SON XƏBƏRLƏR

Müslümlə vidalaşma . ANAR

2021.10.20, 07:36
Müslümlə vidalaşma . ANAR

Gunaz.tv
Müslümlə vidalaşma Əlvida Bakı, daha səni görməyəcəm... Sergey YESENİN ANAR anar_271007.jpg Haçansa belə bir məmləkət vardı - Sovet İttifaqı. Bu məmləkətdə ən müxtəlif xalqlar yaşayırdı - tarixləri, taleləri, dilləri, mədəniyyətləri, inancları fərqli millətlər. Sonra bu ölkə dağıldı və məlum oldu ki, bütün bu müxtəlif xalqları, millətləri birləşdirən nə ideologiya, nə siyasət, hətta nə də iqtisadiyyat imiş. Onları birləşdirən bir şey vardısa bu da ilk öncə Sənət idi və Müslüm Maqomayev bir birləşdirmənin ən parlaq rəmzlərindəndi. Ölümüylə də o, keçmiş sovet vətəndaşlarını, yeni müstəqil dövlətlərin vətəndaşlarını birləşdirdi - matəmiylə birləşdirdi. Minlərlə insan böyük müğənniylə vidalaşmaq üçün əllərində gül-çiçək Moskva küçələrinə tökülüşdülər, axın-axın Çaykovski salonuna yönəldilər. Qəribəsi o idi ki, bu vidalaşmaya göz yaşlarıyla gələnlər yalnız Müslümün keçmiş fanatları - haçansa onun avtomobilini öpüşlərə qərq eləyən, günlərlə mənzilinin qabağında daldalanan, saatlarla onun konsertdən çıxmasını gözləyən - indi nənə olmuş pərəstişkarları deyildi, həm də onların nəvələri idi. Heç vaxt canlı Müslümü səhnədə görməyən nəvələri. Moskvadaydı bu, amma sabiq İttifaqın hər hansı bir şəhərində Müslümlə vidalaşma mərasimi keçirilsəydi, beləcə olacaqdı. Bakıda da belə oldu. Ölkəmizin rəhbərliyi onun Bakıda dəfn olunmasında israr edərkən tamamilə haqlıydı. Onun dul xanımı da bu çətin qərarını verəndə müdriklik göstərdi. Haçansa böyük bəstəkar Qara Qarayevin ölümünə ağı yazmışdım: "O, müvəqqəti gedib, həmişəlik qayıtdı". Eyni sözləri Müslüm Maqomayev haqqında da demək olar. Yola Bakıdan çıxıb, dünyanın yarısını fəth edən, Moskvada ən yüksək şöhrətə ucalan, uzun illər yaşayan, xoşbəxt ailə quran Müslüm axırda doğma torpağına döndü. Həmişəlik döndü... Çox yaxın ortaq dostlarımız olsa da, mən əfsus ki, Müslümlə dost olduğumu iddia edə bilmərəm. Doğrudur, Bakıda da, Moskvada da onunla dəfələrlə ünsiyyətdə olmuşam, İtaliyaya birgə səfərdə iştirak etmişik. Rəsul Rzanın sözlərinə yazılmış iki mahnının - Tofiq Quliyevin "Sənə də qalmaz", Polad Bülbüloğlunun "Gözlərinə de ki" mahnılarının təkrarsız ifasına görə ona minnətdarlığımı bildirmişəm. O da "Üzeyir ömrü" filmində babası Müslüm Maqomayevin layiqincə təqdim olunduğuna görə mənə təşəkkür edib. Amma təkrar edirəm, biz yaxın olmamışıq. Buna baxmayaraq, onun ölümü mənə yalnız unikal sənətkarın deyil, həm də yaxın, əziz adamın itkisi qədər təsir etdi. Axı onunla bütöv bir dövr gedirdi. Ümidlərlə dolu gəncliyimizin bütöv bir dövrü. İtkinin ağır cəhəti onda idi ki, həyatdan getməmişdən qabaq Müslüm sənətdən getmişdi. Bu gediş bəlkə də faciəvi deyildi, amma hər halda çox dramatik idi. Müslüm çox məğrur insan idi və səhnədən də məhz bu qüruruna görə getdi. Kiminsə: "Necə, o hələ də oxuyur?" deməsi onunçün dözülməz olardı. O, şöhrətinin, demək olar ki, uca zirvəsində, güclü səsinin gənclik təravətini qoruyub saxladığı bir məqamda səhnəni tərk etdi. Son illər onunla heç bir təmasım olmasa da, intuisiyayla güman edirdim ki, onun səhnəylə vidalaşmasında yalnız qürurluluq yox, həm də bir ağrı-acı var. O, büsbütün dəyişən, özgələşən, yadlaşan və yabançılaşan dünyanı dərk edərək sənətdən uzaqlaşdı. O, həyatını heykəl yapmaqla, şəkil çəkməklə, kompyuter oyunlarıyla, İnternet ünsiyyətiylə məşğul etsə də, özünü, zənnimcə, zaman qürbətində hiss edirdi. Bu zənnimdə yanılmadığımı onun "Komsomolskaya pravda" qəzetində dərc olunan son müsahibələrindən birini oxuyarkən başa düşdüm. "Siz səhnədə oxumamağa qəti qərar vermisiniz. Bu qərar nəylə bağlıdır?" sualına Müslüm belə cavab verir: "Səsimi, gücümü itirdiyimi görməmək istəyiylə. İndi mən çox da sağlam deyiləm. Bunun səbəbi də odur ki, səhnədən aralanandan sonra, çox şey dəyişdi. Belə təəssüratım var ki, dünya da dəyişib. Bəlkə də bu bir az kədərli səslənir. Amma mənə elə gəlir ki, bu dünyada bir az yubanıb qalmışam". Bu sözləri oxuyanda əziz dostum, gözəl kinorejissorumuz Rasim Ocaqovu xatırladım. Son ildə, daha dəqiq desək, son aylarda o da, sanki ölümünün yaxınlaşdığını duyurdu və elə bil bununla barışmışdı. L.Tolstoy demişkən, həyatın dadını, ləzzətini qeyb etmişdi. Həmin müsahibədə Müslüm davam edir: "Yəqin ki, Allah deyir: indi döz. Gəzib dolandın, sevindin, qadınlarla oldun, şöhrət qazandın, bəsdir. Yəqin belə də olmalıdı. Hər hansı insan hər şeyə cavabdeh olmalıdır". Nəyə cavabdeh olmalıydı Müslüm? Ancaq özünün görünməmiş, sonsuz şöhrətinə. O, sanki şöhrətdən doymuşdu, usanmışdı. Yorulmuşdu bu şöhrətdən. Çoxları məşhur olmağa can atır. Məşhurlar isə bəzən unudulmağı arzulayırlar, istəyirlər ki, hamı onları yaddan çıxarsın. Heç bir müğənni Sovet İttifaqında da, onun sərhədlərindən uzaqlarda da Müslüm Maqomayev şöhrətinə sahib olmayıb. Milyonların kumiri olan Vladimir Vısotski belə. Vısotskinin adını çəkdim və istər-istəməz onların arasındakı analogiya haqqında düşünməli oldum. Yeri gəlmişkən, Vısotski mahnılarından birində dövrün rəmzi kimi Müslümün adını çəkir. Əlbəttə, vokal imkanları baxımından onları müqayisə etmək olmaz. Müslüm Maqomayev peşəkar müğənni, ən yüksək professionaldı, onun "La Skala" məktəbində cilalanan məxməri baritonu eyni uğurla həm opera, həm estrada repertuarında kamilliyə çatıb. Vısotskinin xırıltılı səsi, tək bir gitaranın müşayiətiylə danışıq tərzində ifası Müslüm sənətiylə müqayisə edilə bilməz. Necə ki, Rafael sənətiylə Pirosmaninin çəkdiyi şəkilləri müqayisə etmək olmaz. Bəs Maqomayev və Vısotski sənətinin ümumi cəhəti nədəydi? Məncə ondaydı ki, hər ikisi müxtəlif şəkildə, müxtəlif səviyyədə öz dövrlərini ifadə edə bilmişdilər. Vısotski sovet gerçəkliyinin ağrı-acılarını, eybəcərliklərini ifadə edirdi. O, bəzən xoş bir təbəssümlə, bəzən sərt istehzayla insanlara onların özləri haqqında, min problemli ömürləri haqqında danışırdı. Vısotski bitib-tükənməyən sovet növbələrinin, kommunal mənzillərin, ayıltma məntəqələrinin, istədiyin yerə uça bilməməyin, hər növ qadağaların ifadəçisi idi. Sovet həyat tərzindən, məişətindən oxuyaraq insanların qayğılarına şərik çıxırdı və bununla da onlara təsəlli, təskinlik verirdi. Müslüm də insanlara təsəlli, təskinlik verirdi, - onların qəlblərində ən işıqlı, ən munis duyğuları oyadaraq pərəstişkarlarının çoxunun heç bir vaxt çata bilməyəcəkləri ülvi bir aləmdən - məhəbbət, gözəllik, ecazkar melodiyalar aləmindən oxuyurdu. Müslümün ən yaxşı mahnılarından biri - bəlkə də bəstəkar kimi yaratdığı ən gözəl mahnısı - doğma vətəninə - Azərbaycana həsr olunub. Çox sonralar aşkar oldu ki, bu mahnı həm də vətənimizin böyük oğlu Heydər Əliyevə ithaf edilib. Heydər Əliyev yaradıcı ziyalıların parlaq, istedadlı nümayəndələrinə xüsusi rəğbət və diqqətlə yanaşırdı. Müslümə isə özəl, atalıq münasibəti vardı. Onu həm sevirdi, həm onunla qürur duyurdu, həm də onu himayə edirdi. Bilmirdim ki, son mahnısını Müslüm Sergey Yeseninin sözlərinə bəstələyib. Nəyə görə zəngin Yesenin irsindən məhz bu sözləri seçib? Bu seçimdə, məncə, bir öncəduyum var. O, sanki doğma şəhəriylə əbədi vidalaşdığını, onu əfsus ki, bir daha görməyəcəyini əvvəlcədən duymuşdu. Filarmoniyada, dəfn mərasimində Müslümün mahnıları səslənirdi və bizi ötən illərimizə aparırdı. Bunlar bizim gəncliyimizin nəğmələri idi. Onlar nəsildaşlarımızın hamısında keçib gedən ömrümüz üçün nostalji, qəribsəmə duyğuları oyadırdı. Son səslənən mahnılardan biri Yeseninin sözlərinə yazdığı bəstə idi. Bu uyğunluğa mat qalmışdım. Elə bil mahnı məhz bu matəm mərasimi üçün yazılmışdı. Müslüm oxuyurdu: "Əlvida Bakı, daha səni görməyəcəm". Müslümün dul qadını əlləriylə qulaqlarını tutdu, görünür, bu ağır anlarda onun dözüm həddiydi bu. Müslümsə acı bir etirafla oxuyurdu: "Əlvida Bakı, türk mavisi əlvida, Qanım soyuyur, gücüm zəifləyir". Müslüm doğma şəhərinə məhəbbətini izhar edərək oxuyurdu: "Xəzərin dalğalarını da, Balaxanı mayını da, Qəbr evimə qədər səadət kimi daşıyacam". Müslüm oxuyurdu: "Əlvida Bakı, daha səni görməyəcəm". Doğma şəhəriylə belə vidalaşırdı. Bizimlə belə vidalaşırdı. 2 noyabr, 2008 ANAR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar