs nədən bu kimi hallar Təhsil Nazirliyinin gözündən qaçıb? Ancaq nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadəni yerində tapmaq mümkün olmadı. "496 95 88" nömrəli telefonun dəstəyini Bayram müəllim qaldırmadı ki, qaldırmadı. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz TQDK-nın sabiq sədri Vurğun Əyyub deyir ki, Məleykə Abbaszadənin açıqlamalarında yeni nəsə yoxdur. İllərdir ki, Azərbaycan KİV-lərində səslənən fikirləri TQDK sədri faktlarla sübuta yetirib. O vurğuladı ki, ali məktəblərə qanunsuz tələbə qəbulu prosesi indi də dayanmayıb: "Mən tam əminəm ki, vəziyyət TQDK-nın açıqladığı faktlardan daha ağırdır. Çünki Məleykə Abbaszadənin dediyinə görə, aşkarlanan faktlar iş üçün edilən müraciətlərin araşdırılması nəticəsində üzə çıxıb. Amma gəlin nəzərə alaq ki, qanunsuz diplom alanların bəziləri iş üçün müraciət etmir. Yaxud onlar işə qəbul olunarkən işə götürənlərin heç də hamısı TQDK-dan onların diplomunun qanuni olub-olmadığını soruşmurlar. Daha dərin araşdırmalar aparılsa, vəziyyət bundan da pis olacaq. Məsələn, araşdırma aparılsa, məlum olar ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə TQDK xəttiylə qəbul olunmuş tələbələrin 50 nəfərlik siyahısını göndəribsə- rəqəmi şərti deyirəm- amma semestrin sonunda məlum olur ki, orada 75 nəfər oxuyur. Bunlar hansı yollarla daxil olurlar, araşdırılsa, təhsilimizdəki biabırçı mənzərə göz önündə canlanar". Vurğun Əyyub bildirdi ki, bu prosesin qarşısının alınmamasının səbəbi ölkədə ümumi rüşvət və korrupsiya hallarının geniş yayılmasıdır. Ona görə də cəmiyyət bunları adi hal kimi qəbul edir: "Məsələn, müəllim düşünür ki, niyə vergi işçisi rüşvət ala bilir, yaxud yüksək səviyyəli məmurlar dövlət əmlakını dağıda bilir, özü rüşvət verməsə, şəxsiyyət vəsiqəsini ala bilmir, o halda müəllim niyə belə edə bilməsin. Yaxud hansısa ali məktəbin rəhbərliyi niyə qanunsuz tələbə qəbulu həyata keçirməsin. Azərbaycanda belə bir fəlakətli düşüncə tərzi formalaşıb ki, bunun da kökü idarəetmə prinsiplərindən irəli gəlir". "Sikkə əməliyyatı" Yaxud, "Somali Milli Bankı azərbaycanlılara zəmanət verir" Mətbuat cəmiyyətlərə, hökumətlərə problemlərdən çıxış yolunu göstərmək qüdrətindədir. Ən azı hər hansı problemlə bağlı mətbuat araşdırma aparır, rəsmi qərar verənlər isə özləri üçün dəqiqləşmələr apararaq müvafiq qərar çıxarırlar. Yəni, Kütləvi İnformasiya Vasitələri vəziyyəti çətinləşdirmir, asanlaşdırır. Amma bu məsələyə kimin necə baxması da çox önəmlidir. Təəssüf ki, əksər hallarda çətinliklərin həllində KİV-lərin rolu mənfi yöndə qiymətləndirilir. Qeyd edək ki, mətbuat problemlər də yaradır. Həmin problemlər belə əksər hallarda cəmiyyətdəki çatışmazlıqlardan (siyasi, iqtisadi və s.) törənir, nəticədə uzun müddət gizlənmiş ziddiyyətlər ortaya çıxır. Son illərdə Azərbaycan Kütləvi İnformasiya Vasitələrində sosial-iqtisadi problemlərlə bağlı araşdırmalara (yazılara, verilişlərə) çox az yer verilir. Bunun əksər hallarda siyasi maraqlardan, siyasi tabulardan irəli gəldiyini hamı bilir. Eyni zamanda, hər hansı bir araşdırma aparan qəzet və ya jurnalist üzə çıxardığı problemin həll olunmadığını və ya həmin problemə ümumiyyətlə diqqət yetirilmədiyini görüb məsələyə marağını itirir. Növbəti dəfə hər hansı araşdırma aparmaq həvəsində olmur. Vəziyyətin mənfiyə doğru dəyişməsində həddən artıq zəhmət çəkilən və xeyli vaxt sərf olunan araşdırma yazının qiymətləndirilməsindədir. Daha doğrusu, lazımınca və ya ümumiyyətlə, qiymətləndirilməməsindədir. Bütün bu problemlərə baxmayaraq, hakimiyyət orqanları mətbuatda əksini tapan problemlərin üstünü ört-basdır etmək əvəzinə həll yolları tapmalı, mətbuatın deyil, problemin üstünə getməlidir. Bir sözlə, cəmiyyətin güzgüsü sayılan KİV-in üzərinə kölgə salınmamalıdır. Ötən illərdə Azərbaycan mətbuatı insanların gündəlik həyatıyla bağlı olan neçə-neçə fırıldaqların üstünü açıb. Cəmiyyəti, hökuməti xəbərdar edib, belə işlərdə maraqlı olan rəsmi və ya qeyri-rəsmi qurumların mahiyyətini ortaya çıxarıb. Bura məşhur "muncuq əməliyyatı", QHT-lərin xarici donorlardan aldığı pulu hara xərcləmələri, sayı hesabı bilinməyən iqtisadi fırıldaqları aid etmək mümkündür. Çox təəssüf ki, hazırda mətbuatda əksər hallarda iqtisadi-sosial problemlər (yuxarıda sadaladığımız reallıqlara görə) "xala xətrin qalmasın" prinsipiylə işıqlandırılır. Avtobusdakı "yüksək maaşlı" iş elanları Son illərdə avtobuslarda xarici firmaların yerli nümayəndəliklərinin "iş yerindən ayrılmamaq" şərtiylə "yüksək əmək haqqı" təklif etdikləri haqqında elanlar geniş yayılıb. Reklam bazarının məhdudlaşdığı bir ölkədə avtobusların pəncərəsində kiçik elanların yerləşdirilməsi daha sərfəli olduğundan işbazlar bundan bacarıqla yararlanırlar. Yəqin ki, uzun müddət avtobusların pəncərələrinə yapışdırılan bu elanlarla maraqlananların sayı da çoxdur. Çünki bərbad nəqliyyat sistemi, yollardakı tıxaclar ucbatından 15 dəqiqəlik yolu 35-40 dəqiqəyə gedən sərnişin "vaxt öldürmək" üçün avtobusların pəncələrinə vurulan elanları oxumaqla mənzil başına çatmağı gözləyir. Bəzən belə elanlar, üstəlik, reklamlar o qədər böyük olur ki, sərnişin avtobusun pəncərəsindən yolu görmür, mənzil başına çatıb-çatmadığını bilmir və s. Demək olar ki, bütün gündəlik qəzetləri az qala hər gün izləsəm də avtobusların pəncərələrindəki elanlarla, iş yerləriylə bağlı yazılara rast gəlməmişəm. Bəlkə də bununla bağlı hansısa yazı gözümdən yayınıb. Ona görə həmin yazını yazan jurnalist həmkarımdan bəri başdan üzr istəyirəm. Hər halda ilkin qənaətimə görə mətbuat "yüksək əmək haqqı" təklif edən və "iş yerindən ayrılmamaq şərtiylə" iş təklif edən şirkətlərə xüsusi diqqət yetirmir. Ən azı Azərbaycan cəmiyyətində belə bir iş təklifinin real olmadığını hamı dərk edir. Amma işdə, küçədə, dost-tanış, qohum-əqrəba arasında danışılanlar bu məsələnin o qədər də sadə olmadığını göstərir. Çünki, həmin elanlar vasitəsiylə yüzlərlə insanımız asanlıqla tora salınır, pulları mənimsənilir, bir sözlə, yeni "muncuq əməliyyatlarının" təməli qoyulur. Düzü, bununla bağlı şəxsən mən də hər hansı bir araşdırma aparmamışam. Amma noyabrın axırında başıma gələnləri söyləsəm, bəlkə də oxucular hansısa qənaətə gələ bilərlər. Bildiklərimizi üst-üstə qoyub, bir nəticəyə gəlib tanışlarımızı təhlükədən xəbərdar edə bilərik. Bəlkə də mən səhv edirəm. Bəlkə bu iş təklifləri çox yaxşı işdir, ona görə də maraqlananlar bəxtlərini sınasınlar. Fəhlə, taksi sürücüsü, tamada, qarovulçu... ...Tanışlardan biri axşamüstü zəng etdi ki, bəs, bir iş var, amma telefon söhbəti deyil, gərək görüşək. Bunun üçün isə "Ayna Sultanova" heykəlinin yanındakı "sarı binaların" yanına gəlməlisən. Çox sevindim. Ürəyimdə həmin tanışa alqış edə-edə gəlirdim ki, bəlkə şənbə və ya bazar günü işləmək üçün hər hansı iş ola. Yaxud yazı-pozu işi ola. Avtobusda bu minvalla dağı arana, aranı dağa aparırdım. Onsuz da iş yoldaşlarımla hərdən yarı- zarafat, yarı- gerçək şənbə-bazar günü işləmək üçün iş variantlarını müzakirə edirik. Bu variantların içində fəhlə, taksi sürücüsü, tamada, qarovulçu, ofisiant və s. var. Həmin tanışla görüşüb "sarı binanın" 18-ci mərtəbəsinə qalxdıq. İçəridə xeyli adam vardı. "Şəbəkə" adlandırdıqları kollektivdə bəzilərini üzdən tanıdım. Nə isə. Bir az oturub gözlədik. Divarda orta məktəblərdəki "növbətçilik cədvəlinə" bənzər cədvəl vurulmuşdu. Döşəmədəki parketin rənginin sürtülməsindən görünürdü ki, çoxdandır ki, bu mənzilə kütləvi gediş-gəliş var. Növbəti "muncuq əməliyyatı" Axır ki, bizi də "izahat"a çağırdılar. Özünü təqdim edən şəxs (hiss etdim ki, onu tanıdığımı bilir, amma məni harda gördüyü yadına düşmür) çox müdrikcəsinə "izahat"a keçdi. Qısaca həmin "izahat" haqqında məlumat verim. Guya ABŞ-ın hansısa şirkəti (vallah, o qədər çətin xarici ad sadaladı ki, yadımda saxlaya bilmədim) Azərbaycanda "şəbəkə" qurub, bunlar da həmin xarici şirkətin Bakıdakı nümayəndələridir. Adını çəkmək istəmədiyim həmin "müdrik şəxs"in sözlərindən belə məlum oldu ki, "şəbəkə" üzvləri xaricdən az tapılan qızıl sikkələri, saatları gətirib üstünə müəyyən faiz qoymaqla satmaqla məşğuldurlar. Guya həmin sikkələrdən, saatlardan dünyada cəmi 100 və 1000 ədəd olur və s. ilaxır. "Şəbəkə" üzvlərinin hərəsinin özünün internet ünvanı olur. Əlindəki laminasiya olunmuş və yapışdırılmış vərəqələr haqqında danışan "izahatçı" hər "şəbəkə" üzvünün daha iki nəfəri cəlb etməsi, həmin iki nəfərin isə hərəsinin iki nəfəri cəlb etməsi, üzvlərin ədədi silsiləylə artması, həndəsi silsilə, yüksək maaş və başqa məsələlər haqqında da çıxış etdi. Bəlkə də söylənilənlər başqa ölkələrdə həyata keçə bilər, amma Azərbaycanda yox. Birincisi ona görə ki, həmin bahalı sikkələri, saatları varlılar ala bilər, onlar da ya gedib xaricdən alarlar, ya da zərgərlik mağazalarından. Hər hansı bir "şəbəkə" üzvünün satdığı sikkəni varlı bir məmurun alması qeyri-mümkün görünür. Söhbətdən belə başa düşdüm ki, "xarici şirkətin yerli nümayəndəliyinin" əsas fırıldağı "şəbəkə"yə daxil olanların üzvlük üçün ödəcəyi 2 min dolların üstündədir. Yəni "dava yorğan davasıdır". "Şəbəkə" üzvü 2 min dollardan başqa da pul ödəyir. Yəni növbəti bir piramida sistemi. Yenə də daha çox qazanmaq həvəsiylə illərlə topladığı pulu fırıldaqçıların ixtiyarına verənlər zərər görəcəklər. Növbəti "Vahid Bank", növbəti "MMM" (Rusiyadakı kimi), növbəti "muncuq əməliyyatı". Bəlkə də bu fırıldaqların miqyası adlarını sadaladığım "piramidalarla" münqayisədə çox kiçik olduğundan cəmiyyətin diqqətini o qədər də cəlb etmir. "Piramidalar" haqqında düşündüklərimi "izahatçı"ya söylədim. O mənə "şəbəkənin" "piramida" ya bənzəmədiyi haqqında hansısa ABŞ məhkəməsindən, konvesiyalardan misallar gətirdi. Amma onun izahatları heç inandırıcı görünmürdü. "Somali də dövlət var?" Söhbət zamanı "Somali Milli Bankının qızıl sikkələrə zəmanət verməsi"lə bağlı "izahatçının" sözlərini eşidəndə dözə bilmədim. -Filankəs müəllim, bəs deyirlər Somalidə dövlət yoxdur. Somali quldurları az qala iri neft tankerlərini, ticarət gəmilərini ələ keçirir. -Yox, nə olsun, dəniz quldurları belə işlər görürlər. Somalidə dövlət var. -Axı bütün informasiya agentlikləri, televiziyalar bildirirlər ki, Somalidə dövlət olmadığına görə, daha doğrusu zəif olduğuna görə dəniz quldurları "meydan sulayırlar. Somali məsələsi "izahatçı"ya yaman toxunmuşdu. Yəqin ki, növbəti dəfə daha diqqətli şərhlər verəcək, telekanalları, mətbuatı izləyəcək ki, səhvə yol verməsin. Tələsdiyimdən "izahatı" sona qədər dinləmədim. Amma lap əvvəldən dilimin ucunda olan bir sözü deməyə ərinmədim. -Qardaş, mən səni tanıdım. Bir neçə dəfə Qarabağla bağlı tədbirdə odlu-alovlu çıxış etdiyini görmüşəm. -Bəli, həmin tədbirlərdə çıxış etmişəm. Mən Qarabağ müharibəsi veteranıyam, tərxis olunmuş polkovnik leytenantam. ...Sağollaşıb çıxdım, tanışıma dedim ki, fırıldaqçılarda rastlaşıbsan. O isə bildirdi ki, artıq 2 min dollar pul verib, "şəbəkəyə" üzv olub. Düzü, Qarabağ müharibəsi veteranının "xarici şirkətin yerli nümayəndəsi" olması qəbahət deyil. Ümumiyyətlə, bu məsələdə birmənalı iddia ortaya qoymaq xeyli çətindir. Belə çıxır ki, "sikkə əməliyyatı" sərfəlidir ki, tərxis olunmuş hərbçi xarici şirkətin yerli nümayəndəsinə çevrilib. Bəlkə də bu işlərlə məşğul olanlar həqiqətən də dost-tanışlarının yaxşı pul qazanmasını istəyirlər. Ümumiyyətlə, insanların işbazların toruna düşməsi işsizlikdən irəli gəlir, yoxsa, daha çox qazanmaq ehtiyacından? Bu yöndə sualların sayını artırmaq mümkündür. Yaxşı olar ki, oxucu özü bir rəyə gəlsin. Bayramalı Elmar Məmmədyarovun səhvi Arzu Şirinova Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan arasında bir neçə dəfə görüş keçirilib. Bu görüşləri Azərbaycanın əksər vətəndaşları kimi mən də televiziya vasitəsilə seyr etmişəm. Başqalarını deyə bilmərəm, ancaq hər dəfə bu görüşləri izləyəndə məndə belə bir təəssürat yaranır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı qarşısında hansısa suçu var. Çünki erməni nazir özündən razı halda dayandığı halda, Elmar Məmmədyarov nədənsə çəkinir, günahkarmış kimi davranır. Bunun da insanda hansı hislər yaratdığını çılpaqlığı ilə danışmağa məncə, ehtiyac yoxdur. Elmar Məmmədyarovun bir qüsuru da öz ana dilində səlis danışa bilməməsidir. Hər dəfə media nümayəndələrinə verdiyi açıqlamalarda bu qüsur o qədər açıq-aşkar görünür ki, artıq jurnalistlər özləri nazirin dediklərində düzəlişlər etməyə başlayırlar. Düzdür bu düzəlişləri televiziyalarda həyata keçirmək mümkün deyil. Bəlkə də elə buna görədir ki, nazir televiziya ekranlarında görünsə də, danışığını eşitmirik, əvəzində jurnalistin mövzu barədə şərhini dinləmək zorunda qalırıq. Ancaq bu da etiraf olunmalıdır ki, Elmar Məmmədyarov nəzakətli davranışı və səmimiyyəti ilə digər məmurların əksəriyyətindən fərqlənir. Bütün bu və digər xüsusiyyətlərinə rəğmən Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətinə rəhəbərlik edir. Və bu da el bir sahədir ki, hər hansı kiçik səhv fikir ölkənin nüfuzuna zərbə deməkdir. Hörmətli nazir bəlkə də bunun fərqinə varmır, ancaq bu səhv baş verib. xxx Xəbər verildiyi kimi, Brüsseldə Avropa Birliyinin yüksək rütbəli xarici siyasət rəsmiləri ilə Cənubi Qafqaz ölkələrinin xarici işlər nazirlərinin görüşü olub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da müzakirə edilib. Prezidentlərin Moskva bəyannaməsini, Türkiyənin Qafqazda Sabitlik Paktı kimi təşəbbüsləri xatırladan Elmar Məmmədyarov bildirib ki, indi ermənistanlı həmkarı ilə birlikdə keçmişin pis miraslarının tarixdə qalmasına çalışırlar: "Bütün bu cəhdlər daha sabit və sakit Cənubi Qafqazın əsasının qoyulmasına kömək edir. Ermənistanın xarici işlər naziriylə mən bu fikirdəyik ki, biz bütün pis mirasların geridə, tarixdə qalmasına çalışmalıyıq". Elmar Məmmədyarovun fikirlərindən belə nəticə hasil olur ki, ermənilərlə bərabər bizlər-Azərbaycan türkləri də tarix boyu pis əməllər törətmişik. Bu əmməllərdən artıq əl götürməli, özümüzün və ermənilərin həyata keçirdikləri bütün pislikləri unutmalıyıq. Elmar Məmmədyarova sual vermək lazımdır ki, sənin xalqın və dövlətin ermənilərə və Ermənistana hansı pisliklərilə yadda qalıblar? Bəlkə Ermənistanın ərazilərini işğal ediblər, kəndlərini, şəhərlərini viran qoyublar, tarixi abidələrini dağıdıblar, işğala məruz qoyduqları ərazilərdə əhalini uşaqdan tutmuş böyüyə qədər süngüdən keçiriblər, Xocalıya bənzər soyqırım törədiblər, metrolarda terror aktları həyata keçirərək yüzlərcə günahsız insanların ölümünə bais olublar, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərə yurd həsrəti yaşadıblar? Tarix böyu bütün bu pisliklərə imza atan ermənilər olub. Bir müddət əvvəl yazdığım faktları zərurət yarandığından yenidən diqqətə- əsasən də hörmətli nazirin-çatdırmaq istərdim. xxx Tarixi həqiqətlər bundan ibarətdir ki, Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Nikolay 1828-ci il martın 21-də İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni əyaləti"nin yaradılması haqqında fərman imzalayır. Bu əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də "Erməni əyaləti"nin tərkibinə daxil edilir. Həmin illərdə təkcə Göyçə hövzəsində 107 türk kəndi yerlə yeksan edilir. Bunun ardınca Türkmənçay müqaviləsinin XV bəndinə əsasən, İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum olunurlar. Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər 1905-1907-ci illərdə məqsədyönlü milli qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıların yurd-yuvalarından çıxarılmasını həyata keçirirlər. 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan edirlər. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb. 1918-ci il 28 mayda Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.Q.Gəncinskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik". Zaqafqaziyada 3 suveren respublikanın yaranması və müttəfiqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 kvadrat metr həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər. Güc hesabına bu əraziləri özlərinə birləşdirmək cəhdi Gürcüstanla müharibəyə (dekabr 1918), Azərbaycanla isə uzun müddətli qanlı mübarizəyə gətirib çıxarır. Hansı ki, nəticədə mübahisəli ərazilərdə əhalisinin sayı 10-30 faiz aşağı düşür. 1918-1920-ci illərdə kütləvi repressiyalar nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 567 mini öldürülüb və deportasiya edilib. 1948-53-cü illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri V.Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə küiləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyur. 1941-45-ci il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanılır. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumıniyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürülüb. 1947-ci ildə Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Arutyunov köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edir. Və təklif verir ki, Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın pambıqçılıq rayonlarına köçürülsün. Guya bu köçürülmə həmin rayonlarda pambıq istehsalının artımına təsir göstərəcəkdi. Həmin təklif Stalin tərəfindən dəstəklənir və SSRİ Nazirlər Sovetinin iki qərarı ilə həyata keçirilir. Statistik göstəricilərə əsasən, 1948-ci ildə Azərbaycana 2 min 357 ailə (11046 nəfər), 1949-cu ildə 2 min 368 ailə (10 min 595 nəfər), 1950-ci ildə isə 14 min min 361 nəfər köçürülür. 1948-50-ci illərdə köçürülən 8 min 110 ailədən yalnız 4 min 878-i yaşayış yeri ilə təmin olnur. Ümumiyyətlə, 1948-52-ci illər ərzində respublikamıza 100 mindən çox azərbaycanlı köçürülüb. Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə- qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi, yandırılması həyata keçirilir. 1991-ci il avqustun 8-də sonuncu türk kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı. 1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü. xxx İndi isə ermənilərin Azərbaycan türklərinə yaşatdıqları Xocalı soyqırımı barədə. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi-Xocalı qırğını baş verdi. Həmin gün yüzlərlə günahsız insanlar qanlarına qəltan edilib. Körpəyə, qocaya, qadına aman vermədən qəddarlıqla öldürüblər. Həmin gecə erməni cəlladları Xankəndində yerləşən 366-cı alayın köməkliyilə Xocalıya soxulub, şəhəri yandırıblar. Fevralın 26-da qocaların, qadınların, körpə uşaqların meyidləri dərələrdə, meşələrdə, dağlarda qalıb. Girov götürülənlərin başına iyrənc oyunlar açılıb, onların başları erməni qəbirləri üzərində qurbanlıq qoyun kimi kəsilib. Ölənlərin başlarının dərisi soyulub, gözləri, ürəyi çıxarılıb, bədənləri deşik-deşik olunub. Bütün bunlardan ürəyi soyumayan ermənilər ən alçaq hərəkətlərə belə əl ataraq vəhşicəsinə öldürdükləri körpənin, qocanın meyidlərini insanlığa yaraşmayan surətdə təhqir ediblər. Şahidlərin söylədikləri faktlara əsasən, qətlə yetirilən azərbaycanlılar çox da dərin olmayan xəndəklərə atılıb, onların üstü torpaqlanıb. Gecələr bu xəndəklərin həndəvərində itlərin hürüşməsindən, çaqqalların ulaşmasından az qala qulaq tutulub. Hər yerdən insan cəsədlərinin kəsif iyi gəlib. Xocalı soyqırımı nəticəsində 623 nəfər şəhid olub, 1725 nəfər əsir götürülüb, 8 ailə tamamilə məhv edilib, 215 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirib. 1000 nəfər xocalı sakini əlil və şikəst olub, 150 nəfərin taleyi hələ də məlum deyil. Mən hələ Dağlıq Qarabağ və daha 7 rayonun işğalı nəticəsində məcburi köçkün həyatı yaşayan insanların hər birinin acı talelərindən söz açmıram. Sizcə, bütün bu pislikləri unutmaq asandırmı? Parlamentdə Qarabağ dinləmələrinin keçirilməsi vacibdir Bu Azərbaycanın danışıqlarda güzəştə getməyəcəyinə dair beynəlxalq birliyə növbəti ismarıcı ola bilər Zülfüqar Dağlıq Qarabağ probleminin danışıqlar yoluyla həlli istiqamətində aparılan müzakirələr yeni mərhələyə qədəm qoyur. Belə ki, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Finlandiyanın paytaxtı Helsinkidə keçirilən son toplantısında Azərbaycan və Ermənistana "texniki qrafik" təqdim olunub. Verilən açıqlamalara görə, bu sənəd özündə münaqişənin tənzimlənməsi və əsas prinsiplərin razılaşdırılması istiqamətlərini əks etdirir. Xatırladaq ki, buna qədər də münaqişənin nizamlanması istiqamətində müəyyən addımlar atılmışdı. Azərbaycan və Ermənistan prezidentlərin Moskva görüşü, Türkiyənin Cənubi Qafqazda sabitliklə bağlı fəallığını nəzərəçarpacaq dərəcədə artırması məhz belə addımlardan sayılmalıdır. Belə bir şəratidə isə ölkədə danışıqların hansı səviyyədə olması ilə bağlı məlumatsızlıq hökm sürməkdədir. Parlamentdə Qarabağla bağlı dinləmələrin keçirilməsi dəfələrlə təklif olunsa da hələ ki, bunun şahidi olmamışıq. Qeyd edək ki, parlamentdə sözügedən dinləmənin keçirilməsi ilə bağlı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev dəfələrlə məsələ qaldırıb və onun təklifi digər millət vəkilləri tərəfindən də dəstəklənib. Buna baxmayaraq, Milli Məclis Qarabağla bağlı dinləmənin keçirilməsinə tələsmir. Bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, Moskva görüşündən dərhal sonra Ermənistanda danışıqların mövcud durumu ilə bağlı müzakirələr açıldı və bu dinləmələrə düşmən ölkənin 50-yə yaxın partiyası da qatıldı. Azərbaycanda isə son illərdə analoji müzakirələrin təşkili sanki tilsimə düşüb. Bu dinləmələrin keçirilməsinin siyasi-psixoloji aspekti ondan ibarətdir ki, beynəlxalq birlik Qarabağ məsələsində yalnız Azərbaycan hakimiyyətinin deyil, müxalifətin də eyni ümummilli mövqedən çıxış etməsinə şahidlik edəcək. Digər tərəfdən isə, hər şey

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar