SON XƏBƏRLƏR

NATO məğlubiyyətlə barışır?!

2021.10.20, 07:36
NATO məğlubiyyətlə barışır?!

Gunaz.tv
NATO məğlubiyyətlə barışır?! Hərbi-siyasi alyansın Rusiya ilə qarşıdurmasında, hələlik üstünlük Kremlin əlinə keçmiş kimi görünür 16.031208.jpg NATO-Rusiya münasibətləri yenidən gərginləşməyə başlayıb. Belə ki, bu iki beynəlxalq siyasi iradə mərkəzi arasında kifayət qədər ciddi ziddiyyətlərin olduğu açıq-aşkar nəzərə çarpır. Həm də, mövcud ziddiyyətlərin nizamlanması istiqamətində, demək olar ki, hər hansı əhəmiyyətli irəliləyişlərin olması da qətiyyən sezilmir. Əksinə, NATO-Rusiya münasibətlərinin daha da gərginləşməsinə yönəlik meyllərin daha da önə çıxmaqda olduğu müşahidə edilir. Bu baxımdan, NATO-Rusiya münasibətlərinin hələ uzunmüddət gərgin olaraq qalacağı qətiyyən istisna olunmur. NATO-Rusiya ziddiyyətlərinin nizamlanmasına yönəlik müəyyən cəhdlərin göstərilməkdə olduğu da diqqətdən yayınmır. Belə ki, NATO-ya daxil olan dövlətlərin xarici işlər nazirlərinin Bürisseldə keçirilən son zirvə toplantısında bu qurumun Rusiya ilə münasibətlərinə yenidən baxılmasıyla bağlı müxtəlif təkliflər səsləndirilib. Həmin təkliflər əsasən, son vaxtlar son həddə qədər gərginləşmiş NATO-Rusiya münasibətlərinin mümkün qədər yumşaldılmasına nail olunmasını özündə əks etdirir. Xatırladaq ki, NATO-Rusiya münasibətlərində gərginləşmə meylləri hələ 2008-ci ilin ilk yarısından etibarən ortaya çıxmağa başlayıb. Belə ki, NATO-nun bu ilin əvvəllərində keçirilmiş son zirvə toplantısı bu qurumla Rusiya arasında qarşıdurmanın yaranmasına səbəb olub. Çünki həmin zirvə toplantısında ABŞ başda olmaqla, bir sıra nüfuzlu Qərb dövlətləri NATO-nun Şərqə doğru genişlənməsiylə bağlı proqram çərçivəsində konkret addımların atılmasını təklif ediblər. Hətta həmin addımlarla bağlı konkret qərarlar da qəbul olunub. Bu isə, təbii ki, Rusiyanı ciddi şəkildə narazı salıb. Məsələ ondadır ki, sözügedən sammitdə bəzi NATO dövlətləri MDB məkanına daxil olan bəzi ölkələrin bu qurumun sıralarına qəbul edilməsi istiqamətində xüsusi canfəşanlıq göstəriblər. Xüsusilə də, bu dövlətlər Ukrayna və Gürcüstanın NATO sıralarına daxil edilməsi məsələsində qəti mövqedən çıxış ediblər. Nəticədə, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı fəaliyyət planının məhz bu qurumun dekabr sammitində müzakirə edilməsi qərara alınıb. Hətta bəzi NATO rəsmiləri həmin müzakirələrin məhz bu iki dövlətin xeyrinə həll edilə biləcəyi barədə açıq mesajlar verməkdən belə çəkinməyiblər. Təbii ki, belə vəziyyət Kremli razı sala bilməzdi. Ona görə də, Rusiyanın avqust ayında, rəsmi Tiflisin siyasi avantüraları hesabına qazandığı bəhanəyə dayanaraq Gürcüstana qarşı hərbi əməliyyatlara başlaması Qərb siyasi dairələrində bir çoxları üçün o qədər də gözlənilməz olmadı. Əksinə, bəzi Qərb ekspertləri ABŞ-ı və NATO-nu vaxtından əvvəl qıcıqlandırıcı açıqlamalar verməklə Ukrayna və Gürcüstanı zərbə altında buraxmaqda qınadılar. Onların fikrincə, NATO və ABŞ bu məsələdə mümkün qədər ehtiyatlı davranmağa borcluydu. Ən azından ona görə ki, hələ reallaşması tam qətiləşməmiş bir ssenariyə görə iki MDB dövlətinin real hərbi təhlükəyə doğru sürüklənməsi yolverilməz davranış sayılırdı. Ancaq bu qınaqlar gündəmə gətirilərkən artıq geciydi və iş-işdən keçmişdi. Hər halda, avqust ayında Gürcüstan bir neçə gün ərzində Rusiyanın hərbi qüdrəti qarşısında əzilmiş vəziyyətə düşmüşdü. ABŞ və Qərb isə, Gürcüstanı saldığı bu durumdan çıxartmaq imkanlarına sahib deyildi. Düzdür, həmin dövrdə NATO Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləsini mümkün qədər neytrallaşdırmaq istiqamətində müəyyən addımlar atmağa çalışdı. Xüsusilə də, NATO Qara dənizə hərbi donanma göndərməklə Gürcüstanın taleyin ümidinə buraxılmadığını sezdirməyə çalışdı. Ancaq buna baxmayaraq, NATO öz istəyinə çata bilmədi. Hər halda, Kreml NATO-nun bu hərbi güc nümayişi qarşısında özünü qətiyyən itirmədi. Əksinə, ABŞ və Qərbdən çəkinmədiyini açıq-aşkar sezdirmək məqsədilə NATO-ya meydan oxumağa üstünlük verdi. Nəticədə, avqust ayından etibarən NATO-Rusiya münasibətlərində böhranlı situasiya yaranmış oldu. Hər iki tərəf bir-birinə qarşı təzyiq göstərməyə çalışdı. Ancaq çox qısa zaman içərisində aydınlaşdı ki, qarşıduran tərəflərin bir-birinə qarşı təzyiq mexanizmləri o qədər də qənaətbəxş deyil. Və bu qarşılıqlı təzyiqlərdən elə bir ciddi nəticə çıxmayacaq. Bu isə, o anlama gəlirdi ki, qarşıduran tərəflərdən hansısa mütləq geri çəkilmək məcburiyyətində qalacaq. Maraqlıdır ki, son dövrlərdə baş verənlər məhz NATO-nun geri çəkilməyə meyl göstərdiyini sezdirməkdədir. Belə ki, NATO Ukrayna və Gürcüstanın bu quruma üzvlük məsələsinə artıq daha ehtiyatlı yanaşmağa başlayıb. Hətta NATO rəsmilərinin bu məsələni müvəqqəti də olsa, arxa plana keçirtməyə üstünlük verdikləri də qətiyyən diqqətdən yayınmır. ABŞ-ın isə, Gürcüstan və Ukraynaya görə Rusiya ilə qarşı-qarşıya gəlməyə maraqlı olmadığı açıq-aşkar nəzərə çarpır. Hər halda, yüksək rütbəli Ağ Ev təmsilçilərindən olan Daniel Fridin "Ukrayna və Gürcüstanın NATO-ya üzv qəbul edilməsi üçün uzun illər lazım gələcək" məzmunlu açıqlaması hələ o qədər də unudulmayıb. Bu isə, o deməkdir ki, hazırda təşəbbüs müəyyən mənada, Rusiyanın əlinə keçib. Ona görə də, NATO dövlətlərinin xarici işlər nazirlərinin hansı qərarlar qəbul edəcəkləri böyük maraq doğurmaqdadır. Hələlik vəziyyət tam aydınlaşmasa da, NATO rəhbərliyinin indiki mərhələdə Rusiya ilə avqust ayından üzübəri dondurulmuş münasibətlərin yenidən bərpasına daha çox həvəs göstərməsi açıq-aşkar sezilməkdədir. Hətta ABŞ-ın dövlət katibi Kondaliza Rays NATO-Rusiya münasibətlərinin normallaşdırılmasının bu hərbi-siyasi alyans üçün böyük əhəmiyyət daşıdığını şəxsən bəyanlayıb. Halbuki bu açıqlamanın NATO-Rusiya münasibətlərinin bərpasına hər hansı müsbət təsir göstərib-göstərməyəcəyi hələlik qaranlıq qalsa da, xanım Raysın öz bəyanatıyla ilk növbədə Ukrayna və Gürcüstanın ümidlərinin üzərindən çarpaz xətlər çəkdiyi qətiyyən şübhə doğurmur. Hər halda, bütün bunlardan sonra adıçəkilən bu iki MDB dövlətinin yaxın vaxtlarda NATO-nun "təhlükəsizlik çətiri" altında özünü rahat hiss edə biləcəyi real görünmür. Üstəlik, Kremlin NATO-dakı təmsilçisi Dmitri Roqozinin diliylə "Ukrayna NATO-ya üzv qəbul edilərsə, bu dövləti parçalanma təhlükəsi gözləyir" məzmunlu xəbərdarlıq göndərdiyi bir vaxtda ABŞ və Qərbin Rusiyanı daha da qıcıqlandıra biləcək addımlar atmağa həvəs göstərcəyi o qədər də inandırıcı deyil. Bu baxımdan, NATO-Rusiya qarşıdurmasının bu mərhələsinin məhz Kremlin maraqlarına uyğun yekunlaşdığı artıq elə də ciddi şübhə doğurmur. Elçin XALİDBƏYLİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar