SON XƏBƏRLƏR

Dil üzərinə söyləşi . Güntay Gəncalp

2021.10.20, 07:36
Dil üzərinə söyləşi . Güntay Gəncalp

Gunaz.tv
Dil üzərinə söyləşi Güntay Gəncalp - Son zamanlar dil haqqında geniş dartışmalar ortaya çıxmışdır. Bunun nədəni nədir? - Dil nədir? Bu soruya yanıt (cavab) vermək üçün bir çox filosoflar görüş bəlirtmişlər. Son zamanların fəlsəfəsi demək olar ki, dil üzərinə yapılmaqdadır. Bu fəlsəfi dəyərləndirmələrdə bizim və genəlliklə Doğunun yeri yoxdur. Doğu tarixi fəlsəfə və bilgi yatağı olmaqdan daha çox inanc yatağı olmuşdur. Doğu insanı inanmış və usunu (ağlını) da qaranlıq inancında dəfn etmişdir. Bu üzdən də Doğuda ussal (əqli) dərinliyi olan yozumlara, bilgilərə rast gəlmirik. Bizim durumumuz isə başqadır. Nədən başqadır? çünkü biz tarixdən silinmək üzrəyik. Tarixdən silinmənin yolu bir ulusun dilinin ortadan qalxması və zehinlərdən silinməsidir. Əşyanın özü (mahiyəti) gərəyi, yox olduğunda dirəniş göstərər, varlığını sürdürmək istər. Bu üzdən də bizdəki dil haqqında dartışmalar yox olmağa qarşı bir türlü dirəniş və irəliləyiş olaraq bilinməlidir. Dil nədir konusunda düşünməkdən daha artıq dildə yaradıcılıq gərəkir. Dilin qələmləşməsi, kitablaşması gərəkir. - Dilimizin tarixdən silinmə təhlükəsi ilk kəzmi ortaya çıxmış? - Deyil, ilk kəz deyil. Bir neçə dəfə dilimiz və kimliyimiz çöküş astanasına qədər gəlmiş. Ancaq bizim köçəri olmağımız bu çöküşü önləmişdir. Təsəvvür edin ki, böyük Misir uyqarlığının dilini müsəlmanlar məhv etdilər, kitablarını yazdılar. Bu gün Misir uyqarlığından yazal olaraq önəmli bir şey qalmamışdır. Eyni əməliyatı müsəlmanlar bizim də dilimizin üzərində gerçəkləşdirdilər. Yəni müsəlman ərəblər əllərində gül çiçək gəlib bizi islama dəvət etmədilər. Bir əllərində Quran, digərində qılıc var idi, qəbul etməyənin başı gedirdi. Daha sonra ərəb olmayan digər müsəlmanlar da eyni şəkildə davranmışlar. Bu zorakılıqların, basqıların hamısı dilimizin yazqısını (talehini) kötü etkiləmişdir. Bu sürəc içində öz dilimizə aid olan bir sürü dəyərli sözləri mövcud islamçı rejimlərin basqısı üzündən uzaqlaşdırıb və ərəb sözlərini kullanmağa başlamışıq. örnəyin ümmətçi irticası Osmanlı “yüngül”, “siçan” kimi onlarca, yüzlərcə sözləri yasaqlayıb yerinə “xəfif”, “farə” kimi ərəb sözlərini kullanmışlar. Türkcənin çökməsi üçün hər türlü addımlar atılmışdır. - İslam dininin dilimizə saldırısını somut olaraq necə incələmək olar? - Islamdan öncə Türk dilində önəmli siyasi, dini əsərlərə rastlanmaqdayıq. Məsələn Orhun-Yenisey abidələrində buna rastlanmaqdayıq. İslamdan sonra bir tək yenisey abidəsi kimi örnəyə rast gəlmirik. çünkü ümmətçilik adı altında dilimiz ərəbləşirdi. Ən önəmli əsərlərdən birisi “Altun yaruk” kitabıdır. Bu kitabı Buddist Uyqurlar çin dilindən Türkcəyə tərcümə etmişlər. “Altun Yaruk” bu gün də dilimizin söz dağarcığı baxımından eşsiz bir yapıtdır (əsərdir). Oradakı sözləri alıb və yaradıcılığımızda kullanmalı, unudulmuş sözləri gündəmə gətirməliyik. Bu unudulmuş sözləri zehnimizə gətirdikcə, unudulmuş əski anılarımız da bilincaltımızdan baş qaldıracaq. Yaradıcılıq olanaqlarımız artacaqdır. İslamdan sonra “Altun yaruk” kimi bir yapıta rast gəlmirik. Daha öncə söylədiyim kimi, islamın türklər içində yayılması ilə dilimizə qarşı böyük saldırılar gerçəkləşmişdir. Bu saldırılara təpki olaraq bir çox yapıtlar yazılmışdır. Onlardan “Kitabi Dədə Qorqud”, “Qutatqu bilik”, “Divani Luğati türk”, “Mühakimət ül luğəteyn”, “Mərzbannamə” və digərlərini göstərmək olar. Ancaq bir çox kitablar da dinçilərin basqısı və qeyri-dini düşüncələrdən intiqam almaları üzündən tarixdən silinmiş, bəzilərinin də tarixdə qalışı ya təsadüfün nəticəsi olmuş, ya da Batı dünyasının bilgiyə olan sayqısı bizim əsərlərimizi tarixdə saxlamışdır. Batılıların yazıya sayqıları olmasaydı “Dədə Qorqud” tarixdə qalmayacaqdı. Batıya çatmayan yazılarımız yox edilmişlər. Əlimizdə olan Kaşqarlinin kitabı təsadüfən qalmışdır. Bilim adamlarına görə kaşqarlinin bir neçə əsəri yox olmuşdur. Və ya Eldəgizlər zamanında yazılmış olan “Mərzbannamə” ərəb dilinə çevrildikdən sonra türkcəsi yox edilmişdir. İslam tarixində fərqli uyqarlıqları yox etmə bir gələnək olmuşdur. Misir uyqarlığının kitablarını yox etdilər, Hind uyqarlığının kitablarını yaxdılar, Türkcənin bir çox dilsəl qaynaqlarını yox etdilər. Dilimizdəki bu əsərlərin yox edilişi türkcəni məhv etmə əməliyatının bir parçalarıdır. Dilimizə qarşı açılan bu savaş nəticəsində Türk dili öz yapısı üzərində gəlişmə olanaqlarını itirməyə başlamışdır. Bəzi türk boyları Güney Azərbaycanda olduğu kimi öz dillərində artıq yaza bilmirlər. Sadəcə 4-5 yüz sözlə gündəlik ehtiyacları gedərmək üçün danışırlar. - Tarixdə dilimizə qarşı saldırının başqa örnəyi də varmı? - Var. Səfəvilik türk dilini yox etmə projəsi olmuşdur. Ən böyük təhlükəələr Səfəvilər dönəmində orya çıxdı. Bu dəfə ərəb etkəni (amili) deyil, fars etkəni ortaya çıxdı. Dilimiz yavaş yavaş farscanın kopisi olmağa başladı. Nədən? çünkü dil üzərinə ideolojik sınır qoyuldu. Azərbaycanda və İranın digər yerlərində yaşayan türklərin zehni açıdan farslaşması başladı. Dilimiz üzərinə Səfəviliyin qoyduğu bu ideoloji sınır, yüzlərcə sözləri dilimizdən dışladı və dilimizi fars dilinin yapısına yaxınlaşdırdı. - Səfəvilik tərəfindən dilimizdən çıxarılmış sözlərdən örnəklər söyləyə bilirsinizmi? - Cahan Şah Həqiqinin, Füzulinin, Nəsiminin, Yunis Emrənin və digərlərinin yaradıcılığına baxarsaq dilimizdən Səfəviliyin basqısı nəticəsində çıxan sözləri görə bilərik. İlk öncə dilimizin bir çox alanlarda cümlə quruluşu və söz birləşmələri dəyişdi. örnəyin Səfəvilərdən öncə və sonra “şah” sözü isimdən sonra gəlirdi, ancaq Səfəvilər zamanında “şah” sözü isimdən öncə gəlmişdir. Səfəvilərdən öncə “Cahan Şah” və Səfəvilərdən sonra isə “Nadir Şah” söz birləşmələrinə rastlanırıq. Ancaq Səfəvilər dönəmində “Şah İsmayıl”, “Şah Abbas” kimi söz birləşmələrinə rastlanırıq. Bunların fərqi nədir? “Şah İsmayıl” fars dilinin cümlə quruluşu və “Nadir Şah” türk dilinin cümlə quruluşudur. Göytürk abidələrində biz “Xaqan Bilgə” olaraq oxumuruq, “Bilgə Xaqan” oxuyuruq. çünkü Göytürk yazıtları ərəbləşməmiş, farslaşmamış türk zehniyətini göstərir. Səfəviliyin astanasında yazan yazarların yazılarında 3 tür işarə zəmirinə rastlanırıq: “Bu”, “şu”, “o”. Ancaq Səfəvilikdən sonra “bu” ilə “o”nun arasını göstərən “şu” zəmiri dilimizdən silinmişdir. Nədən? çünkü fars dilində yalnız iki işarə zəmiri var o üzdən. Qavramlar həm zehnin uzayında (fəzasında), həm də gerçək varlığın uzayında bir şəkildə yer qaplarlar. “Şu” zəmirinin dilimizdən düşməsi zehnimizdə boşluq yaratmışdır. Bir çox dillərdə, o cümlədən fin dilində də üç işarə zəmiri vardır. Nəsimi yazır: “Əsli dəndir dünyanın, zatında yoxdur bir əlif Tərkibində gəl bax oonun şol “y” u “nun” “dalına” İndi biz burada “şu” zəmirindən qaynaqlanan “şol” söznü necə anlayalım? Nəsimi çox uzaq zamanın şairi deyil. Nədən elə isə bu zəmir dilimizdən çıxmışdır? çünkü mərsiyə ədəbiyatı içində dilimiz farslaşma sürəcini yaşamışdır. Başqa bir önəmli örnək daha verəcəyəm. Bir çox psikoloji kitablarda insan varlığını birldirən üç qavram var. Ərəb dilində buna “nəfsi əmmarə”, “nəfsi Ləvvamə”, “nəfsi mütməinnə” deyirlər. Bizim dilimizdə də insanın maddı, maddi-mənəvi, sırf mənəvi varlığını bildirən üç söz var: 1. Kəndi. 2. öz. 3. Tin (ruh). Səfəvilik dilimizə fars zehniyətini gətirdiyi üçün “kəndi” qavramı dilimizdən silinmişdir. Yaxşı o zaman Füzulinin “Olsa məhbublərin eşqi cəhənnəm səbəbi— Hur o qilmanı qalır kəndisinə rizvanın” kimi şeirlərini necə anlayacağıq? “Kəndilik” dilimizdə “bədənsəllik” və “gövdəsəllik”, “öz—cövhər” və “tin—ruh” anlamındadır. Nədən dilimizdən “kəndi” qavramı silinmişdir? Ona görə ki, fars dilində insanın maddı, mənəvi varlığını bildirən iki söz var: “Xod” və “ruh”. Yəni zehni açıdan, dünyagörüşü baxımından Səfəvilik dilimizi farslaşdırmışdır. Ona görə də fars kimi düşünürük. “öz” “cövhər” anlamında olduğu üçün onu yalnız bireysəl (fərdi) varlığımızda daşımırıq. Digər insanlara da uzanır onun uzantısı. Ancaq “kəndilik” sırf bireysəldir. “Tin” isə həm də metafiziksəldir. - O zaman bu günkü şovinist politikanın dilimiz üzərindəki əməliyatlarını necə anlamaq olar? - Əski zamanlarda bir dili yox etmənin sürəti indiki zamanda olduğu qədər deyildi. Modern teknoloji bir dili və kimliyi yox etmə olanaqlarını genişlətmişdir. Zehnin işləyiş mekanizmi sözcüklərlə sağlanır. Doğrudu zehnin kəndini alqılama işləvi hələ bilim dünyası üçün giz (sirr) olaraq qalır. Ancaq bilinən bir şey var ki, zehn qavramlarla kəndisini və alqılama sürəcini gerçəkləşdirmiş olur. Düşünüş qavramlarla gerçəkləşir. Bu gün bizim zehnimizdə düşünüş sürəcini sağlayan qavramların tamamı farscadır və düşünüş fars dilinin yapısı üzərində gerçəkləşir. Bizim zehnimiz fars dili tərəfindən işğal edilmişdir. Zehnimizin uzayında hər gün bir neçə söz öldürülür və yerinə farsca sözlər yerləşir. Daha doğrusu dilimiz farslar tərəfindən qətl edilir. Sözcüklərimiz, düşüncələrimiz, cümlə quruluşlarımız qətl edilir. İran dilimizin qətlgahına dönüşmüşdür. Yurdumuzun dilimizin qətlgahına dönüşdüyü bir ortamda şərəfli insanlarımız dilimizi qurtarma savaşı başlatmışlar. Türk dili bizim şərəfəmiz, namusumuz, anamız, analarımızın döşlərindən əmdiyimiz halallıq südüdür. Bu üzdən də son zamanların yüksəlişini, ancaq dil yolunda ölüm-dirim savaşı olaraq anlamaq lazımdır. Bu savaşın siyasi, iqtisadi və digər yönləri də var, ancaq əsas qaynaq dilimizdir. çünkü ulusal kimliyimizin lokomotivini, onurqasını oluşduran dildir. - Ana dili necə bir sistemdir? - Ana dili öyrənilən bir sistem deyildir, yaşanılan bir sistemdir. Bu nə deməkdir? Məslən biz bir yabancı dili öyrənərkən, öncə onun qramatikasını, zamanlarını öyrənirik, sonra da gün keçdikcə sözlərini daha artıq öyrənirik. Ancaq biz ana dilimizi necə öyrəndiyimizi bilmirik. Məsələn ana dilimizi öyrənərkən öncə zamanları və onun qramatikasını filan öyrənmirik, biz ana dilini öyrənmirik, yaşayırıq. Ana dili bu açıdan yaşanılan bir sistemdir. Heç bir zaman biz anamızdan və çevrəmizdən dili öyrəndiyimiz zaman kimsə bizə demir ki, bu söz keçmiş, indiki və ya gələcək zamanı bildirir. çünkü yaşantının içində bunlar kəndiliyindən bilinmiş olur. Ancaq yabancı dili bu kuralla özümsəmirik. Yaxşı yadıma düşdü bu “özümsəmək” məsdəri. Biz ana dilimizi özümsəyirik, yabancı dili öyrənirik. özümsəmədə öyrənimdə var, ancaq mekanizmi başqadır. - Bugünkü Güney Azərbaycanda dil haqqındakı düşüncələri və axtarışları necə dəyərləndirirsiniz? - Biz daha öncələr Quzey Azərbaycandan etkilənirdik. Ancaq Quzey Azərbaycan özü də əsarətdə olduğu üçün, yenicə qurtulmaq istədiyi üçün Güney Azərbaycana verə biləcək geniş qapsamlı bilgi birikimi yox idi. İndi də yoxdur. Əslində Quzey Azərbaycanda da dilimiz hələ qurtulmayıb. Heç bir dili qoruma qanunu yoxdur. Bilimsəl kitabların çevirisi olmamış və yoxdur. Oradakı iqtisadi gərginlik, sovetizmin doğurduğu fəlakət öz təsirini hələ də sürdürməkdədir. Bu üzdən də Quzeydən təsirlənmə doyum nöqtəsinə çatdı və istər-istəməz Türkiyəyə üz tutduq. Bu da doğaldır. çünkü dilimiz öz qurtuluşu yolunda Türk Dünyasında olan olanaqlardan yararlanmaq zorundadır. Quzey Azərbaycanda dil üzərinə çox az işlər görülmüşdür. Bu da doğaldır, çünkü rusların boyunduruğu altında olmuşlar. Ancaq hər halda onlar bizimlə müqayisədə çox irəlidədirlər. Quzeydə dil üzərinə həm də anlamsız bir mühafizkarlıq ortaya çıxmışdır. Türkiyədəki dilsəl gəlişmələrə qisqanclıqla baxır və bəzən Türkiyə nəşri olan bir tək kitab oxumayan birisi görürsən ki, qalxıb deyir: “Anadoluda dilimizi məhv etmiş, dilimizə ziyan vurmuşlar!” Bunlar cəhalətin bağırtılarından başqa bir şey deyildir. örnək söyləyirəm. Əgər bizim dədələrimiz “süpürmək”, “bilmək”, “götürmək” fellərinin əmr şəklinə “gə” eki artıraraq “süpürgə”, “bilgə”, “götürgə” kimi ismlər düzəltmişlərsə, nədən eyni eki “önərmək”, “göstərmək” kimi məsdərlərin əmr şəklinə artırıb və “önərgə”, “göstərgə” kimi ismlər düzəltməyəlim. Quzey Azərbaycanda yayqın olan “Anadoluda dilimizi pozmuşlar” kimi cahilanə bir söyləm bilgiszliyin nəticəsidir əslində. Ancaq zaman bu bilgisizliyi ortadan qaldıracaq və oradakı qardaşlarımızda bu kimi yanlış və bilim dışı olan söyləntilərə yol verməyəcəklər. Diqqət etsəniz Bakıda gənc nəslin dili daha moderndir. Yaşlı və düşüncə ürətə bilməyən nəslin dili ilə demək olar çox fərqlənməkdədir. Bu da zamanımızın zərurətidir. Nədir bu zərurət? Bu zərurət o deməkdir ki, Türk zehni, türk kimliyi böyük mədəniyətlər yarışmasında ya tarixdən silinəcəkdir, ya da türk ləhcələri bir birinə dayanaraq güclü çıxacaqdır. Bizim Türkiyədən öyrənəcəyimiz çox şeylər var. Modern Türkcə olaraq tanımladığım türkiyə türkcəsində dünyanın bir çox fəlsəfi, bilimsəl yapıtları var. Bunlar bizim üçün bir fürsətdir, bir şansdır. Bu vəsilə ilə fars şovinizmini çökərdə bilərik. Türk Dil Qurumu çox böyük işlər görmüşdür. özəlliklə bu baxımdan yaqop Dilaçarın türk dilinə etdiyi xidmətləri unutmamaq lazımdır. Gerçəkdən də Türkcəni Osmanlı cəhalətindən qurtaranlardan biri Yakop Dilaçar olmuşdur. Bəzi dinçi, Osmanlıcı gerici zehniyətlər Türk Dil Qurumunun uğurları ilə alay edirlər. Bunlar cahildirlər. Bunlar dinçi və Osmanlıcıdırlar, gercidirlər. Türk Dil Qurumunda çalışan insanların çoxu Qərb ölkələrində oxumuş və oxuduqları ölkələrdə dilin gəlişməsi ilə bağlı nələr yapıldığını türkiyədə uyqulamışlar. örnəyin on il Türk Dil Qurumunun başqanlğını yapmış filosof Məcid Gökbərk Almaniayada eyitim almışdır. - Güney Azərbaycanda, özəlliklə gənclərin Türkiyə Türkcəsinə yönəlmələrinin səbəbi nədir? - İranda fars dilinin arxasında böyük bir dövlət durur. Böyük bir budcə durur. Ordunun, idarələrin, universitələrin dili farscadır. Məslən dilin kullanması gərəkən sahələrdən biri ordudur. Nə yazıq ki, Quzey Azərbaycanda ordunun dili və eyitimi ruscadır. Son zamanlar Türk Ordusunun eyitdiyi gənclərdə dil türkcə olaraq kullanılır. Yəni İranda farscanın arxasında böyük bir dövlət durduğu kimi türkiyədə də dilin arxasında Orta Doğunun çox böyük və modern bir dövləti durmaqdadır. Bütün bakanlıqların, ordunun, eyitim mərkəzlərinin dili türkcədir. Türkcənin burada denəyim qazanma imkanı çoxdur. Bu üzdən də istər istəməz Türkiyə türkcəsinin söz dağarcığına ehtiyac ortaya çıxır. Dil də insan kimi canlı bir varlıqdır. İnsan güc olan yerlərə meyllənər. Dil də o şəkildə. Tacikistanda və Əfqanistanda da milliyətçilər arasında İran farscasına meyl var. Türkiyə türkcəsindən etkilənmək bizim zərərimizə deyil, xeyirimizədir. Biz türkiyə Türkcəsinin olanaqlarından yararlanıb öz türkcəmizin ahəngi ilə yazacağıq, danışacağıq. Güney Azərbaycanda dilimizin modern Türkiyə türkcəsinə istəkli oluşunun əsas nədəni, o tarixi mərsiyə mühitindən və mərsiyə kültüründən qurtulmaq durmaqdadır. Cümhuriyət dönəmində şəkillənən Türkiyə türkcəsində pozitiv bilgilər istər yaradıcılıq, istər çeviri yolu ilə öz əksini tapmışdır. Bu sürəcin adına “Ortaq türkcə”nin şəkillənmə sürəci deyəlim. Bu sürəci Güney Azərbaycan gəncləri sürətləndirəcəkdir. Dərinləşən, genişləyən və ən önəmlisi türkləşən düşüncəmiz üçün bu sürəc gərəklidir. Bunun bir adı da qurtuluş sürəcidir. Biz sadəcə Türkiyə Türkcəsindən deyil, Türkistan türkcələrindən də faydalanmalı, köklərimizə enməli və “Altun yaruk”, Divani Luğati Türk”, “Qutatqu Bilik”, “Dədə Qorqud” kimi kitablarımızın söz tərkiblərini açıqlamalarla bir yerdə öz yazılarımızda kullanmalı və onları gündəmə gətirməliyik. Bunun adına dilimizin və kimliyimizin yüksəlişi deyəlim. Zehn (bəllək) gözləmlərin anbarıdır. Zehni korlaşdırma, zehni özgünlükdən bütünü ilə boşaltma deməkdir. Türk dilində qavrayıcılıq olanaqlarını söküb atmaq deməkdir. Zehni birikimlərimizi artırmanın yolu dilimizi bütün olaraq anlamaqdan keçər. - Bu söylədiklərinizin modern insan anlayışı ilə ilişkisi varmı? - Vardır əlbəttə. Modern insan, mitoloji və dini dünyagörüşündən bütünü ilə uzaq olan və onun etkisi altında olmayan bir kimsədir. Bu insanın dili də modern olmalı və orada “cənnət”, “cəhənnəm”, “huri”, “qılman” kimi qavramlara yer olmamalıdır. Modern insan kəsinliklə hər uğurun arxasında insan əməyinin durduğuna inanar, tanrıların bu uğurların var oluşunda yardımını heç ağlına gətirməz. Din və digər xürafatlar çarəsizliyin doğurduğu bir savunma sistemidir. Modern zehniyət yeni soru- yanıt (cavab) dialektiyinin oluşumuna enerjisini adar (həsr edər). Modern toplum da o biçimdə. Modernləşmə, əslində toplumsal ağıllaşma sürəcidir. - Modernləşmə sürəcində dilin yeri haradır? - çağdaşlaşma istər davranış planında olsun, istər bilgi və ərək (hədəf) planında dildə baş verər, dillə gerçəkləşər. Burada bütün fəlsəfəsini dil üzərinə qurmuş olan Witgenistein´in görüşlərindən yararlanmaq yerinə düşər. Witgenistein “Fəlsəfənin görəvi “dili tənqid” və düşüncəni aydınlığa qovuşdurmaqdır. Varlıq bəsit gerçəklərdən mürəkkəbdir və dilin görəvi bu bəsit gerçəkləri rəsm etməkdir.”- deyir. Anlaşıldığı kimi dilin dışında heç bir bilgi və fəlsəfə mümkün deyildir. çünkü bilmək üçün nəsnələrlə ilişkisi bulunan qavramlar gərəkir. Bilgi nədir? Bilgi öznə ilə (bilənlə) bilinən (nəsnə) arasında dialektik ilətişim və ilişkilər bütünüdür. Bilgi qavramlar üzərində düşünməkdir, çünkü biz dünyanı, varlığı, ancaq qavramlarla tanıyır, tanımlayırıq. Modernizmin gətiriləri dili önəmsəmiş, dili yüksəltmişdir. - Belə bir görüş ortalıqda dolaşır ki, uluslar arası dil ingilis dilidir. İngilis dilində bolluca bilgi birikdiyi üçün bilim dili də dünyada ingiliscə olmalıdır. Bu, nə qədər doğrudur? - Bu önərmənin heç bir doğruluğu yoxdur, ola da bilməz. Nədən? çünkü, ingilis dili dünyada bu qədər yayqın biçimdə ilətişim dili olmadan bir çox bilim adamları öz buluntularını alman, fransız, fin, rus və digər dillərdə gerçəkləşdirmişdilər. Bu o deməkdir ki, “ingiliscə bilim dilidir” önərməsi yanlışdır. Bir önərməni bilimsəl olaraq qəbul və ya rədd etmənin iki yolu var: 1. yanlışlama. 2. Doğrulama. örnəyin Karl Poper yanlışlama yöntəmini gəlişdirmişdir. Söylədiyim örnəklər “ingilis dili bilim dilidir” önərməsini yanlışlamaqdadır. Ayrıca, bilimin uluslar arası yönü olan yanı onun yöntəmləri və metodlarıdır. Bilimin ərəkləri isə ulusaldır. Hansı konuda araşdırma yapılacağı, nə üzərində çalışılacağını ingilis dili müəyyən etməz. Söylədiyim kimi bir çox bilim adamı ingilis dilini bilməmişdir. Bu o deməkdir ki, biz dilimizin gələcəyi ilə bağlı umutsuz olmamalıyıq. Bizim dilimiz sadəcə şeirin, yazının dili olmamalıdır, Türk dilinin bilim dili olma olanaqları çox yüksəkdir. - Bilirsiniz ki, bizdə qramatik bilgi yoxdur. Bu sorunu necə çözə bilərik? - öncə bunu söyləməm gərəkir ki, məntiq düşüncə üçün nə isə, qramatika da dil üçün odur. Məntiqsiz düşüncə olmadığı kimi qramatik bilgidən yoxsun olan dil də ola bilməz. Qramatikanı bilməməmiz böyük çətinliklər yaradır. Fars dilinin qramatikasını bildiyimiz üçün ən güclü əsərləri bu dildə yaza bilirik. Türk dilində yazan azdır. Yazanlar da şeir yazırlar. Bu qədər də şair olmamalıdır. Bu qədər şair varsa, demək şair yoxdur. Sənət kütləviləşməməlidir. Sənət adamı hər çağda 3-4 adam olsa yetər. Dilimizin nəsrə girməsinə özənməliyik, nəsr yolu ilə dilimizin mətnləşməsi uğrunda çalışmalıyıq. Mətn nədir? Mətn zehnin öz enerjisini mərkəzləşdirərk dilsəlləşməsidir. Ana dilimizdə bilimsəl bilgilərimiz, təcrübələrimiz yoxdur. örnəyin heç bir riyazi birikimimiz ana dilində deyildir. Qalile “Riyaziyat tanrının evrəni (kainatı) yazdığı dildir”- deyir. Ancaq bizim bu konularda heç bir bilgi təcrübəmiz yoxdur. - Oxumaq və dil arasında bir ilişki varmı? - Oxumaq zehnimizi aydınlığa qovuşdurmanın biricik yoludur. Aydınlığa qovuşan zehin özünü anlatma qavramlarını istər-istəməz bulacaqdır. Şərq insanı az kitab oxuyar. Diktator rejimlər buna izn verməzlər. Bu üzdən də kitab oxuma alışqanlığı Şərqdə zəifdir. Ən çox dini və xürafi kitabları oxutdururlar. Türkiyə Cümhuriyətinin aydınlarından biri olan və “Eleştiri fəlsəfəsi” üzərinə önəmli bilgilər gəlişdirən Adnan Benk, Dekartın “Düşünürəm öylə isə varım” önərməsini “oxuyuram, öylə isə varaım” şəklində yozmuşur. - özgürlük anlayışının dillə bir ilişkisi varmı? - özgürlük alanını daraltma və genişlətmə dillə mümkündür. Dilimizdə var olan atalar sözünün və klasik ədəbiyatın çoxu insan haqlarına, təməl haq və özgürlüklərə qarşıdır. Feodal dönəmdən, feodal və dini düşüncədən qalan miraslardır. Dilimizə yeni qavramlar gəldikcə, ya da dilimizdə olan qavramlar modernləşdikcə artıq istibdada, dini xürafata zehinlərdə yer qalmayacaqdır. - Dilimiz və kimliyimiz üzərinə batı kültür imperializminin basqısı var deyirlər. Buna necə baxırsınız? - Bizim dilimizi və kimliyimizi Batı kültür imperializmi heç bir zaman təhdid etməmişdir. Bizim dilimizi və kimliyimizi din mərkəzli ərəb-fars kültür imperializmi təhdid etmişdir, etməkdədir. Batı olmasaydı Doğu bitin-birənin içində qalcaqdı. Baxın Doğuya. Elektiriyindən tutmuş bütün modern geyimi, sağlıqla ilgili hər nə varsa Batıdan gəlmişdir. Bu gün dilimizə sahib çıxma kültürünü də batı dəyərləri bizə anladır. Doğu dəyərlərində nə insana sayqı var, nə də dillərə. Tanrıya sayqı var. Zülmün, qaranlığın tanrısına, bir olan qaranlıq tanrısına sayqı var. - Son olaraq yenə də gündəmdəki dartışmalarla ilgili bir soru. Quzey Azərbaycan və Türk Dil Qurumu bizim ehtiyaclarımızı necə gedərə bilərlər? - Quzey Azərbaycanla bizim aramızda elə dərin bir ayrılıq yoxdur. Yəni orda da dil gəlişməyibdir, bizdə də. Quzey Azərbaycanın bütün son 100 ildəki nailiyətlərini öyrənmək üçün bir çalışqan gənc adama yalnız bir il zaman lazımdır. Türkiyə başqadır. Türkiyədə bütün dünya bilgiləri və fəlsəfəsi var. Quzey Azərbaycanın da qurtuluşu Türkiyədən asılıdır. Oradakı yeni sözləri Quzey Azərbaycanın qəbul etməsindən başqa bir alternativi yoxdur. Qəbul da edirlər. Sadəcə 4-5 yüz latınca söz əzbərləmiş və özünü dilçi sayan yaşlı üzdən iraq dilçilər dirənirlər ki, zaman da onların dirənişini qıracaq. Bir neçə örnəklə fikrimi bitirirəm. Sizcə bu qavramların hansı bizim dilimizin yasalarına uyğundur və hansı türkçənin iç ahəngini pozur? “İçgüdü-instinkt”, “içgüdüsəl-instinktiv”, “somut-konkret”, “uzay-kosmos”, “Bilgisayar-komputer”, “evrim-təkamül”, “sözlük- izahlı lüğət”. Bu kimi sözlərin sayını artırmaq olar. Ancaq Türkiyədə də böyük əksikliklər var. Dinçilər dilimizi ərəbləşdirmək və soysuzlar isə batı dillərindən çox söz alırlar. Ən azından Avrasiyada Türk dili öz yapısı üzərində gəlişməlidir. Bunun üçün də Azərbaycan və Türkiyə ləhcələri sürətli olaraq iç-içə girməlidir. Bizim qurtuluş yolumuz budur. Başqa yolumuz yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar