SON XƏBƏRLƏR

Bayraq sevgisi . A. ƏLİYEV

2021.10.20, 07:36
Bayraq sevgisi . A. ƏLİYEV

Gunaz.tv
Bayraq sevgisi A. ƏLİYEV Hər bir dövlət və millət üçün onun qürur mənbəyi ilk növbədə BAYRAĞIDIR. Bayrağı dünyada ilk dəfə qaldıran ulus məhz biz türklər olmuşuq. Bu gün bayraq adlandırdığımız dövlətimizin müqəddəs simvolunu dədələrimiz ilk öncə TUĞ adlandırıb. Sonra isə savaşlarda yenilən monarxların sarayına sancıldıqca TUĞ SANCAQ oldu. Bu gün də dilimizdə həm TUĞ, həm SANCAQ, həm də BAYRAQ sözü işlənir. Bayraq bütün ölkələrdə dövlət başçısından tutmuş sıradan vətəndaşa qədər hər kəsdən öndə və ucada duran qudsal varlıqdır. BAYRAQ azərbaycanlılar üçün YURD, ULUS, DÖVLƏT və DİL qədər müqəddəsdir. Prezidentimiz Konstitusiyamıza və Qurana əl basaraq and içdikdən və diz çöküb BAYRAĞI öpdükdən sonra vəzifəsinin icrasına başlayır. 20-ci əsrin əvvəllərində Əli bəy Hüseynzadənin "Türkləşmək, Çağdaşlaşmaq, İslamlaşmaq" çağrısı sonradan bayrağımızın əsasını təşkil etdi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 9 noyabr 1918-ci il tarixli qərarı ilə qəbul edilmiş DÖVLƏT BAYRAĞINDAKI mavi rəng türk (Azərbaycan) xalqına, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng isə İslam sivilizasiyasına məxsusluğun rəmzi mənalarını daşıyır. Səkkizguşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Aypara isə türklərdə ləyaqət, islamda mərhəmət, çağdaşlıqda isə millətin dövlətə sədaqət rəmzidir. 28 aprel işğalından sonra bayrağımız dövlət qurumlarının üzərindən ürəklərə köçdü. Rus-sovet işğalı dövründə qürbət həyatı yaşayan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan gəncliyinə müraciət edərək deyirdi: "Ey gənclik, sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir BAYRAQ, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi: BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ! Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərilərin yanıq ürəklərinə enmiş bu BAYRAĞI təkrar o bina üzərinə dikəcək, bu yolda ya ŞƏHİD ya QAZİ olacaqsan..." Azərbaycan xalqı ürəyində yaşatdığı üçrəngli bayrağı zaman-zaman dalğalandırdı və bütün dünyaya göstərdi ki, Lenin və Stalinin qətliamları özgürlük hissini onun ürəyindən silə bilməyib. Belə qalxınmalardan biri 1956-cı ildə bir qrup gənc ziyalımızın üçrəngli bayrağımızı Qız Qalasının üzərində dalğalandırması ilə nəticələndi. Bu gəncləri zindan həyatı, millətimizi isə qalxınmanın yeni dalğası gözləyirdi. 1988-ci ildə əbədi düşmənimiz olan hayların (ermənilərin) SSRİ rəhbərliyinin bilavasitə xeyir-duası ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün təcavüzə başlaması növbəti ulusal qalxınmaya nədən oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı 1988-ci il noyabrın 17-də Azadlıq meydanında qaldırılsa da, rəsmi olaraq ilk dəfə Naxçıvan MR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldıldı. Bu qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Muxtar Respublikanın rəsmi bayrağı kimi qəbul olundu. Bu, üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunmasında önəmli rol oynadı. Nəticədə, 1991-ci il fevralın 5-də Ali Sovet "Dövlət bayrağı haqqında" Qanun qəbul etdi və üçrəngli bayrağa Azərbaycan Respublikasının DÖVLƏT BAYRAĞI statusunu verdi. "Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunun 1.3-cü maddəsində deyilir ki, dövlət "əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə tədbirlər görür". Bu qanunun tələbinə uyğun olaraq, Azərbaycanımızın müxtəlif güşələrində bayrağımız ucaldılır. Bayraqların ətrafında aparılan abadlıq və yenidənqurma işləri, tikilən fəvvarələr onlara xüsusi görkəm verir. Bakı-Gəncə yolu boyu hər 10 kilometrdən bir bayrağımız əks olunmuş lövhələr vurulub. Məncə, elə tədbirlər və strateji xarakterli fəaliyyətlər var ki, onları hər şeydən yuxarıda tutmaq lazımdır. Dövlət bayrağının mahiyyətini və əhəmiyyətini geniş təbliğ etmək və gənc nəsli ona hörmət ruhunda tərbiyə etmək məqsədilə görülən işlər məhz belə tədbirlərdəndir. Bu tədbirlərdən biri də 2007-ci il noyabrın 17-də prezident İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" sərəncamı oldu. Bu sərəncam sinəsində Yurd, Ulus, Dövlət, Dil və Bayraq sevgisi olan hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verirdi. Sərəncamda dövlət bayrağının Azərbaycan Respublikasının müstəqilliyini təcəssüm etdirən rəsmi dövlət rəmzi olması vurğulanır və hər bir vətəndaşdan üçrəngli bayrağımıza ehtiram göstərməsi müqəddəs borc kimi tələb olunur. Daha sonra sərəncamda deyilir: "Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən dövlət bayrağına and içir. Dövlət bayrağının Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində dalğalanması, ən mötəbər məclislərdə və mərasimlərdə, rəsmi tədbirlərdə və yarışlarda qaldırılması hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur". Prezidentimizin şərəfinə onun səfər etdiyi dövlətlərdə, BMT, AŞ və digər mötəbər beynəlxalq təşkilatların mənzil-qərargahlarının qarşısında, idmançılarımızın beynəlxalq yarışlarda qələbəsi nəticəsində də bayrağımızın qaldırılması bizlərə onurlu anlar yaşadır. Bəs Dövlət bayrağı meydanının yaradılması hansı zərurətdən doğub? Bu sualın cavabı da sərəncamda verilib. Orada iki zərurət göstərilib. Birincisi, Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biridir. İkincisi, Dövlət bayrağının təbliğinin daim diqqət mərkəzində saxlanılması. Bayraq meydanının yaradılması bizə nə verəcək? Təəssüflər olsun ki, bu gün belə suallar da eşidirsən. Bayraq meydanının yaradılmasında ulus olaraq qazanclarımızı sadalayaq: 1. İlk öncə Dövlət bayrağı meydanı Şəhidlər Xiyabanı kimi Vətən, Millət, Dövlət və Dil sevgisi ilə yaşayan vətəndaşların qürur və and yeri olacaq. Həyatında önəmli addım atan hər bir kəs Şəhidlər Xiyabanında Şəhidlərin ruhuna, Dövlət bayrağı meydanında isə qudsal bayrağımıza and içəcək. 2. 20 min kvadratmetr ərazisi olacaq meydan hərbi məktəb müdavimlərinin Vətənə və Dövlətə sədaqət andı içəcəkləri yer kimi, habelə müxtəlif dövlət tədbirləri və xalq bayramları keçirilməsi üçün də istifadə oluna bilər. 3. Ölçüsü 35x70 (2450 kvadratmetr) olacaq və 162 metr hündürlüyündə dalğalanacaq bayrağımız daim hər kəsin diqqətini çəkəcək. Bu ilk növbədə həm vətəndaşlarımıza, həm də şəhərimizin qonaqlarına onun uğrunda şəhid olanları xatırladacaq. İkincisi, hər kəsi daşıdığı mənanı öyrənməyə məcbur edəcək və hər kəsə Azərbaycan Respublikasının türkdilli dövlət olduğunu, çağdaş dövlət quruluşuna malik olduğunu və əhalisinin mütləq əksəriyyətinin Tanrının təkliyini qəbul etdiyini bir daha xatırladacaq. 4. Dövlət bayrağı meydanı Qız Qalası kimi Bakının rəmzinə çevriləcək. Yəni xüsusi olaraq bayraq meydanını görmək üçün ölkəmizə turistlər gələcək. Bu da həm Azərbaycanın dünyada təbliğatı, həm də büdcəsinin zənginləşməsi deməkdir. 5. Nəhayət, Ermənistan demokratik, güclü və qalib Azərbaycanın qabağında diz çökəndə bu meydanda Ali Baş Komandan qələbə paradını qəbul edə bilər. Gələcək nəslə bayrağımızın, tariximizin, tarix boyu yaratdığımız dövlətlərin və ucaltdığımız bayraqların mahiyyətini və əhəmiyyətini geniş təbliğ etmək, habelə dövlət yaratmaqla tarix yazan Azərbaycanın görkəmli övladlarını tanıtmaq məqsədi ilə bir vətəndaş olaraq Dövlət bayrağı meydanının ətrafının abadlaşma işləri ilə bağlı aşağıdakıları təklif olaraq irəli sürürəm. 1. Bayrağın ucaldığı qüllənin yanlarında qranit lövhələrdə aşağıdakıların həkk olunması məqsədəmüvafiq olardı: Birincisi, bayrağın mənasının açıqlaması. İkincisi, Dövlət bayrağı haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 9 noyabr 1918-ci il tarixli Qərarının mətni. Üçüncüsü, bayraq haqqında Naxçıvan Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli qərarının mətni. Dördüncüsü, "Azərbaycan Respublikası Dövlət bayrağı haqqında" Qanunun mətni (5 fevral 1991-ci il). Beşinci, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun mətni (8 iyun 2004-cü il). Altıncısı, "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2007-ci il tarixli sərəncamının mətni. 2. Meydanda və ya onun ətrafında qranit lövhələrdə aşağıdakıların həkk olunması məqsədəmüvafiq olardı: Birincisi, Azərbaycan xalqının yaratdığı bütün dövlətlərin xəritələri. Xəritələr Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və 2007-ci ildə çapdan çıxan "Azərbaycanın Milli Ensiklopediyası"ndan götürülə bilər. İkincisi, tarix boyu türklərin yaratdığı imperatorluqların xəritələri. Xəritələrin yanında hər bir dövlətin və imperatorluğun bayrağı və qurucusunun büstü ucaldıla bilər. Asəf ƏLİYEV [email protected]/* */

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar