SON XƏBƏRLƏR

“Azərbaycan -Türk kommunizmi” üzərinə söyləşi . Güntay Gəncalp

2021.10.20, 07:36
“Azərbaycan -Türk kommunizmi” üzərinə söyləşi . Güntay Gəncalp

Gunaz.tv
Güntay Gəncalp “Azərbaycan -Türk kommunizmi” üzərinə söyləşi - Bilirsiniz ki, XX əsrdə dünyada böyük hadisələr gerçəkləşdi. Bu olayların harasında biz yer almışdıq? - Doğru. XX əsr insanlıq tarixində çox önəmli bir çağdır. İki Dünya savaşı gerçəkləşdi. Coğrafi baxımdan dünyanın ən böyük ölkəsi olan Rusiyada sosialist devrim oldu. İnsan aya ayaq basdı. Dünyada bir çox ölkələrdə devrim oldu, Soyuq Savaş başladı və yenə də XX əsrdə marksizm iqtisadi-siyasi sistem olaraq çökdü, Sovetlər Birliyi dağıldı. XX əsrin əvvəllərində özdə olmasa da sözdə iki Türk dövləti var: Osmanlılar və Qacarlar. Öz kimliklərinə ikrahla baxan iki “türk” dövləti. Osmanlının Batı ilə sıx ilişkilərindən dolayı, ayrıca Osmanlı imperatorluğunda etniklərin baş qaldırılarına təpki olaraq türk kimliyinin yavaş-yavaş düşüncə və siyasət planına daşınmasına tanıq oluruq. Özəlliklə də ərəblərin Türk ordusunu arxadan vurması isbat etdi ki, islam qardaşlığı əfsanəsi bitmişdir. Bu üzdən də Osmanlı türk kimliyinə dayanmasa da onu vurmayan yalnız türklər idi. Türklərin dışında bütün etnoslar, başda müsəlman ərəblər olmaq üzrə əllərinə düşən fürsətdən istifadə edib, türkləri aşağılayır, ihanət edirdilər. Ərəblər bir ata sözü gəlişdirdilər ki, “Türkün ayaq basdığı yerdə ot bitməz.” Hətta ərəb millətçiləri Ərəbistanın qumsallığının da səbəbini türklərin o torpaqlara ayaq basmasıyla yozurdular. Qacarlarda Osmanlıda olduğu qədər etnik və dini anlamda muzaiklik olmadığı üçün, ayrıca, Qacarlar Osmanlılar qədər batı ilə kültürəl ilişkidə bulunmadı üçün yüz illər boyu idarə etdiyimiz bu ərazilərin sahibliyini itirdik. Burada əsas suç öz üzərimizdə, öz tariximizdə olmuşdur. Deyəcəksiniz ki, əsas suç necə bizdə olmuşdur? Anladacağam. XIX əsrdə Almaniyanın başı milli dövlət qurmaqla qarışmışdı. Elə ki, milli dövlət qurmaq sürəci bitdi və birləşik alman dövləti quruldu, Almaniyanın diqqəti dış dünyaya yönəldi. Ancaq Almaniya üçün artıq çox gec idi. Çünkü İngiltərə, Fransa, Rusiya kimi böyük güclər dünyanı öz aralarında bölmüşdülər. Uluslar arası enerji qanynaqları ilə zəngin olan ölkələr bu dövlətlər arasında paylaşılmışdı. Əslində həm birinci, həm də ikinci dünya savaşının çıxması Almaniyanın XIX əsrdə iç sorunları ilə uğraşması idi. Almaniya daha az gəlişmiş Rusiya imperatorluğunun idarəsində olan enerji qaynaqlarına göz tikmişdi. Bu enerji qaynaqlarının çoxu isə Türklərin yaşadığı yerlərdə idi. Öncə Osmanlını öz yanına alma planını çizdi, daha sonra da Qacarları. Qacar ölkəsində də Türk milliyetçiliyi mərkəzli bir dövlətin qurulmasını istəyirdi Almaniya. Bunun üçün ciddi araşdırmalar da yaparlar, ancaq bir tək oxumuş və türk kimliyinə siyasi dəyər verəcək adama rastlanmazlar. Bu üzdən Qaşqayları silahlandırmaq istərlər Birinci Dünya Savaşı öncəsində. Qaşqaylarınsa şəhər həyatı yox idi. Dünyada başlayacaq böyük olaylar üçün Qaşqay və Şahsevən atlıları dayanaq mehvəri təşkil edə bilməzdilər. Qacarlarda İngiltərə fars, Almaniya isə Türk milliyətçiliyini dəstəkləyirdi. Ancaq türk milliyətçiliyinin intellektual yanı olmadığından, fars dilinin dövlət orqanlarında tarixi təcrübəsi olduğundan İngiltərə qalib gəldi. Almaniyanın Qacarlarda türk milliyətçiliyinə dəstək verməsinin səbəbi İngiltərə ilə olan rəqabəti üzündən idi. XX əsrin başlarında fars milliyətçiliyi İngiltərənin və Türk milliyətçiliyi Almaniyanın mənafesi ilə örtüşürdü. Bu gün də türkolojinin ən mötəbər institutları Almaniyada və persolojinin ki isə, İngiltərədədir. - O dönəmin tarixini ayrıntıları ilə ələ almaq mümkün olmayacaq. Bu soruların əsas hədəfi XX əsrdə bizim toplumların içində ortaya çıxan dünyagörüşlərini incələməkdir. Bilirsiniz ki, 1917-ci il Rusiya sosialist devrimindən sonra dünyada böyük dəyişikliklər oldu. O cümlədən bizim də toplumlarda marksist-leninist cərəyanlar meydana gəldi. Həm də bu cərəyanlar 100 ilə yaxın bir müddətdə davam etdi. Bu mövzu üzərində söhbətimizi mərkəzləşdirəlim istərsiniz. Kommunist cərəyanlar necə ortaya çıxdı? - Kommunizm bir utopia olaraq əski Yuanandan başlamış dəyəşik zamanlarda davam etmişdir. Ancaq somut olaraq XIX əsr Avropadakı sənayeləşmə sürəci ilə bağlı olmuşdur. Bu konu ilə bağlı qısa bilgi verdikdən sonra gələlim öz tariximizə. Bunun üçün ilk öncə Engelsi və özəlliklə Marksı tanımaq lazımdır. Gəncliyində Hegelin dərin təsiri altında olan marks Yena universitetində fəlsəfə oxumuşdu. Sağ hegelçilik və sol hegelçilik anlayşları ortaya çıxdığında Marks sol hegelçilər cərgəsində idi. Ancaq Marks Fuerbaxın (Feuerbach) heyranı idi. Çünkü Fuerbax Hegel fəlsəfəsinin dini tərəfini tənqid etmişdi. Marks öz fəlsəfi axtarışları sürəsincə Engelslə tanış olur. Engels İngiltərənin Mənçester zavodlarında çalışan işçilərin durumu ilə bağlı geniş araşdırma yapmışdı. Engels bu araşdırmalarına dayanaraq “Politik ekonominin eleştirisi” adında bir məqalə yazır və İngiltərənin o zamankı böyük iqtisadiyatçı mütəfəkkirlərini tənqid edir. Engelsin bu məqaləsi Marksı çox təsirləndirir. Ancaq Marksın iqtisadi məsələlərə önəm verməsinin səbəbi onun fəlsəfi düşüncəsində saxlı idi. Yəni Marksın fəlsəfi düşüncələri XIX əsr Avropanın iqtisadi və sosial olquları ilə rastlandığında çox önəmli suallar onun qafasını məşğul etməyə başlayır. Bu mövzuyla bağlı Marksdan daha öncə düşünənlər də olmuşdur. Ancaq onlar bu olayları səbəb-nəticə məntiqi ilə təhlil edə bilməmişdilər. İlk dəfə olaraq Marks belə hesab etdi ki, zehni durumu oluşduran maddi şəraiti incələmək lazımdır. Maddi şərait incələnmədən zehni durumu anlamaq mümkün olmayacaq. O zaman bir çox Avropa filosofları belə hesab edirdi ki, sosial və iqtisadi durumlardan təcrid edilmiş şəkildə bir evdə oturub fəlsəfi önərmələr yazmaqla problemləri çözmək olar. 1843-cü ildən etibarən Almaniya və Fransada iqtisadi böhranlar ortaya çıxmağa başlayır. Almaniyada Pros dövləti aydınların fəaliyətlərinə yasaq gətirir və Marksın məqalə yazdığı qəzet də qapadılır. Bu zaman Marks Almaniyanı tərk edib parisə, daha sonra isə Brukselə və ordan da Londona gedib yerləşir. Almaniyanın sürgündə olan aydınları İngiltərə və Fransa sosialistləri ilə ilişkidə olan dərnəklər qurmağa başlayırlar. Bunlardan ən önəmlisi “ədalətlilər dərnək”idir. “Ədalət dərnək”inin keçirdiyi elmi toplantılarda böyük ixtilaflar meydana çıxır. Bu dərnəyin ən sayqın öyələrindən biri və işçilər üzərində böyük təsiri olan Vaitlinq adında bir şəxs idi. Vaitlinq belə hesab edirdi ki, demokrasi burjuazianın əlində bir istismar aracıdır və yalnız inqilabla burjuazianı devirib ədaləti bərqərar etmək olar. Ona görə böhranı daha da dərinləşdirmək lazımdır ki, inqilaba zəmin yaransın. Böyük Fransa İnqilabından sonra sosialistləri qadınları ortaq mal kimi görməkdə suçlayırdılar. Bu üzdən də ilk fürsətdə bütün sosialistlər bu toplantılarda öz görüşlərini açıqca ortaya qoyub və bunun doğru olmadığını söylədilər. Yalnız Engels bu mövzu ilə bağlı fərqli düşündüyünü söylər. Bu zaman Engelsin öncülüyündə “Kommunizmin məramnaməsi” yazılır. “Ədalətlilər dərnəyi”nin ikinci konqrəsində “kommunizmin məramnaməsi”nin üzərində son düzəlişlər etmək üçün Marksa tapşırırlar. Marksın düzəlişlərindən sonra “Manifest” adı ilə ortaya çıxar. “Manifest” və Engelsin “Antiduring” kimi kitabları kommunizmin üsullarını rahatca teorizə etmişdilər. Marks “Manifest”də XIX əsrin inkişaf ideolojisini təqdir edir, lakin imperialistlərin Hindustan və Çindəki sömürü politikalarına heç işarə etmir. Marks “Manifest”də yazır ki, burjuazianın gəlişməsi ilə milli ziddiyətlər və ixtilaflar azalacaqdır. Lakin daha sonra baş verən olaylar Marksın öngörülərini yanlışladı. Marks sosialist devrimin də İngiltərədə baş verəcəyini savunmuşdu. Ancaq bu devrimin Rusiyada baş verməsi yenə də Marksın yanılqısını ortaya qoydu. Dünyada Marksı yanlış anlamış, ya da heç anlamamış biri varsa o da Lenindir. Lenin bir terrorist və leninizm isə bir terrorizm ideolojisi idi. “Nə etməli?” adlı kitabında terroru amaca çatmaq üçün savunur və proletar diktatorluğunun sadəcə burjuaziaya qarşı deyil, Qızıl Ordunun politikasını qəbul etməyən işçi sinifinə qarşı da tətbiq edilməsini yazır. Maksim Qorki kimi bir çox aydın insan Lenini xəstə və işçi sinifinin düşməni olaraq görmüşlər. Bertzam Volf “ Qorki və Lenin” adlı kitabında bu konunu, yəni Lenin və Qorki ilişkilərini ayrıntılı şəkildə anlatmışdır. Zatən Qorki kimi aydınların öldürülmələri də bu səbəbdən idi. - Belə anlaşılır ki, Rusiya sosialist inqilabının gerçəkləşməsi yalnızca Leninin liderliyinin nəticəsi olmamışdır. - Lenində liderlik özəlliyi yox idi. O bir macəraçı, yalançı və avanturist idi. 1905-ci ildə böyük Rusiya imperatorluğunu kiçik Japoniyanın mğlub etməsi, Birinci Dünya Savaşanın doğurduğu qarğaşa devrim üçün şərait yaratmışdı. Özəlliklə rus ordusundan qaçmış silahlıların iç politikda kullanılmaları Çarın devrilməsi üçün şərait yaratdı. Xüsusən Almaniyanin Rusiyanın iç işlərinə qarışması və Leninin yandaşlarını dəstəkləməsi inqilabın gerçəkləşməsini sağlayan dış etkənlər idi. Leninin bir alman casusu olduğu da son zamanlar təsbit edilməyə başlamışdır. Marksın və Engelsin, eləcə də XIX əsr solçularının haqlı olduqları önəmli şeylər var idi. Lakin Lenin kimi bir avanturist onların haqlılıqlarını da bərbad etdi. - Kommunizmi bir ideoloji olaraq Batı toplumsal yaşamının ürünü saymaq olarmı? - XVI əsr renesans devrimindən sonra Avropa sadəcə iqtisadi gəlişmələrin mərkəzinə dönüşmür, həm də düşüncə və modern uyqarlığın gəlişmə məkanına çevrilir. İslam Dünyasında isə bu uzun sürədə heç bir yenilik, heç bir gəlişmə olmadığı üçün, Batının arxasınca sürünməkdən başqa çarəsi qalmamışdır. Bu gün bəzi islam ölkələrində nisbi gəlişmə varsa, o da keçmişlərdə və ya indiki zamanda Batı ölkələrinin müstəmləkələri olmaları üzndəndir. Doğu kültürü Marks və Engels kimi düşünürlər yetirə biləcək kapasitədə olmamışdır. Olmadığı üçün, modern teknoloji və sənayeni Batıdan aldığı kimi, modern mənəvi ehtiyaclarını da Batıdan almaq zorunda qalmışdır. Marksizm və kommuniz Batıdakı gəlişmələrin sonucu idi, ancaq tarixi gəlişmələr onu Rusiyada panislavianizmin ideolojisinə çevrildi. Kommunizm ideolojisi çökmüş Rusiyanın yenidən toparlanıb və imperialist niyətlərini sürdürmək üçün bir vasitə oldu. Bu gün kommunizm çökmüş və artıq onun haqqında bilimsəl təhlillərdə bulunmaq olar. Nədən? Çünkü bir olayın, bir ideolojinin tarixi sürəsi dolduqdan, sonucları ortada olduqdan sonra səbəb-nəticə ilişkilərindən yola çıxaraq dəyərləndirilməsi olanaqlıdır. Bu dəyərləndirmədə tarixi verilər də yardımçı olacaqdır. Artıq kommunizm tarixdə qalmışdır. Yaşayan bir olqu deyildir. Bu üzdən də onun üzərinə dəyişik açılardan baxıb yorumda bulunmaq mümkündür. - Rusiyada baş qaldıran kommunizm Türk ulusunun yazqısını necə etkilədi? - Bu etkinin iki yönü olmuşdur: 1. İnqilab öncəsi Rus imperatorluğunun idarəsində bulunan Türklər üzərinə olan təsir. 2. Rusiya imperatorluğunun sınırları dışındakı Türklər üzərinə olan təsir. Sosialist inqilabın gerçəkləşməsində bəzi Türk aydınlarının da böyük rolu olmuşdu. Onlar kommunizmin aldatıcı çağrılarına inanaraq Leninə yardım etdilər. Ancaq çox qısa zamanda aldatıldıqlarını anladılar. Anlasalar da artıq çox gec idi. Sultan Qaliyev, Nəriman Nərimanov kimi Türk aydınlar uzun zaman keçmədən öldürüldülər. Leninin bir terorist olduğunu leninizmin terorizm ideolojisi olduğunu olayların axışı Qaliyevə, Nərimanova və digər Türk aydınlarına anlatdı. Onlar xətalarını anladıqları üçün öldürüldülər. Türkistanın parçalanması, Azərbaycan Cümhuriyətinin devrilməsi və Azərbaycan torpaqlarının ermənilərə verilməsi, Başqırdıstan türk cümhuriyətinin devrilməsi kimi olaylar türk millətinin yazqısı açısından böyük fəlakətlər idi. Daha sonra açıqca Rus şovinizmin rəsmi dövlət ideologiyasına dönüşən kommunizm yüz minlərlə Türk aydınlarını öldürüb sibirlərdə sürgündə yox etdilər. Hətta Kırım türklərini bütünü ilə yurdların alıb başqa yerlərə köçürdülər. Türkistanda və Azərbaycanda mövcud olan uluslar arası enerji qaynaqları kommunist rus şovinistlər tərəfindən sömürülürdü. Bir örnək söyləyim: Bütün ekonomik, politik və Ermənistanla savaş sorunları ilə qarşı-qarşıya olan Azərbaycan Cümhuriyyətinin son 15 ildəki gəlişmə sürəti və həcmi keçən 70 illə müqayisədə daha irəli olmuşdur. - Kommunizm ideolojisinin əski Sovetlərdə törətdiyi olaylarla ilgili yetərincə bilgi vardır. Güney Azərbaycanda, İranda və Türkiyədə bunun təsirləri necə olmuşdur. - 1920-ci il Sentiyabrın birindən səkkizinə qədər Leninin bir başa əmri üzərinə Bakıda Şərq xalqlarının qurultayı keçirilir. Bakıda fəhləlik edən Güney Azərbaycanlı işçiləri bir araya gətirib İran Kommunist Partiyasını qurmuşdular. Bu oluşumda özəlliklə Heydərəmoğlunun böyük rolu olmuşdu. Sonra da İran xalqını təmsilən qurultaya qatılan heyyətin içində Heydərəmoğlu da önəmli adlardan birisidir. Heydərəmoğlunun da içində bulunduğu heyyət əsasən Türk paşalarına və Müsavatçılara qarşı danışırlar. Moskova tabeli Qurulan Türkiyə Kommunist Partiyası da ilk dəfə Bakıda Mustafa Sübhinin öncüllüyündə qurulur. Mustafa Sübhi Birinci Dünya savaşında əsir düşən türk əsgərlərini Türkiyə Kommunist Partiyasına çəkməyə çalışır. Mustafa Sübhi də Heydərəmoğlu kimi Türk paşalarını ermənilərə qarşı qətliam törətdiklərini söylər. Sorbon univesitetində sosioloji oxumuş olan Türkiyə vətəndaşı Mustafa Sübhi, Heydərəmoğlu kimi kommunist Rusiyanın nəfinə casusluq etməyi özünə şərəfli bir iş hesab edər. Həm Heydərəmoğlu, həm də Mustafa Sübhi Azərbaycanda ilk dəfə olaraq demokratik milli dövlət qurmuş olan Müsavatçıları ingilis və Türkiyə casusları kimi görürdülər. Müsavatçılara bu çamuru atan kommunistlər özləri rus casusları olmaqdan qürur duyurdular. Anlaşıldığı kimi ilk gündən etibarən İran kommunizmi Türk və Azərbaycan düşmənliyi əsasında şəkillənməyə başlayır. Heydərəmoğlu bilmirmi idi ki, əgər türk ordusu olmasa idi, ermənilər Urmuda, Salmasda və digər kənd və şəhərlərdə əhalini qətliam edəcəkdilər? Heydərəmoğlu bilirdi. Ancaq onun üçün Azərbaycan əhalisinin bütünü ilə məhv olması önəmli deyildi. Çünkü o da leninizmin terror ideolojisi xəstəliyinə yaxalanmış, onun vicdani və heysiyyəti bu virusa qapılmışdı. Heydərəmoğlu leninizm terrorizminin yayqınlaşması üçün Müstafa Kamal hərəkətini əngəl kimi görürdü. Bu üzdən ilk gündən İran kommunizmi türk düşmənliyini özünə bir hədəf olaraq seçmişdi. İran kommunizmi heç bir zaman bu davranışından vaz keçmədi. - Güney Azərbaycanda və İranda daha sonra kommunist təşkilatlar və partiyalar quruldu. Azərbaycanın bir çox sadiq gəncləri də bu yolda fəda oldular. Bunu necə dəyərləndirmək olar? - Sadiq olmaq yetərli deyil. Sadiqliyin arxasında geniş bilgi olmadığında başqaları tərəfindən bu sədaqət sömürülə bilir. Necə ki, rus- fars şovinizmi bizim sadiq kommunist insanlarımızı öz hədəfləri yolunda yem etdilər. Öncə bu suala cavab verəlim ki, nədən İranda kommuniz özünə tərəfdar toplaya bilmişdi? Bu soruya cavab vermək üçün tarix sosiolojisi açısından olaya yanaşmaq lazımdır. XX əsrin ortalarında İranda yazıb-oxuma oranı artmışdı. Istər-istəməz yazıb-oxuması olan bir nəsllə, yazıb-oxumaqdan məhrum olan bir nəslin dünyaya baxışı fərqlənəcəkdi. Nir məsəl var deyir ki, “durmaq yeriməkdən daha çox yorucudur.” Şərq tarixi öz yerində durduğu üçün çox yorucu və bezikdirici idi, heç bir yenilik yox idi. Pəhləvi istibdadı da gələnəksəl Şərq istibdadının davamı idi. Yazıb-oxuması olan yeni nəslin dünyagörüşünü Sovet devrimi dərindən etkiləmişdi. Sovet devriminin dünyaya verdiyi əsas mesaj burjuaziyanı devirmək idi. Lakin İranda, hətta Türkiyədə də burjuaziya yox idi. Ölkələr hələ köylü toplumu və tarım kökənli iqtisadiyata dayanmaqdaydılar. O zaman İran mühitindəki devrimci kommunistlər nəyi devirəckdilər? Çünkü kommunizm burjuaziyanın antitezi kimi Batıda meydana çıxmış, Rusiyada həyata keçmişdi. Bu zaman İran mühitində Şərq istibdadına və onun dini dəyərlərinə qarşı ideolojik mübarizə başladılar. Bu açıdan baxıldığında kommunistlər İran mühitində yaxşı niyyətli işlər görmək istəmişdilər. Lakin istək yetərli deyil. Bu istəyi gerçəkləşdirəcək dünyagörüşü də önəmlidir. İran kommunistləri bir çox digər Şərq ölkələrinin kommunistləri kimi kommunizmi bir din olaraq anlayıb, ona inandılar. Bu üzdən də onların mübarizəsi dini mübarizəyə dönüşdü. Sadəcə onların peyqəmbəri Məhəmməd deyil, Marks, Engels, Lenin və Stalin idi. Ən maraqlısı da bu idi ki, onlar da eyni müsəlmanlar kimi, peyqəmbərlərinin təlimlərini oxumadan inanmışdılar. Baxsanız son 80 ildəki İran kommunist axımların yazqısına, bir tək önəmli əsər ortaya qoya bilmədilər. Yəni İran kommunistləri üçün Marksizm bir xəbər idi. Moskovanın radioda fars dilində olan təbliğatı idi. Bir bilgi deyildi. Sosial bilgi ola da bilməzdi. Çünkü kommunizm batı siyasi və iqtisadi həyatının məhsulu idi. Kommunistlərin haqlı olduqları bir şey var idi, o da Şərqin istibdad kültürünü devirmək. Bu istəklərində haqlı olsalar da özləri daha qəddar bir istibdaddan yanaydılar: Proletar diktatorluğu. Yəni kommunistlər bir istibdadı ortadan qaldırıb, yerinə digər istibdadı yerləşdirmək istəyirdilər. İnsan da öz həyatını istibdadın gerçəkləşməsi üçün fədami edər? Tarixdə bu şəkildə cəhalətə az rastlanılmışdır. Örnəyin Mustafa Kamal Atatürk də Şərqin qaranlıq və durğun dini istibdadını devirdi. Ancaq O, ulusunu aydınlığa qovuşdurdu. Hətta bütün Şərq millətləri üçün aydınlığın yolunu göstərdi. Baxin tarixə. Lenin, Stalin, Hitler, Mossolini kimi faşıstlərin heç birisinin tarixdə, günümüzdə sayqınlığı qalmamışdır. Onların hamısı faşıst idilər. Ancaq Atatürk imperializmə qarşı mübarizə aparan bir millətin lideri kimi hələ də sevilir, əbədiyyən də belə olacağı görünür. Kommunistlərin bir nöqtədə haqlı olduqlarını söylədim. Bunu bir az açmaq istərdim. İran tarixi mühitində insanların namusuna belə, hakim kəsilimiş bir ovuc din xadimi və din kültürü mövcud idi, mövcuddur. Bu qorxunc durumu ortadan qaldırmaq istəmişdilər. Ancaq yanlış metodla, yanlış bilgilərlə. Marksın “Din toplumun uyuşdurucusudur.” sözü tamamən doğrudur. Şərq millətini, Şərq tarixini bu gündə qaranlıqda saxlayan dini istibdad olmuşdur. Xristian Qaranlıq çağını ortadan qaldırdılar, ancaq islam qaranlıq çağı hələ də davam edir. İslam qaranlıq çağını böyük Atatürk Anadoluda böyük bir başarı ilə və silah gücünə tarixə gömdü. Sovet inqilabı Şərq kommunistlərinin utopialarını genişlətmişdi. Gerçəyi görmək istəmirdilər. Bir şəkildə bütün Şərq kommunistləri dönüb Donkixot olmuşdular. Əgər burjuaziya yoxdursa, onu xəyalda uydurub, onunla mübarizə aparırdılar. - Yəni tarix boyu bizim enerjimiz dərinliyini bilmədiyimiz ideolojilərin yolunda boşuna xərclənmişdir. Nədən belə olmuşdur? - Bizim tariximiz bilgi və ağıl tarixi deyildir. İnanc yatağıdır. İnanc şəklimiz nə zaman və harda bir işıq görmüşsə söndürmüşdür. Bu üzdən də qaranlığa elə alışmışıq ki, ulduzlardan qorxmuşuq. Ya da qaranlığa elə alışmışıq ki, ılğımı (sərabı) işıq qaynağı sanmışıq. XX əsrdə Güney Azərbaycanda yüzlərcə enerjili gənclərimiz kommunizm və siyasi islam yolunda edam edildilər. Onların çoxu heç bilmirdilər Marks kimdir. Sadəcə bir xəbər eşitmişdilər. Bunun günahı sadəcə kommunizmdə, pəhləvi və Xumeyni istibdadında deyil. Onlar da günahkardır, ancaq əsas günahkar özünü din qaranlığına gömmüş və insana sayqısı olmayan Şərq tarixidir. Yəni XVI əsrdən başlayaraq batıda humanizm kimi anlayışlar üzərinə araşdırmalar yapılırkən, İslam Şərqində son 500 ildə bir tək kitab insan haqları, modern ədalət anlayışı ilə bağlı yazılmadı. Zatən Batılılaşmaq məsələsi də burdan ortaya çıxdı. İnsan və bir millət lazım olan şeyi öz varlığında bula bilmədiyində başqa yerdən almaq zorunda qalar. Bu gün Şərq aydınları anlamış ki, Şərqi qurtaracaq əxlaqi, hüquqi dəyərlərin heç birisi Şərq tarixində yoxdur, olmamışdır. Baxsanız görəcəksiniz ki, Şərqin din orta çağından qurtarmaq üçün Türkiyə, Azərbaycan, Tunes kimi bəzi ölkələr Avropa Birliyinin hüquq sistemi içinə girməyə çalışırlar. Dinçilərə və artıq məzara gömülsə də nalələri eşidilən kommunistlərə görə bu davranış yanlış imiş. Ancaq bir çox Türk aydınlarının da təsbiti üzərinə, Şərqin islam orta çağından qurtarmaq üçün bir tək yolu sekularlaşmadır. Bizim toplumun tarixi təcrübələrində var olan yalnız dini istibdadın kültürəl miraslarıdır. Yeni istəklərə cavab verəcək heç bir qaynaq, heç bir kitab yoxdur. Heç bir siyasi fəlsəfə yoxdur. Bu yoxluq üzündən örnəyin Oxtay, Behruz Dehqani kimi Türk gəncləri heçlik uğrunda öldülər, öldürüldülər. İslam Şərqinin istibdad vurmuş tarixini və dəyərlərini M.Ə. Sabir bu şəkildə özətləmişdir: “harda müsəlman görürəm qorxuram.” Gerçəkdən də dünyada ən qorxulu varlıq müsəlmandır. Çünkü bir anda Quranın “cihad” və “öldürün!” əmrini yadına salıb durduğun yerdə səni kafir sayıb öldürə bilər. Bizim kommunist gənclərimiz çox bilgisiz və təcrübəsiz idilər. Onların geniş bilgiləri ola da bilməzdi. Çünkü kitab yox idi. Sadəcə bir utopiaya inanmışdılar. Bu tarixdən alacağımız bir dərs var ki, dinin siyasətə müdaxiləsini əngəlləmək lazımdır. Belə bir şey olursa Türk gəncləri xülyalar yolunda özlərini qoyun kimi qurbanlıq etməzlər. Baxınız Dəniz Gəzmişə. Gerçəkdən cəsur bir insan. Ancaq istəyi nədir? İstəyi Türkiyəni Sovetlər kimi bədbəxt duruma gətirmək. Mustafa Sübhinin istədiyi kimi. - Kommunistlər özlərini özgürlük savaşçıları kimi görürdülər. Bellə bir şey oldumu gerçəkdən? - Bu suala cavab vermədən özncə “özgürlük nədir?” sorusuna cavab vermək lazımdır. Bu sualın yanı sıra həm də “Şərqdə özgürlük fəlsəfəsi niyə doğmadı?” sualı da cavablanmalı. Özgürlük, həyatın axışı içində bir “oluş”dur. Sürəkli bir “varolma” çabasıdır. Yəni hər an insanın zehni və hətta iqtisadi statusunu əxlaq anlaışı (modern hüquq) içində irəliyə doğru sövq etməsidir. Əgər bir zehni “oluş” üçün, əgər bir zehni və fikri atılım üçün yasaq qoyulursa orada özgürlük ola bilməz. Azadlıq insan zəkasının sürəkli devingənliyi və yeni aşamalara varmasıdır. Bəlkə bu, bütün insanlar üçün keçərli olmaya bilər. Ancaq fəlsəfə ilə, yaradıcılıqla məşğul olan azınlıq üçün bu azadlıq anlayışı keçərlidir. Hər kəsəin bildiyi və eşitdiyi bir dillə söyləsək, azadlıq, yəni Qaraca balğın həyatı. Bu açıdan baxdığımızda Şərqin istibdad vurmuş tarixində azadlıq olmamışdır. İnsan ağlı, insan ruhu və insan duyğuları dini istibdad tərəfindən çevrələnmişdir. Renesansdan başlayan bir sürəclə Qərb dünyası insan ruhunun ətrafına hörülmüş dini istibdadın qalalarını uçurmağa başladı. Lakin Qərbin bu devinimindən qorxan islam istibdadı, öz qaranlıq qalalarını daha da möhkəmləndirdi. Bu gün də azdlıq istəyən insanların əsas düşməni din mərkəzli bu qaranlıq tarixdir. Bu qaranlıq öyləsinə sərtdir ki, orada doğrunu bulmaq çox çətindir. Dini istibdad insan həyatının bütün qatmanlarına hakimdir. Heç bir əqli potanseil güc və təcrübə yox. Dini istibdad insanı bir maddə kimi bir yerə buraxmış və demiş sənin yerin buradır, tərpənmə! Tərpənsən edam olacaqsan. Böylə qorxu ortamında insan ağlı əlbəttə ki, sağlıqlı düşünə bilməz. “Oluş”, “varolma” iradəsinə, hər türlü dəyişimə yasaq gətirilmişdir. O zaman örnəyin Oxtay və Behruz Dehqani kimi yenilik istəyən gənclər gedib hansısa axundun əlindən öpüb, təqlid etməli və ya onun fətvalarınamı uymalıydılar? Yəni Şərq din tarixi yalnız bundan ibarətdir. Bəlkə də Oxtay və Dehqani kimi insanlar yaşasaydılar, bütün insanlığa xidmət edəcək bir fəlsəfi sistem ortaya qoyardılar. Kommunist olmaq onların həyatlarının bir kiçik evrəsi kimi ola bilərdi. Hər bir insanın həyatında ola bildiyi kimi. Onların sezgisəl imkanları hələ gəlişməmişdi, yolun başlanqıcındaykən öldürüldülər. Yəni onların dərin bilinclərinin oluşması üçün zaman və fürsət lazım idi. Bu fürsəti Şərqin dinçi istibdadı heç bir insana tanımamışdır. Özətləyəcək olursaq böylə söyləmək mümkündür. Şərq in dini istibdadı hər türlü “oluş”ları yasaqladığı üçün bir durğunluq tarixidir. Durğunluq isə pis qoxularla artıq zəhərləyici duruma gəlmişdir. Bu üzdən də Şərqin dini istibdadı “sürəkli oluş” fəlsəfəsini kəsinliklə anlamaq istəməz. İslam şərqinin tarixində nəinki azadlıq olmamış, azadlıq fəlsəfəsi olmamış, tarixin özü də dini istibdadın əsarətindədir. Tarixin özü də qurtuluşa möhtac. - Son sorunu sormaq istərdim. Kommunizm və şovinizm arasında bir anlaşma olmuşmu? - Kommunizm XX əsrin əvvəllərində rus şovinizminin ideolojisi kimi doğdu. İran mühitində də fars şovinizmin ideolojisinə dönüşdü. İranda kommunistlər bilincində olmadan fars şovinizminin savaşan əsgərləri halına gəlmişdilər. Azərbaycan-Türk kommunistləri cahil olduqları üçün bu yoldaydılar, fars kommunistlər isə bilincli şəkildə. Yəni İran mühitində dövlət sistemini əlində tutan fars şovinizmi bütün ideolojiləri sistemin çıxarlarına tabe etməyi başarırdı. “İran Xalq Mücahidləri”, “Fədailər”, “Tudeilər” hamısı fars şovinizminin sadiq xidmətçiləri olmuşlar. Soyuq savaş bitdikdən sonra, onların necə də fars şovinizminin sadiq qulları olduqları ifşa edildi. Çünkü milli haqları yolunda mübarizəyə qalxan Azərbaycan Türklərinə qarşı Şahçıların, Xumeyniçilərin yanında yer alıb, Azərbaycan xalqının ədalətli mübarizəsinə qarşı səslərini yüksəltdilər. Ancaq biz böyük təcrübəyə sahibik. Azərbaycan milli özgürlük hərəkəti sekular bir sürəcdir. Aydınlanma sürəcidir. Aydınlandıqca içimizə soxulmuş çirkin ideolojilərin mahiyətləri ifşa olur. Kommunizmin və islamçılığın qaynağı tükənmişdir. Azərbaycan Milli Hərəkətinin qaynağı tükənməzdir. Çünkü bizim mübarizəmiz ideolojik mübarizə deyildir, milli mübarizədir. İdeolojilərin bir sürəsi var, o sürə dolduqdan sonra onun bir anlanmı qalmaz. Ancaq bir ulusun haqları ideolojik sorun deyildir. Real və tarixi sorundur. Örnəyin islam inqilabından sonra bir çox kommunistləri edam edib zindanlara saldılar. Ancaq, özəlliklə Soyuq Savaş bitdikdən sonra rejim özü kommunist partiyalarının fəaliyət göstərmələrində maraqlıdır. Çünkü kommunizm bir zehniyyət olaraq çökmüş, enerjisini bitirmiş və təhdid olmaqdan çıxmışdır. Digər tərəfədn kommunistlər özləri də cahil olduqlarını drk etdilər. Yəni zaman onlara cahil olduqlarını anlatdı, artıq onlarda politik davranışda bulunacaq enerji qalmamışdır. Bu üzdən də aktiv şəkildə şovinizm cəbhəsində yer almağı tərcih etməkdədirlər. Kommunizm sadəcə sovetlərdə deyil, İranda da türklərin asimilasionu üçün bir ideologiya oldu. Türk gəncinin zehni açıdan azmasına, öz ulusunun əleyhinə çalışmasına kommunizm ideologiyası yardımçı oldu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar